Ayı bizə nə dedi?

Ayı bizə nə dedi?
26 iyun 2013
# 10:29

İnsan oğlu Adəm və Həvvadan, insanlıq özünü bilməzlikdən gələndən bəri öz-özünə hey “Adam ol” dedi. Amma nə yazıq ki, yenə heyvanlıq oluşdu. Mərifət, nəzakət, mərhəmət hissindən binəsibliyinə kor olmaq əvəzinə, insan bu ayıbını ayının qalın gönü ilə ört-basdır etməyə can atdı. Axırda isə düz yolu da ona öz əyri pəncələri ilə elə ayı göstərdi.

Bu günlərdə Oğuz elində baş verənlərdən sonra bir Dədə Qorquda ehtiyac vardı ki, qopuzu sinəsinə basıb, “ayıya adam, adama ayı demədim, mən Dədə Qorqud” etirafını tərs şapalaq kimi üzümüzə vursun.

Adəm və Həvva cənnətdən Yer üzünə qovulandan bəri buralarda çox sular axmış, insanlara bu dünya dar gəlmiş, ilan yuvasından tutmuş, ayı mağarasına qədər torpağın üstü və altındakı hər yer yağmalamağa cazibədar və əlçatan olmuşdu. İndi insanlar heyvanların deyil, heyvanlar insanların əlindən canlarını qurtarmağın həşirinə düşmüşdülər. İndi ayıların insanları yox, insanların ayıları və bir-birini yeməsi həqiqəti ortadaydı.

Şamaxıda baş verənlər isə yaşamaq uğrunda mübarizədə təbiətin bəşəriyyətin ən azı Azərbaycan boyda balaca bir hissəsinə mesajı oldu.

Bir ayının balasını doğru yerdə araması, həyati təhlükəyə məhəl qoymadan bir kəndə hücüm edərək, toyu yasa çevirməsi, balasını oğurlayanın övladına saldırması qəribədən çox ibrətamiz hadisə idi. Ölkə mediasının baş xəbəri olmaqla bu əhvalat jurnalistikanın Qərb nəzəriyyəçiləri tərəfindən irəli sürülən 10 qızıl qaydasından birini sıradan çıxarmış oldu. Bizlərə bir daha anlatdı ki, müdrik Şərqdə xəbərin cəlbediciliyi adamın iti qapmasında yox, elə itin adamı qapması ilə insanlara göstərdiyi ibrətdədir. İndi də dərsimizi meşədə yaşayan, kitab oxumayan, dil bilməyən ayıdan aldıq...

Bu ayı gürcü yazarı Qoderzi Çoxelinin “Yabanı gül dəstəsi”ndəki dəmirçi Msarianın arvadına aşiq olub qadına bağışladığı bir dəstə yabanı gül dəstəsi ilə, bunu heç zaman etməmiş ərindən fərqli olaraq ona həyatının ən əziz xatirəsini yaşadan ayı deyildi. Nə də dəcəl qızcığaz Maşanın hər şıltaqlığına səbrlə dözən, uşaqların sevimli animasiya qəhrəmanı qayğıkeş Ayı deyildi. Bu ayı alleqorik obraz da olmadı. Əksinə, ədəbiyyatda olmayan, həyati bir janrın yaranmasına da ədəbiyyatçılardan çox zəhmət çəkəsi oldu. İnsanların bu ayının timsalında bəzən heyvanlardan əxz etməli olduqlarını göstərən bir janra...

Deyirlər, insan həqiqət məqamında heyrətlənir. Bu ayı bizim insan olaraq unutduğumuz, etiraf etməyə belə cəsarətimizin çatmadığı bütün həqiqətləri və fərqləri sərgilədi.

O ayı idi, balasının qaçırılması ilə barışmayan. Biz insanıq, hər il yüzlərlə körpəni küçələrin kimsəzlik ağuşuna atan...

O ayı idi, bala sevgisi ilə zirehlənib camaatın üzərinə gəlməyə özündə cürət tapan. Biz insanıq, əsirlikdə yüzlərlə övladımızın işgəncələrə məruz qalmasına, orqanlarının çıxarılıb satılmasına rəğmən burda rahat yatağımızda uyuyan...

O ayı idi, nəslinə sahib çıxan, biz insanıq bir-birimizi getdikcə daha böyük şiddətlə didib- parçalayan...

O ayı idi mağarasını, yuvasını insanlardan qoruyan, biz insanıq evimizi, yurdumuzu düşmənə ərməğan edən...

O ayı idi, dərs verən. Biz insanıq dərs almayan...

İndi görəsən, kim olmaq daha yaxşıdır, elə ayı, yoxsa belə insan?!

# 3864 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #