İntihar xəbərləri filmlərdən maraqlıdır DEBAT

İntihar xəbərləri filmlərdən maraqlıdır <span style="color:red;">DEBAT
16 aprel 2014
# 11:16

Son dövrlərdə mediada romanlar, filmlər və teatr tamaşaları daha çox erotizm çaları müzakirə olunur. Nəticədə isə erotik çaları olmayan keyfiyyətlə mədəni məhsullar arxa planda qalır. Kulis.Az jurnalsitika fakültəsinin müəllimi, şair Qismət və Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli ilə debatı da mediada mədəniyyət xəbərlərinin verilməsi ilə bağlıdır.

- Mədəniyyət xəbərlərinin mediada işıqlandırılması ilə bağlı müzakirəmizə xoş gəlmisiniz. İstərdik ki, bu mövzu ətrafında ətraflı söhbət edək. Əvvəlcə Hacıbəy Heydərlidən başlayaq. Qismət də bu müzakirədə şair kimi yox, jurnalistika fakultəsinin müəllimi kimi iştirak edir. Mətbuatın mədəniyyətə münasibəti necə olmalıdır? Maarifləndirici funksiya olmalıdırmı?

Hacıbəy Heydərli: Mən düşünürəm ki, mətbuatın maarifləndirmə funksiyası artıq keçmiş zamanda qalmış bir məsələdir. Mətbuatın əsas vəzifəsi xəbəri olduğu kimi cəmiyyətə təqdim etməkdir. Cəmiyyəti nə maraqlandırırsa, bu mediada işıqlandırılmalıdır. Gəlin baxaq görək cəmiyyətin mətbuat tərəfindən maarifləndirilməyə ehtiyacı varmı? Cəmiyyət buna ehtiyac duyurmu?

- Maarifləndirici xəbər dedikdə nəyi nəzərdə tutursunuz?

H.H.: Məsələn, son vaxtlar mətbuatı günahlandırırlar ki, intihar xəbərlərinin çox verilməsi intiharların artmasına səbəb olur. Biz isə bu hadisələrlə bağlı hansısa psixoloqun xəbərlərini verib, intiharların qarşısının alınmasına çalışırıq. Bu tip yazılar, yəni maarifləndirici ruhlu yazılar az oxunur. Amma hansısa qızın özünü dənizə atmasıyla bağlı xəbərlər 10-15 min dəfə oxunur. Cəmiyyət maarifləndirici yazı oxumur. Bu tip xəbərlər verildikdə isə, oxunmur. Spesifik saytlar var və onların da oxucusu azdır.

- Qismət, sən necə düşünürsən, maarifçilik funksiyası mətbuat üçün zamanı keçmiş funksiyadır?

Qismət Rüstəmov: Maarifçilik ümumiyyətlə modernizm dövrünün məhsuludur. Əslində çağdaş dövrdə maarifçilik fiaskoya uğrayıb. Amma buna “maarifçilik lazımdır, lazım deyil” formasında yanaşmaq lazım deyil. Konkret söhbət mədəniyyətdən gedirsə, demək olmaz ki, mətbuat buna maarifləndirici aspektdən yanaşmalıdır. Amma mətbuatın seçiciliyi olmalıdır. Əks halda insanlarda çaşqınlıq yaranar. Minlərlə kitab çap olunur və əgər bunun hamısı təqdim olunsa təbii olaraq çaşqınlıq yaranacaq. Mətbuat orqanı özü üçün istiqamət müəyyənləşdirə, seçici yanaşa bilər. Yüzlərlə kitab, minlərlə film haqqında informasiya verilməsə də, seçicilik olmalıdır. Mədəniyyət portalının rəhbərinin işi bəzi şeyləri ayırd edib, sonra təqdim etməkdir.

- Seçici olmaq, ayırmaq və bu cür təqdim etmək nə dərəcədə doğrudur? Nəyinsə yaxşı və ya pis olmasına oxucu qərar versə yaxşı olmazmı?

Q.R.: Məsələn, yüzlərlə kitab nəşr olunur və sən ədəbiyyatla məşğul olan adam kimi bütün bunları hansı vaxt ərzində yoxlayıb qərar verə bilərsən ki, hansı daha yaxşıdır? İstənilən halda filtr olmalı, istiqamət verilməlidir. Biz kitab oxuyub, film baxıb onlar haqqında yazı yazırıq. Bütün oxuduqlarımızdan, baxdıqlarımızdan yazı yazmırıq ki? Seçirik, bəyəndiyimiz, təqdir etdiyimiz haqqında yazırıq. Deməli fərd olaraq da bizim içimizdə filter var.

- Hacıbəy, sən praktik jurnalistika ilə məşğulsan və Qismətin fikirlərinə necə yanaşırsan? Ölkədə ildə 30 film çəkilir, 1000 kitab nəşr olunur. Redaktorun bu informasiyalarla işləmək metodu necə olmalıdır?

- H.H.: Xəbər saytına senzura qoymağın əleyhinəyəm. Düşünürəm ki, bütün məlumatları verməliyik oxucuya və oxucu özü nəticə çıxarmalıdır.

- Bütün məlumatları verə bilirsinizmi?

- Bacardığımız qədər əldə etdiyimiz informasiyaları işıqlandırırıq. Hansısa xəbəri verməmək, hansısa yazıya mənim zövqümcə deyil prizmasından yanaşmaq düzgün deyil. Mən bunu oxucuya hörmətsizlik kimi başa düşürəm.

- Ümumiyyətlə hansısa meyarı gözləmirsiniz?

- Etik çərçivədə olan hər bir xəbəri veririk və heç kəsə qadağa qoymuruq.

- İldə Mədəniyyət Nazirliyini dəstəyi ilə, bir başa sponsorluğu ilə ən azı 5-6 film çəkilir. Amma siz başqa filmləri yox, tutaq ki dövlətin dəstəyi ilə, senarisi dövlət tərəfindən təsdiqlənmiş bir filmi, Yavər Hüseynovun “İlahi məxluq” filmindən bir səhnəni çıxarıb xəbərə çevirirsiniz. Ondan yaxşı filmləri isə işıqlandırmırsınız. Bunu necə izah edə bilərsən?

H.H.: Bizə daxil olan xəbərlərlə işləməyimiz, oxunmaya uyğunlaşır. Eyni məzmunlu xəbər oxunmursa, artıq ona maraq qalmır. Biz oxucunu cəlb etmək istəyirik. Bizim reytinq üçün çalışmağımız lazımdır, çünki dövlət dəstəyimiz yoxdur. Belə məqamda biz 10 min oxucu oxuyacaq xəbəri kənara qoyub, 20 dəfə oxunacaq xəbəri vermirik. Bizdə sosial mediada qəribə bir şey var. Nəyi çox seviriksə, bəyənmədiyimizi deyiriksə, onu daha çox oxuyuruq. Reallıq budur. Qismət müəllim düz deyir, nəzəri cəhətdən biz hamısına yer ayırmalıyıq. Bir haşiyə çıxım. Jurnalistika fakültəsində oxuyan bir xanım yazıb ki, bizə öyrədiblər yetkinlik yaşına çatmamış qızın üzünü mətbuatda işıqlandırmaq olmaz. Ancaq intihara cəhd edən yeniyetmə qızın fotosunu bütün media, televiziya işıqlandırdı. Bizə müəllimlərimiz bunun doğru olmadığını öyrədib.

Cəmiyyətin marağı “İlahi məxluq” filmindən kəsilmiş o kadradır. Bizdə bu yaxınlarda bizdə “Mən bacımı sevirəm” adlı bir yazı çap olunmuşdu. Facebook-da çoxusu söydü. Ancaq yazının içində kitab sevgisindən söhbət açılırdı. Təsəvvür edin ki, o yazını başlığına görə 12 min adam oxudu. Amma kitab oxuyun desək, açıb yazını oxumayacaqlar.

- Epataj oxucu üçün nəzərdə tutulur. “İlahi məxluq” nümunəsində deyək. Bu cür xəbərlər reklama, yazının oxunmasına, oxucu zövqünə təsir edirmi?

Q.: Konkret nümunədə bu yazı kitaba xidmət edir. Türkiyə, Rusiya saytlarında da başlıqla bağlı söz oyunu olur. Konkret filmə gələndə isə durum başqadır. Bu yaxınlarda “Qız yükü” serialı ilə bağlı xəbər yazıldı ki, “Azərbaycan serialında erotik səhnə”. Bu başlıq əks effekt doğurur. Mən görüntülərə baxdım və gördüm ki, bu səhnə erotika deyil. Düşünürəm ki, xəbərin başlığı görüntüdən daha erotikdir. Bu artıq istiqamətləndirməkdir. Bu o deməkdir ki, “Ay camaat, əxlaqımız pozulur, xəbəriniz olsun”. Ustalıq odur ki, epatajı elə təqdim etməlisən ki, əks effekt doğurmasın. Bu halda xəbəri yazırsansa, filmi çəkənlərlə ziyan vurursan. Bu məntiqlə kliplərdən çoxlu səhnələri kəsib, xəbər etmək olur.

- Siz bu xəbəri verməklə bir balaca rejissora ziyan vurursunuz. Çünki rejissor da filmi çəkib, tamaşaçı toplamaq olur. Yəni onunda məqsədi sizinlə eynidir. Belə olanda isə sizin işiniz düzəlir, onun işi isə pozulur. Elə deyilmi?

H.H.: Mən düşünmürəm ki, rejissorun işi düzəlmir. Bəlkə də onlara o lazımdır. Saytlar yazandan sonra o film tanındı. Təkcə o səhnəyə 100 min adam baxıb. Yəni onlar istəsələr də o piar formasını tapa bilməzdi. Bəzən özləri də bunu istəyir. Saytlar bu xəbəri ona görə verməlidir ki, serialda bu səhnənin verilməsi cəmiyyət üçün yaxşı deyil. Bizim cəmiyyət mühafizəkardır. Heç olmasa xəbərdən sonra tamaşaçı başa düşəcək ki, bu serialda nədən söhbət gedir. Həmin səhnə uyun səhnə hesab olunmur.

Q.: Sizin özünüzün bu görüntüyə şəxsi münasibətiniz necədir? Tənqidi münasibət göstərirsiniz, yoxsa?

H.H.: Mən sırf serial baxımdan normal qarşılayıram. Çünki erotika da olsa, insanlar rus, türk seriallarına baxacaq.

- Deyirsiniz ki, bu şeylərə qarşı cəmiyyətdə qıcıq var. Bu qıcığı sizlər yaratmırsınızmı?

H.H.: Bizim cəmiyətdə bu cür insanlara qıcıq var. Cəmiyyət tanınan, TV-lərdə görünən insanlara qıcıqlıdır. Məhşur simalar tanındıqca, efirə çıxdıqca yaşıdları, tanıyanlar qıcıqlanır.

Q.: Mən istəyirəm ki, bu cür xəbərlər əks effekt yaratmasın. Mən istəməzdim ki, tamaşaçı hansısa seriala “burda erotik səhnələr var, qoy buna baxım” prinsipi ilə yanaşmasınlar. Bu seriala “burada açıq-saçıqlıq var” prinsipi ilə baxılmamalıdır. İnsanlara yarlık yapışdırılmamalıdır.

- Filmlərdən erotik səhnələrin saytlarda müstəqil şəkildə yayılması, xəbərə çevrilməsi peşəkarlıq nöqteyi nəzərindən doğrudurmu?

H.H.: Bunun təcrübəsi təkcə bizdə deyil. Türkiyədə, Rusiyada da belə şeylər var. Amma bunu bu şəkildə etmək doğru deyil. Bunu xəbər etmək olar, amma başqa bir formasını yoxlamaq olar.

- Türkiyədə belə nümunələr var. Məsələn “Fatmagülün suçu ne” serialı yayımlanmamış anons edilirdi. Anons edilən fraqmentlərdə Fatmagülün zorlanma səhnəsi var. Onun nümayişindən sonra film yayımlanmamış bu filmin heyəti cərimələndi. Nugül Yeşilçayın oynadığı “Aşk kırmızı” filminin əsas qəhrəmanı fahişədir və yayımlanan traylerində sevişmə səhnəsi var. Bu artıq istehsalçıların seçimidir.

Q.: Bu insanların maraq göstərdiyi şeydir. Sosial şəbəkələr dünyası başqadır. Yaxşı bədii əsərin, filmin təqdimatı da fərqli olmalıdır. Trierin məhşur “Nimfomanyak” filmindən danışaq. Onsuz da bu əsər Nimfoman qadından bəhs edir. Harasından versən xəbərə çevrilə bilər. Əsər dünyanın ciddi mətləblərindən bəhs etsə də, bir səhifədə erotika varsa məqsəd qalır kənarda, bu səhifə mətbuata çıxır. Burda bir balaca riyakarlıq da var. Adamları aldadırırq bununla.

- Bunu kim edir?

Q.: Əgər yazıçı maraqlıdırsa, media qurumu, jurnalistlər bunu istəyirsə, işıqlandırır. İstənilən halda xoş deyil. Kim edirsə səhv edir.

- Hazırda bizim əlimizdə rəqəmlər yoxdur. Hacıbəy deyir ki, serialdan çıxardılan həmin görüntü konkret olaraq 100 min dəfə baxılıb. Real rəqəmləri bilmədiyimiz üçün “Qız yükü” serialının tamaşaçısının artıb-artmadığını bilmirik. Səncə bu xəbər tamaşaçı sayının artmasına təsir edibmi?

H.H.: Məncə təsir edib. Ən azından “Qız yükü” serialı ekranda görünəndə tamaşaçılar diqqət kəsilir və 5-10 dəqiqə nə isə baş verəcəyini, hansısa səhnənin göstəriləcəyini gözləyirlər.

Q.: Bu artıq o serial üçün yaxşı deyil.

H.H.: Bilirsiniz, əgər rejissor çəkdiyi serialın cəmiyyətdə erotik serial kimi tanınmasını istəmirsə növbəti seriyada istədiyi mesajı cəmiyyətə verə bilər. Bunu edə bilmirsə, bu rejissorun günahıdır. Əgər üçüncü seriyada reytinq düşürsə deməli rejissor bacarmayıb.

Q.: Bir təcrübə var. Əslində bizim dediyimiz fantastik bir şey deyil. Bunu dünyanın hər yerində görə bilərsiniz. Bu Türkiyənin, Rusiyanın, Amerikanın böyük qəzetlərində də var. Fotomodellərin fotosessiyası xarici portallarda da hər zaman ən çox baxılan hissədir. Mətbuat hər həftə beynini məşğul etməməlidir ki, haradansa epataj tapım, oxucu sayını artırım. Onların prestijli hesab olunan yazarları, jurnalistləri olmalıdır. Dünyada bu məşhurluq, prestij epataja görə yox, məsələn Con Apdaykın resenziyasına görə əldə edilir. Biz faizləri qarışdırırıq.

