news-inner
clock12:33 calendar-gray 14 İyul 2014 view-gray1875 dəfə oxunub
view-gray1875 dəfə oxunub

Atama şər atmışam

Müasir yazarlara oxucular tərəfindən belə bir hücum var. Deyirlər: "Acıların çocuğu rolunu oynayaraq, özlərini yazıq göstərə-göstərə məşhur olublar"...

İndi müəllifini tam xatırlaya bilmədiyim maraqlı bir yazısı oxumuşdum nə vaxtsa. Yazıda söhbət əri, arvadı vəzifələrdə çalışıb, ataları böyük, fəxr ediləsi adamlar olmuş yazar və yazarələrin mətn və statuslarındakı ah-uflarından, səbəbi və mənbəyi bilinməyən kədərindən gedirdi və onların süni, şişirdilmiş, uydurulmuş kədəri ələ salınırdı. Tutaq ki, bir qadının əri ömür boyu nazirlikdə işləyib, yaxud deputat olub, amma elə inləyir, sızlayır ki, bədbəxtəm, ölürəm, batıram! Yaxşı, sən bu vəziyyətdə olandan sonra küçələrdə kimsəsiz, ayaqyalın, başıaçıq, əllərini bir dilim çörək üçün açan dilənçi qızcığaz neyləsin? Onda o, gərək özünü yüz faiz öldürsün.

Mənbəyi, səbəbi bəlli olmayan kədərə biz həmişə gülmüş, ələ salmışıq. O kədərə ağlamışıq ki, orda səbəb var.

Gəncəcik, bir-iki il bundan əvvəl, yaxud elə dünən ədəbiyyata gələn yazarlardan çoxu da bu fikirdədir ki, Seymur Baycan, Şərif Ağayar, Sevinc Elsevər, o birisi-bu birisi “acıların çocuğu” rolunu oynaya-oynaya məşhurlaşıblar. Birincisi, ədəbiyyat adlı bu nəsnənin xəmiri kədərdən yoğrulub. Kədər deyəndə vay-şivən, saçyoldu demirəm.

Hətta uşaqlar üçün yazılan ən yaxşı əsərlər də kədərlidir. Mən "Qulliverin səyahəti" əsərində görün nəyə sarsılmışam: "Biz naməlum bir kiçik heyvanı əlimizə almaq istərkən, onun bizi dişləyəcəyindən çəkindiyimiz zaman etdiyimiz kimi, o bir dəqiqəyə qədər üzündə mütərəddid bir ifadə ilə məni gözdən keçirdi. Nəhayət, nəhəng adam cürətlənib, məni baş və şəhadət barmaqları arasında belimdən götürdü. ...Mən hər an gözləyirdim ki, biz ayaqlayıb əzmək istədiyimiz xırdaca, iyrənc bir heyvanı tullayan kimi, o nəhəng də məni yerə tullayacaqdır. Ancaq mənim bəxt ulduzuma eşq olsun!"

Sent Ekzüperinin, Andersonun, A. Lindqernin əsərləri belə başdan-başa kədərdən yoğrulub. Halbuki uşaqlar üçün yazılıb.

Komediyalar belə kədərdən yaranır.

A. Çelentana "Şıltağın yumşaldılması" filmində yağışa düşmüş qızı evinə buraxır və bir yerdə Çaplinin komik filminə baxırlar. Qız güldükcə, oğlan ağlayır. Qəfil komediyaya baxıb ağlayan oğlanı görən qız duruxur, niyə ağlayırsan deyir, bu ki, gülməlidir. "Adamlar yıxılıb əzilir, ağrıyır, sən deyirsən ki, bu gülməlidir?"- oğlan cavab verir.

Yeniyetməliyi Birinci Qarabağ müharibəsinə təsadüf edənləri özümdən daha şanslı hesab edirəm. Onlar məndən çox şey xatırlayır, çox şey yaza biliblər o acılı günlərə dair. Şərifin hekayələrinin, Seymurun "Quqark" romanının o cür təsirli olmağı bu baxımdan həm də yazar dostlarımın şansına bağlıdır. Müharibənin içindən keçmiş, əzab çəkən insanları öz gözləriylə görmüş adamlardılar. Şərifin bir əmisi itkin düşüb, hələ də öldü-qaldısını bilmirlər. Bu adamlar o acıları qələmə alanda da əzab çəkiblər. Yaradıcılığın zövqverici tərəfindən çoxdur ağrıtmağı.

Kimsə də durub deyir ki, acıların çocuğu rolunu oynaya-oynaya məşhur olublar.

Söz yox ki, acılarını şişirdirlər, tutaq ki, birinin üstünə beşini qoyurlar, adi halda oxucunun görüb kədərlənə bilməyəcəyi detalları lupa altına salaraq böyüdürlər, oxucu görür, dəhşətə gəlir, kədərlənir, hirslənir, sevinir, gülür, ağlayır və s. Hər şey həyatdan götürülürsə, bəs yazıçının gördüyü iş nədir? Yazıçının gördüyü iş də elə bəzəmək, şişirtməkdir.

"Atamın xatirəsinə" adlı şeirimdə mən, demək olar ki, atama şər atmışam. Atam içən adam olub, bəli. İçkiyə aludə olduğuna görə biz hər şeyimizi - evimizi, əmlakımızı, dincliyimizi itirmişik. Amma sadəcə bu şəkildə yazsaydım ki, atam içirdi, günümüz-saatımız yox idi, orda ədəbiyyatdan əsər olmayacaqdı.

Sona Yaqubovanın atasına həsr elədiyi yazıda xoşuma gələn bir detal vardı. Film detalı idi əməlli-başlı. Atası eyvana açılan pəncərədən Sonanı səsləyirmiş həmişə, siqaretini verər, apar bunu odda yandır, gətir, deyirmiş. Sona pilləkənləri qaçıb siqaret əlində enərmiş aşağıya. Siqareti yandırıb geri qayıdınca siqaret sönərmiş dəfələrlə. Onda qızcığaz xəlbirdə su daşıyan divdən fərqli olaraq, yaxşı üsul tapır. Başlayır yolboyu atasına apardığı siqaretdən kiçik qullablar almağa. Öskürür, boğulur, amma çətin də olsa, siqaret gedib atasına çatmalıdır. O, belə-belə siqaret çəkməyi öyrənir və bu onda alışqanlıq yaradır. Ola bilər heç belə şey olmayıb. Sona da atasına şər atır. Amma bu ədəbiyyatdır və çox gözəldir.

Mövlud qağamla meşədə çayın kənarında oturub dərdləşirdik bu yaxınlarda. Dedi ki, orta məktəbdə biologiya müəllimi olmaq üçün hər şeyi verərdim, amma yazı adamı olmayaydım. Oxuduğum mətnlər mənə belə təsir etməyəydi, bu qədər hiss edə bilməyəydim.

Mən də ağ xələtli həkim olaydım. Qara saçlarımı tökəydim ağ xələtin çiyninə. Əllərim cibimdə gəzəydim palatalarda. Palatalarda yatan cavan oğlanlar gizli həsədlə daha tez sağalmağı arzulayaydılar. O xəstələrin birinin ağrısı-acısı incitməyəydi məni. Yaralarını sıxanda, əlləyəndə, kəsəndə, tikəndə bir damcı da narahat olmayaydım. Pinəçi dəqiqliyiylə işimi görəydim. Yaxşı maaşım olaydı. Hörmətim də, pulum da! Amma olsun deməklə olmur. Mən uşaqlıqdan qana baxa bilməmişəm. Yanımda kiməsə iynə vurulanda üzümü çevirmişəm, onun yerinə ufuldamışam.

news-inner-user
Sevinc Elsevər

88 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti