Superkiller Solonik-ARAŞDIRMA

Superkiller Solonik-ARAŞDIRMA
11 iyul 2013
# 07:45

İnsanı məhv etmək, aradan götürmək neçəyə başa gələr?

Bu suala heç kəs birmənalı cavab verə bilməz, çünki sabit qiymət yoxdur. Sövdələşməklə razılığa gəlirlər. Kimisə aradan götürmək üçün tələb olunan məbləğ “obyekt”in statusundan, icranın formasından asılı olur. Qətli törətməyi boynuna götürən killer üçün qurbanın müdafiəsinin səviyyəsi, sifarişçi üçünsə adının məxfi qalması ən vacib tələbdir. Sifarişçi dövlət inzibati orqanlarından o qədər də çəkinmir, onlarla rüşvət vasitəsilə dil tapmaq olar. Onun qorxduğu kriminal aləmin aparacağı araşdırmalardır. Çünki onlar hər bir iş üzrə, xüsusilə kriminal avtoritetin aradan götürülməsini ən xırda detallarınadək araşdırır, saf-çürük edir və öz kodekslərinə uyğun hökm çıxarırlar.

Sadə adamın hər hansı bir məişət motivi əsasında aradan götürülməsi adidən-adi bir haldır. Bu sahədə birbaşa qiymətləşmə yoxdur. Arzu və tələbdən asılı olaraq bəzən bir düjin arağa, yaxud restoran qonaqlığına da razılaşma əldə edilə bilər.

İcraçı bir qayda olaraq əlavə qurbanların olmamağına çalışır. Güllələnmənin təhlili göstərir ki, hər bir killerin özünəməxsus “iş metodu” var. Lakin elə ümumi qaydalar da mövcuddur ki, hər bir yüksək ranqlı killer onlara riayət etməyə çalışır. Bir qayda olaraq, yalnız oğurlanmış avtomobillərdən istifadə olunur. Sifariş yerinə yetirildikdən sonra maşın ya qaranlıq küçələrdən birində atılır, ya da yandırılır.

Killerləri şərti olaraq bir neçə qrupa bölmək olar. Birinci tip killerlər (“qladiatorlar”) qazamatda oturmuş sabiq məhbuslardan ibarətdir. Bu tipdən olan qatillər ya tutulur, ya da müəmmalı şəkildə həlak olurlar. Onlar adətən etibar etdikləri, inandıqları adamlardan aldıqları silahlarla “işə” gedirlər.

Başqa qrupa aid killerlər qətlə “bədbəxt hadisə” donu geyindirməklə işləyirlər. Onlar qurbanı maşınla vurmaqla (yol qəzası imitasiyası), mənzilində yandırmaqla (guya yataqda papiros çəkərkən), narkotik zəhərlənmə ilə (peredozirovka, “qızıl iynə”) öldürürlər.

Üçüncü tip killerləri öz işinin ustaları adlandırırlar. Onlar ən yüksək qiymətə “iş” görənlərdir (Solonik - “Aleksandr Makedonski”, Sergey Baturin – “İt arısı”), (Osya). Əsasən hərbi və yüksək idman hazırlıqlı, DİN, DTK, FSB məktəbləri keçmiş əməkdaşlardan təşkil olunurlar. Bu tiplər dövlətin hesabına öldürmək elminə yiyələnirlər. Spesnaz geniş profildə kadrlar verir: peşəkar idmançı - snayper, vodolaz, alpinist, təyyarəçi... Onlar iş axtarmırlar, iş onları tapır.

Qladiatorlar isə gəlirin bir hissəsini obşaka yönəltməklə qeyri-qanuni pul qazanmaq imkanı əldə edirlər. Əgər gəlirini obşakla bölməsə, oğurlamağa da imkan verməzlər. Ya ödəməlisən, ya da ölməli...

Aleksandr Solonik – “Makedon”, “Makedonski”, “Kurqanskiy Rembo”

Dosye:

Solonik Aleksandr Viktoroviç – “Super killer”, “Kurqanskiy Renbo”, “Makedonski”...

1960-cı ildə anadan olub. Çox çətin uşaqlıq dövrü yaşayıb.

İnşaat texnikumunun 3-cü kursunda oxuyarkən yataqxanada təşkil edilən qumar məclisində dava salıb, iki tələbəni əzazilcəsinə döydüyünə görə tutulub və texnikumdan qovulub.

