news-inner
clock10:31 calendar-gray 24 İyul 2021 view-gray704 dəfə oxunub
view-gray704 dəfə oxunub

Dünyanın ən gözəl yarımçığı - Nihat Pir yazır...

Kulis.az Nihat Pirin “Dünyanın ən gözəl yarımçığı və ya o qızı tapın” adlı yazısını təqdim edir.


Söhbətə giriş

Dünyanın düz vaxtından danışıram. Hansı ki metrodakı o basabas gündəlik rutinlərimizə ayaq uydururdu ha-a, bax o vaxtdan.

“Nərimanov” stansiyasından başının üstünü kəsdirdiyim (nədən ki, o yeri xanıma, şəxsən, özüm sunmuşdum) xanımın o vurhavurda cani-konüldən oxuduğu kitab diqqətimi o qədər çəkdi ki, bir də “Nizami”də ayıldım, artıq 4-cü səhifəni yarılamışam. Bu dəm vərəqi çevirməyə çalışan xanıma çox yumşaqcasına “bircə saniyə” deyibən əlini saxlamışdım ki, içəridə elə bir hay saldı, başımı götürüb elə ilk stansiyadaca düşəsi oldum.

Hadisənin üzərindən rahat 3-4 il keçməsinə baxmayaraq, hələ də gözüm o kitabı gəzir, amma nə məzmun, nə də yazıçı haqda əlavə bilgim olmadığı üçün bu kortəbii axtarışlarım heç bir fayda vermir.

Yazının bu hissəsinə qədərini bircə cümləylə yekunlaşdırıb keçək mətləbə.

“Bu mənim indiyə kimi yarımçıq buraxdığım yeganə kitabdır”.

Söhbətin özü

Kursların birində magistraturaya ixtisas seçimi ilə bağlı qatıldığımız seminarda arxa partada əyləşmiş iki rəfiqənin dialoquna istəmədən qulaq şahidi oldum. Kitablardan danışırdılar, amma bu dəfə mövzu o qədər qəribə və cəlbedici idi ki, özümü saxlamaqda əməlli başlı çətinlik çəkirdim. Qızlardan biri ardıcıl adları çəkilən üç kitabı yarımçıq buraxdığını qeyd edir və bundan əməlli başlı zövq aldığını vurğulayırdı.

“Kerri bacı”, “Paris Notr-Dam” və “Dəli Kür” .

Arxaya baxmadan soruşuram:

– Siz buna necə dözürsüz?

Ani sualdan heç də təəccüblənmir:

– Mən bundan ləzzət alıram. – çevrilib onun gülümsər simasıyla tanış oluram. – Sevdiyim şeylər yarımçıq qalsa, yaxşıdır, – deyib əlindəki “cola” butulkasını bitirməmiş yaxınlıqdakı zibil qutusuna atır. Görünür, bu həmlə mənim diqqətli olub-olmadığımı yoxlamaq üçün idi.

Bu dəfə daha da irəli gedib yerimdən qalxır və onların yanında əyləşirəm.


– İlk yarımçıq buraxdığınız əsər hansı olub? – Sualı verə-verə artıq yeni bir yazı materialının təntənəsini hiss edirəm.

– Mm... Xatırlamıram. Universitet vaxtı kitabları kirayə götürürdüm, sonra vaxt keçdikcə həvəsdən düşür və kirayə haqqı kitabın öz qiymətini aşanda aparıb qaytarırdım. Sonradan isə artıq bunu vərdişə çevirdim.

Çox həvəsli danışır, verdiyim suallara o qədər ac davranır ki, sanki illərdir, məhz bu qeyri-adi vərdişi haqda kiməsə danışma ehtiyacı duyurmuş. “Görəsən, mən ilkəm?” sualı beynimi çəkic kimi döyəcləyir, mən isə ona yazı üçün faydalı ola biləcək sual düşünürəm.

– “Cinayət və cəza”...

– Aha, oxumuşam, Roskolnikov bacıları öldürür... mmm... sonrasını bilmirəm. – Əlindəki salfet paketinin içində bir neçəsinin qaldığını göstərib onu da, eynilə, zibil qutusuna atır.

Düzü, bu göstəri o qədər də xoşuma gəlmədi. “Cola” performansı ilə yetinsəydi kaş...

– Bu sənə qətiyyən maraqlı deyil? – Roskolnikovun sonrakı aqibətinin mənə necə təsir eləməsini düşünə-düşünə ondan daha kreativ bir cavab gözləyirəm.

– Yəqin ki, iztirab çəkib. Başqa nə ola bilər ki? (gülür)

“Hazırcavablığı da pis deyil. Amma daha yaxşısı da ola bilərdi”. Öz-özümə deyinirəm.

– Həcmcə balaca əsərləri də yarımçıq saxlayırsan? Məsələn, elə Dostonun “Bəyaz gecələr”i var, oxumusan? – “siz”in birdən-birə “sən”ə dönməsi isə mənim ona qarşı ilkin həmləmdir. Və məncə, kifayət qədər də uğurludur.

– “Bəyaz gecələr”in 20 səhifəsini oxumuşam. – