Qocalar Evində ölən Azərbaycan aktyoru - HƏYAT DRAMI

Qocalar Evində ölən Azərbaycan aktyoru - HƏYAT DRAMI
17 yanvar 2014
# 08:45

4 fevral, 2013

- Alo,salam. Mən Oqtay baba ilə danışmaq istəyirəm.

- Salam. Gözləyin verim telefonu ona.

- İlahə, mən pisəm, eh çox pisəm.

- Oqtay baba, nə olub sənə? Niyə pissən?

- Danışa bilmirəm...

8 fevral, 2013

- Alo, salam Qəmər xala. Mənəm İlahə.

- Tanıdım, necəsən? Oralarda nə var, nə yox? Nə vaxt qayıdırsan?

- Qəmər xala, mən Oqtay babaya görə zəng etmişəm, narahatam ondan, öz nömrəsinə də zəng çatmır.

- Bilmirəm necə deyim.

- Nə olub axı? Xəstələnib yenə?

- 4 gün əvvəl rəhmətə gedib.

Ad, Soyad: Oqtay Ramazanov

Peşəsi: aktyor

Fəaliyyətləri: Gənc Tamaşaçılar teatrının aktyoru,

1964: Teatr Xadimləri İttifaqının üzvü,

1991: Sönməyən Ulduzlar Assosiasiyasının üzvü,

1982: “Kinoaktyor” teatrının truppa müdiri.

Yaşayış Yeri: Bilgəh Qocalar evi

Qəmər: Oqtay Ramazanovun ilk baxıcısı (2007-2013)

Oqtay Ramazanovu 2009-cu ildən tanıyırdım. İlk dəfə “Stimul” Gənclər Təşkilatına qoşulub Qocalar evinə getdim. Zalda bizim təşkilatın üzvləri Qocalar evinin sakinləri ilə deyib, gülüb, şənlənirdi.

Elxanə adlı üzvümüz məni biri ilə tanış etmək istədiyini dedi. 2-ci mərtəbəyə qalxdıqca əhvalım dəyişməyə başladı. Aşağıdakı zalda gördüyüm gülərüz sakinlər əvəzinə qarşıma fiziki problemləri daha ağır olan insanlar çıxırdı, bir də bu mərtəbədə dözülməz iy var idi. Mənə elə gəlirdi ki, bu iy qapısı açıq qalan otaqların tualetindən və vedrələrdəki yeməklərdən gəlir. İlk dəfə onda gördüm ki, Qocalar evinin işçiləri olan 2 qadın, sakinlərin qapılarını döyüb vedrədə yemək paylayırlar.

82 nömrəli otağa çatdıq

Elxanə:

- Bax burada Oqtay Ramazanov yaşayır. Aktyor olub. Həm də çox yaxşı insandır.

Qəmər:

- Salam, Xoş gəlmisiniz. Həmişə siz gələsiniz.

Elxanə:

- Bu isə Oqtay babanın baxıcısıdır. Yeriyə bilmir deyə baxıcı ona kömək edir.

Belə başladı Oqtay baba ilə tanışlığımız. Onu tanıyan gündən mütəmadi olaraq onu ziyarət elədim. Çünki söhbətlərindən doymurdum, bəzilərini hər dəfə gedəndə danışsa da, saflığı, təmizliyi tez-tez məni onun yanına getməyə vadar edirdi. Oqtay baba 19 il əvvəl qəza keçirtmişdi.

Mənə bir dəfə demişdi ki, onu Gənc Tamaşaçılar Teatrının müdiri qoyacaqları barədə söhbət yayılmışdı, həmən günlərin birində onu avtomobillə vurub qaçıblar. O gündən sonra ayağı tutulmağa başlayıb. Yoldaşı Aliyə Ramazanovadan ayrılandan sonra isə getməyə yeri olmayıb. Həsən Turabov ona kömək eləyib ki, bir müddətlik Bilgəhdəki pansionatda qalsın. Sonra belə gətirib ki, Oqtay Ramazanov ömürlük orada qalıb.

Oqtay Ramazanov mənim üçün səmimi, safqəlbli bir həmsöhbət idi. Bilgəh uzaq olduğu üçün adətən dostlarımla gedərdim yanına. Bəzən tək getdiyim də olub. 82 nömrəli otağa qalxıb qapısını döyərdim. İlk baxıcısı Qəmər xala açardı qapını, məni salamlayıb, öpüb, qucaqlayıb içəri dəvət edərdi. Oqtay baba həmişə sevinclə qarşılayardı bizi. Dostlarımın da hərəsini özünə uyğun adlarla çağırardı. Günelə “Sarı qız”, Elxanəyə “Hindistan gözəli” deyirdi. Sonra Qəmərə acıqlanardı ki, tez qızlara çay ver, yemək ver.

Qəməri çox istəyirdi, çünki bu qadın ona həqiqi bir dost olmuşdu. Tez-tez ailəsindən, nəvələrindən danışardı. Hamını sevirdi və hər gününə görə şükür edirdi. Deyirdi ki, şükürlər olsun bu otaq var, Qəmər var. Bircə Qocalar evini və bəzi işçilərini sevmirdi, vedrələrdə gətirilən yeməklərdən iyrənərdi.

Özünü sevirdi. Başına gələnlərə baxmayaraq, aktyor duruşunu itirməmişdi. Həftədə bir dəfə Qəmərə pul verirdi ki, saçını və saqqalını qaydaya salmağa bərbər gətirsin. Şəklini çəkəndə gözlərini obyektivdən yayındırardı, deyərdi ki: “Əsl aktyor kameraya baxmamalıdır”. Aktyor dostları ona kömək edirdilər. Bir dəfə Arif Quliyevlə tanış elədi məni, telefonda danışdıq, çox mehriban insan idi. Çox aktyor dostları ilə əlaqə yaratmırdı. Deyirdi, istəmirəm burda olduğumu bilsinlər.

Bir dəfə belə bir hadisə olduğunu mənə danışdı: “Bir gün tək idim. Qəmər də çörək almağa çıxmışdı. Qapı döyüldü bir nəfər girdi içəriyə, adımı çağırdı. Gözüm yaxşı seçmədi kimdi. Gəldi məni qucaqladı, ağladı. Axı sən niyə belə oldun?! Niyə buralarda yaşayırsan?!-dedi. Mən də ağladım. Məni bərk bərk qucaqladı, sonra isə getdi. Heç vaxt bilmədim ki, o kim idi”.

Əziz Oqtay baba, çox insanlar da bilmir ki, sənin kimi bir aktyorumuz, bir vətəndaşımız olub. Heyf səni tanımadılar. Sən mənim üçün həmişə yaşayacaqsan, cənab Ramazanov. Ən azı səninlə olan söhbətlərimiz heç vaxt yadımdan çıxmayacaq.

Söhbətlərimiz

Həyat yoldaşı

- Oqtay baba, həyat yoldaşını özün seçmişdin?

- Hə, amma bilmirdim kimdi, kimlərdəndi. Evlənəndə pasportuna baxdım gördüm ləzgidi.

- Onu görmüşəm televizorda. Rəqqasə idi. Həm də çox gözəldir.

- Hə elə idi. O vaxt tez – tez başqa ölkələrə konsertlərə gedirdi. Çox darıxırdım onun üçün. Amma ayrılığımızın səbəbi də bu söhbətlər oldu. Bəzən tək qalırdım, başqa qadınlarla da dostluq edirdim. Qısqanclıq, darıxmaq axırımıza çıxdı. Axır vaxtlar söz söhbət olurdu evdə.

Etiraf edə bilmədiyi sevgisi

- İlahə, sənə arzu edirəm ki, səni doğrudan istəyən oğlanla ailə qurasan.

- Bu haradan çıxdı, Oqtay baba?

- Ofeliya Sənanini tanıyırsan?

- Hə, əlbəttə tanıyıram.

- Cavan uşaq idim. Ofeliya çox yaxşı, mehriban və savadlı qız idi. Ona qarşı hisslərim var idi, bilmirdim necə etiraf edim. Axırı ki, bir gün qərar verdim ki, ona məktub yazım, yazdım da. Səhəri gün məktubu götürdüm getdim onun çalışdığı binanın qarşısına. Binadan bir oğlanın qolunda çıxdı. Neçə vaxt sonra cəsarətimi toplamışdım, o da belə.

O vaxtın qızları

- O vaxt qızlar çox saf idi. Bir qızdan xoşum gəlirdi. Bir gün dedim ki, gəl səninlə sabah saat 6-da görüşək.

- O nə dedi bəs?

- Dedi, sabah səhər 6-da, yoxsa axşam 6-da.

Dünyada ən çətin şey

- İlahə de görüm dünyada ən çətin şey nədir?

- Hmm, nə çətin sualdır belə. Heç nə ağlıma gəlmir axı.

- Sənin üçün çətin olan nə var?

- Bəlkə yaxın adamını itirmək. Bəs sənin üçün çətin şey nədir?

- Mənim üçün dünyada ən çətin şey qanmazı qandırmaqdır. Başa düşməyən adama başa salmaq çətindir.

Yaxşılıq et

Bax sənə məsləhətim yaxşılıq et, yenə də yaxşılıq et. Bir gün cibimdə yalnız avtobus pulu ilə işə gedirdim, yeni düzəlmişdim teatra. Bir qadın çıxdı qarşıma, vəziyyəti yaxşı deyildi, məndən pul istədi. Cibimə əlimi atdım, bir az düşündüm, sonra son pulu götürüb ona verdim. Başımı aşağı salıb gedirdim ki, iş yoldaşım məni arxadan çağırdı. Maşın almışdı özünə. Dedi, gəl bir yerdə gedək. Həmən gün bir yerdə olduq, evə də məni o gətirdi.

# 8090 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #