Ərəb üsyanlarında iştirak edən ingilis yazar

Ərəb üsyanlarında iştirak edən ingilis yazar
24 iyul 2014
# 11:04

Polkovnik Tomas Edvard Laurens 15 avqust 1888-ci ildə Böyük Britaniyada doğulub. Məhşur casus eyni zamanda arxeoloq, hərbi strateq və yazar kimi məhşurlaşıb...

Peşəkar fəaliyyəti müddətində T.E Laurens və ya T.E.Şau adlarından istifadə edib. 1916-1918-ci illərdə Osmanlı İmperiyasına qarşı baş verən ərəb üsyanlarında Birləşmiş Krallığın əlaqələndirmə zabiti olaraq çalışıb. Məhz bu dönəmlərdə “Ərəbistanlı Laurens” kimi tanınıb. Xidməti müqabilində ona verilən “Cəngavərlik” nişanını rədd edən Laorens “Üstün Xidmət Medalı” və “Fransız Şərəf Legionu Medalı” ilə mükafatlandırılıb.

Ərəblərin bir çoxu Osmanlı və Avropa dövlətlərinin işğalına qarşı mücadiləsində iştirak etməsindən dolayı Laurensi Ərəb Xalq Hərəkatının lideri və xalq qəhrəmanı kimi qəbul edirlər. Laurens şəxsiyyətinə heyranlıqlarını gizlətməyən bədəvi ərəblər ona Əmir Dinamit (İng: Amīr Dynamite) ləqəbi vermişdilər. Ərəb üsyanlarını düzgün istiqamətləndirdiyi və Britaniya krallığının hədəflərini gerçəkləşdirdiyi üçün Britaniyalılar da onu ən böyük savaş qəhrəmanı kimi qəbul edirdilər.


Ərəb üsyanı

Laurensin ilk təyinat yeri Qahirədə Hərbi Kəşfiyyat Servisi olub. Ərəblərlə qurduğu isti münasibətlər onun əlaqələndirici kimi vacib vəzifəyə təyin edilməsinə səbəb olur. 1916-cı ildə ərəb xalqlarının fəaliyyətini araşdırmaq üçün səhraya, bədəvi ərəblər arasına göndərilir. Ərəblər arasındakı nüfuzu ona vəzifəsini asanlıqla icra etməyə kömək edir. Əsas vəzifəsi üsyançılarla Britaniya Krallığı arasında əlaqə yaratmaq olan Laurens Məkkənin rəisi Hüseyn bin Əlinin oğlu Əmir Faysalın komandanlığı altında, pərakəndə şəkildə Osmanlı qoşunlarına qarşı partizan mübarizəsində iştirak edir. Ərəblərin etimadını qazanmış Laurens onları Osmanlı qoşunlarının Mədinədən çıxarılmaması məsələsində razı sala bildi. Bunun sayəsində ərəblər Hicaz dəmiryoluna güclü hücumlar təşkil etməyə nail oldular. Osmanlı qoşunlarının isə iki cəbhə - həm Hicaz dəmiryolunu, həm də şəhəri müdafiə etməyə məcbur olduqları üçün xeyli qüvvə itirirdilər. Laurens həm bu əməliyyatda, həm də Əkabə və Şam şəhərlərinin işğalında çox böyük rol oynamışdır. Ərəblərin içində yaşadığı vaxt ərzində onların adət ən-ənələrini çox yaxşı mənimsəyən Laurens Şahzadə Faysalın ona hədiyyə etdiyi dəvədə gəzir, ərəblərlə eyni geyimi geyinirdi.


I Dünya Müharibəsinin sonlarında ingilis hökumətini Ərəblərin müstəqilliyinin İngilislərin xeyrinə olmasına inandıra bildi.

Laurens haqqında əfsanənin yaranması

Laurens 1918-ci ildə savaş müxbiri Louell Tomasın sənədli film və fotoqraf çəkməsinə böyük köməklik göstərir. Müharibədən sonra çox ciddi sənədlərdən də daha qiymətli olan fotolar və filimlərlə dünya səyahətinə çıxan Louell Tomas yaxşı məbləğdə qazanc əldə edir. Louellin Laurensi böyük bir qəhrəman kimi təqdim etməsi, Lourensin özünün də özünü şişirdərək bölgədəki bütün ingilis cəsuslarının fəaliyyətini öz adına çıxması ona haqqı olmayan böyük şöhrət qazandırır.


Ən maraqlısı odur ki, özü haqqında əfsanələr yaradan Laurensi bəzi yazarlar həddindən artıq şişirdərək partizan müharibəsinin mücahidi, lideri adlandırır. 1962-ci ildə çəkilən “Ərəbistanlı Laurens” filmi əfsanəni həqiqətə çevirməyə xidmət edən ən böyük hadisə sayılır.

Kifayət qədər ciddi xidmətləri olsa da Laurens özünü şişirtməklə əfsanəvi qəhrəmana çevrilir. Layiq olmadığı şöhrət zirvəsinə yüksəlir.


”Müdrikliyin Yeddi sütunu”

Ərəb üsyanlarının baş verdiyi dönəm və ərəb Xalq Hərəkatındakı fəaliyyəti ilə bağlı Polkovnik Laurens 1926-cı ildə “Müdrikliyin yeddi sütunu” adlı avtobioqrafik kitab nəşr etdirir. Kitab həm Birləşmiş Krallıqda, həm də ərəb xalqları arasında maraqla qarşılanır.

”Müdrikliyin Yeddi sütunu” Laurensin şah əsəri sayılır. Bundan əlavə onun bir neçə tərcümə kitabı da vardır. Kitabda Laurensin döyüş xatirələri ilə yanaşı, hərbi strategiya, ərəb mədəniyyəti və coğrafiya ilə bağlı araşdırmalar da yer alır. Kitab çox qəliz dildə yazılsa da hərdən komik hadisələr və maraqlı əhvalatlara da yer verilib. Ümumilikdə kitabı cəsusluq tarixinin ən önəmli kitabı hesab etmək olar.


Maraqlıdır ki, Laurens əlyazmalarını itirdiyi üçün kitabı üç dəfə yenidən yazmağa məcbur olub. Hekayətlərin təhkiyəsindən həqiqətlə əfsanəni ayırmaq çox çətindir. Müəllifin həqiqətlə əfsanəni qarışdırmaqdan zövq alması açıq-aşkar hiss olunur. Müəllif öz fəaliyyətini şişirtməklə ərəb üsyanlarında rolunu xeyli “böyüdür”. Əsər həm tarixi, həm də psixoloji baxımdan qiymətli hesab olunsa da təhriflərdən xali deyil.


Laurensin hər şeyi təhrif etmək alışqanlığı onun bioqrafiyasını yazan bütün yazarları çətin vəziyyətdə qoymuşdur. Kitabında qələmə aldığı hadisələrin bir çoxunun sonradan əksi isbat olunub və səhvlər üzə çıxarılıb. Məsələn, kitabda ən böyük yalanlardan biri Laurensin dəfələrlə yaralanması və Sina səhrasını iki günə keçməsidir. Həqiqətdə isə onun bir neçə döyüş yarası var və səhranı isə yalnız üç günə keçə bilib.
Ərəb üsyanlarına qatılması həqiqət olsa da üsyanın əsas lideri olması və ərəbləri üsyana qaldıran əsas şəxs olması səhv məlumatdır. Almanların ərəb üsyanı haqqında hazırladığı 12 səhifəlik raportda Laurensin adına rast gəlinməsə də onun üsyandakı rolunu inkar etmək də olmaz.


Laurenslə aralarında soyuq münasibət olan Corc Bernad Şou Laorensin kitabının hazırlanmasında və redaktəsində iştirak etmiş, onun bəzi qrammatik xətalarını düzəltmişdir. Laurens kitabının ön sözündə həyat yoldaşına və Şouya, istəməsə də, təşəkkür etməyə məcbur olmuşdur.

Kitabın 1926-cı ildə çap olunan nüsxəsi çox baha qiymətə satılırdı və onu əldə etmək üçün xüsusi sifariş lazım idi. Xalq arasında yüksək qazanc əldə etmək istəyi başa düşülməsin deyə Laurens sonradan kitabını özünün üsyan xatirələri adlandırdı və kitabın qazancından heç nə gözləmədiyinə and içdi. Bununla kifayətlənməyən Laurens sonradan kitabın qiymətini çap məsrəfinin üçdə ikisinə endirdi. Həqiqətən də sonralar Laurens kitabın satışından pul qazanmadı və borclarını çətinliklə ödədi.

Ölümü

Laurens 19 may 1935-ci ildə (46 yaşında) Klods-Dorsetdə (İngiltərə) motosiklet qəzasında dünyadan köçdü.

# 2350 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
#
#
# # #