Bu gün tanınmış dramaturq, ədəbiyyatşünas və tərcüməçi, Xalq şairi Balaş Azəroğlunun anım günüdür.
Kulis.az onun "Təbrizin baharı" şeirini təqdim edir.
Gurşad təzə dayanmışdır... hava durulur,
Bulud keçir, göyün üzü görünür təmiz.
Qarı nənə hanasını uzadır, odur,
Elə bil ki, kəmənd atır buluda dəniz...
Günəş batır... dağ başında topa buludlar
Sanki pambıq tayasıdır alışıb-yanır.
Bahar gəlmiş, baş qaldırır çiçəklər, otlar,
Ana torpaq yuxusundan artıq oyanır...
Sərin-sərin meh əsdikcə titrəyir yarpaq,
Çiçəklərin dodağından süzülür inci.
Sarı bülbül gəzir yenə, bax, budaq-budaq
Oxuduqca sinəsinə sığmır sevinci.
Qara dəniz dalğalanır, kiçik ləpələr
Qum üstündə göyərçin tək görünür yenə.
Deyirlər ki, əsrlərdir hər axşam-səhər
Sular nəsə pıçıldayır sahillərinə...
Bir ağacın gövdəsinə söykənmişəm tək,
Yene məni məftun etmiş özünə bahar.
Ara-sıra tər budaqlar siləkələnərək
Gah başıma çiçək tökür, gah da damcılar.
Orda-burda dəstə-dəstə qızlar, oğlanlar
Qarmon çalır, nəğmə deyir, çiçək dərirlər.
Düşünürəm, doğrudan da burda bəxtiyar
Ömr sürür qayğıbilməz, xoşbəxt nəsillər.
Birdən məni ayrı salır düşüncələrdən
"Alın, sizə məktub gəlmiş" söyləyən bir kəs.
(Əziz dostum, kim qürbətdə olmamış, inan,
Məktubdakı o mənəvi qüdrəti bilməz...)
Bir kitab da verir mənə dostum gülərək:
- Bax bu da bir gənc ürəyin əziz barıdır.
Bakıdandır, unutmamış dostların, demək,
Al, şairə şairənin yadigarıdır.
Aç "Təbrizin baharı"nı, bir şer oхи,
Deyirlər ki, sizin yerdə gözəl olur yaz.
Mən dinmirəm... (cavabsızdır onun arzusu),
O bilmir ki, nə olmuşdur, duruxur bir az.
Mən dinmirəm... xəyal məni çəkib aparır,
Yenə durur gözlərimin önündə Təbriz.
İlk bahardır... göy gurlayır, bərk yağış yağır.
Bir divara söykənirik sevgilimlə biz...
Sərdar bağı, ağ çiçəkli badam ağacı,
Qərənfillər, yasəmənlər, bahar neysanı,
Şimşək səsi, üfüqlərin odlu qırmancı,
Gözüyaşlı buludların başsız karvanı.
Daşqın sellər, Acı çayı, sərin bulaqlar,
"Şah könlü"nün əyri yolu, yaşıl çəmənlər,
Gözlərimdə canlandıqca, mənsə biqərar
Deyirəm ki, indi sizdən qalmışmı əsər?
Yox, dağıtdı o cəlalı, dağıtdı düşmən,
Ancaq elin ilqarını poza bilmədi.
O sən görən Təbriz deyil, şəhəri gəzsən,
Fırtınalı bir dənizə bənzəyir indi.
Azəroğlun qorxutmadı nə sürgün, nə dar,
Baxışlarda qəzəb vardır, ürəklərdə kin.
Xiyabandan qorxa-qorxa keçir ağalar,
Onlar bilir bu ellərin ürəyindəkin.
Onlar bilir azərilər dözməz heç zaman,
Bu məhkumluq zəncirini qırar bir səhər.
Onlar qorxur bir gün gələ yenə təzədən
Cəbhələrdən baş qaldıra itən igidlər.
"Golər" dedim, dostum dönüb diqqətlə baxdı,
O, qəlbimi gözlərimdən oxudu dərhal.
Danışmadım... uzaqlarda ildırım çaxdı,
Göy gurladı, buludlarda göründü hilal...
Mən o gecə gözlərimi yummadım inan,
Elə bil ki, sinəm üstə dağ qalanımışdı.
Məni rahat buraxmadı xəyal, həyəcan,
Neçə şer ürəyimə daldalanmışdı.
Mən yatımadım, göy sularda günəş ucaldı,
Daha səndən nə gizlədim, əziz oxucum,
Nə mən borclu, nə o dostum nisgilli qaldı
Bu şerimi səhər tezdən ona oxudum.
Yalta, 1950