Elə iş tutmuşdu ki, dəfninə 11 nəfər gəldi

Elə iş tutmuşdu ki, dəfninə 11 nəfər gəldi
15 mart 2014
# 09:00

Kulis.az “Baxılası 50 film” layihəsində alman kinorejissoru Fridrix Murnaunun “Günəşin doğuşu” filmini təqdim edir.

Səssiz kinonun və alman kino-ekspressionizmin ustalarından biri Fridrix Murnau (1888-1931) sahibkar ailəsində doğulub, Heydelberq Universitetinin fəlsəfə fakültəsini bitirib. Həmçinin alman və fransız ədəbiyyatını öyrənən rejissor universitetin tələbə teatrında oynayıb.

Avstriyalı teatr rejissoru Maks Reynhardt onu tamaşalardan birində görür və öz teatr məktəbinə dəvət edir.

Sonralar rejissor köməkçisi işləyən Murnau Birinci Dünya Müharibəsi başlayanda könüllü orduya yazılır. 1917-ci ildə İsveçrə ərazisində əsir düşür.

Müharibənin sonunadək İsveçrədə əsir qalan rejissor burada hərbi əsirlərin iştirakı ilə tamaşa qoyur.

1919-cu ildə o, Berlinə qayıdır və ilk filmini “Mavi geyimli oğlan”ı çəkir. Filmdə aristokratiyanın ölümünü sosial yox, mistik pozisiyadan traktovkası ona uğur gətirir.

Onun “Nosferatu. Qorxunun simfoniyası” (1921) ekran işi dövrü üçün inqilabi filmlərdən sayılır.

Ümumiyyətlə, Murnau özünün novator fəndləri ilə məşhurdur.

İrland romançısı Brem Stokerin “Drakula” əsərinin əsasında ekranlaşdırdığı film rejissora dünya şöhrəti gətirdi.

“Nosferatu. Qorxunun simfoniysı” lentini faşizm rejimi haqda öncəgörmə də adlandırırlar. Murnau əfsanəvi qraf Orlokun dağıdıcı hakimiyyətini araşdırır.

Horror janrının inkişafında mühüm rol oynayan filmin çəkilişləri zamanı rejissor kontrajur (fransız sözü olub işığa qarşı deməkdir) texnikasından istifadə edib. Bu texnikaya əsasən obyekt işıq mənbəyi ilə çəkiliş aparatının arasında yerləşir. Başqa cür desək, işıq mənbəyi obyektin arxasında ona yaxın məsafədə olur.

Rejissor eyni zamanda ikili ekspozisiya vasitəsilə predmetlərin başqa şəkil almasına nail olub.

Məsələn, bəzi epizodlarda arxa fon neqativdə təsvir edilsə də, ön plandakı predmet öz rəngində qalır. Və bununla da rejissor irreal atmosfer yaradır.

Vampirin günəşin doğuşu zamanı ölməsini də kinoya ilk dəfə Murnau gətirib.

Kinoda zirvə sayılan “Sonuncu adam” (1924) işdən çıxarıldığına görə psixoloji böhran yaşayan qapıçıdan bəhs edən kamera dramıdır.

Rejissor subyektiv kameradan istifadə edir və seyrçi sərxoş adamın gözləri ilə təhrif olunmuş təsvirləri görür.

Murnau bu filmdə daha bir yeniliyə əl atır: o, titrlərdən imtina edir. O zaman titrsiz film səssiz kino üçün xarakterik deyildi.

“Sonuncu adam”da aktyorlar ifrata varmadan elə ifadəli oynayır ki, titrlərə ehtiyac qalmır.

“Faust” rejissorun Almaniyada quruluş verdiyi son filmi oldu. Bu filmdən sonra Murnaunu Hollivuda dəvət etdilər. O, Amerikaya dəvət alan ilk alman rejissorlarından biri idi.

Murnau Amerikada 42 yaşında avtomobil qəzasında həlak olub.

Hollivudda - qəzanın homoseksual olan rejissorun avtomobildə sürücüsü ilə sevişməsi üzündən baş verdiyi haqda şayiələr yayılır. Bu səbəbdən, dünya kinosunda incilər yaratmış məşhur rejissorun dəfninə cəmi 11 adam gəlir.

“Baxılası 50 film” layihəsində rejissorun bütün dövrlərin ən yaxşı filmləri siyahısında yer alan “Günəşin doğuşu” (1927) melodramını təqdim edəcəyik.

Süjet: Kənddə yaşayan evli kişi şəhərdə bir qadına vurulur. Qadın kişini - öz gənc arvadını bədbəxt hadisə nəticəsində öldürməsi üçün dilə tutur. Əvvəlcə kişi razılaşsa da, qətl planını yerinə yetirmək onun üçün işgəncəyə çevrilir.

Alman dramaturqu Herman Zudermanın “Tilzitə səyahət” romanı əsasında çəkilən film klassik sevgi üçbucağını anladır.

Ç.Çaplinin fikrincə, bu film səssiz kinonun mükəmməl nümunəsidir.

Klassik filmlər tənqidçisi, fransız Jak Lursell “Günəşin doğuşu” haqda deyir: “Bu, Murnaunun ən simfonik, sintetik və sözsüz ki, ən işıqlı filmidir. Çoxlu hadisələrin baş verdiyi filmdə ayrı-ayrı epizodlar həm müstəqil film, həm də ayrılmaz hissə kimi görünür. Məsələn, kilsədəki toy və ərlə arvadın ayrılması səhnəsi arasında yerləşən epizod özlüyündə müstəqil filmdir. Bundan sonra isə ər-arvadın şəhərdə keçirdiyi xoşbəxtlik təsvirləri gəlir. Ruhuna görə bu, daha çox alman filmidir nəinki Amerika. Kəndin dekorasiyasında ekspressionizmin təsiri görünür. Amma metafizika realizmlə qarışır. Kadrların dərinliyi dəqiq işlənib”.

“Günəşin doğuşu” ilk “Oskar” alan filmdir.

Kino-ekspressionizmlə bağlı zəruri qeyd:

Cərəyan 1920-ci illərdə Almaniyada yaranıb.

Ekspressionizmin kinoda yaranması Robert Vinenin “Doktor Kaliqarinin kabineti” filmi ilə bağlıdır.

Həmin illərdə iqtisadi vəziyyətin qeyri-stabilliyi, eyni zamanda insanların ruhi vəziyyəti rejissorları yeni ifadə vasitələrinin axtarışına vadar etdi.

Ekspressionistlər naturada çəkilişlər eləmir, dekorasiyalara üstünlük verirdi. Realizmdən uzaq dekorasiyalar narahatlıq, qorxu, əndişə hissi aşılayırdı. Maksimal inandırıcılıqla təsvirlər qrotestcə təhrif olunur, ön plana psixi kompleksləri olan qəhrəmanların daxili həyəcanı çıxırdı. Personajların psixi, qeyri-stabil dünyası subyektiv, hərəkətli kamera ilə göstərilirdi. Aktyorların mimikaları və jestləri mübaliğəli olur, iri planlar, kontrastlı işıqlandırma üstünlük təşkil edirdi.

Ekspressionist filmlər sanki irəli illərdə qurulacaq “şərin diktatura”sından – faşizmdən xəbər verirdi.

Nasistlərin hakimiyyətə gəlişindən sonra cərəyanın bir çox nümayəndəsi ölkəni tərk etməli oldu. Onlar rejissorlardan pessimist yox, təbliğati filmlər çəkməyi tələb edirdilər.

Filmə burdan baxa bilərsiz:

http://kinoreactor.ru/kriminal-online/1287-vosxod-solnca.html

Vittorio De Sikanın “Velosiped oğruları” filmi.

Fransua Trüffonunun “400 zərbə” filmi.

Abbas Kiarostaminin “Albalı dadı” filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet “On iki qəzəbli kişi” filmi.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Kendzi Midzoqutinin “Yağışdan sonra ayın nağılı” filmi

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

Stenli Kubrikin "Portağal mexanizmi" filmi

Alfred Hiçkokun “Psixo” filmini

# 2841 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #