Pul gələn tərəfə

Pul gələn tərəfə
20 may 2014
# 12:23

Cəmiyyətdən qopuq teatr ildə bir neçə dəfə mətbuata gündəmə gəlir. Hər nə səbəblə olsa buna sevinmək lazımdı. Axır ki!

Amma çox vaxt bu səbəblər heç də səbəb olmur, daha çox illərlə yığılmış, sistem halına gəlmiş problemlərin fəsadları olur. Sənətkarların iki yarasının qaysağı tez-tez qopur: ad məsələsi və prezident təqaüdü.

Hər iki hadisə maddi möhtaclığın nəticəsidir. Teatr birbaşa Mədəniyyət Turizm Nazirliyindən asılı olan qurumdur . Əlbəttə, bu yerdə nazirlik görəvliləri qeyd edəcəklər ki, bu, tamamən belə deyil, teatrlar qismən təsərrüfat hesablı müəssisədir, yəni istəsələr əlavə qazanc əldə edə bilərlər və s. Amma əlbəttə, bunlar sözdür. Teatr kollektiv sənətdir və hər kəs, hər teatr özünü sistemin parçası hiss edir, ona görə də kənar bir təşəbbüs ağlının ucundan da keçmir. Onlar üçün işıq gələn tərəf bu sistemin içində azca fərqli həlqəyə çevrilmək, seçilmək, yəni ad almaq, mükafata düşməkdir.

Çünki maaşlar cüzidir, yaşayış minimumunu ödəmir. Hətta acınacaqlıdır. Bir aktyorla müsahibəyə “necəsiz, vəziyyət necədir” soraraq başlamışdım - adam “allaha şükür, pis deyil, 20 manat zvaniyadan gəlir, bu il təqaüdə düşmüşəm, 500 təqaüddən, yaşamaq olur” demişdi. Dilim ağzım bağlanmışdı, sonra nə sual verim bilməmişdim. Axı aktyor bilir ki, teatrın əvvəlki nüfuzu yoxdur, dövlət onu atsa, Evrovisionu sənət zirvəsi hesab edən, qlamurluğu ideologiyaya çevirən, “Adəmi adəm eləyən paradır” lozunqunu həqiqət kimi qəbul etmiş kütlə onu öpüb gözünün üstünə qoymayacaq. Kinoda da vəziyyət eynidir, kino bazarı yoxdur.

Ona görə də onun işıq gələn tərəfə - ada, təqaüdə sarı - getməkdən başqa çarəsi yoxdur. Şöhrət qazanmaq, diqqət mərkəzində olmaq hər aktyorun arzusudur, amma biz artıq arzudan yox, möhtaclıqdan danışırıq. Mətbuatda aktyorlar incik müsahibələr verirlər. Haqlıdırlar. Maddi cəhətdən olduqca çətindi. Verilən adların mənəvi tərəfinə qalanda... Məncə o adların həsrətini çəkməyə dəyməz. Bir düşünün. Bir vaxt şairlərə, aktyorlara Xalq Düşməni adı da verirdilər. Xalq Artisti, Xalq Yazıçısı kimi...

# 2850 dəfə oxunub

Müəllifin son yazıları

# # #