Kurqanda tanınmış idmançı olduğundan 23 yaşında milis orqanında işə götürülüb. Sadistliyi, əzazilliyi, rəhmsizliyi ilə seçildiyinə görə, rəhbərlik tərəfindən mükafatlandırılaraq Qorki şəhərindəki Ali Milis Məktəbinə, təkmilləşdirmə kursuna göndərilib. Milisə hər zaman belə, gözünü qırpmadan insanları öldürməyə hazır olan əməkdaşlar tələb olunub. Sərrast güllə atıcısı, əzmkar idmançı kimi ad çıxarsa da, humanitar fənlərdən axsayıb. Əxlaqsız hərəkətlərinə, çoxlu dərs buraxmasına görə, buradan da qovulub. Bir il sonra Milis İdarəsindən uzaqlaşdırılmaq məqsədilə mühafizə dəstəsinə keçirilib. Bir müddət sonra tapşırılan postu özbaşına tərk edərək gecə klubuna getdiyinə görə, bu iş yerində də Solonikə qapını göstəriblər...

...Qədim Elladadan şok xəbər:

“Rusiyalı mafiozu boğaraq öldürüblər. O, DTK-nın əmrlərinə əsasən lazımsız adamları aradan götürmək üzrə agent olub”.

Aleksandr Solonikin meyiti tapıldıqdan bir gün sonra Afina qəzetlərində belə qalmaqallı, sensasiyalı başlıqlar dərc olunmaqda idi. Ən azı səkkiz qətldə günahkar olduğu bildirilən, 1988-ci ildə məhkəmə zalından, 1990-cı ildə həbs düşərgəsindən, 1995-ci ildə isə Moskvanın ciddi rejimli Matrosskaya Tişina” qapalı qazamatından qaçan, Rusiyanın bütün xüsusi orqanları və “İnterpol” tərəfindən axtarılan “Saşa Makedonski”nin həyatı beləcə sona çatır. Qeyd edək ki, killerlər killerinin qətli tamamilə “Koza Nostra”nın ənənələrinə uyğun şəkildə həyata keçirilmişdi. Onu kapron iplə boğduqdan sonra polietilen torbaya salmışdılar...

Bazarda atışma

Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb.

Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ayamalı avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.

Bazara “Makedon” demək olar ki, fəxri eskortla gəldi - “İmpuls” firması qarşısında “Şevrole-Bleyzer”, “BMV” və “Devaxa” dayandı. Maşınlardan düşüb ofisə girən boynuqırxıqların hamısı ağır çəkili güləşçilərə, boksçulara bənzəyirdilər və əksəriyyəti dəri gödəkcə geymişdilər. İki nəfər: Solonik və onun cangüdəni maşınların yanında dayandı. Makedonski razborkaya gəlmiş qrupun briqadiri, yaxud döyüşçüsündən daha çox özündənrazı biznesmenə bənzəyirdi. Dəbdə olan “Versaçe” kostyumu və qolundan asılmış yüngül dəri plaş...

Bazara nəzarət edən “Bumeranq” təşkilatının əməkdaşları şübhəli dəstə haqqında tələsik zəng vuraraq milis şöbəsinə xəbər verdilər. İki dəqiqə sonra operativniklər – mayor Vasiliy Sısuştanov, kapitan İqor Neçayev və leytenant Sergey Yermakov artıq “İmpuls”un qarşısında idilər. Qırmızı poqonluların ofisə girib sənədlərini təqdim etmək xahişinə Solonik və cangüdəni sakitcə başlarını tərpətməklə razılıqlarını bildirdilər, hətta nəzakətlə bir-birlərinə yol da göstərdilər. Milisləri çaşdıran da elə bu nəzakətli rəftar oldu. Ofisin qapısı örtülən kimi Solonik qolunda tutduğu plaşın altından atəş açmağa başladı. Bir andaca dörd nəfər kəsilmiş ağac kimi döşəməyə sərildi. Neçayev başından aldığı yaradan yerindəcə keçindi. Güllələr Sısuştamovun bədənində üç dəlik açdı: kürəyi, yanbızı və biləyində. Yermakovun qarın nahiyəsi və çiynindən qan fışqırırdı. “Bumeranq”ın hər şeylə maraqlanan əməkdaşı da ağır yaralanaraq yerdə çapalayırdı. Yoxlamaya gələnlərdən biri də silah çıxarmağa macal tapmadı. Bir neçə saniyə sonra Solonik və cangüdəni bazardakı camaata qarışaraq hadisə yerindən uzaqlaşmağa çalışırdı. Qovhaqov başlandı. “Bumeranq”ın əməkdaşları qatillərin ardınca düşərək izləməyi davam etdirdilər.

