news-inner
clock09:00 calendar-gray 29 Aprel 2013 view-gray4873 dəfə oxunub
view-gray4873 dəfə oxunub

90-cı illəri xatırlayarkən:“Kinoteatra öpüşmək üçün gedirdik”

Müharibə, qaçqınlar, yoxsulluq… İran saqqızları, bakuş, təzə-təzə yayılmağa başlayan xarici avtomobillər, cibdə dollar gəzdirmək həvəsi, “qozqıran telefonlar”… Aygün Kazımova, Faiq Ağayev, Sibel Can, İbrahim Tatlısəs… Braziliya serialları, AzTV, ANS, Qənirə Paşayeva…

Bütün bunlar 90-cı illəri yada salır. Çoxumuza dünən kimi gəlir. Ancaq aramıza bir onillik girib. Getdikcə uzaqda qalır o illər. Xatirəyə çevrilir. Öz vətənindən, doğma torpağından qaçqın düşənlər üçün ağır xatirələrlə dolu illərdir. Yaranmış fürsətdən istifadə edib özünə gün ağlayanlar, biznes quranlar üçün xoş xatirələrlə dolu illərdir. SSRİ dağılmışdı, ölkə müstəqillik qazanmışdı və insanlar gələcəkdə onları nə gözlədiyindən xəbərsiz idi. Əyalətlərdə işsiz qalmış insanlar Bakıya axışmağa başlamışdı. Bakının siması da elə bu illərdən dəyişməyə başladı.

Həmin zamanları “keçid dövrü” də adlandırırdılar. Keçdik. Artıq 2013-cü ildəyik. Bəs görəsən o illər nə ilə yadımızda qalıb? Dörd məşhur insana “90-cı illəri necə xatırlayırsınız” sualı ilə müraciət etdik. Bu da cavablar.

Mətanət Əliverdiyeva – radio və tele aparıcı

“90-cı illər” deyəndə ağlıma Azərbaycanda baş verən çevriliş, müharibənin başlanğıcı, 20 yanvar hadisələri gəlir. Həmin dövr mənim məktəb illərimə təsadüf edirdi, ona görə çox yaxşı xatırlayıram. Müharibəyə getmək arzusunda idim. Valideynlərim qarşımı almasaydı, indi bilmirəm harada olardım. Hərbə çox meylli idim, müharibəyə getməyə qəti qərar vermişdim. Valideynlərim elə həmin illərdə məni ailə qurmağa məcbur etdilər, başım uşaq böyütməyə, öz ailəmə qarışdı. 1995-ci ildə ANS-ə gəldim. Həmin illərdən bu yana çox dəyişikliklər olub; istər həyat şəraiti, istər dəb, saç düzümləri, geyimlər, zövqlər... O vaxt qadınlar daha çox türk ulduzların saç düzümlərini təkrar etməyə çalışırdılar, saçlarını şişirdir, qabardırdılar. Mənim isə uzun saçlarım vardı. Qızlar əsasən uzun ətəklər, cins geyimlər, şalvar geyinirdilər. Şalvar mənim üçün yenilik idi. Bir də ətir çeşidləri çox az idi. Hansı metroya, avtobus girirdin, eyni ətir iyi adamı vururdu. Musiqi baxımından həmin dövrün xüsusi bir trendi yadıma gəlmir. Amma indi məşhur olan əksər müğənnilər elə həmin dövrlərdə parlamışdılar. Məsələn, Faiq Ağayev, Aygün Kazımova, İlqar Xəyal. Çox sevirəm onların mahnılarını, hələ də zövqlə qulaq asıram. Həmin dövrdə Əmrah, Mahsun Kırmızıgülün filmləri, serialları dəbdə idi. Amma mən seriallara baxmağı xoşlamadığımdan heç biri ilə maraqlanmırdım. Evdə kimsə baxanda mən də ona qoşulurdum. Hamısı aşağı-yuxarı eyni motivli idi. Yaşadığım şəhərlər - Bakı da, Sumqayıt da çox dəyişilib. O vaxt Sumqayıtla Bakı əhalisi arasında geyim fərqi hiss olunurdu, indi Sumqayıt bulvarı podiuma oxşayır (gülür). Kafelər, restoranlar əvvəllər az idi Sumqayıtda, indi elə bir sıxıntı, qıtlıq yoxdur. Harda hansı yeməyi istəsən, tapa bilərsən. İndiki dövrlə müqayisədə o dövr elə monoton görünür ki, heç darıxmıram o günlər üçün. Bilirsiniz, 90-cı illərin əvvəllərində insanlar siyasi baxımdan çox fəal idi, amma mədəniyyət baxımından ölü dövr idi. Filmlərin çəkilişi, studiyalar, televiziyalar – hər yerdə tənəzzül yaşanmaqdaydı. Üstəlik, ərzaq çatışmazlığı açıq-aşkar hiss olunur. İndi hər marketdə rast gəldiyimiz uşaq yeməklərini tapmaq üçün şəhərin bir ucundan o biri ucuna getmək məcburiyyətində qalırdıq. Əslində, 90-cı illər elə təzadlı dövrdür ki! Bax həmin illərdə biz - ən böyük nailiyyətimiz olan müstəqilliyi əldə etdik, ancaq eyni zamanda ən böyük faciəmizi yaşadıq - Qarabağımızı itirdik. Bu dövr bizdən çox şey aldı, çox şey də qazandırdı. İnsan nəyəsə nail olmaq istəyəndə bir çox çətinliklərlə üzləşir, bax 90-cı illər də Azərbaycan üçün o dövr idi - çətinliklər dövrü. Biz o dövrü keçməli idik ki, sonra yaxşı, işıqlı günlər görək. 90-cı illər istər xalqımızın, istərsə də mənim şəxsi həyatımda “dönüş nöqtəsi” oldu. Ona görə də, mən bu illəri qara yox, qırmızı hərflərlə yazardım tariximizə. Nə yaxşı ki müstəqillik qazandıq! Heyf ki heç nə itkisiz qazanılmır. Həyat mübarizədir.

“Kinoteatra öpüşməyə gedirdik”

Seymur Baycan – yazıçı, publisist.

Həmin illəri sözlə ifadə etmək çox çətindir. Özündən cəmi 10 yaş balaca adama o dövrdə nə baş verdiyini başa salmaq olmur. Amma nədən danışılır-danışılsın, 90-cı illər deyəndə 28 May metrosu yadıma düşür. Bir də yadımdadır ki, o vaxt Bulvarda Əmrahın kartondan şəkli

qoyulmuşdu, qızlar da Əmrahın qoluna girib şəkil çəkdirirdilər. Mahnı bazarı demək olar ki, türk müğənnilərin əlində idi, amma bura arada bizimkilərdən də kimsə girə bilirdi. Məsələn, Mətanət İsgəndərlinin “Gecədən sübhədək” mahnısı dəhşət sevilmişdi. Eyni vaxtda həm Əmrahın, həm də Mahsun Kırmızıgülün “Bəlalım” mahnıları çıxmışdı, ölkə iki yerə bölünmüşdü – Əmrahı və Kırmızıgülü bəyənənlərə. İndiki kimi iki dəqiqəyə Youtube-a girib mahnıya qulaq asmaq olmurdu, kaset alırdı camaat. Elə adamlar vardı, bir mahnını bir kasetə dalbadal yazdırıb, gecə-gündüz qulaq asırdılar. Qızların, oğlanların geyimini hələ demirəm. Qızlar dodaqlarına “kontur”, gözlərinə “quş” çəkib saçlarını şişirdirdilər, inanın ki, klouna oxşayırdılar. Həmin illərdə tələbə idim. Bir dəfə türk qrup yoldaşım dedi ki, Bakıya birinci dəfə gələndə elə bildim şəhərin qırağında bir fabrik var, eyni cür adamlar buraxır. Oğlanlar qapqara geyinirdilər, qıraqdan qarğa dəstəsinə oxşayırdılar. Cins geyinənə qəribə baxırdılar. Sənət adamları isə əksinə, indikindən daha kreativ idilər. Bir fakt deyim, Hüseynağa Atakişiyev “Hamlet” tamaşasını qoymuşdu həmin o aclıq, susuzluq illərində. Sonra eşitdim ki, səhnədə pərdəyə vurulan ulduzlar aktyorların içdiyi konyakların qapaqlarından imiş. Çox əla tamaşa idi. Hamısı inamdan qaynaqlanırdı, əslində. Gələcəyə inam güclü idi, hamı nəsə edəndə “bu günlər də keçəcək”, “hər şey düzələcək” deyə düşünürdü. Fədakarlıq etməkdən, yoxsulluqdan qorxmurdu. Ümumiyyətlə, sistem dəyişən dövrdə bir qisim insanlar varlanır, bir qisim isə müflisləşir. Ağıllı adamlar varlananda başa düşürdülər ki, bu, müvəqqətidir, çalışırdı saxlasın. Ağılsızlar da pulu necə gəldi xərcləyirdilər, axırda müflis olurdular. İndi hamının sərhədləri müəyyənləşib. Nəyi etmək olar, nəyi yox – bunu hamı özü üçün dəqiqləşdirib. İstənilən halda, o dövr daha canlı idi. Bir də qız-oğlan münasibətləri çox ağır idi. İndi hər yer kafelər, restoranlar, otellərlə doludur. O vaxt qızları ancaq parka apara bilirdik. Kinoteatra öpüşməyə gedirdik. Zala girən hər kəs bilirdi ki, bura nə üçün gəlib. Kinoteatrdan çıxanda cütlüklərin vəziyyətin görəydiniz. Elə bil, döyüşdən çıxmışdılar, hərəsinin bir tərəfi qızarırdı. Oturmağa bir kafe tapılmırdı, ona görə acından ölə-ölə şəhərdə, bulvarda gəzirdilər, xəyal qururdular, axşam da evə gəlib bir-birinə zəng vururdular. Səhərəcən günorta olanları müzakirə edirdilər, “sən niyə belə dedin”, “niyə baxdın” söhbətləri edirdilər. Dənizkənarı bulvar dünyanın ən çox yalan danışılan, ən çox vəd verilən yeri idi. Bütün bu vədlər, yalanlar bir öpüş üçün uydurulurdu. Çox absurd şeylər baş verirdi. Məsələn, 90-cı illərin əvvəllərində kim kimi istəyirdisə, azərbaycanlı çıxardırdı. Qəzetlərdə Don Juanın azərbaycanlı olması haqqında məqalələr dərc olunurdu. Biri Napoleonun yavərinin azərbaycanlı olduğunu özlüyündə sübut etmişdi. Mən özüm Don Juanın azərbaycanlı olması haqqında məqalələri oxuyanda xeyli kef eləmişəm, ürəyim fərəhlə dolub, Don Juanın azərbaycanlı olmasıyla fəxr etmişəm. O dövr üçün, xüsusən, mən yaşda olan bir gənc üçün xarakterik hal idi.

“Dəyişməyən yeganə şey insanlardır”

Svetlana Turan – yazıçı, tərcüməçi, redaktor.

Məktəb illərim və yeniyetməlik dövrümə təsadüf edən bu illərlə bağlı hər kəsin fərqli təəssüratları var. Məsələn, bizim ailə üçün həmin illərin əvvəlləri narahatlıq içində keçib. 90-cı illərin əvvəllərində atam müharibədə idi, bu səbəbdən daim gərginlikdə yaşayırdıq. Həmin illərin sonları isə ingilis dili müəlliməsi olacağam deyib gecəmi-gündüzümə qatıb durmadan oxuyurdum. O dövrdə çoxları kimi məndə də inam hissi güclü idi. Dünyanın dəyişiləcəyinə, insanların daha xeyirxah olacağına sadəlövhcəsinə inanırdım. Bu gündən keçmişə baxıb gülmək, bəyənməmək çox asandır. Bilmirəm, indi bundan utanmalıyam, ya yox, amma indi daha çox rok və jazz musiqiçilərini dinləsəm də, 90-cı illərdə kütlədən geri qalmırdım, “Backstreet boys”un fanatı idim. Həmin qrupun mahnıları indi də hansısa dükanda və ya başqa yerdə səslənəndə özümdən asılı olmayaraq əzbərdən oxuyuram, yeniyetməlik dövrüm yadıma düşür. Gənclər xarici musiqiçilərin geyimlərini təkrarlamağa can atırdılar. Təsadüfi deyil ki, cins geyimlər elə o vaxtlar dəbə düşmüşdü. Bir də Tetris və Mario oyunları məşhurlaşmışdı. Yaşından asılı olmayaraq hamı bu oyunların xəstəsinə çevrilmişdi. O dövrün Bakısı da fərqli idi. Yaşadığım yerlər indi tamam dəyişilib, ətrafını yeni tikililər, məhəllələri ayaq basmağa yer qoymayan üç-dörd sıra maşınlar tutur. Amma bu, məni elə də narahat etmir. Məncə, Bakıda dəyişməyən yeganə şey insanlardır. Həmin dünya, həmin insanlardır... O dövrdə insanlar siyasi mövzularda çox canfəşanlıq edirdilər. İndi isə siyasi cəhətdən xeyli maariflənmiş insanlardan daha çox ölkəsinin siyasi durumundan tamamilə xəbərsiz olan kütlə var.

“Musiqimiz indikindən qat-qat güclü idi”

İlqar Xəyal – müğənni, keçmiş “Karvan” qrupunun solisti.

90-cı illər deyəndə gözümün qarşısına Azərbaycanın müstəqilliyi, SSRİ-dən ayrılmağı, müharibə gəlir. Azərbaycanın Sovet dövründən müstəqilliyə keçidi

məhz həmin dövrün gəncliyinin xidmətidir. Həmin illərdən danışanda 20 yanvar şəhidlərini xatırlamamaq günah olardı. Azadlığımızı qanları bahasına bizə bəxş ediblər. Bu gün əldə etdiyimiz bütün uğurlar, inkişafa görə 90-cı illərə, o gəncliyə borcluyuq. O dövrün gəncliyi üsyankar, mübariz, zəhmətkeş gənclik idi. Məktəbdə, universitetdə heç kimin köməyi olmadan oxuyan, gecəsini gündüzünə qatıb çalışan, ölkəsini daha yaxşı yerə gətirməyə cəhd göstərən gənclik vardı. Çox ağır zamanlardı, amma bizim gəncliyimiz o illərə təsadüf etdiyi üçün bizə daha şirin görünür. İnsan belədir. Gəncliyi İkinci Dünya Müharibəsində keçən birindən soruşsan ki, gənclik illərin necə idi, yəqin tərifləyəcək, o vaxtın indikindən daha yaxşı olduğunu sübut etmək istəyəcək. Halbuki, qıtlıq, müharibə şəraitində, daima ölüm, aclıq təhlükəsi ilə yaşayıb. İndiki dövrün gəncliyi isə əmin-amanlıq, sülh içində böyüyürlər. İnanın, bu günlərdə “Alov qüllələri”nin yanından keçəndə turistlərin o binanın önündə durub şəkil çəkdirdiklərini gördüm, çox qürurlandım. Bakıda həmin illərdə çoxlu uçuq-sökük binalar, yollar vardı, indi onların yerini yeni tikililər, parklar tutub. Amma bütün bunlara baxmayaraq, 90-cı illər mənim üçün çox əlamətdardır, çünki peşəkar musiqi fəaliyyətinə başlamışam. “Karvan” qrupu yarandı, mahnılarımız sevildi, kliplər çəkildi. Bəzən mənə elə gəlir ki, həmin illərdə musiqi sahəsi indikindən qat-qat güclü idi. Çünki o vaxt bizim adlı-sanlı, dünya şöhrətli bəstəkarlarımız yazıb yaradırdılar. Vasif Adıgözəlov, Tofiq Quliyev, Emin Sabitoğlu, Rafiq Babayev kimi istedadlı insanlar hələ həyatda idilər. İndi məşhur olan əksər müğənnilər elə 90-cı illərin yetirmələridir; Firəngiz Rəhimbəyova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Abbas Əhməd, Almaz Ələsgərli, qruplardan – “Karvan”, “Aypara” vardı. Bu qruplar və müğənnilər arasında həm güclü rəqabət vardı, həm də səmimiyyət. Bax, həmin səmimiyyət bu gün bir az səngiyib. Yaradıcı gənclərimiz, müğənnilərimiz çox idi, zamanla kimi səhnədə qalıb yoluna davam elədi, kimi də uzaqlaşdı. Həmin illərlə indini müqayisə etmək çətindir. Çünki çox dəyişikliklər olub. Ümumiyyətlə, bizim insanlarımız çox proqressivdirlər. 60-70-ci illərin şəkillərinə baxsanız, əksər kişilərin saçlarının uzun, şalvarlarının dar və trapes olduğunu görərsiniz. Hamısı “Bitlz” qrupunun solistlərini xatırladırdı. 90-cı illərdə isə dəri paltarlar geyinmək dəbdə düşmüşdü. “Karvan” qrupu da xarici ulduzlardan təsirlənərək səhnəyə dəri paltarlarda çıxırdı. Xarici estradaya maraq artmışdı. Qrupumuzun üzvləri Boney-M, Led Zeppelinə, mən isə Stinq, Stivi Uander, Uitni Hyustona qulaq asırdım. Qrupumuzun “Sarı güllər”, “Qara gözlər” klipləri çəkildi. Baxmayaraq o dövrdə texnika da, aparatura da indikindən zəif idi, biz işlədik və sübut etdik ki, çox az maliyyə imkanları ilə nəsə etmək mümkündür.

Oxşar xəbərlər

Xəbər lenti

Rəsulzadəyə həsr olunmuş dərgi çap olundu
13:32 21 Sentyabr 2020
Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi
12:50 21 Sentyabr 2020
Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
12:08 21 Sentyabr 2020
Kənan Hacıya vəzifə verildi
11:35 21 Sentyabr 2020
Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası - Ayxan yazır...
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020