Vaqif Mustafayevin müdhiş “oyunlar”ı

Vaqif Mustafayevin müdhiş “oyunlar”ı
12 may 2014
# 12:00

Vaqif Mustafayev barədə çox düşünmüşəm, amma inanın, yekdil bir qərarım yoxdur hələ də! O, necə insandır, necə rejissordur, necə rəhbərdir... Dəqiqi bildiyim bircə budur: müstəsna istedad sahibidir!

Şəxsi tanışlığım hələ mədəniyyət nazirinin müavini işləyən vaxtlardan başlayıb. Müsahibə almışam. Sonralar mən “Kino+” qəzetinə redaktor təyin olunanda aramızda bir az isti-soyuq söhbət oldu. Bildiyiniz kimi, ozamankı nazir Polad Bülbüloğlu ilə Vaqif Mustafayev arasında kinonu idarə etmək uğrunda amansız mübarizə gedirdi. Və bu mübarizənin qəlpələri qəzetin səhifəsinə yansımaq üzrə idi. Mən qəzetin simasını mümkün qədər qorumağa çalışdım və mümkün qədər bu intriqada iştirak etmədim, əksinə V.Musatafayevin sənətini təqdir edən onlarla məqalə və yazı yayımlanırdı qəzetdə.

Sonra tədbirlərin birində Vaqif Mustafayev məni möhkəm tənqid elədi. Haqlı olduğuna görə dinə bilmədim. Çünki həmin vədələr Mədəniyyət Nazirliyinin kino şöbəsi “Mozalan” kinojurnalının yubileyini qeyd edir, biz də qəzet olaraq bu tədbiri işıqlandırırdıq. Vaqif müəllimin isə, məni tənqidinin qayəsində bu həqiqət dayanırdı ki, indi “Mozalan”ın adi bir süjetini çəkə bilmirlər, neçə il bundan əvvəlki süjetlərlə yalançı kino bayramı əhvalı yaradırlar! Xeyli utandım. Baxmayaraq ki, qəzetimizdə elə nazirliyin özünün kino şöbəsinin işi dəfələrlə sərt tənqid olunmuşdu...

V.Mustafayev Spaceyə rəhbər təyin olunanda sonra “Mozalan” kinojurnalının bu televiziyada ardıcıl təbliğ olunduğunu gördüm. Aşırı həddə! Dünyalı-Azərbaycanlı başqa filmlər yoxmuş kimi... Barmağımı dişlədim! Və televiziyada gedən kadr islahatları, Space efirinin qısa zaman ərzində pis günə qoyulması məni Vaqif müəllim haqqında daha dərin-dərin xəyal qırıqlığına sürüklədi. Açığını deyirəm, indinin özündə də onu doğru-dürüst anlamaqda çətinlik çəkirəm. O, deyəsən postmodern oyunları həyata tətbiq edənlərdəndir. İctimai rəyə güvənmir, ona görə onu ələ salır, özü haqqında səhv qənaətlər yaratmaqdan, daha sonra maraqlı bir gediş edib adamları şübhə içində buraxmaqdan zövq alır. İzinə düşənləri qəsdən dağa-daşa salır.

O, bu xalqa o qədər qəzəblidir ki, Həmid Herisçisi ilə İlham Mirzəyevinə fərq qoymur. Amma hər ikisini yaxşı tanıyır. Lazım gələndə, İlham Mirzəyevi qabağa çəkməklə kimdənsə qisas alır sanki. Azərbaycanın “manıs təfəkkürünə” şənbə ziyafəti verir. Belə anlarda mənə elə gəlir ki, o, efirin qarşısında oturub ürəkdən gülür, xoşbəxt olur.

Onun heç bir sözünə, heç bir jestinə, heç bir mimikasına səmimi qəlbdən inanmaq mümkün deyil. Səmimiyyətin boynunu vurmuş adamlardandır. Bu xüsusiyyətin sadəlövh insanlara məxsus olduğuna əmindir.

Və təbii ki, bütün bu keyfiyyətlər onun filmlərində də qəribə şəkildə əks olunur.

Aktyorlar Vaqif Mustafayevin filmləri ekrana çıxanacan hansı rola çəkildiklərini bilmirlər. Məsələn, o, Mətanət İsgəndərlini filmində ağlada-ağlada oxudur. Müğənni xanım heç vaxt necə bir “oyuna” düşdüyünü anlamır. Mesaj dözülməzdir: görün kimlərə qulaq asırsınız, ay bayquşlar!

Bu günlərdə Kulisin KİNO SEANS layihəsində Vaqif müəllimin “Milli bomba” filmi müzakirə olundu (material tezliklə yayımlanacaq - Ş.A.)... Müzakirə gedən ərəfədə mənim yadıma filmin taleyi düşdü. O, dövlət sifarişi ilə çəkildiyinə görə, ekranlara çıxarmağa qorxurdular. Bir yandan da filmin aqibəti medianın diqqətində idi. Axırda qərara gəldilər ki, camaat filmi başa düşməyəcək, buraxaq getsin, ya qismət! Və buraxdılar... Deyəsən düz fikirləşibmişlər. Qəribəsi odur ki, filmin ssenari müəllifi Elçin Əfəndiyevdir, amma Elçinin dəst-xəttindən əsər-əlamət yoxdur.

Vaqif Mustafayev yenə də hamını ələ salıb...

Hətta özünü də...

Sizi əmin edirəm, işə düşmüşük!

# 2418 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #