news-inner
clock08:45 calendar-gray 23 İyul 2014 view-gray7990 dəfə oxunub
view-gray7990 dəfə oxunub

Leninin çardan hamilə qalan anası – TARİXİ MÜƏMMA

1991-ci ildə Lenin təcrübəsi ilə sağollaşan Rusiya cəmiyyətini kapitalizmə qaytarmaq üçün ziyalı kampaniyası başlayır. Daha doğrusu, həmin hərəkatın iştirakçıları kapitalizmə qayıtmağın daha yaxşı yollarını axtarırdılar. Qızğın keçən iclaslarda mübahisəli fikirlər irəli sürülür, bir-biri ilə razılaşmayan tərəflər arasında kəskin mübarizə gedirdi. Belə görüşlərin növbətisində cavan həkimlərdən biri hər kəsin narazılığına səbəb olan, SSRİ-nin çörəyi ilə böyüyən alimlərin nəzərində Lenini və onun ailəsini təhqir edən mülahizə ilə çıxış etdi: Leninin anası Mariya Aleksandrovna saray xanımı olanda tax-tac varisi III Aleksandrla eşq macərası yaşayıb və ondan hamilə qalıb.

Cavan həkim davam edirdi:

- Deyə bilərsiniz ki, yəhudi qızı necə saraya xidmətə götürülə bilərdi? Məsələ belədir: Çar Rusiyasında xaç suyuna salınmış adam rus hesab olunurdu. O vaxtlar Rusiyada milliyyət mənşəyi ilə yox, dini mənsubiyyəti ilə müəyyənləşdirilirdi. Hamilə qalandan sonra əlbəttə, Mariya Aleksandrovnanı dərhal saraydan uzaqlaşdırıb valideynlərinin yanına göndəriblər. Daha sonra Leninin atasına – sadə, subay, adi müəllim İlya Ulyanova ərə veriblər. Ən yüksək səviyyədə müəllimə söz veriblər ki, qızı qəbul etsə, ona həmişə qayğı göstəriləcək. Elə də olub: İlya Ulyanov ömrü boyu vilayət təhsil sistemində ən yüksək vəzifələrdə çalışıb. Fikir verin, Ulyanovların böyük oğlunun adı Aleksandrdır – çar adı! Uşağa bu ad atasının şərəfinə verilib. İlya Ulyanov yaxşı adam olub, bir dəfə də olsun, arvadının köhnə günahlarını başına qaxmayıb, öz belindən gələn doğmaca oğlu – sonralar SSRİ kimi nəhəng imperiya yaradan Leninlə Aleksandr arasında fərq qoymayıb, bütün uşaqlarını eyni dərəcədə sevib. Mənə inanmırsınızsa, portretlərə fikir verin: böyük oğul Aleksandr ailədən heç kimə oxşamır. Deməli, Lenin öz inqilabı ilə qardaşını edam etmiş Romanovlardan qisas almışdı.

Bu, sadəcə mülahizə idi. Və əlbəttə, sənədlərlə təsdiq olunmamış bütün iddialar kimi hamı onun həqiqiliyinə şübhə ilə yanaşırdı. Amma bu iddianın ikinci hissəsi daha maraqlı, daha tükürpədicidir. III Aleksandr tax-tacı ələ keçirib çar rütbəsinə yiyələnəndən sonra Mariya Aleksandrovnadan olan qeyri-rəsmi oğlu Aleksandrı niyə edam etdirir?

Aleksandr Ulyanov sirri biləndən sonra and içib ki, anasının namusunu tapdalayan çardan – yəni öz atasından intiqam alacaq.

Tələbə olanda Aleksandr terrorçulara qoşulur və çarı bomba ilə partlatmağa cəhd edir. Terrorun üstü açılır, intiqam hissi ilə alışıb yanan tələbə həbs olunur. Məhkəmə ona ölüm hökmü çıxarır, hökm icra olunana qədər “Ölümə məhkumlar kamerası”nda saxlanılır.

Maraqlısı baş məqamdır və bir tarixi hadisə cavan həkimin iddiasına müəyyən qədər haqq qazandırır: ertəsi gün Mariya İvanovna Peterburqa gəlib oğlu ilə görüşə icazə alır. Birinci şəxsə qarşı sui-qəsd edən adam öz anası ilə necə görüşə bilərdi? Özü də, baş tutmayan terrorun ertəsi günü...

Görüşdə anası Aleksandrdan deyir ki, o, and içib söz versə, bağışlanacaq. Oğlu and içməkdən imtina edir. Bu “dikbaşlığın” nəticəsi yalnız edam ola bilərdi, başqa heç nə!

Təsəvvür edin, adi cinayətkarın anası ölüm kamerasında oturan cani ilə dərhal görüşə bilərdimi? Yaxud Mariya Aleksandrovnaya kim deyib ki, oğluna and içməyi təklif etsin? Sui-qəsd olunandan başqa kim onu bağışlaya bilərdi?

