Vəfa Zeynalova yüzlərlədir!

Vəfa Zeynalova yüzlərlədir!
24 aprel 2017
# 12:31

Aliyə yazır

Bu günlərdə saytlar Əməkdar artist, Akademik Milli Dram teatrının gözəl və məşhur aktrisası Vəfa Zeynalovanın gözəlliyini bir qat daha artıran bir video-sorğu yayımladı. Xəbər başlığı “Biabırçılıq” şərhi ilə təqdim olunan videoda aktrisa çox da qəliz olmayan 10 sualdan heç birinə cavab verə bilmir. Saytlardan biri isə bu videonu “Vəfa Zeynalovanın ikinci biabırçılığı” başlığı ilə təqdim edir.

Məhz bu başlıq yadımıza salır ki, bu mətbuatın aktrisa ilə bağlı ikinci biabırçılığıdır. Birinci dəfə aktrisanın “İlahi məxluq” filmindəki epizodlarına baxıb məhəllə cayılı kimi qeyrəti cuşə gələn mətbuat özü də bilmədən Vəfa Zeynalovanı yox, özünü rüsvay etmişdi. İkinci dəfə də “biabırçılıq” şərhini xəbər başlığına verməklə yenə də özünü biabır etdi.

Vəfa xanım bu bilgisizliklə minlərlə insanın qarşısına, səhnəyə çıxmaqdan narahat olacaqmı, məsuliyyət duyacaqmı burasını bilmirik. Çoxu bu məsələdə aktyorları elə də qınamır. Yəni, Vəfa Zeynalova bu bilgisizliklə onlardan, bəlkə hətta yüzlərdən biridir.

***

...Bu günlərdə ARB telekanalının istehsalı olan “Gecikmə” sənədli filminə baxdım. Filmin qəhrəmanı Ağdam teatrının aktrisası Fəqumə Yusifovadır. Film bir qadının nakam sənət arzuları, nakam sevgi əhvalatı kontekstində fərdi mübarizəsini göstərir. Fəqumə xanımın yaşadığı qəsəbəyə avtobus işləmir, o, həftənin altı günü, yağışda, palçıqda teatra yolu piyada gedir. Mərkəzi yola çatanda da avtobus ola, ya olmaya. Maşınla təxminən bir saatlıq yolda o, piyada üç-dörd saatını itirir. Fəqumə xanım Əməkdar artist adını arzulayır. Sadəcə çəkdiyi zəhmətlərə görə.

Bu mübarizə nə üçündür? Film boyu biz teatrı görmürük-aktrisa bir türlü gedib teatra çıxa bilmir. Film boyu hiss edirik ki, o, dünyaca məşhur dramaturqun əsərlərinin adını deyə bilmir.

Filmin daxili baxışında belə bir fikir səsləndi:

- Şekspiri tanımayan aktrisa niyə qəhrəman olmalıdır?

Verilən sual başqa bir sual yaratdı:

- Bizim Şekspiri, eləcə də o biri dahiləri tanımağımız bizi nə qədər güclü edib? Biz tanıyıb da nə etdik? Şekspir bizi başqalarına görə yox, şəxsən özümüzə görə nə qədər narahat edib, düşündürüb?... Və nəhayət o aktrisa Şekspiri rejissor Filankəs müəllim kimi tanımaqdansa tanımasa yaxşıdır bəlkə?

***

.... “– Qabriel Qarsia Markes… Bəlkə eşitmiş olarsız, amma çətin, onun əsərini hazırlayıram. Yəni, diqqətli olun yazanda, bunlar ayrı-ayrı adamlar deyil, bir adamdır, sadəcə üç adı var. Təkrar edirəm - Qabriel Qarsia Markes...”

Belə situasiya həmkarlarıma tanış olmalıdır. Rejissorlar üst-üstə 5 kitab oxumayan aktyorlarla, aktrisalarla sevə-sevə işləsələr də jurnalistləri beləcə küt yerinə qoyurlar bəzən. Bəzən bir müstəvidə söhbət edə bilmək üçün müsahibənin ilk beş dəqiqəsini həmin bu rejissorla söhbət edə biləcək savada sahib olduğunu sübut etməyə sərf edirsən. Ola bilsin ki, telejurnalistikanın “Mirşahin üslubu” da belə komplekslərin sayəsində yaranıb.

Bu məsələdə tərəflər bir-birinə az qala bərabərdir. Vəfa Zeynalovanın hadisəsi fərdi məsələ deyil. Əməkdar artist adını palçıqlı yollarla Ağdam teatrına gedib çıxa bilməyən Fəqumə xanıma qıymayan, amma məsələn Səməd Səmədova bəxs edən mexanizmin kiçik bir cizgisidir. Bütöv bir sistemin günahını bir nəfərin boynuna qoymaqla xoşbəxt olan cəmiyyətin, fürsətcil mətbuatın kompleksidir.

Buradan bir sənədli filmdə komplekssizliyi ilə, ruhunu qoruya bilməsi ilə, həyat əzmi ilə məni təsirləndirən Fəqumə xanıma səmimi sevgilərimi bildirirəm.

# 2037 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #