Bir səslə qulağı sağalan uşağın hekayəsi: “Ho və Oh”

Bir səslə qulağı sağalan uşağın hekayəsi: <span style="color:red;">“Ho və Oh”
18 dekabr 2017
# 17:30

Kulis.az yazıçı Azad Qaradərəlinin “Dünyanın ən böyük adamı” silsiləsindən “Ho və Oh” hekayəsini təqdim edir.

Üçmü, dördmü yaşım vardı, dəqiq bilmirəm. Onu bilirəm ki, payız idi. Payızın olduğunu da həyətimizdəki armud ağacının əvvəl meyvələrinin, meyvələr qurtarandan sonra isə yarpaqlarının saralıb yerə tökülməyindən bilirəm. Elə o armud ağacının dibində oynayırdım ki, qəfil qulağım sancdı və əvvəl armuda söykənib zarıdım, sonra ağrı necə şiddətləndisə cihnə verib ağladım. Səsimə təndirxanadan qaçıb gələn nənəm (biz anaya nənə, nənəyə qoca deyərdik) məni qucaqladı, ora-bura döyükə-döyükə “noldu, nodu balama, nooldu?” deyib üzümdən öpdü. Ağrının şiddətindən nənəmin sualına qarşılıq verə bilməyib əlimi qulağıma qoyub “qu-la-qim” deyə bildim. Arvad ora-bura çovudu, qulağımın dalını ovxaladı, məni qucağına alıb yırğaladı... Amma ağrı kəsmədi ki, kəsmədi.

Bir az sonra dədəm (bu, mənim ana babamdır, anamın, xalamın dili ilə ona dədə deyirəm – bizdə ataya dədə deyirlər) ot yüklü eşşək yedəyində həyətə girdi. Kişi eşşəyin yükünü aça-aça mənim ağladığımı görüb vaysındı və nənəmə təpindi:

- Baho-ve! Əvin yıxılsın, dədə! Ay arvad, noldu bu uşağa? Səhər şad-şalayın qoyub getmişəm bunu axı?!

- Qulağı ağrıyır... Nə çarə elədim kirimir...

Babam ot bağlarını bir tərəfə yığıb məni qucağına alır. Üzümdən öpüb müştüyünə siqaret keçirə-keçirə deyir:

- Oğul balam gəlsin dədəsinin papuruzun yandırsın... Hə, gəl görüm...

Gözümdən yaş axa-axa kibriti çəkib kişinin siqaretini yandırıram. (Ayrı vaxt heç buna icazə verməz. Deyir, əl-ayağını yandırarsan.) Necə olursa kibrit çöpünün öləziyən hissəsi əlimi yandırır və daha bərkdən ağlayıb kişini peşman eləyirəm. Bu dəfə nənəm babama təpinir:

- Bura ver uşağı, sənin papuruzun mirasına qalsın!..

Və az keçmiş dədəmlə nənəm göz-qaş edib nə barədəsə xısın-xısın danışırlar. “Ə, qızdan qorxuram e, kalxoz işinnən gələcəy birazdan, bilsə ki...” – bunu nənən deyir. Dədəm hirslə onun sözünü ağzında qoyur və çımxırır: “Az, nə biləcəy axı?! Sən nə deyirəm, onu elə! Pıçax pendiri kəsən kimi kəsəcəy...”

Nənəm yarıkönül ayağa qalxır, mis baydaçamızı da götürüb evin dalına yönəlir. Az sonra qayıdıb gəlir və məni dilə tuta-tuta dizi üstə alıb qulağıma nəsə damızdırır. Qulağımdan sızıb dodağıma yayılan bu duzlu sudan işəmək qoxusu gəlir və qışqırıram:

- Nənəəəə! İsəməyi niyə maa veyiysən?!.

Sonra dəlicəsinə bağırıb arvadın əlindən qurtuluram və özümü yerə sürtüb daha bərkdən bağırıram...

Arvadla kişi hirslərindən az qalırlar ağlasınlar. Yazıqların çıxartmadıqları oyun qalmır. Gah pişik kimi miyoldayırlar, gah it kimi hürürlər (indilərindən uzaq), hətta nənəm iki barmağını yuxarı qaldırıb dovşan kimi hoppanır və məşhur “Dovşan” şeirinin qol-qabırğasını sındırır:

- Dovşan-dovşan ə, dovşan... qaçma, hoppul, ə dovşan...

Və dədəmi elə bil kimsə tutub silkələyir. Kişi yerində fırlanır, yaşına yaraşmayan cəldliklə atılıb-düşür və qışqırır:

- Gör, gör dədəsi balasına nə gətirəcəy!.. Ə, bir dayan! Bir dayan! Kef var e, kef var! Sən ölmüyəsən, huşum-başım tamam korranıb e... Bax, tüpürüm sahatı, gəlirəm...

Mən dədəmin danışdıqlarından heç nə anlamadan daha bərkdən qışqırır, nənəmin başıma keçirdiyi qulaqlı papağı çıxardıb vızıldadıram...

Ağrı bir qədər sakitləşib elə bil. Nənəmin adına “peşab” dediyi o duzlu su, deyəsən az-maz kömək edib. Başımı nənəmin dizlərinə qoyub sozalmışam. Arvad yalvarsa da, onun stəkanda verdiyi şirin çayı içmək istəmirəm. Amma o qədər qışqırmışam ki, boğazım quruyub. Gözüm stəkandadır. Sadəcə, ağzımdan “istəmiyəm” sözü çıxdığından boynuma yük düşüb. Bunu, deyəsən nənəm də hiss edir. Stəkanı bir də ağzıma tərəf uzadır. Daha forsdan-zaddan keçib. Qurtaqurt içirəm və ağrıyan qulağım üstdə uzanıram nənəmin qucağına. Arvad məni xəfif-xəfif yırğalayır ki, bəlkə yatam. Bilmirəm, belə nə qədər vaxt ötür. Amma onu bilirəm ki, kəndimizin ayağında iri xortumlu maşınla yeri qazıb nəsə axtaran geoloqların maşını qəfil xortumunu uzadıb basır qulağıma və dırhadır qazmağa başlayır. Mürgüdən ayılıb dik atılıram və təzədən bağırmağa başlayıram... Yazıq nənəm işini-gücünü buraxıb mənim başıma dolandığı bəs deyil, qoşulur mənə və ağı deyirmiş kimi həzin-həzin ozalanır. Baxıb görürəm ki, arvadın gözlərindən yaş bıldır-bıldır tökülür:

- A nənəm qurban, a dədəm qurban, ay oğulsuz əvimin oğulu, ay sınıx koolumun əyəsi, ay ocağımın yiyəsi, a qız balamın balası, a ürəyimin parası... Əədə, sən ağlama, mənim ürəyim şan-şan olur, o şan-şan ürəyimə bala həsrət arılar dolum-dolum dolur, bağrım başı köz bağlayır... A nənəm qurban, a dədəm qurban... əəədə, heyyyyyyy...

Qəlbimə bu həzin səsdən bir hüzn, bir kədər axır. Amma o hüzn, o kədər ağrımı azaldır elə bil. Başımı döndərmək istəsəm də qorxudan tərpətmirəm ki, ağrım başlayar. Amma hardan? Ağrı heç kəsməyibmiş ki. Arvadın səsi qırılan kimi qulağım zoqquldamağa başlayır. Hıçqıra-hıçqıra nənəmi qucaqlayıram. O da bu qucaqlamağı “yenə oxu” kimi anlayır və başlayır “oxumağa”:

- Əəəədə, a dədəm qurban, a nənəm qurban...

- Axmağın qızı axmaq! Gədəni niyə diri-diri ağlayırsan?!

Dədəmdir. Nənəmin üstünə nədənsə bərkdən qışqırır. Hətta az qalır ki, onu təpiklə vursun. Amma vurmur. Aşağı əyilib ağ bir əsgiyə bükdüyü şeyi mənə göstərib gülümsünür:

- Balama gör nə gətirmişəm?! Heç bir uşağın belə şeyi yoxdu! Vallah yoxdu, billah yoxdu!..

Və ağ kişi tumanına bükdüyü bapbalaca bir dovşanı çıxardıb qabağıma qoyur. Qulağımın zoqqultusunu bir anlığa unudub dik atılıram. Elə ağlaya-ağlaya gülürəm və qışqırıram:

- Dədə! Bunu haydan aldın?! Mənim dosanım...

Təxminən yarım saatacan dovşanla oynayıram. Dədəmlə nənəm mənə qoşulub sevinirlər, dovşanla oynaşırıq. Sonra nənəm mənim kiridiyimi görüb çay-çörək hazırlamağa yönəlir...

Az sonra dovşan da ağrımı azalda bilmir. Zoqqultu yavaş-yavaş sancıya çevrilir və özümü yerə çırpıb qışqırır, zar-zar ağlayıram...

***

Axşama yaxın bacım gəlib çıxır (bu, mənim anamdır - mən doğulan ili atamdan ayrılıb - indi ərdə olan xalamın dilincə ona mən də “bacı” demişəm) və məni qucağına alıb içəri otağımıza aparır. Bacımın isti qucağına qısılsam da, ağrı azalmır. O nə fikirləşirsə ağzını qulağıma tutub iki-üç dəfə “ho” eləyir. Məni qınamayın, vallah qulağımın ağrısı səngiyir. Sonra babamın örüşdən tutub gətirdiyi dovşan balasıyla oynayırıq. Sonra nənəmin bişirdiyi dadlı əriştədən yeyirik... Və bir də onu görürəm ki, gözlərim axır...

Gecənin bir aləmi ağrıdan oyanıram. Bacım məni qucağına sıxsa da çığırıram. Əlimi onun ağzına tərəf uzadıb “ho” elə deyirəm ağlaya-ağlaya. Nənəmlə bacımı könülsüz gülmək tutur. Bacım qulağımı ağzına tərəf yaxınlaşdırıb odlu nəfəsini verir və yenə gözlərim axır...

***

...Ayaqlarımda atros deyilən xəstəlik var. Bəzən elə ağrılar olur ki, az qalıram uşaqlıqda qulağım ağrıyanda qışqırdığım kimi qışqıram. Hərdən ağrılar elə dəhşətli olur ki, ağrıkəsici də kömək etmir. Bacı dediyim böyük qızım mənim ağrılarıma dözmür. Gəlib yanımda oturub. Əli ilə dizlimi ovuşdurur... Və nə düşünürsə, qəfil bir ah çəkir – ağzından “oh” nidası çıxıb elə bil ağrıyan yerimə qonur. Təəccüblə “bacıma” baxıram. Bir xeyli baxışırıq və ağrının içində qıvrıla-qıvrıla gülümsünürəm...

Sonra gözlərim yaşarır. Gülməyin mənə: ağrım səngiyir elə bil...

07.12.2017

# 2064 dəfə oxunub

Müəllifin son yazıları

# # #