“Bumeranq”ın əməkdaşı Andrey Demkin:

- Solonik qaça-qaça yenə tapançasını işə saldı. Ətraf qələbəlik olduğundan və hamı panika içində çığırışaraq qaçışdığından qatilə güllə atmaqla təsadüfi adamları öldürə bilərdik. Solonik üçünsə fərqi yox idi, yaralananlar dörd olmasın, on olsun... Qaçarkən “Rembo” bizim əməkdaşlardan ikisini ağır yaralamışdı. Deməliyəm ki, o, sərrast snayper idi, silahla peşəkarcasına rəftar edirdi. Qatil bazarı da, dəmiryolu xəttini də keçdi və artıq yaşayış kvartalında yox olmaq imkanı qazananda qarşısında iki milis əməkdaşı peyda oldu. Solonik soyuqqanlılıqla birincisinin başına güllə çaxdı, ikincini də qətlə yetirəcəkdi, əgər tapançanın mağazasında patron qalsaydı. İndi güllədən yara payı almaq növbəsi “Makedonski”yə çatmışdı. Solonik kürəyindən və böyrəyindən aldığı yaradan şoka düşərək bayılmışdı.

“Petrovsk” bazarındakı atışmada Solonik ağır yaralanmışdı. Həkimlər onun deşilmiş böyrəyini kəsdilər. Qara ciyərində də zədələnmələr vardı. Botkinsk xəstəxanasının reanimasiya şöbəsindən Petrovka-38-in təcridxanasına gətirilən Makedonski sonradan “Matrosskaya Tişina”da ayrıca kameraya yerləşdirildi. Onun buradakı həyatına “Tişina” zekləri həsəd aparırdılar. Solonikn istifadəsində rəngli televizor, soyuducu, mikrodalğalı soba, kompüter vardı. Hətta yeməyi onun üçün sifarişlə restorandan gətirirdilər...

...Onun 5 iyul 1995-ci il tarixində “Matrosskaya Tişina” kimi qapalı və çox ciddi rejimli qazamatdan qaça bilməsi isə Rusiyanın güc strukturları sifətinə dəyən şillə kimi qəbul edildi.

DİN-in sənədlərindən:

...5 iyul 1995-ci il gücə saat 1.40-da “Matrosskaya tişina” qazamatının qarovul inspektoru Saxartov tərəfindən 9-cu korpusun 29-cu postunda dayanmalı olan kiçik serjant Menşikovun yerində olmadığı barədə xəbər verilib. Ehtiyat qrupunun yoxlaması zamanı məlum olub ki, 6 oktyabr 1994-cü ildə Moskva şəhər prokurorluğu tərəfindən həbsə alınan və 938-ci birnəfərlik kamerada saxlanılan məhbus Solonik qaçıb...

Axtarışlar zamanı məlum olub ki, adətən həmişə bağlı saxlanılan gəzinti meydançasının qapısı taybatay açıqdır. Sonrakı barmaqlıqlı qapılar da bağlı deyildi. Praporşik Mixaylov həyəcan siqnalı verərək dərhal dama qalxıb və gördüklərindən yerindəcə quruyub. Damın küçəyə baxan hissəsi ilə aşağıya doğru şunur sallanırdı. Onun vasitəsilə asanlıqla Matrosskaya tişina küçəsinə enmək olardı. Deməli, dustaqlardan kimsə qaçmağa cəsarət edib. Kim? Ən təhlükəli residivistlərin oturduqları kameraları praporşik özü yoxlamışdı və şübhəli heç nə görməmişdi.

Yoxlamaya qoşulan ehtiyat qrupu heyəti hər kamerada daha dərindən axtarışa girişdikdə məlum olur ki, 938-ci kameradakı şkonkada adyalın altında Solonikin əvəzinə “kukla” uzanıb. Kameranın bir küncündən “Brauninq” patronlarının boş qutusu tapıldı. Daha sonra bəlli oldu ki, Soloniklə bərabər 1974-cü il təvəllüdlü nəzarətçi, kiçik serjant Sergey Menşikov da yoxa çıxıb...

Soloniki kim öldürüb?

Əgər Solonik adicə peşəkar killer olsaydı belə, kriminalistika üçün onun həyatı və törətdiyi əməllər maraqlı bir nümunə kimi araşdırılacaqdı. Ona görə ki, Kurqanlı Rembonun “obyektləri” kriminal aləmin elitası - avtoritetlər, oğrular idi. Bununla araşdırma başa çatmır. “Matrosskaya Tişina” kimi qazamatda təkadamlıq kamerada, ciddi rejim altında oturan Makedonski iyirmi yaşlı nəzarətçi Sergey Menşikovun köməyi ilə ağlasığmaz qaçış planı qurdu və onu yerinə yetirdi...

Antivoru oğrular, yoxsa FSB aradan götürüb?

...Ötən əsrin doxsanıncı illərinin əvvəllərində həmişə ehtiyac içində çapalayan Makedonski birdən-birə elitar inomarkalarda gəzməyə, bahalı restoranlarda oturmağa, pop və top modellərlə pikniklər qurmağa başlayanda hamı məsələdən agah oldu. Onun adı antivorlar siyahısının ilk pillələrini bəzəyirdi. ABŞ senatı Üsamə bin Laden, Rusiya duması Basayev haqqında hansı fikirdəydisə, oğru sxodkalarında Makedon barədə oxşar söhbətlər eşidilməkdə idi.

MDB mə­ka­nı­nın bir nöm­rə­li kil­le­ri Alek­sandr Ma­ke­donski haq­qın­da ya­zı­lar, onun qey­ri adi ta­le­yi, qa­pa­lı qa­za­mat­lar və məh­bəs dü­şər­gə­lə­rin­dən tə­səv­vü­rə heç cür uyuş­ma­yan qa­çış­la­rı, ci­na­yət alə­mi­nin li­der­lə­ri­nə qar­şı ba­rış­maz mü­na­si­bə­ti, eşq ma­cə­ra­la­rı və çox mü­əm­ma­lı qət­li camaatın bö­yük ma­ra­ğı­na sə­bəb olub. So­lo­nik haq­qın­da ya­zı­lan­la­rın bö­yük his­sə­si fan­ta­zi­ya­ya bən­zə­sə də, dost və ta­nış­la­rı­nın, mə­şu­qə­lə­ri­nin, iki öv­rə­ti­nin və onun­la qa­za­mat­lar­da otu­ran­la­rın söy­lə­dik­lə­rin­dən be­lə nə­ti­cə çı­xar­maq olar ki, super­kil­ler hə­qi­qə­tən qey­ri-adi adam olub.

1993-1995-ci il­lər in­ter­va­lın­da Qa­nu­ni oğ­ru "Qlo­bus"u, İt­ti­faq­da bö­yük av­to­ri­tet­lər­dən sa­yı­lan Ota­ri Kvantriş­vi­li­ni, Ore­xo­vo qruplaşma­sı­nın xaç ata­sı Sil­vestri, Ba­u­man qru­pu­nun li­de­ri Bo­bo­nu, Tümen avtoritetləri – Priçinin və Maşkini, habelə bir ne­çə tanın­mış kri­mi­nal şəx­siy­yət­lə­ri qət­lə ye­ti­rən Sa­lo­ni­kin ölü­mü­nü məhz za­kon­nik­lə­rin aya­ğı­na ya­zır­lar. Bə­zi ver­si­ya­lar­da isə belə rəy söyləyirlər ki, Makedonskinin la­zım olan­dan çox bil­di­yi­ni nə­zə­rə alan FSB öz agen­ti­ni ara­dan gö­tü­rüb.

Solonikin qətlə yetirilməsi Rusiyada böyük rezonans doğurdu. “Makedonskinin bütün əməlləri, ölümünün ən xırda detalları KİV-də analiz edilir, bu işdə “Moskvanın əli”nin olduğu bildirilirdi.

“Kurqanskiy Rembo” adi mafioz, sadəcə killer deyildi...

Ardı var...

# 3586 dəfə oxunub

Müəllifin son yazıları

# # #