Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli

Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli
19 iyun 2026
# 10:20

Kulis.az Nüsrət Kəsəmənlinin "Biri vardı, biri yox" şeirini təqdim edir.

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü, tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox…

Uzaq gəzdi əmi, dayı, bibilər,
Sözarası mənə "evlən" dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: "biri vardı, biri yox!"

# 792 dəfə oxunub

Oxşar xəbərlər

Salvador Dalinin  sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

Salvador Dalinin sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

12:30 14 oktyabr 2026
Suyun altında qədim amforalar tapıldı

Suyun altında qədim amforalar tapıldı

12:10 14 oktyabr 2026
Tupakın  qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi

Tupakın qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi

11:40 14 oktyabr 2026
Peyğəmbər “Elm Çində də olsa, ardınca gedin” deyirdi... - Dövlətimizə qarşı radikal xor oxuyanların dərdi nədir?

Peyğəmbər “Elm Çində də olsa, ardınca gedin” deyirdi... - Dövlətimizə qarşı radikal xor oxuyanların dərdi nədir?

11:23 14 oktyabr 2026
"Halk TV"yə qarşı əməliyyat:  11 nəfər saxlanıldı

"Halk TV"yə qarşı əməliyyat: 11 nəfər saxlanıldı

11:00 14 oktyabr 2026
Pol Makkartnidən yeni "The Beatles" filminə irad:  "Məni yenə qısaboylu göstəriblər"

Pol Makkartnidən yeni "The Beatles" filminə irad: "Məni yenə qısaboylu göstəriblər"

10:40 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər