news-inner
clock14:54 calendar-gray 30 Aprel 2013 view-gray2637 dəfə oxunub
view-gray2637 dəfə oxunub

Zibildən heykəl düzəldən rəssam

Əgər Bakıda yaşayansınızsa şəhərdəki tıxaclardan, sıxlıqdan dolayı yəqin, nə vaxtsa heç olmaya bircə dəfə Balaxanı-Mehdiabad yolu ilə getmisiniz. Şəhərin basırığından qaçan sürücülər indi bu yolu daha çox tərcih edirlər. Yolun üstündə yerləşən “Təmiz Şəhər” zavodunun qarşısındakı metal heykəlləri, rəssamlıq dili ilə desək instalyasiyaları da görməmiş olmazsız.

İlk baxışdan metal tullantılarından düzəldilmiş bu işlər adamda ciddi incəsənət əsəri təsiri oyatmır. Bəlkə heç diqqət etməmisiz, bəlkə gülüb keçmisiz, bəlkə də bunu yaxınlarda yaşayan uşaqların, ya da fəhlələrin əl işi olduğunu sanmısız. Bəs bu instalyasiyaları peşəkar heykəltəraşların-rəssamların (incəsənətin bu iki sahəsi arasında fərqlər o qədər itib ki, artıq rəssamla heykəltəraş eyni mənanı ifadə edirlər) düzəltdiyini düşünmüşdüzmü?

Elə müsahibimiz də “Təmiz şəhər” zavodunun qarşısındakı işlərdən birinin müəllifi Məmməd Rəşidovdur. Onunla emalatxanasında görüşdük. Buraya yeni köçüb.

Əvvəllər isə qarajda işləyir, əsərlərini orada hazırlayırdı. Qarajda işləmək onun üçün çox rahat idi. Bu haqda bir az sonra danışacağıq. Hələlik isə rəssam Məmməd Rəşidovla yaxından tanış olaq.

O, 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

Akademiyanı bitirəndən sonra bir müddət heykəltəraşlıqla yanaşı başqa işlərlə də məşğul olsa da sonradan özünü bütövlükdə incəsənətə həsr etmək qərarına gəlir. Artıq onu incəsənətdən yayındıracaq işlərdən tamamilə uzaqdır. Tələbələr hazırlayır. Sifarişlər qəbul edir. Amma sifarişləri sənət saymır: “Sifarişlərim çox olur, amma onları incəsənət kimi qəbul etmirəm. Buna görə sifariş üçün hazırladığım əsərləri sərgilərə təqdim etmirəm, şəkillərini Facebookdakı səhifəmdə paylaşmıram”.

Rəssam iş masasının üzərində poliestrdan hazırlanan səhləb çiçəyini göstərərək deyir: “Bu da sifarişdir. Hələ tamamlanmayıb. Bu əsərin qiyməti 1500 manatdır. Bax bu cür sifarişləri mən ciddi sənət hesab etmirəm, şəkillərini paylaşmıram. Siz də çəkməyin lütfən (gülür)”.

Sifarişləri əsasən fərdi xarakter daşıyır.

“Heyf ki, dövlət sifarişləri olmur və bizim şəhərin küçələrində modern rəssamlıq nümunələrinə demək olar ki, rast gəlinmir”.

Onun işlərini sənət kimi qəbul etməyənlərlə acığı tutmur, əksinə sevə-sevə əsərin mənasını izah edir: “Xaricdə insanlar 5 yaşlarından muzeyə gedirlər. Bizdə axı belə deyil, buna görə də bizim camaat elə bilir ki, heykəl ancaq daşdan, mərmərdən, bürüncdən düzəldilə bilər.

Bir neçə il əvvəl müasir rəssamlığa maraq daha az idi. Elə bil getdikcə münasibət dəyişir, yəqin bu da insanların xaricə gedib- gəlmələri, görüb-götürməkləri ilə əlaqədardır”.

Rəssam əlavə edir ki, bu hələ harasıdır, qabaq bizi heç akademiyada müəllimlər də qəbul etmirdilər: “Onları qınamıram, ənənəvi rəssamlıqdan gəlmişdilər. Onlara görə rəssam emalatxanasına qapanıb işləməlidir, daha dünyada baş verən yeniliklərdən xəbərdar olmalı deyil. Akademiyada hələ də 1930-40-cı illərin metodikası ilə işləyirlər”.

Məmməd Rəşidov üçün materialın heç bir önəmi yoxdur. Hansı materialla istəsə işləyə bilər. Material seçimi əsərin ideyası ilə bağlıdır. Hal-hazırda əsasən avtomobil şinləri, şüşələri, detalları ilə işləyir.

““Təmiz Şəhər” zavodu qarşısındakı instalyasiyanı hazırlayanda bizi Balaxanı zibilliyinə apardılar. Kənardan baxanda qəribə gəlir ki, rəssamlar zibillikdə eşələnirlər. Sonra hərə yığdığı tullantılardan öz işini hazırladı. Mən “Bir at gücü” adlı instalyasiya hazırladım. Bu avtomobil hissələrindən yığılmış və bir topa şinin üzərindən

atılmaq istəyən at fiqurudur. Avtomobilin gücü atla ölçüldüyü üçün mən də rəmzi mənada atı seçmişəm. At texnoloji inqilabın, tərəqqinin rəmzidir. Bir vaxtlar alqışladığımız tərəqqi isə bizi uçurma apara bilər. Tullantılar ilə işləməyimizin də məqsədi sadəcə budur. İncəsənət insanları ekoloji böhrandan yaxa qurtarmağa səsləyir”.

O deyir ki, müasir rəssamlıqda instalyasiya qədər onun konsepsiyası da maraqlıdır. Ola bilər ki, iş olduqca sadədir, amma onu anladan konsepsiya olduqca dərin, bəşəri ola bilər.

Rəssam qadın fiquruna oxşayan qaynaq ərintisini göstərib deyir ki, bunu bir dəfə yolda tapmışam: “Fikir verisizsə qadın bədəninə oxşayır. Bunu saxlamışam. Hansısa bir işdə lazım olsa yonub işə əlavə edəcəyəm. Bəzən elə olur ki, ağlıma maraqlı bir ideya gəlir, əvvəl onu hazırlayıram, daha sonra konsepsiyasını düşünürəm. Bəzən isə əksinə, konsepsiya olur, onun əsasında işin eskizlərini çəkib, materialı haqda düşünürəm, yekun eskizdən sonra isə işi hazırlamağa başlayıram”.

Müasir rəssamlıq ənənəvi rəssamlıqdan xeyli fərqlənir. Əgər əvvəlki rəssamlar yalnız fırça ilə işləməyi bilməli idilərsə, müasir rəssamlar bir neçə peşəyə yiyələnməlidirlər. Yeri gələndə dülgər, yeri gələndə qaynaqçı, yeri gələndə toxucu olmağa məcburdurlar. Məmməd Rəşidov deyir ki, onlara akademiyada sənətin yalnız nəzəri

tərəflərini öyrədiblər. “Lazım olan bacarıqları biz iş prosesində öyrənirik. Bizim işimizdə “bacarmıram” söhbəti yoxdu, əgər iş prosesində lazımdırsa öyrənirik; istər qaynaqçılıq olsun, istərsə də toxuculuq. Maşın parpressləri ilə işləyəndə bir də görürsən istədiyin iş alınmır, şüşə qırılır, sıradan çıxır. Sanki sənə təslim olmaq istəmir. Ola bilsin bir müddət işi yarımçıq saxlayırsan, amma təslim olmursan, bir müddət sonra yenidən o işə qayıdırsan. Nəyin bahasına olur olsun, o işi alındırırsan”.

Məmməd Rəşidov bu emalatxanaya yeni köçüb. Əvvəlki emalatxanası qarajda yerləşirmiş. Bakı Şəhər İcra Hakimiyyəti qarajları sökdürəndə onun da emalatxanasını söküblər.

“Orda işləmək olduqca rahat idi. Yaxınlıqdakı maşın təmiri işçilərinə əvvəllər mənim işlərim çox qəribə gəlirdi. Onların tullantı hesab etdikləri maşın parpresslərini, şinləri, diskləri götürüb işləyirdim. Bu onlara qəribə və maraqlı gəlirdi. Sonralar elə bil alışdılar, əllərinə nəsə bir maraqlı detal düşən kimi gətirib mənə göstərirdilər, lazım gələndə ideya verirdilər”.

Onun şəhəri gəzib sökülən köhnə binalardan, yenidən qurulan parklardan nəsə maraqlı məmulatlar götürüb onları yenidən işləmək kimi adəti olmasa da bir dəfə “Fəvvarələr bağı”ndakı köhnə plafonları götürüb və onlardan “Metamorfoz” adlı əsərində istifadə edib: “Fəvvarələr meydanı təmirə bağlanmışdı. Rəssam dostlarla ordan keçib çay içməyə gedirdik. Birdən gördük ki, çəpərlənmiş sahədə fəhlələr işıq dirəklərindən açdıqları yumru plafonları bir-birinə atır,

sındırırlar. Onlardan nə etdiklərini soruşanda dedilər ki, top-top oynayırıq. Xahiş etdik ki, plafonlardan bir neçəsini bizə versinlər. Altı plafon götürdüm. Dostlar məni yolumdan döndərmək istəsələr də plafonları götürdüm və onlardan “tırtıl” düzəltdim. Yenə də o plafonların içində işıq yanır. Bu dəfə başqa həyatda yaşayırlar. Əsərin adı da “Metamorfoza”dır. Kafkanın “Metamorfoza”sı kimi”.

Onun işləri Mikalancelonun “David” əsəri kimi, Cəfər Cabbarlı heykəli kimi uzun ömürlü, qalıcı deyil. Buna da heyfslənmir. Onlara xüsusi yapışqanlar, qoruyucu maddələr vurulur deyə açıq hava altında saxlamaq olmur. Amma daxili mühitdə uzun müddət qala bilirlər.

Rəssamın həcmcə böyük instalyasiyaları nəhəng şirkətlərin foyelərində olduqca maraqlı görünərdi və interyerə xüsusi görkəm verərdi. Heyf bizim şirkətlər bu cür əsərlərə çox az maraq göstərirlər, dizaynerlər də adətən xarici əsərlərə üstünlük verirlər. Amma Məmməd Rəşidov buna üzülmür. Nə olsun şirkətlərimiz yerli rəssamların əsərlərinə laqeyddirlər. Əvəzində əsərləri muzeylərdə sərgilənir: “2011-ci ildə Şimali Osetiyada “Alaniya” simpoziumu təşkil edildi. Biz üç ay orda qaldıq. Əvvəlcədən lazımı materialları sifariş verdik, gətirdilər. Əsərlərimizi hazırlayandan sonra sərgi oldu, daha sonra onları muzeyə bağışladıq”.

Oxşar xəbərlər

Xəbər lenti

41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
18:53 26 Oktyabr 2020
Səyyad Aranın romanı Türkiyədə çap olundu
18:15 26 Oktyabr 2020
Özündən 30 yaş kiçik tələbəsinə aşiq oldu, 4 dəfə evləndi, övladını vəhşicəsinə qətlə yetirdilər – Məşhur diktordan maraqlı faktlar
17:35 26 Oktyabr 2020
Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar
16:56 26 Oktyabr 2020
Tanınmış rejissorun kitabı ilk dəfə Azərbaycan dilində
16:11 26 Oktyabr 2020
Gilasdan da yeyin, cənab Makron – Sərdar Amin yazır...
15:30 26 Oktyabr 2020
Maestro Ceyhun: “Köçüb Qubadlıda yaşayacam”
14:37 26 Oktyabr 2020
“Qızım orduya yazılıb” - Qubadlı yazarları qələbə sevincini bölüşür
13:50 26 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
13:12 26 Oktyabr 2020
Bayrağımız Xankəndidə yellənsin! - Əjdər Oldan Qarabağ şeirləri
12:29 26 Oktyabr 2020
Müharibə dövrünün Facebook meymunları – Fəridə yazır...
11:30 26 Oktyabr 2020
Qubadlı üçün ən gözəl qayıdış şeiri - Mətn
11:12 26 Oktyabr 2020
Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim”
10:30 26 Oktyabr 2020
Bakıda özbək şairinin kitabı çap olundu
10:08 26 Oktyabr 2020
Almas İldırımın oğlu: “Atamın məzarını dağıdıb üstündən yol çəkdilər” – Müsahibə
08:59 26 Oktyabr 2020
Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları
12:21 24 Oktyabr 2020