Bu tamaşadan sonra heç kəs danışmaq istəmir

Bu tamaşadan sonra heç kəs danışmaq istəmir
28 oktyabr 2016
# 09:00

Anatol Fransın sözləri olmalıdır: “İstənilən yazı, həm də bir az avtoportretdir.” “Medeya. Sekvensiya 001” tamaşasında Gülzar xanım, xəyanət etmiş ərindən qisas almaq üçün uşaqlarını öldürmüş mif qəhrəmanı Medeyanı oynayır və nə görürsə, nədən qorxursa, “Yox, bu mən deyiləm, mən öldürməmişəm onları, ümumiyyətlə, bu rejissorun, dramaturqun uydurmasıdır” deyir. Gülzar xanım bunu səhnədə tamaşanın içində, obrazda deyir. Yadıma Yuğ teatrının Murtuza Muxtarovdakı keçmiş binasında Gülzar xanımla etdiyimiz söhbət, daha dəqiqi, müsahibimin sirr deyər kimi ehtiyatla dediyi bir fikir düşür: “Olub ki, mən oynadığım yerdə özümdən qorxmuşam, elə qorxmuşam ki, tamam özümü itirmişəm, özümdə olmamışam...”

Bu mənada Vladimir Klimenkonun əsəri əsasında Mikayıl Mikayılovun “Medeya. Sekvensiya 001” tamaşası sanki Gülzar xanım üçün hazırlanıb, aktrisa gözümüzün qabağında dəyişir, özgələşir, obrazları kaleydoskop kimi bizə göstərir, heç birini tanımağa macal tapmırıq, birdən hiss edirik ki bu kaleydoskopun üzləri ağlımıza yerləşməyəni, olmayanı edib: faciə ilə gülüşün, sevgiylə nifrətin, obrazla aktrisanın, xoşbəxtliklə bədbəxtliyin və ən ağlasığmazı, olmaqla olmamağın arasında yekə bir bərabərlik işarəsi qoyub.

Halbuki səhnəni gözüm alar-almaz narahat olmuşdum: minimalist tərtibat (Umay Həsənova) - səhnədə bir taburetdən, bir asılqandan, yerə atılmış insan əzalarından və bıçaq qoyulmuş dayaqdan başqa bir şey yoxdur - bədii məkanı aktrisalar doğruldacaq, əlbət, sözlərə yükləyəcəklər, onlara da, bizə də çətin olacaq. Narahatlığım əbəs yerə imiş, azca sonra səhnə ziddiyyətlər müstəvisi idi, Sona xanım Mikayılova ilə Gülzar Qurbanova bir birlərini maqnit kimi gah itələyir, gah da çəkirlər.

Sona xanım Mikayılovanın yaşlı qəhrəmanı uşaqlarını qətlə yetirməmiş Medeyanı oynamalıdır, Gülzar Qurbanova Yasondan qisas almaq üçün uşaqlarını öldürmüş Medeyanı. Amma net bir obraz bölgüsü yoxdur, səhnələr dəyişdikcə, onlar, ya da onların qəhrəmanları bir-birinin alter-eqosuna çevrilir, gah rəqabət edən aktrisalara, gah öz keçmişini ya gələcəyini görən iki qadına dönürlər.

“Yara almadan aynanın önündən keçəməzsin” deyir şair. “Medeya”da da aktrisalar Ayna (Güzgü) kimi bir birini yaralayır. Səhnədəki bıçaq təkcə Yasonun uşaqlarını öldürmək üçün deyil, həm də bir-birini öldürmək üçündür. Keçmişi öldürmək üçündür. Medeyanın buna gücü çatsa, əlini öz uşaqlarının qanına bulamazdı.

Yaşlı aktrisanın (Sonaxanım Mikayılova) gəncliyi yoxdur, amma Medeya oynamaq üçün yaralı ruhu var. Medeya kimi Əzab verən keçmişi var. O öz eqosunu tanıyır və bu daha onu qorxutmur, gənc aktrisadan Gülzar Qurbanovanın qəhrəmanından fərqli olaraq...

Sevgi də əbədiyyətə iddialıdır. Sənət də əbədiyyət iddiasıdır. Sevgidən məhrum olan Medeya ilə sənətdən məhrum olan aktrisa arasında bir paralel varmı? Bunun kimi min sual var tamaşada. Və bu suallar sözdə deyil, illah ki, Gülzar xanım özü sual işarəsinə dönüb soruşur, qıvrılıb açılır, gah kloun təbəssümü edir, gah faciənin dibindən nalə çəkir, bədən dili ilə sənətin faciəviliyindən, əbədiliyindən və sərməstliyindən bizə xəbər gətirir.

Biz aktyor fenomenini yenidən kəşf edirik. Sonaxanım Mikayılovanın, Gülzar Qurbanovanın timsalında...

Sonaxanım Mikayılova etirafını sıradan bir aktyor teksti kimi deyir. Günlük bir iş kimi. İkiləşmə prosesində onun işi ittiham etməkdir, ironiya etmək, sancmaqdır. Etiraf ən sonda gələcək.

Julavskinin “Publika qadını” filminin qəhrəmanı olan aktrisanın imtinasını xatırlayıram. Aktrisa olmaq üçün özündən imtina edərək, ağlını itirmiş çex emiqrantının dünyadan getmiş arvadının yerində oynamağı, daha düzü, yaşamağı seçən Eteli.

Rejissor Mikayılın tamaşasında etirafla imtina bir-birini əvəzləyir (Tamaşanın janrı da apikrif kimi təyin olunub).

“Bir var tək qalmaq, bir də var tək qaldığını hiss etmək” (İntiqam Hacılı). Amma biri də var. Biri də var zamanla təkbətək qaldığını hiss etmək. Gücün varsa gücünü, yoxsa gücsüzlüyünü hiss etmək. Aktyor (sənətkar) zamanla tək qaldığını hiss edir əvvəl-axır. Mikayılın “Medeya. Sekvensiya 001” tamaşası məhz bu təkbətəkdən (dueldən) danışır. Aktyor zamana yaylıq atıb onu duelə çağıran adamdı (Məhz bu cəsarətinə, böyük iddiasına görə ən uğursuz tamaşadan sonra belə aktyoru ayaq üstə alqışlamaq vərdişim var. Hara getdiyini bilmədən belə özünü səhnənin dərin qaranlığına buraxan hər kəsi bu alqışa layiq bilirəm).

Yuğ teatrının “Medeya. Sekvensiya 001” tamaşasında aktrisalar bir neçə saniyəliyə tamaşaçıları boş səhnə ilə təkbətək qoyur. Bu təkbətəkə uzun müddət dözmək olmur təbii.

Alqışlar qopur və kimsə kimsəylə danışmaq istəmədən dağılışır. Niyə istəmədən? Bəlkə ona görə ki, hamı öz imtina və etirafına çəkilmək istəyir...

# 1940 dəfə oxunub

Müəllifin son yazıları

# # #