***

Həmin iclasda iştirak edən ziyalılardan biri – sonralar məşhur “Kremlin arvadları” kitabını çap etdirən Larisa Vasilyeva yazır ki, o, cavan, xoşsifət həkimə etiraz etmək olardı ki, Ulyanovlar ailəsində birinci uşaq Aleksandr yox, Anna olub. O, Sui-qəsddə iştirak etməsə də, hər şeydən xəbərdar olduğundan jandarm tərəfindən saxlanılmışdı.

Xanim Vasilyeva xatırlayır:

- Mən susdum və sakitcə çıxıb getdim. Ona görə yox ki, anlaşılmaz əfsanədən heyrətləndim. Ona görə ki, bu danışılanlar mənə daha sanballı mənbədən bəlli idi. Bütün bu söhbətlər hardan qaynaqlanır, kim yayır bunları? Hər halda, od olmasa, tüstü çıxmaz...

Həmin sanballı mənbə kim idi?

Müharibədən sonra Larisa Vasilyevanın ailəsi Moskvaya köçür. Böyük şəhərdə iki ailənin dostluğu başlayır: İvan Fyodroviç Popovun ailəsi ilə. Bu həmin Popov idi ki, o, 1909-cu ildə Parisdə Mari-Roz küçəsində yaşayan emiqrantlar – Lenin və Krupskayanın evinə gəlib onlarla tanış olmuş, sonralar Leninin fəaliyyətində onun köməkçisi olmuşdu. Mezen sürgünündə İvan Popov İnessa Armandla dostlaşmışdı və Leninin yanına getmək məsləhətini də İnessa vermişdi.

Üç xarici dil bilməsi Rusiya Sosial Demokrat Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi kimi Popova Leninə kömək etmək imkanı verirdi. İvan Fyodroviç İnessa Armandla bir yerdə partiyanı qurultaylarda, konfranslarda təmsil edirdi. Lenin Brüsseldə olanda isə onu müşayiət etmişdi.

1914-cü ildə Popov Brüsseldə alman işğalçıları tərəfindən “sosial təhlükəli element” kimi həbs edilmişdi. Lenin və Krupskayanın yazılı xahişi ilə İsveç Xaç Komitəsi onu almanların həbsxanasından çıxardı, hərbi əsir kimi Brüssel düşərgəsinə gətirdi.

Popov 1917-ci il Oktyabr inqilabında iştirak etmədi. Rusiyaya qayıdıb teatr təşkilatlarında işlədi. Sonralar Ulyanovlar ailəsi haqqında “Ailə” pyesini yazıb böyük məşhurluq və maddi təminat qazanmışdı. Pyesdə baş qəhrəman Lenin yox, onun anasıdır: böyük oğlu Aleksandrın edamına görə çəkdiyi iztirablar, həbsxanalar və dərd üstündən dərdlər, bütün Simbirsk şəhərinin onlardan terrorçu ailəsi kimi üz döndərdiyi vaxtda bunların hamısına cəsarətlə dözməsidir.

Xanım Vasilyeva universitetə qəbul olanda Popov atasına təklif edir ki, qız başqa yerdə qalmasın, gəlib bizimlə bağ evində yaşasın, dərslərinə hazırlaşsın, uşaqlar çıxıb gediblər, biz arvadla darıxırıq. O, sanballı mənbə ilə tanışlıq məhz bundan sonra başlanır.

- İvan Fyodroviçlə birinci görüşüm 40-cı illərin axırlarında onun öz evində olmuşdu. Şeir yazan qız uşağı kimi məni o evə müharibə illərində Popovla tanış olan atam aparmışdı. 1943-cü ildə İvan Fyodroviç Ural tank zavodunda T-34 tankının yaradıcıları haqqında oçerk yazmağa gəlmişdi. Dövrü mətbuatda oçerk çap olunmuşdu. Oçerkin qəhrəmanları arasında tank konstruktoru olan atam da var idi. Sonralar bu tanışlıq onların dostluğuna çevrildi, ailəvi get-gəlimiz başladı. Popovun mənə danışdıqlarını o vaxtlar leninşünaslar, krupskayaşünaslar eşitsəydilər, huşlarını itirərdilər. Saatlarla çəkən söhbətimizin axırında Popov hər dəfə deyərdi: bunları yazma! Nə olur olsun, yazmaq olmaz!!!

Ananın çara yazdığı məktub...

Naharların birində İvan Fyodroviç 17 yaşlı tələbə qız Larisaya dəhşətli bir sirr açır: Mariya Aleksandrovna qızı Annanı qeyri-rəsmi əlaqədən doğub. Onu sarayda olan vaxtlarda hansısa Böyük Knyazdan dünyaya gətirib.

Deməli, belə çıxırdı ki, Leninin anası qeyri-rəsmi əlaqədən bir yox, iki övlad dünyaya gətirib. Onda qızın atası kim idi? Çar III Aleksandr? Bu sual hələ də açıq qalır...

1991-ci ildə arxivdən Mariya Aleksandrovnanın martın 28-də çarın adına yazdığı ərizə tapılır: “Ana dərdi və naümidlik Zati-alilərinə, yeganə müdafiə və kömək edənə müraciət etməyə mənə cürət verdi. Rəhm edin, Padşah, xahiş edirəm. Uşaqlarıma rəhm və əfv diləyirəm. Gimnaziyanı qızıl medalla bitirən böyük oğlum Aleksandrı universitetdə də qızıl medala layiq görüblər. Qızım Anna müvəffəqiyyətlə Peterburq Ali Qadın Kurslarında təhsil alırdı. Və indi - onların tam təhsil kursunun sonuna bir neçə ay qalmış mənim nə oğlum, nə də qızım var. Onların ikisi də martın 1-də baş vermiş cinayətlə əlaqədar həbs olunublar. Bu ağır və çıxılmaz vəziyyətimi təsvir etməyə söz acizdir. Qızımı gördüm, onunla danışdım. Mən öz uşaqlarımı çox yaxşı tanıyıram və qızımla görüş zamanı onun təqsirsizliyinə tam əmin oldum.

Hökmdar! Yalvarıram, əfv edin mənim uşaqlarımı. Övladlarımı mənə qaytarın. Əgər təsadüfən oğlumun ağlı və hissiyyatı dumanlanmışsa, əgər onun canına cinayətkar fikirlər dammışsa, Padşah, mən onu sağaldaram. Yaxın keçmişdə olduğu kimi onun canında yüksək insanlıq hissləri və niyyətlərini yenidən canlandıracağam. Rəhm edin, Padşah, xahiş edirəm, rəhm edin”.

Diqqət edin, bu xahişnamədə Mariyanın keçmişini çara bağlayan bircə eyham, işarə varmı? Yoxdur! Onda çar niyə o dəqiqə onun məktubunu oxuyub, Mariyanın ərizəsinə dərhal reaksiya verib?

Çar Mariya Aleksandrovna Ulyanovanın ərizəsinin üstünə belə bir dərkənar yazmışdı: “Mənə belə gəlir, ona oğlu ilə görüşməyə imkan vermək lazımdır ki, istəkli oğlunun necə şəxs olduğunu bilsin. Ona oğlunun ifadələrini də göstərin. Qoy, onun hansı məslək sahibi olduğunu da görsün”.

Larisa Vasilyeva yenə Popovu xatırlayırdı. İvan Fyodroviç danışırmış ki, İnessa Armand bu mövzuda danışmağı sevməsə də, bir dəfə necə olubsa, sirrini onunla bölüşüb:

- 1886-cı ildə atası vəfat edəndən sonra Aleksandr atasının kağızlarını yerbəyer edirmiş. Sənədlərin içində anasının çar sarayında olduğu vaxta aid bir sənəd tapıb. Bu kağız ya təzə doğulan uşağın təminatı üçün maddi xarakterli olub, ya da sirri açıqlayan məktub imiş. Aleksandr öz tapıntısını bacısı ilə bölüşür. Hər ikisi and içirlər ki, intiqam, qisas alacaqlar. Sonuncu anda Aleksandr bacısını bu işə qatmaq istəməyib, onu terror aktından kənarlaşdırıb. On görə, Annaya qarşı sübut-dəlil olmadığından, azad olunub.

İnessa Armand danışırmış ki, Leninin bunlardan xəbərdar olub-olmadığı ona məlum deyil. O, hesab edirmiş ki, Leninlə bu mövzuda söhbət açmaq lazım deyil.

Cavid Zeynallı

Oxşar xəbərlər

Xəbər lenti

Ağ ölümə qurşandı, səsini və ailəsini itirdi, mənzilində ölü tapıldı – Elçin Cəlilovun faciəvi həyatı
13:01 14 İyul 2020
Yazıçılar Birliyi bəyanat verdi - Mətn
12:26 14 İyul 2020
Şəhriyar del Gerani: “Oxuculardan üzr istəyirəm”
11:52 14 İyul 2020
Güllələr demədi geri qayıdın - Günün şeiri
11:08 14 İyul 2020
Şəhid uşaqlarının ürək parçalayan fotoları – Onlara bu travmanı yaşatmayaq
10:30 14 İyul 2020
Stiven Kinqin hekayələri film olacaq
09:58 14 İyul 2020
Sonsuz - Şərif Ağayardan yeni hekayə
08:57 14 İyul 2020
Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı
11:37 13 İyul 2020