İstəyirəm o kitaba görə qürurlana bilim

İstəyirəm o kitaba görə qürurlana bilim
20 fevral 2014
# 15:23

Bir səhər “Şair ola bilərdin, prokuror oldun” sərlövhəli yazı oxudum. Səhər Əhməd yazmışdı. Kədərli yazı idi. Tələbəlik illərinin ağrılarını qələmə almışdı. Mətləb Ağa adlı bir şairi xatırlamışdı, imzası çox tez parlayıb, çox tez sönən özünəməxsus bir şairi...

Yazının sonunda şairin bir neçə şeiri də vardı.

O şeirləri də oxudum, xoşuma gələn misralar az deyildi. Amma mənə elə gəldi ki, Mətləb birnəfəsə yazdığı bu şeirlərin üzərinə bir də qayıtmayıb, yenidən işləməyib. Lap Salam Sarvanın bəzi şeirlərində olduğu kimi. Və bu, mətnin bütöv şeir olmağına maneçilik törədib.

Bir az da dərinə getsək, o şeirlərin ritminin yeknəsək olduğunu da deyə bilərik. Bu şeirlərin niyə bir vaxt böyük marağa səbəb olduğu da doğrusu mənim üçün qaranlıq qaldı.

***

Tez parlayıb, tez sönən şair, istedadlı misralar, şair-prokuror obrazı... Müsahibə üçün daha nə lazımdı ki?! Həvəslə söhbətləşdim özüylə...

Müsahibə pis alınmadı məncə, ona görə ki, Mətləb bütün suallara səmimi cavab verdi. Məsələn, təsirlənmədən danışanda demədi ki, mənim adımı Ramiz Rövşənlə yanaşı çəkdiyiniz üçün sağ olun, amma mənim öz yolum var.

Təsirləndiyi adamların adını “camaat nə deyər?” fikrini qəti yaxına buraxmadan bitdə-bitdə çəkdi.

O, başqaları kimi mütaliəsinin zəif olduğunu deməkdən də çəkinmir. Etiraf edək ki, bu hər oğulun işi deyil.

“... Vaxtında başa düşdüm ki, mütaliəm çox zəifdir, 20 yaşa qədər yazdıqlarım, həmin yaş dövrü üçün maraqlı görünə bilərdi, ondan sonra, çətin ki, şeirlərimlə ədəbi mühitdə maraq oyada biləydim”.

Və maraqlıdır ki, biz onunla görüşəndə əyalətdə yaşamağına, işləməyinə baxmayaraq müasir ədəbi prosesi həvəslə izlədiyini müşahidə etdik.

Deyəndə ki, şeirlərinizin üzərinə qayıtmırsız, şeir yarımçıq qalır, daş atıb başını tutmadı, yox, məndə hər şey yerli-yerindədir, demədi. Razılaşdı və dedi ki, ayaq üstə ədəbiyyat yaratmaq olmaz, bu bir növ, “Fast food” olacaq.

Mətləbin birinci - “11-ə qədər” kitabı ilə tanış olanda isə gördüm ki, o, məsələn, 2001-ci ildə yazdığı bir neçə şeiri 2013-cü ildə yenidən işləyib, şeirlərini bütövləşdirib.

Mən müəllifin məhz mənimlə söhbətindən sonra şeirlərini yeniləmək fikrinə düşdüyünü iddia etmirəm. Amma əminəm ki, sözü bilən adamların fikri təsirsiz ötüşməyib. Şeirlərin yenidən işlənməsi müəllifin uğurudur.

Mətləbə daha böyük uğurlar arzulayıb keçək başqa mətləbə...

***

Təqdimatda kitabın adı ilə bağlı kiçik bir müzakirə oldu, düzü, müzakirə aparanların bir nəticəyə gəlib-gəlmədiyi yadımda qalmayıb.

Şairin belə bir misrası var: On birdə unudarsan.

Müəllif on birdə unudulacağından çəkinərək kitabın adını “11-ə qədər” qoyub. Unudulmaq istəmir şair. Bu dünyada kim unudulmaqdan qorxmur ki?!

***

Mətləbin şeirlərində qəribə bir nisgil, həsrət, kədər var. Amma biz bu şeirlərdə nisgil, həsrət, kədər sözlərinə, demək olar ki, rast gəlmirik. Nisgilin, kədərin, həsrətin özünü görürük. Və bu hisslər öz başlanğıcını 1994-cü ildən götürür. 2001-ci ildə güclənir, 2013-cü ildə isə pik həddə çatır. Biz Mətləbin şeirlərində o illərə qayıtmaq arzusunu görürük. Ağrılı tələbəlik illərinə... Halbuki, belə baxanda, indi hər şey ondan ötrü daha yaxşıdır. Amma, görünür, işlərin yaxşı olmağı çox şeyi həll etsə də, hər şeyi həll etmir.

***

Müsahibədə Mətləbdən onu soruşmuşduq ki, niyə indiyədək kitabınız nəşr olunmayıb. Cavab belə olmuşdu: “İstəyirəm o kitabı əlimə götürəndə, ürəyimdə qürurlana bilim. Yəni, gec olsun, güc olsun”.

Mənə elə gəlir ki, Mətləb “11-ə qədər” kitabı ilə qürur duya bilər. Çünki biz bu kitabda təkcə istedadlı misraları yox, bütöv şeirləri də görürük.

# 2325 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #