“Kitayski” maldan qorxub, “kitayski” həyat yaşayanlar…

“Kitayski” maldan qorxub, “kitayski” həyat yaşayanlar…
19 fevral 2018
# 16:01

Aliyə

Təsəvvür edin ki, sizi həbs ediblər, amma xəbəriniz yoxdur. Nəinki yoxdur, hətta həbsinizdən məmnunsunuz. Ta ki, azadlığın dadını duyana qədər….

“Bir gecənin nağılı” pyesi ilə bir neçə il əvvəl Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsindən tanışam. Gülnar Hacıyevanın təqdimatında pyes sevgi-tanışlıq mövzusundan kənara çıxmayan bir komik sevgi əhvalatı kimi təqdim olunmuşdu. Aktyorların (Eşqin Quliyev və Zülfiyyə Alhüseynova) parlaq oyunu sayəsində süjeti yadda saxlamışdım.

“Mənim teatrım”ın Səda Tədris teatrında təqdim olunan “Bir gecənin nağılı” (Rövşən Ağayev) tamaşası parkda tanış olan gənc qız və oğlanın sevgi əhvalatında daha dərin qatlar aşkarladığına, bunu təqdim etdiyinə görə diqqətəlayiqdir.

Rejissor, yazıçı o kəsdir ki, sıradan əhvalatda bizim görmədiyimizi görür. “Bir gecənin nağılı” pyesini tamaşanın rejissoru Vidadi Həsənov qat-qat açıb tamaşaçıya təqdim edir.

Və müəlliflər əsərdə ictimai-sosial qat, şəxsiyyətin toxunulmazlığı mövzusu, kişi-qadın münasibətlərinin sadə və mürəkkəb tərəfləri görməklə, bütün bunları bir şəkildə insan azadlığına bağlamaqla əhvalatı lokal mənalardan xilas edir, ona daha geniş kontekst bəxş edirlər.

Səhnənin darlığını, rekvizitlərin onu daha da doldurmasını, işığın hər hansı kompozisiya yaratmamasını, musiqilərin dominantlaşmasını, bütün bunların aktyor oyununa komponentlik etməkdənsə, naqolay fona çevrilməsini məhz sözügedən kontekstin genişliyinə bağışlayırıq.

Nədir o geniş kontekst?

Əsər gecəni parkda keçirən gənc qızdan və oğlandan bəhs edir. Qız istəmədiyi nişanlısından qaçıb. Elə bu gecə bu parkda kiminləsə evlənmək tanımadığı nişanlısından daha yaxşıdır deyə. Oğlan ata-baba yolu ilə, daha düzü, onun üçün ata-babasının biçdiyi qəliblərlə, ata-baba “diktaturası” ilə yaşayan, özünü bir fərd olaraq bir dəfə də hiss etməyən biridir. Onun üçün qoyulan qaydalarla yaşayır. Yəni, oğlan məhkumdur, bunu bilmir. Qız isə bilir və məhkumluqdan qaçır.

Məhz bu ekspozisiya əhvalatı təsadüfi bir sevgi macərası olmaqdan daha geniş kontekstə çıxarır: şablonlar və gerçək həyat.

Müəlliflər də pyesin yozumuna buradan başlayırlar. Yəni, bu görüş yeri parkdır. Oğlan bu parkda məhkumluğunu anlayıb üsyan edəcək, büt-büstləri aşırmaq istəyəcək. Aşıra bilməsə belə, azadlığın dadını duyacaq, özünü, yaşadığını hiss edəcək. Və burada aşiq olacaq.

Sevginin yolu azadlıqdan keçir, deyir müəlliflər. Azad olmayan sevə bilməz, azad olmayanı sevmək çətindir. Çünki, “Qorxu ruhu yeyir”.

Gerçək həyata toxunan Oğlanın həyəcanı, təlaşı, sevinci aktyor Ziya Ağanın oyunu ilə bütün maneələri aşır.

Aktrisa Günay Əhmədin qəhrəmanı bir qadın məharəti ilə “ana uşağı” olan bu gənc alimi “soyundurur”, o, rastladığı oğlandan alimliyi də, sözəbaxan övladlığı da, “heykəllərin önünə gül qoymaq lazımdır” deyə parka çiçəklə gələn karyeristi də soyundurur, ta o vaxta kimi ki, onlar səhnənin künclərinə qoyulan heykəllər kimi çılpaq qalırlar – kişi və qadın. Yalnız bundan sonra sevgidən danışmaq olar.

Amma məsələ bitməyib - Günay Əhmədin qəhrəmanı gənc alimin sevgi etirafını təbiətin təsdiqləməsini istəyir; sevgi etirafından sonra mütləq şimşək çaxmalı, yağış yağmalıdır. Bu, hind filmlərindən gələn klişedir, ya doğrudan da qadın təbiətlə harmoniyanı hiss etmək istəyir, bilə bilmirik. Amma möcüzə baş verir: Nəhayətsiz azadlıq rəmzi kimi şimşək çaxır və yağış yağır...

Tamaşa bitir. Teatr paradoks yaratmaq kimi vacib bir məsələnin öhdəsindən gəlib: Səhnədəkilər, zaldakılara gerçək həyatdan bəhs edirlər! Zaman göstərir ki, “kitayski” maldan qorxsaq da, “kitayski” həyat yaşadığımızı fərq etmirik bəzən…

Təsadüfən, bayırda da yağış yağır. Nə təsadüfdür bu? Tamaşanın rejissoru Vidadi Həsənov heyrətini gizləmir; Teatra gələnlər insan ruhu kimi möcüzəyə inananlardır.

Miri Yusifin tamaşaya salınan, lazım olduğundan çox söz deyən mahnıları, geyimin konseptual olsa belə uyarsız rəng təyini, işığın kobud həlli, “Parkdakı konsert” kimi janr elanı, dekorların funksional olsa belə kompozisiyasızlığı kimi ciddi, teatrı teatr edən xırdalıqları unutmaq istəyirik.

Fikrə, ideyaya, yozuma aclıqdandır.

Müstəqil “Mənim teatrım” adı ilə, niyyəti ilə, “Varını verən utanmaz” ədası ilə bu yerdə bir teatr olmağın çətinliklərini bilən “ac” tamaşaçıya bir addım yaxın gəlib.

Biz həm də bu addımı alqışlayırıq.

# 2660 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #