Filmə görə intihara cəhd edən dahi LAYİHƏ

Filmə görə intihara cəhd edən dahi  LAYİHƏ
23 iyun 2014
# 08:00

Kulis.Az “Baxılası 50 film” layihəsində dünya kinosunun inkişafına təsir edən, klassik əsərləri uğurla ekranlaşdıran rejissorlardan biri, yapon Akira Kurosavanın (1910-1998) “Rasyomon” filmini təqdim edir.

Kurosava kökü samuraylara bağlı zabit ailəsində doğulub. O, valideynlərini belə xarakterizə edirdi: “Anam yumşaq, atam isə sərt xarakteri ilə seçilirdi”.

Onun qardaşı Heyqo səssiz filmlərin şərhçisi idi və Akiranı tez-tez kinoteatra aparırdı.

Kurosava 17 yaşında təsviri sənət məktəbinə daxil olur.

1936-cı ildə isə rejissor köməkçisi işləməyə başlayır.


1943-cü ildə iki yapon döyüş məktəbinin mübarizəsindən bəhs edən ilk filmini "Suqato Sansiro"nu çəkir. Filmdəki lirizm, lakoniklik, ifadəlilik o zaman yapon kinosuna xas deyildi.

Müharibədən sonra onun çalışdığı “Toxo” studiyasında kommunistlər rəhbərik edirdi. Kurosava da bir çox intellektual kimi kommunist hərəkatında iştirak edirdi.

“Toxo”da çalışan başqa rejissorlarla birgə o, həmkarlar ittifaqı haqda "Sabahı yaradanlar” (1946) filmini çəkir. Və anlayır ki, kollektiv iş ona uyğun deyil...

Sevgililərdən bəhs edən “Xoş bazar günü” melodramına görə ilin ən yaxşı rejissoru adını alır. Az sonra rejissorun atası vəfat edir. Atasının ölümündən sarsılan Kurosavaya az tanınan aktyor Tosiro Mifune ilə tanışlıq müsbət təsir göstərir.

Onun əksər filmlərində rol olan aktyorla ilk əməkdaşlığı “Sərxoş mələk” (1948) dramında baş tutur və rejissor bunu ilk tam müstəqil işi adlandırır.

Yaponlar rejissorun rus ədəbiyyatına (Dostoyevski, Tolstoy, Çexov, Qorki), fransız təsviri sənətinə (Van Qoq, Tuluz Lotrek, Ruo), alman musiqisinə (Bax, Şubert), amerika kinosuna (Con Ford) meylinə görə tənqid edirdilər. Buna baxmayaraq, Kurosava dünya miqyasında kinonun əsas fiqurlarından biri oldu. Onu yapon kinosunun ustası, imperatoru adlandırırdılar.

O, “İdiot” (1951) filmində hadisələri müasir Yaponiyaya gətirir.

"Mənim baxışım və psixologiyam “İdiot”un qəhrəmanı ilə oxşardır. Bəlkə ona görə mən Dostoyevskini belə çox sevirəm. Heç kəs onun kimi insan həyatını yaza bilmir. Yaponlar rus klassikası ilə böyüyürlər və mənim təhsilim də ondan başlayır”.

Daha sonra rejissor Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında “İkiru” (1952) fəlsəfi dramını ekranlaşdırır. Film kino tarixində ən yaxşı dramatik əsərlərdən biri sayılır.

1954-cü ildə Kurosava ən əhəmiyyətli filmlərindən birni - “Yeddi samuray”ı lentə alır. Əvvəlcə o, ömrünü xarakiri ilə bitirən samurayın bir gününü çəkmək istəyir. Amma ssenari yaxşı alınmadığına görə rejissor çəkiliş qrupuna qədim Yaponiya tarixi barədə faktları araşdırmağı tapşırır. Kəndliləri quldurlardan xilas edən samuraylar haqda film belə yaranır. Çoxplanlı filmdə rejissor kino tarixində bu gün üçün populyar olan fənddən - eyni vaxtda üç müxtəlif plandan istifadə edir.

Şekspirin “Maqbet” əsəri əsasında ekranlaşdırdığı "Qanlı taxt-tac” (1957) dramında hadisələri orta əsr Yaponiyasına gətirir, personajların sayını azaldır, qəhrəmanların ölüm şəraitini dəyişdirir.

Kurosavanın ovçu Dersu Uzaladan bəhs edən “Dersi Uzala” (1975) filmi Oskar alır.


1970-ci illərdə Kurosava maliyyə çətinliyi üzündən şəhərkənarı evində viski reklamı ilə məşğul olur və özü də bir neçə reklam çarxı çəkir.

Tokio xarabalıqlarının sakinlərindən, onların arzularından, ümidlərindən, gündəlik həyatından bəhs edən ilk rəngli filmi “Dodeskaden”i publika soyuq qarşıladığına görə rejissor intihar etmək istəyir.

1980-ci ildə Frensis Ford Koppola və Corc Lukasın maliyyələşdirdiyi, edama məhkum olunan, sonra birdən bağışlanan oğrunun hekayətini danışan “Döyüşçünün kölgəsi” “Qızıl palma budağı”ına layiq görülür.

1985-ci ildə rejissor yenidən Şekspirin yaradıcılığına müraciət edir. “Kral Lir” əsasında “Ran” filmində hadisələri yenə Yaponiyaya, feodal müharibələri dövrünə gətirir.

1990-cı ildə kinoya verdiyi töhfələrə görə, fəxri “Oskar” alır və həmin il Stiven Spilberqin prodüserlik etdiyi “Akira Kurosavanın yuxuları” adlı film ekrana çıxır.

Qərbdə kompozisiya ustası kimi tanınan rejissorun ən böyük xidmətlərindən biri onun kino sənətində Şərq və Qərb ənənələrini birləşdirməsidir.

Kurosavanın filmləri xüsusən, vestern janrına təsir edib. Məsələn, bir çox məşhur ulduzun oynadığı Con Styordcesin “Möhtəşəm yeddilik” vesterni “Yeddi samuray”ın başqa versiyası idi. Serjio Leone isə “Bir ovuc dollar”ı Kurosavanın “Mühafizəçi” filminin əsasında çəkərək, kadrbakadr onu təkrarlayır.

Müsahibələrindən birində rejissor aktyorlarla iş prinsipini açıqlayır: “Mən sadəcə, onların hər birinə öz fikrimi çatdırıram və izah etməyə çalışıram ki, səhnəni necə görürəm. Amma heç vaxt onlara hansısa məhdud çərçivə qoymuram. Əvvəlcədən yazılan formaya əməl etməyə məcbur eləmirəm. Mənim üçün vacibdir ki, aktyor öz individuallığını, özünəməxsusluğunu ifadə etsin. Kadrda rolunu təbii və sərbəst oynasın”.

Həm tarixi, həm də müasir janrda çəkən rejissorun filmlərində parlaq xarakterlər, kompozisiya qeyri-adiliyi diqqət çəkir.

Kurosava 1998-ci ildə 88 yaşında insultdan vəfat edib.

Bu gün layihədə Kurosavaya dünya şöhrətini gətirən, “Qızıl Şir”, “Oskar” alan “Rasyomon” (1950) filmini təqdim edirik.

Süjet: Hadisələr XI əsr Yaponiyasında baş verir. Rasyomon darvazasının xarabalığında yağışdan qorunmaq üçün üç adam sığınıb. Samurayın qətli və arvadının zorlanması ilə bağlı əhvalatı onların hər biri başqa cür danışır. Sonra rejissor hadisənin 4 versiyasını təklif edir.

Akutaqava Ryunoskenin hekayələri əsasında ekranlaşdırılan filmi bəzi mütəxəssislər həqiqət axtarışı kimi qiymətləndirir. Bəzilərinə görə isə, rejissor insan təbiətini araşdırır və film insan riyakarlığı, eqoizmi haqdadır.

Kurosavaya görə film həyatın əksidir, həyat isə həmişə sadə və anlayışlı deyil: “Rasyomon” mənim üçün səssiz filmlərdən öyrəndiyim ideya və arzularımı tətbiq etdiyim eksperiment sahəsi oldu. Filmdə 8 personaj iştirak edirdi, amma onları birləşdirən əhvalat eyni zamanda mürəkkəb və dərin idi. Ssenari maksimal lakonik yazılmışdı, ona görə hiss elədim ki, zəngin vizual obrazlar yaratmaqla onu filmə çevirməliyəm. İnsan özünü, hətta, təklikdə belə mühakimə edə bilmir. O, özü haqda bəzəksiz danışa bilmir. Ssenari qəhrəmanları məhz belə təsəvvür edir, onlar yalansız yaşaya bilmir, özləri haqda olduğundan daha yaxşı illüziya yaradırlar”.

Filmə burdan baxa bilərsiniz.

# 2683 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #