"Tənha bir yelkən ağarır!.." - Rus poeziyasının üsyankar dahisi

"Tənha bir yelkən ağarır!.." - Rus poeziyasının üsyankar dahisi
15 oktyabr 2025
# 14:30

15 oktyabr görkəmli rus şair, dramaturq, rəssam Mixail Lermontovun doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları və Mahir Qarayevin tərcüməsində şairin "Yelkən" şeirini təqdim edir.

Rus poeziyasının alovlu, üsyankar dahisi sayılan Mixail Lermontov 1814-cü il oktyabrın 15-də Moskvada anadan olub.

O, klassik rus ədəbiyyatının ən parlaq simalarından biri sayılır.

Lermontovun poetik irsi Rusiyanın ictimai fikir tarixində yeni bir mərhələ açıb, onun yaradıcılığı olmadan XIX əsr rus ədəbiyyatını təsəvvür etmək mümkün deyil.

A.S.Puşkindən sonra rus poeziyasının bayraqdarı olan Lermontov, yalnız söz ustalığı ilə deyil, həm də mütərəqqi baxışları ilə seçilib.

Çar I Nikolayın sərt senzura rejimində yazıb-yaradıb, azadlıq ideallarını, insan və cəmiyyət problemlərini əsərlərində əks etdirib.

Lermontovun yaradıcılığı Qafqazsız və Şərq motivləri olmadan tam görünmür. O, Qafqazın təbiətinə, insanlarına və mədəniyyətinə dərin maraq göstərib. Azərbaycana və Azərbaycan xalq yaradıcılığına olan bu sevgi "Aşıq Qərib" dastanının yazılmasında təcəssüm tapıb.

Qafqazda dəfələrlə səfərdə olan şair bu torpaqlardan ilham alaraq “Çərkəz qızı”, “Qafqaz əsiri”, “Mtsıri”, “Demon” kimi əsərlərini qələmə alıb.

Şərq mövzusu və Qafqaz həyatı Lermontovu Azərbaycan oxucusuna daha da yaxınlaşdırıb.

Lermontov Moskva Universitetində oxuyarkən sərbəst fikirlərinə görə universitetdən uzaqlaşdırılıb. Daha sonra Peterburqda hərbi məktəbə qəbul olunub. Bu illər onun dünyagörüşünü və poeziyasını daha da formalaşdırıb. Gənclik illərində yazdığı "İki məhbus", "Azadlığın son övladı", "Qəribə adam" kimi əsərlər inqilabi düşüncənin nümunəsi sayılır.

Onun “Şairin ölümü” adlı məşhur şeiri Puşkinin faciəli ölümünə sərt münasibət bildirir və çar rejiminin riyakarlığını açıq şəkildə tənqid edir. Bu cəsarətli mövqe Lermontovun Qafqaza sürgün olunmasına səbəb olub.

Lermontov rus musiqi dünyasına da güclü təsir göstərib. Onun sözlərinə yazılmış romanslar və operalar bəstəkarlar üçün ilham mənbəyinə çevrilib. A. Rubinsteyn onun əsərləri əsasında “Demon”, “Tacir Kalaşnikov” operalarını bəstələyib.

1841-ci ilin iyulunda Pyatiqorskda zabit Martınovla duel zamanı Lermontov qətlə yetirilib. O, gülləni havaya atsa da, Martınov onu ürəyindən vurub. Bu hadisə rus ədəbiyyatının gənc dahisini cəmi 27 yaşında həyatdan aparıb.

Lermontovun həyatı və yaradıcılığı müasir dövrdə də aktualdır. Onun yaratdığı lirika, poemalar, dramlar və romanlar hələ də azadlıq, ədalət və şəxsiyyət mövzusunda düşünmək üçün zəngin qaynaq olaraq qalır.

V.Q.Belinski, N.Çernışevski, A.Dobrolyubov kimi mütəfəkkirlər Lermontovu öz dövrünün əsl qəhrəmanı kimi qiymətləndirib.

O, təkcə rus ədəbiyyatının yox, ümumbəşəri poeziyanın nadir dahilərindən biri kimi tanınır.

***

Yelkən

Göy dənizin dumanında

Tənha bir yelkən ağarır!..

Yad eldən o nə ummada?

Nədən atmış öz diyarın?..

Dor gərilib zağ-zağ əsir,

Günəş səpir öz zərini…

Tufan gəzir coşqun qayıq,

Tufanda dinclik var kimi!

# 667 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə

Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə

10:18 15 yanvar 2026
Konçita Vurts "Avroviziya" ilə vidalaşdı

Konçita Vurts "Avroviziya" ilə vidalaşdı

10:05 15 yanvar 2026
Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

18:25 14 yanvar 2026
Azərbaycan dilindən BMT-nin əsas dillərinə və türk dillərinə tərcümə lüğətləri hazırlanacaq

Azərbaycan dilindən BMT-nin əsas dillərinə və türk dillərinə tərcümə lüğətləri hazırlanacaq

18:20 14 yanvar 2026
Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı layihə təsis ediləcək

Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı layihə təsis ediləcək

18:05 14 yanvar 2026
Milli kino fondunun arxivi rəqəmsallaşdırılacaq

Milli kino fondunun arxivi rəqəmsallaşdırılacaq

17:50 14 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər