Kulis.az Ayişə Nəbinin “Vulkan” hekayəsini təqdim edir.
Uzun zamandı içində ona ağırlıq edən, incidən bir hiss, adını bilmədiyi bir duyğu vardı. Bunu bir yük kimi daşıyırdı və artıq yorulmuşdu, bu yükü içindən çıxarıb atmaq istəyirdi.
Yüngülləşmək istəyirdi.
Əvvəl elə bildi xəstədir, ondandır üzərindəki bu ağırlıq. Sonra gördü yox, xəstə zad deyil, bu içindəki hər nədirsə, yeni deyil, illərdi onun içindədir, illərdir yığılıb, yığılıb, indi daşıya bilməyəcəyi qədər ağırlaşıb. Artıq açıq-aydın görürdü ki, səbri sozalıb, gücü tükənib, bu yükü daşıya bilmir.
Gücü azalıb, həm də lap çox azalıb.
Yük isə ona az qala diz çökdürəcək ağırlığa gəlib. O, bu yükü nə içindən çıxarıb ata bilir, nə içində əridib həzm edə, nə də yox saya bilir. Elə qovrula-qovrula durur.
Hərdən bu yük ağırlıq edib onu boğacaq kimi olurdu, sinəsindən yuxarıya doğru boğazına daş kimi bərk bir tikə qalxırdı. Bu tikə qalxıb boğazının ortasında qırtlağına tıxanır, o darlıqda ilişib qalırdı.Tıxanınca da, nəfəs alma, boğul öl, deyirdi. Ancaq o boğulmurdu, bu daş kimi tikənin böyründən kip örtülməyən qapının hava sızan aralığı kimi balaca bir aradan nəfəsi sıxıla-sıxıla gedib-gəlirdi. Bu aradan sızan hava ciyərlərini doyurmasa da, onu ölməyə də qoymurdu. Ölməyə qoymur, qəddar adam sayağı süründürür, bu azacıq, bu dərmanlıq nəfəslə bu darboğazda yaşa deyirdi. Üç dəfədən bir nəfəs alsan yetər sənə, deyirdi.
Sabah yerindən qalxanda ilk işi qapıya çıxıb günəşə baxmaq idi. Günəş olmayanda da üfiqə baxardı, eləcə boş-boş heç nə düşünmədən baxar, baxar, sonra heç bir şey düşünmədən hissiyyatsızca içəri girər, bu günü də yaşamalıyam deyərdi. Bu günü də yaşamalıyam fikri dünyanın ən ağır fikri idi onun üçün. Bu fikri başından çıxarmaq üçün gününü gözəlləşdirəcək bir şey axtarar, düşünər, götür-qoy edər, bir yana çıxa bilməyəndə isə elə günün ardınca sürünürmüş kimi yaşardı.
Əslində, həyatını mənalandıran o qədər şey vardı ki, amma bunların heç biri onun içindəki o yükü yüngülləşdirmirdi. O yük sinəsinin bir küncündə qarmaq atıb qalmışdı. Qarmaq nədir ki, o orada kök atıb, kökünü hər tərəfə yayıbdır.
Danışmaq istəyirdi, söyləmək, dilini tərpətmək, bu ağrını dilləndirmək istəyirdi, danışmaqla, sözlə çıxarmaq istəyirdi canındakı bu ağrını.
Əslində, canının harası ağrıdığını da bilmirdi. Eləcə onu bilirdi ki, bir yeri ağrıyır, bu ağrının şiddətini hiss edirdi. Beyninin hər tərəfi ağrıya aid idi, təkcə ağrını hiss edirdi.Ağrı beynini, düşüncəsini qablamış, ona hakim kəsilmişdi.
Bu məngənədən çıxmaq üçün danışmaq istəyirdi, amma ağzını açıb dilini tərpətsə də səsi çıxmırdı. Dilini tərpədəndə təkcə nəfəsinin yolu dəyişirdi. Nəfəsi ağzından düz deyil əyri-üyrü çıxırdı, əzilib-büzülürdü, qalxıb-enirdi, amma heç cür sözə dönə bilmirdi. Çıxan nəfəsinin dalınca gözlərini ha döyürdü ki, bəlkə onu sözsüz anlayalar. Ancaq üzlərdəki baxışların donuqluğundan bilirdi ki, yox, söz deməyincə adamı anlamırlar.
Hardadır o bəxtəvərlik ki, məni sözsüz anlayalar. Adamı heç sözlə anlamırlar, o da ola ki, dilsiz-ağızsız bir adamı anlayalar. Ona olsa-olsa yazıqları gələr, yazıqdı deyərlər, yazıq quş balası kimi ağzını açıb-yumur, deyərlər ürəklərndə.
O artıq öz-özünə ağzını boş-boşuna yumub-açmamağa qərar verdi. Düşündü ki, əgər səsi yoxdursa, nəfəsi sözə çevrilmirsə daha boş-boşuna ağzını açıb-yummağın mənası yoxdu, onsuz da bu, kənardan daha eybəcər görünür.
İçindəki qaranlığı aydınlatmaq üçün yollar axtarmağa başladı. Bir az ibadət etdi. İbadət uzun müddət onu rahatlatdı, ağrıları əməlli-başlı azaldı, hətta arada bir tamamən yoxa çıxdı. Sonra şeytan ağlına girdi, onu aldatdı ki, bəs bu səni tam ifadə etmir. Sən gərək özünü ifadə etmək üçün başqa bir yol tapasan. Sən burada içindəki yükü, düzdür atırsan, amma özünü unudursan, özünü yenə də anlada bilmirsən.Yenə içindəki içində qalır, kimsəyə söz söyləmirsən, danışa bilmirsən.
Aradan uzun, uzun, həm də yorucu, usandırıcı bir zaman keçdi.
Danışmaq istəyini içində dondurdu. Musiqiyə meyl saldı. Ney çalmağa həvəsləndi, zənn elədi ki, ney tam onun istədiyi alətdir. Neyi üfürüncə içinin ağrı-acısı nəfəsi ilə çıxacaq, həm də çox gözəl bir şeyə çevrilərək çıxacaq. Bu fikir ona elə bir təsəlli, toxdaqlıq verdi ki, özünü oturub həzin-həzin ney çalarkən, neyin içindəki nəfəsini izləyərkən təsəvvür edir, bu fikirdən məmnun olurdu. Axırda yenə özünə toxdaqlıq verdi ki, bax, indi mən əsl işimi tapdım, ney çalmaq yaxşı ki, ağlıma gəldi, bu məni daşıdığım yükdən xilas edəcək.
Günün xoş bir saatında qalxıb ney almağa getdi. Bir az şəhərdə küləyə qarşı gəzdi. Hara gedirdisə külək qarşıdan əsirdi. Bunu da anlamağa çalışdı, bir-iki dəfə üzünü arxaya çevirib durdu, gördü külək yenə də üzüə vurur, dedi yəqin bu şəhərin küləyi də məni tanıyır, səsimin olmadığını beləcə vıyıldayaraq üzümə vurur. Bu fikirdən üşürgələndi. Birdən öz içində boğulan nəfəsi ilə bu azadlıqdakı külək arasında oxşarlıqlar tapmağa başladı. Nəfəsini ovcuna hovxurub əlini irəli uzatdı. Bir əlində nəfəsi, o birini də irəli uzatdı, o birində də külək. İkisini bir-birinə qarışdırıb fəzaya yolladı. Dalınca da, al, sonsuz kainat, sənə nəfəsimdən çalası qatdım, varsın dilim açılsın, dedi.
Qayıdanda neyi unutdu, ney yerinə ud alıb qayıtdı.
Bu necə oldu, özü də anlamadı. Ney üçün getdi, neylərə baxdı, baxdı, sonra birdən dönüb uda tərəf getdi, heç düşünmədən udu əlinə alıb barmaqlarını sıxdı, bir xeyli eləcə durdu, sonra udu alıb çıxdı.
Neylərə baxdıqda birdən ağlına gəldi, dedi, yox, e nəfəsi onu xilas edə bilməyəcək. Axı, nəfəsi özü elə məngənənin içindədir, dustaqdır, dustaq dustağı necə xilas edə bilər. Nəfəsini bəlkə barmaqları ilə, əlləri ilə məngənədən çıxara bilər.
Udun səsində yanıqlıq, yazıqlıq, yalvarma deyil, bir dağa dırmanma, cəngə bənzər, amma yatımlı, daha ahəngli, daha yola gedəsi bir hava vardı. Udun səsində insanın içində səsinin boğulub qalmışı vardı. Çıxmağa macal tapmayan. Özünü daşa divara çırparaq vurnuxan. Çıxış axtarıb tapa bilməyərək çaxılıb qaldığı yerdə göy qübbəsinə dirənən səslə hayqıran. İlişib qaldığı, çıxmağa çalışdığı o balaca yeri nəfəsinin həniri qarsan. Qarsdığı yerdəki cızıltı.Yanğın. Yanğın yerinin ahəngi vardı. Ud səsi...
Ud çalındıqca addım-addım zirvəsini görə bilmədiyi dağa çıxırdı. Pillə-pillə, aram-aram, ahəstə. Hərdən səndələyərək. Sağa-sola meyllənərək. Yıxılmadan...
Özü çıxmırdı, dağın zirvəsindən bir əl onu çəkərək dağın başına qaldırırdı sanki.
Dağa çıxıb oradan göz işlədikcə uzanan, üfiq cizgisini aşıb sonsuzluğa qarışan göylərə, dərəli-təpəli çöllərə, meşələrə, dərə dolusu axan gümüşü çaya baxar, baxar, susardı.
Quzu daşının başından durna teli qopararaq onun narınlığını əi ilə yoxlayar susar, durna telini saplağından tutub ovcunda sivirər, zərif durnatellərinin ovcunu qıdıqlamasından gülümsəmə gələr üzünə, bu gülümsəmə elə o anda da donardı. Dönə-dönə təkrar edər susar, onun kimi təbiətin də susqunluğunu pozan, səsi qarşı qayalarda əks-səda verən Ağ yol boyu şütüyüən maşınlara baxardı. Onu, bu susqunluğun içindən bir durna telinin küləyə əyilərək nazlana- nazlana titrəməsi, bir də bu maşınların səsi oyadardı. Qarşı qayalardan qayıdan səs qapıldığı sonsuzluğun dibsiz quyusundan çəkib çıxarardı.
Beləcə günlər keçdi.
Bir müddət sonra ud artıq onu ovundurmadı. Artıq ud vəzifəsini yerinə yetirib qurtarmışdı. Udu bir kənara qoydu.
O yenə də öz içinə çökdü, içində yığılıb qalan, adını qoya bilmədiyi bu kor hissin əsiri oldu, yenə də boğulmağa başladı.
Hər şey bezdirirdi, heç nə onu ovundurmur, heç nə, heç kim onun bu ağır yükünü çəkib almırdı çiyinlərindən. İçində boğulan nəfəsinin əlində qalmışdı.
Danışa bilməmək öldürürdü onu. Hər nəfəsdə içinə dolan bir sözü çölə çıxarmaq istəyirdi. Söz içində qalır onun qəlbini daraldır, ruhunu ağırlaşdırır. Həyatını dözülməz edib yaşamdan, həyatından zövq almağa qoymurdu.
Zövq almaq üçün çox bəhanə tapardı, amma o bu bəhanələrə elə bəhanə deyər, onlarla ovunmaz, sevinməz, onlardan gözünə işıq gəlməzdi. Həyat adlanan bəhanələr onun üçün sadəcə baş qatan, onu özündən uzaqlaşdıran, düşünməyə qoymayan oyuncaq idi. Hərdən deyirdi, elə belə yaxşıdır, qoy düşünməyim, rahat olum. Amma düşünməyə bilmirdi axı, çünki artıq düşünmək onun üçün nəfəsiylə dabanbasaraq gedirdi. Həm də qara-qara düşüncələr...
Hər sabah yerindən duranda üzü günəşə durar baxar, baxar, baxardı.
Yenə qalxdı, üzü günəşə durdu baxdı, baxdı. İçini dolduran sözləri dilinə gətirmək istədi. Ağzını açdı, dilini tərpətdi, nə qədər çalışdısa bir kəlmə də söz çıxmadı ağzından.
Günəşin üzünə vuran şəfəqi hələ çox narındı, gözlərini o qədər də qamaşdırmırdı. Şəfəqin bu yumşaqlığı onu bir az da ürəkləndirdi. Baxdı, demək istədi ki, ... Yox deyəmmədi, heç nə deyəmmədi, söz eləcə gəlib gəlib boğazına tıxandı. İstədi bu dəfə nəfəsini boş buraxmasın, məcbur etsin.
Söz tıxandığı yerdən geri qayıtmaq istəyirdi, o isə inad edir, bu dəfə nə olursa-olsun danışacam deyirdi, bircə söz, yarım söz də olsa, ikicə hərf də olsa deyəcəm, təki ağzımdan bir hərf, bir söz, bir səs çıxsın, deyirdi öz-özünə içində.Tək bir səs. Bircə səs. Bircə səs həyatını dəyişərdi, qanadlanardı, uçardı. Amma olmurdu, olmurdu, olmurdu...
Dedi, yox, əgər söz deyə bilmirəmsə, onda heç olmasa səs çıxarım, səsim çıxsın, mənim də səsim olsun.Bircə dəfə, tək bircə dəfə səsim çıxsın ürəyimcə qışqırım, amma olmurdu ki, olmurdu.
Tıxanıb boğazında düyünlənən söz çıxa bilmədiyi kimi, geri qayıtmağa da gücü çatmadığından eləcə düyün olub qalmışdı boğazının ortasında. Nə edəcəyini bilmirdi. İnadı gücünə-güvvəsinə yetirdi, amma gücü-güvvəsi inadına yetmirdi, inadını qıra bilmirdi.
Gücü tükənirdi. Sıxıb boğazında saxladığı nəfəsi darlıqda uçunurdu, artıq dardan çıxmaq istəyirdi.Yoxsa boğulacaqdı.
Canının bütün ağrısı boğazına tıxanan bu nəfəsinin içində idi. Bircə nəfəsi sözə dönsə, bircə kəlmə söz deyə bilsəydi, canının ağrısı bu sözlə çıxardı. Amma olmurdu, olmurdu, heç cür olmurdu. Nəfəsi səsə dönə bilmirdi, səsi sözə dönə bilmirdi, içində hər şey sanki çiy idi, o bu çiyliyi həzm etmək, ondan dad almaq istəyirdi.
Artıq belə səssiz, sözsüz yaşamaq istəmirdi, buna gücü qalmamışdı, illərdi içində saxladığı, bala kimi böyütdüyü, qoruduğu hislərini səsə, sözə çevirmək istəyirdi, içindən çıxarmaq, boşaltmaq istəyirdi. Dolmuş bir qab idi, boşalmalıydı, yoxsa daşacaq, bəlkə də öləcəkdi.
Ölmək istəmirdi. İçində deyilməyən sözlər onunla axirətə gedəcəkdi, ona yük olacaqdı, incidəcəkdi. Bu dünyada daşıyammadığı yükü bir də o dünyaya apara bilmirdi. Amma yoxdu, səsi, sözü yoxdu.
Bütün mənliyini səsində, sözündə görürdü, bircə kəlmə sözə sığışardı, meyvə çəyirdəyi, toxumu kimi gizlənərdi o səsdə, o sözdə. Bir balaca, xırdaca toxum dənəsində nəhəng ağac gizləndiyi kimi, bir dənədə, bir toxumda gözəl-gözəl meyvələr gizləndiyi kimi onun da səsində onun varlığı, cövhəri gizlənmişdi. Ağac bir toxumdan bitdiyi kimi o da səsindən bitmək, cücərmək istəyirdi.
İçəri qayıtdı. Bütün düşüncələri, duyğuları bir tərəfə atıb özünə qapandı. Yorulmuşdu.
Dincəlmək, bütün bu fikirlərdən sıyrılaraq dincəlmək istəyirdi. Artıq nəfəsindən əl çəkəcəkdi. Qoy, nəfəsi artıq istədiyi kimi getsin gəlsin. Yazığı çox yormuşdu. Bacarmadığı bir işi görməyə məcbur etmişdi, o da yorulmuş, gedib-gələcək halı qalmamışdı.
Bütün fikirləri başından çıxardı. Canındakı ağrının yara yeri kimi sızıldadığına fikir verməyərək, eləcə qolunu gözünün üstündən alnına qoyaraq oturdu. Otaq yarı qaranlıq idi, sabah pərdələri belə çəkməyi unutmuşdu. Unutmuşdu deyəndə heç fərq eləməmişdi ki, ev işıqlıdırmı, yoxsa qaranlıq. Onun başını öz içindəki işıqla qaranlıq daha çox qatırdı.Ta hava qaralana qədər beləcə keçdi.
İçindəki rahatlıq ötəri idi. Onsuz da həmin ağrı yerindəydi, davam edirdi, hər an bütün varlığına hakim kəsilə bilərdi.
Gecə durdu. İçində olan, bilmədiyi, anlamadığı, ancaq heç cür ondan əl çəkməyən o hissi ifadə etməyə çalışdı. Hamı kimi o da danışmaq istəyirdi. Hamı kim güləndə qəhqəhə çəkmək, hirslənəndə bağırmaq, sevinəndə mahnı oxumaq istəyirdi.
İndi o bütün bu istəklərini kağızda çəkəcəkdi. Gülə bilmədiyi qəhqəhəni, oxuya bilmədiyi mahnını, hirslənə bilmədiyi qəzəbini çəkəcəkdi. Səsə, sözə çevirə bilmədiyini indi kağızda rəsm edəcəkdi.
Bütün gecə çalışdı.
Ömründə heç rəsm çəkməmişdi. Amma indi çəkmək istəyirdi. Bəlkə bu onu ifadə edəcəkdi. İçindəki düyünü açacaqdı. Kim bilir.
Qarşısına açdığı vatman kağızına rəngləri əvvəl nizamla düzməyə başladı. Ahəngli bir şey alınsın istəyirdi. Rənglərin uyumunu, harmoniyasını düşünərək, istisini-soyuğunu qarşılaşdıraraq istədiyini çəkirdi. İstədiyinin forması nəydi, bəlli deyildi.
Fırçanı əlində tutub kağızın üzərində sürüşdürərkən yavaşca zümzümə eləmək istədi. Sinəsi qalxıb endi, amma yenə də səsi çıxmayınca fikrini fırçasına verdi.Çəkdi, gah düz xətlər çəkdi, gah əyri xətlər. Bəzən dəniz kimi dalğalandırdı kağızda rəngləri, gah taxıl zəmisi kimi ləngər vurdu, gah külək əsdi kağızın üzərində, gah zəlzələ qopdu. Ancaq onun istədiyi bunun heç biri deyildi.
Dan atırdı.
Eşiyə çıxdı. Günəşin qızartısı çökmüşdü üfiqin qaralığına. Üfiq qan qırmızı idi.
Üfiqin qırmızılığına baxdı, baxdı, birdən uçundu, elə bil itirdiyi bir şeyi tapdı.Tələsik içəri girdi. Fırçasını qırmızı boyaya batırıb bütün gecə işlədiyi rəsmin üzərində gəzdirməyə başladı. Qızartı üfiqin hər yerinə yayılana qədər o da işini tamamladı. Kənara çəkilib baxdı. Vatmanın üzərində gözəl, həm də dəhşətli bir vulkan püskürməkdə idi. Onun illərdi içində közərən, ən sonda alovlanıb varlığını oda qalayan, nəfəsinə yüklənib ciyərini dağıdan o ağrının axır ki, şəklini oxşatmışdı. Tapmışdı bəlkə də. Vulkan od püskürərək onun içindəki o ağır yükü çölə atmışdı.
Eşiyə çıxdı.
Çıxmaq istəyən günəşin qırmızılığı sarılığa dönməkdə idi. Sarılığı göz qamaşdırırdı. Başını qaldıranda günəşin şəfəqi düz alnına, gözlərinə vurdu. Titrədi bir an. Bir an hər tərəf qaranlığa büründü, təkrar yenə aydınlandı.
Günəş öz yerində dururdu. Amma o artıq yerində dura bilmirdi. Bu dəfə vulkan püskürürmüş kimi nəfəsi siyrildi ciyərindən. Boğazına tıxanmadı. Boğazı elə bil genəlmişdi. Nəfəsinin qabağını heç nə kəsmirdi. Mat qaldı buna. İlk dəfəydi belə olurdu. Səsi çıxacaqdı deyəsən. Ömrü boyu həsrətində olduğu, heç zaman heç kimin eşitmədiyi səsi çıxacaqdı.
Bu möcüzə idi.
Vulkan idi.
Vulkan püskürürdü içindən. Nəfəsi səsə çevrilə biləcəkdi bu dəfə. Bunu hiss edirdi. Nəfəsinin qarşısını alan olmadı. Nəfəsi düyünlənmədi boğazında.
Üzünü günəşə tutub bağırdı. Aaaaa...
İllərdi içinin böyüyən, gizlənən var səsiylə bağırdı.
Gedib günəşə dəyəcək, günəşi silkələyəcək qədər yüksək, xırıltılı səslə bağırdı. İllərdi ifadəsi donmuş üzünə təbəssüm gəldi. O bağırtının ardınca, yox elə o bağırtının özünü qəhqəhəyə döndərdi. İlk dəfə ciyərini sökən dərin bir qəhqəhə çəkdi.Güldü......
Uzuun bir nəfəs aldı.
Rahat bir nəfəs aldı.
Vulkan səngidi.
Bu onun son nəfəsi oldu. Rahat alınan, sıxılmadan çıxan, səsə dönən son nəfəsi. Bu son nəfəs canının ağrısını da özüylə çıxarıb apardı, canını da özüylə apardı, uçub fəzanın sonsuzluğuna qarışdı itdi.
O son nəfəsin ağırlığı onun cansız bədənini köklü ağac kimi yerə yıxdı.