Sənətşünaslıq doktoru, professor İlham Rəhimli Kulis.az-ın suallarını cavablandırır...
- İlham müəllim, Sizcə nə üçün teatr mədəniyyət faktı kimi həyatımıza daxil ola bilmir?
– Daxil olub, ancaq görünür qanedici səviyyədə deyil. Əslində 1930 – 1970-ci illərdə teatr sənətimiz parlaq mədəniyyət faktı kimi daha çox dəyərli idi. Bugünkü bəzi əyintilərin, qüsurların, çatışmazlıqların, ləngliklərin səbəbini ilk növbədə ölkəmizdə ictimai formasiyanın dəyişməsində görürəm. Fikrimcə, iyirmi il əvvəl müstəqilliyini bərpa etmiş xalqımız və sənət adamlarımız tədricən kapitalizmin vacib ictimai-sosial xüsusiyyətlərinə və diktə prinsiplərinə alışacaqlar...
– Rayon teatrlarının fəaliyyətləri nə dərəcədə səmərəlidir?
– Tam səmərəli deyil. Bunun da «amma və di gəl ki»si var. İndiki dövrdə Mədəniyyət və Turizm Nazirliyinin, bir sıra çətinliklərə baxmayaraq, bu teatrları saxlamalarına müsbət yanaşıram. Beş-on ildən sonra bu teatrların özləri hiss edəcək ki, kimin yaşamağa haqqı və cürəti, yaradıcılıq potensialı və bədi imkanları var, kimin yox. Zəiflər sıradan çıxacaqlar. Bu gün isə xüsusən rayonları işğal altında olan Ağdam, Şuşa, Füzuli teatrlarının yaşamaq haqqı millətin mənəvi borcu kimi yüksəkdir. Bizim hər birimizin Vətən qarşısında namus borcumuz var. O borc Qarabağı azad etməkdir...
– Müstəqil teatrların yaranması səhnə sənəti prosesinə nə dərəcədə xeyrli ola bilərdi?
– Təbii ki, səmərəli olar. Ancaq və di gəl ki, bunun üçün həm cəmiyyət, həm teatr xadimləri hazır olmalıdırlar. Həm də maddi imkanlı prodüserlər, menecerlər yetişməlidirlər. Oxuyanlara disk daşıyan, onların telefon zənglərinə cavab verib toy siyahısı tutan və özlərini prodüser adlandıranlarla və bu qəbil iddiaçılarla «özəl teatr» yaratmaq, yaradıb onu idarə etmək mümkünsüzdür.
Fikrimcə, Azərbaycanda «özəl teatr» kollektivi toplaya və ona yaradıcılıq istiqaməti verə biləcək, müxtəlif yaş nəslinə mənsub bir neçə istedadlı rejissor var. Məsələ bu kollektivin maliyyə problemlərini tənzimləyə biləcək prodüserlərin Azərbaycanda hələ tam yetişməməsindədir...
Ümid edək ki, səriştəli teatr prodüserləri yetişəcəklər...
– İndi teatrları faktiki olaraq dövlət maliyyələşdirir. Düzgün sistem qurularsa, teatrlar dövlətdən asılı olmadan özləri özlərini saxlaya bilərlərmi?
- Azərbaycan Respublikası hökumətinin bir gözəlliyi də orasındadır ki, teatrları dövlət hesabına yaşadır. İnanıram ki, gələcəkdə teatrlara ayrılan maddi vəsait mütləq qat-qat artırılacaq.
Soruşursunuz ki, dövlət təminatı olmasa teatrlar yaşaya bilərlərmi? Sualınızı bir tarixi faktla cavablandırım. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə bütün sovetlər birliyində, eyni zamanda Azərbaycanda teatrlar özünümaliyyələşdirmə iş sisteminə keçirildi. 1949-cu ilin əvvəllərindən başlayaraq Azərbaycanda Musiqili Komediya Teatrı, Ağdam, Ağdaş, Şuşa, Göyçay, Qazax, Şəmkir, Zaqatala, Şəki, Lənkəran, Səlyan, Sabirabad, Bərdə, Ordubad, Füzuli, bir qədər sonra Quba dövlət teatrları bir-birinin ardınca bağlandılar.
Məncə əlavə şərhə ehtiyac yoxdur.
- Sizcə, ölkə miqyasında son zamanların ən böyük teatr hadisəsi hansıdır? Tamaşa olaraq.
- Son zamanlar deyəndə hansı müddəti nəzərdə tutursunuz?
– Götürək beş ili.
– Bakıdakı kollektivlərdə, təbii ki, ilk növbədə Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Pantomim Teatrında, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki, Lənkəran teatrlarında uğurlu, bir-birindən əlvan tamaşalar olub. İstər məzmunlu aktyor ifaları, istərsə də estetik yüklü rejissor işi baxımından ona yaxın tamaşanın adını çəkmək olar. Unutmayın ki, mən gördüklərim səhnə əsərlərindən danışıram. Amma yəqin görmədiyim gözəl tamaşa olsaydı, heç olmasa haqqında oxuyub-eşidərdim. Məncə böyük sənət hadisəsinə çevrilən tamaşa təəssüf ki, olmayıb. Halbuki son əlli ildə belə tamaşalar yaranıb.
– Belə bir deyim var: «İtirilmiş aktyorlar». Bu qəbilə kimləri aid edə bilərsiniz?
- Əsasən, Fazil Salayevi, Ramiz Əzizbəylini, Cahangir Novruzovu ürək ağrısı və böyük təəssüf hissi ilə bu siyahıya daxil edərdim. 1960-cı illərdə milli gülüş mədəniyyətini, karnaval esetikasını fəhmnən duyub onu çağdaş dünya teatr estetikası ilə ahəngdar vəghdətdə canlandıran potensial imkanlara malik üç qüdrətli aktyor vardısa, onun biri Fazil Salayev idi. Nə yazıqlar ki, əsasən öz biganəliyndən, bir qədər də truppalarda ona göstərilən laqeyd münasibətdən Fazil Salayev Akademik teatrdan uzaqlaşıb Musiqili Komediya Teatrına getdi. Orada da duruş tutmayıb kinostudiyanın ştatına keçdi... Nəticədə Azərbaycan teatrı böyük, nəhəng bir aktyorunu itirdi.
Ramiz Əzizbəyli parlaq istedadla Musiqili Komediya Teatrının səhnəsində cəsarətli addımlar atdı. Bir az özünün təkəbbürü, bir qədər teatr rəhbərliyinin ona qarşı biganəliyi və truppadakı bəzi şöhrətli aktyorların istedadlı gəncə sənət qısqanclığı Ramizi teatr səhnəsindən uzaqlaşdırdı. Nə yaxşı ki, bir neçə televiziya tamaşasında rol oynayıb...
Son otuz beş-qırx ildə Azərbaycan səhnəsinə gələn komik yönümlü istedadlar arasında Cahangir Novruz kimi enerjili, çılğın emosialı, duzlu və yapışıqlı, geniş nəfəsli, ifadə vasitələri fitrətən yumorla yoğrulan aktorlar barmaqla sayıla bilər... Yeqnə təəssüflər ki, o, Şəki Teatrından sonra heç bir sənət ocağında aktyorluq etmədi. Bir neçə televiziya tamaşasını çıxmaq şərtilə. Çox az müddət Musiqili Komediya və Gənc Tamaşaçılar teatrlarında rejissorluq etdi. Uzun müddətdir ki, Türkiyənin Adana şəhərində pedaqoji fəaliyyət göstərir...
– Uzun müddət başqa sahədə çalışmaqla yanaşı, həmçinin Milli Dram Teatrında ədəbi hissə müdiri işləmisiniz. Teatrın, belə desək, mətbəxini bilirsiniz. Nələri öyrəndiniz? Gördükləriniz teatrşünas kimi Sizin yazınıza, münasibətinizə necə təsir edir?
– Teatrda çalışmaq başqa bir aləmdir. Onun cazibəsini sözlə təsvir etmək olmur. Xeyli tamaşanın əvvəldən axıra qədər səhnə məşqlərini izləmək imkanı qazandım. Rejissorların, aktyorların tamaşa və rol üzərində işləmə üslublarının estetik səciyyələrini diqqətlə müşahidə edib mənimsəməyə çalışdım. Böyük-böyük sənətkarlarla daha yaxından ünsiyyət saxladım. Onların daxili aləmlərinə qapı açmaq imkanı qazandım. Neçə-neçə istedadlı gənc aktyorun işləmək yanğısını gördüm. Uzun müddətli ünsiyyətdə vaxtilə mənə «quru» görünən bəzi aktyorların səmimiyyətlərini özümçün kəşf etdim. Aktyor truppasının üzvlərinin tamaşaçılara bəlli olman xasiyyət və xilqətlərini daha yaxından tanıdan «aktyor bufetində» oturmağın dadını və ləzzətini duydum. Bütövlükdə bu teatrdan söz düşəndə həmişə özümdən asılı olmayaraqa «bizim teatr» ifadəsini işlədirəm.
Günü bu gün də, başda teatrın rəhbəri, dostum İsrafil İsrafilov olmaqla, Milli Dram Teatrının kollektivini doğma hesab edirəm. Bu kollektivdə sənət barədə ürək dolusu elmi-nəzəri söhbətlər etməyə kifayət qədər sənətkar dostum var.
Belə bir ifadə var: səhnənin tozunu udmağı bacarmayan yaxşı aktyor ola bilməz. Mənim fikrimcə, teatrın daxili aləminə, onun səhnəarxası dünyasına bələd olmayan kəs yaxşı teatrşünas ola bilməz.
– Tənqidçi kimi yazdıqlarınız sizə hansısa problemlər yaradıbmı?
– Təbii ki, tənqidi heç kəs xoşlamır. Mən özümü sırf tənqidçi saymıram. Çünki teatrşünas olmağa cəhd göstərən bir teatrsevər kimi tənqidi məqalə, tənqidi resenziya da yazmışam. Nəzəri əsərlərim də olub. Əsasən tədqiqatla məşğulam. Digər tərəfdən, təəssüf ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən teatr sənətində tənqidi yazıya, əsasən, qərəzli münasibət bəslənilir. Mənim yazdıqlarım da doqma deyil. Lakin onun əksinə olan fikirləri, düşüncələri yazan kəsin arqumentləri də inandırıcı və səmimi olmalıdır. Kimin haqq, kimin nahaqq olduğunu isə mütləq zaman göstərir. Sizə bir misal çəkim.
Pis musiqi əsərini tənqid edən sənətşünasa irad tutan bəstəkar deyib: «Məni tənqid edirsən. Belə hünərlisənsə sən də bir musiqi əsəri yaz».
Tənqidçi cavab verib: “Mən ömrümdə yumurtlamamışam, lakin qayqanağın dadını toyuqdan yaxşı bilirəm...”
- Teatr tarixinə daha çox maraq göstərirsiniz. Bunun səbəbi nədir?
– Biz tələbə olanda dərslik sarıdan çox əziyyət çəkmişik. Ona görə «Azərbaycan teatr tarixi», «Azərbaycan teatrının estetik prinsipləri», «Yığcam teatr sözlüyü» dərsliklərini yazıdım. Üstəlik Tiflis, İrəvan, Aşqabad, Təbriz Azərbaycan teatrları, Bakı Türk İşçi Teatrı, Sumqayıt, Naxçıvan, Opera və Balet, Dövlət Kukla teatrları barədə də ayrıca kitablar yazıb nəşr etdirdim. Gəncə və Gənc Tamaşaçılar teatrları barədə də kitabları tamamlamışam. Ümid edirəm ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunacaq.
- Hazırda nə üzərində işləyirsiniz?
- Üç cilddən ibarət Azərbaycan Teatr Ensiklopediyasını qurtarmışam. Birinci cildi çapa verilib. Digər iki cildi üzərində tərtibat-dizayn işləri görülür. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və vəsaiti hesabına. Nazirlik əksər kitablarımın çapına, xüsusən milli teatrımızın 140 illiyi münasibətilə nəşr olunan silsilə əsərlərimin nəşrinə böyük köməklik göstərib.
Ötən ilin lap sonlarında xalq artisti Yaşar Nuriyev haqqında «Yaşadan əbədi yaşar» kitabım çap olunub. Yaxşı ki, tələbəlik dostum Yaşar ölümündən bir qədər əvvəl bu kitabı görüb oxudu...
Həmçinin bu ilin on ayında 3 cilddə «Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı», «Azərbaycan Dövlət Musiqili Teatrı», «Teatr naxışları» (İlyas Əfəndiyev və teatr) kitablarım nəşr edilib. «Səhnəyə qovuşan cığırlar» kitabımda Milli Dram Teatrında, eyni zamanda bu sənət ocağının əsasını təşkil edən «Müsəlman artistləri dəstəsi», «Nicat», «Səfa», «Müdiriyyət» truppalarında və digər dəstələrdə çalışmış 119 sənət fədaisi barədə portret-oçerklər toplanıb.
– Teatrın gələcəyi... Sabahın teatrına necə baxırsınız?
– Bir qədər alatoran görünsə də, əsasən işıqlı ümidlərlə...