H.H.: Kütlə sizin kimi düşünmür. Hamı ziyalı olsa, bu cür xəbərlərə ehtiyac qalmaz. Cəmiyyət savadlı olsa, bizim epataja qaçmağa ehtiyacımız olmaz. Hər kəs mətbuatı qınayır, amma həmin xəbərləri də oxuyur. Mən inanmıram ki, kimsə intihar xəbərlərindən sonra intihar etsin. İntihar xəbərləri daha çox bölgələrdən gəlir ki, orda da mətbuat, xüsusən elektron mətbuat oxunmur. Qismət müəllim qeyd etdi, amma mən bildiyim qədər Rusiya mətbuatında şou tipli xəbərlər azdır. Amma Türkiyə mətbuatında manşetə çıxan xəbəri biz versək, oxucu üstümüzə top-tüfənglə gələr.

Q.: İndiki dövrün reallığını və insanların instiktini bilən media qurumları bu cür epataja, səs-küyə, qalmaqala qaçır. Mən inanmıram ki, “Hürriyyət” qəzetinin rəhbərliyi epatajı ürəklə versin, Yılmaz Özdilin yazısını könülsüz. Hər-halda biz də əxlaqi baryer çəkməməliyik. Az da olsa bir üslub müəyyənləşdirmək lazımdır. İstənilən halda bütün günü açıq-saçıqlıq axtarışında olmaq düzgün deyil. O da jurnalistika deyil.

- Hacıbəy Heydərli və digər media rəhbərləri də deyir ki, biz informasiya saytıyıq və ölkədəki xəbərləri oxucuya verməliyik. Axı jurnalistika ancaq xəbərdən ibarətdirmi? Bunun təhlil, analitika, analiz tərəfi də, müsahibə janrı, reportaj janrı harda qaldı? Jurnalistikanın yeganə janrı xəbərdirmi?

Q.: Məhşur bir fraza var. Bunu ədəbiyyata da, jurnalistikaya da aid edirlər. Deyirik ki, mətbuat hər şeyi işıqlandırmalı, oxucuya hər şeyi təqdim etməlidir. Bir şey də var. Nəzəriyyəçilər belə fikir irəli sürür ki, mətbuat orqanı özü üçün müəyyənləşdirməlidir ki, bəs mən nələri verməməliyəm. Hər mətbuat orqanı bunu özü üçün müəyənləşdirməlidir.

Nyu York Tayms”ın çap sloqanı budur: “Çap edilməyə layiq bütün xəbərlər”.

Q.: Görürsən, orda “edilməyə layiq” ifadəsini qoyur və içərisini özü müəyyənləşdirir. Mədəniyyət, xəbər portalları özü üçün müəyyənləşdiribmi ki, nələri vermək olmaz? Mənim xəbər jurnalistikasında aktiv fəaliyyətim yoxdur, yalnız nəzəriyyədən məlumatlıyam. Məsələn siz nələri vermirsiniz? Vermədiyiniz xəbərləri hansı meyarla dəyərləndirirsiniz və arqumentiniz varmı?

H.H.: Bəzi siyasi məqamlardan başqa bütün xəbərləri veririk. Biz artıq hiss edirik ki, hansı xəbəri vermək olar. Hansı oxunacaq, hansı oxunmayacaq – bunu da əvvəldən təyin edə bilirik. Xəbər ola biləcək hər şeyi veririk.

Q.: Mən hansısa mətbuat orqanının başında olmadığım üçün bu barədə təcrübəm yoxdur. Hər zaman kənardan yazmışam. Maraqlıdır, Qan Turalının kulis.az-da vermədiyi şeylər varmı və bunu necə əsaslandırırsan?

Q.T.:Əlbəttə, xeyli sayda verilməyən yazılar var. Məsələn, erotika çalarını qabardan, əsərin məzmunundan çıxarılıb cəmiyyətin qarşısına atılan şeyləri vermirik. Mətndən, tamaşanın mahiyyətindən kənar şərhləri vermirik. Zəif yazıları, resenziyaları vermirik. Və ya mətbu etikanı pozan yazıları vermirik.

- Gəlin bir məsələni aydınlaşdıraq. APA informasiya agentliyinin gündəlik xəbər dövriyyəsi 300-400 xəbərdir. Hacıbəy, sən nə qədər xəbər verirsən?

H.H.: Hardasa 100 xəbər veririk və çoxunu APA-dan götürürük.

Sən 400 xəbərin 100-nü verirsən. Niyə?

H.H.: Təbii ki, seçirik. Mən artıq bilirəm ki, saytımda hansı xəbər oxunacaq. Artıq bu mexaniki formalaşıb.

- Bütün xəbər saytlarını oxuyuruq. Əgər Daşkəsəndə bir adamın intihar xəbərini bilməsək, nə olacaq?

Q.: Heç nə olmayacaq. Nə olmalıdır ki?

- Aylıq statistikanı bilsək kifayət etməzmi?

Q.: Salyanda 9 yaşlı uşağın intihar etməsi xəbərini burda hansımızınsa bilməməsi ilə, həyatımızda heç nə dəyişmir. Bu funksionallığı olmayan informasiyadır. Metroda oxuduğumuz bannerlər, reklamlar da bu qəbildəndir. Lazımsız informasiya axını hesab edə bilərik. Bu xəbərlər sosioloji statistika aparan şəxslər üçün lazımdır. Bizə isə bu məsələnin dəxli yoxdur. Bu daha çox oturuşmuş cəmiyyətlərə aiddir.

- Hacıbəy, sənin bu məsələyə münasibətin necədir? Misal üçün Əsəd Qaraqaplanın “Sevgidən sonra qadınlar” adlı kitabı çıxıb. Sən Əsəd Qaraqaplanın kitabının nəşr olunması xəbərini verirsən, yoxsa Daşkəsəndə baş verən intihar hadisəsini?

H.H.: Mən Daşkəsəndəki intihar xəbərini verərəm.

- Niyə?

H.H.: Biz intihar xəbərini veririk. Amma Əsəd Qaraqaplan yenidən əsər yaza, çap etdirə bilər. Çeviklik intihar xəbərini vaxtında verə bilməkdir. Əsəd Qaraqaplanın kitabı ilə bağlı xəbəri isə gecikdirə bilərik.

Q.: Saytın tipologiyası daha çox xəbərlə bağlıdır. Mədəniyyət xəbərini operativ olaraq verməyə bilər. Mən xəbərçi olmadığım üçün birinci Əsəd Qaraqaplanın kitabının çap olunması xəbərini, təqdimat xəbərini verə bilərəm. Operativlik tətbiq olunursa Əsəd Qaraqaplanın kitabının xəbərinə də tətbiq olunmalıdır. Bəlkə çap xəbərini ləngitmək olar, amma təqdimat mərasiminə operativlik tətbiq olunmalıdır.

H. H.: Əsəd Qaraqaplanın ən yaxşı halda yüz oxucusu ola bilər və o xəbərlə təxminən o qədər adam maraqlana bilər. Amma intihar hadisəsi daha diqqətçəkəndir. Həmin rayonun xaricdə yaşayan sakinləri, uzaqda olanlar rayonun adına görə intihar xəbəri ilə maraqlanır. Bu isə 300-400 oxucu deməkdir. Əgər populyar yazıçı olsa, bu xəbəri vermək olar. Azərbaycanda isə belə yazıçı yoxdur. Mən dediyim kütlə kitab xəbərinə baxmır. Qaraqanın oxucuları çox ola bilər, ancaq o da mən dediyim səviyyədə deyil.

- Varisin də dediyinə görə 10 min oxucusu var.

H.H. Varisin oxucusu görünmür. Onun şəklini qoysaq heç yüz “like” da gəlməz, amma Qaraqanda 1000 “like” gələcək. Konkret bizdə kütləvi oxucu yoxdur.

- Mədəniyyətin xəbər dəyəri varmı?

H.H.: Gündəmi dəyişmək baxımından mədəniyyətin xəər dəyəri yoxdur. Hansısa mədəniyyət xəbəri gündəm dəyişməyib. Bu baxımdan Əkrəm Əylisli məsələsi istisnadır. Bizdə insanlar reallıqla barışmaq istəmirlər. Şou xəbəri yox, mədəniyyət xəbəri istəyirik desələr də, mədəniyyət xəbərini oxuyurlar.

Q.: Həmid Herisçinin “Reytinq qurbanları” adlı yazı vardı. Bu söhbətin bir ucu da bura gəlib çıxır. Deyəsən Fredirik Beqbederin romanı əsasında bir film çəkilmişdi. Bütün günü şou göstərən bir kanal təsvir olunur. Reytinq cihazlarının arxasında oturan oğlan bir gün saatların vaxtını dəyişir, səhv reytinq cədvəli təqdim edir. Daha çox sənədli filimlərə, intellektual verlişlərə reytinq yazmağa başlayır. Statistika açıqlandıqca qəribə bir şey baş verir. Adamlar daha çox reytinqi şişirdilən sənədli filmlərə baxmağa başlayır. Bu nə qədər mümkündür bilmirəm. Amma bu filmdə bir həqiqət də var.

Biz kütlənin maraqlarını bilirik və hamı oxucusunun çox olmasını istəyir. Bəlkə biz manipulyasiyanı intellektual şeylərin xeyrinə etməliyik?

- Hacıbəy də əslində onu deyir.

H.H.: Mətbuat olmasa da kütlə küçədə öpüşənə, dava edənə baxır. Kimsə küçədə oxuyub yazı yazsa, heç kəs ona baxmayacaq. Onun başına heç kəs yıxışmayacaq. Amma öpüşmə səhnəsinə hamı baxmaq istəyəcək. Mətbuat olmasa belə cəmiyyətin marağı belə şeylərədir.

Q.: Mətbuatın bir işi də gündəm dəyişməkdir. Məncə manipulyasiya edib istiqaməti dəyişmək olar. Metroda bir adam kitab oxuyursa, ona baxanların sayı az olacaq. Əgər birdən-birə metronun içərisində hamı kitab oxusa, və bir nəfər oxumasa necə olacaq?

H.H.: Kitab oxumayanlar ona baxmayacaq.

- Hacıbəy qeyd edir ki, maarifləndirməyə cəmiyyətin ehtiyacı yoxdur. Gəlin “Molla Nəsrəddin” jurnalından danışaq. Həm ədəbiyyat çap edirdi, həm də yazıçının baş redaktoru olduğu jurnal idi. İstəyirəm “Molla Nəsrəddin”i xatırlayaq və öz mövqeyimizə yenidən baxaq.

H.H.: Çox təəssüf ki, mətbuatı qınayanların yaşı 30-dan yuxarı olanlar olur. Düşünürəm ki, yaxşı olardı ki, onlar zamanında ağıllı olub cəmiyyəti maarifləndirə bilərdilər və indi çıxıb cəmiyyəti qınamazdılar. Heç kəs çıxıb deməz ki, mənim maarifləndirilməyə ehtiyacım var. Əgər onun ehtiyacı yoxdursa, mən nə üçün xəbərçiliyimlə məşğul olmamalıyam?

Q.: Mən hərəkat olaraq, fəlsəfi olaraq maarifçiliyin fiaskoya uğradığını düşünürəm. Amma mətbuatla bağlı bunu demək olmaz. Biz aşağı-yuxarı eyni şeyi desək də, Hacıbəy daha çox xəbərçi kimi danışır, mən mədəniyyət təmsilçisi kimi. Mən fikirləşirəm ki, mədəniyyətdən söhbət gedirsə insanlara zövqlü şeylər təqdim olunmalıdır. Müəyyən filter olmalıdır.

Qan TURALI

Cəlil CAVANŞİR

# 4181 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #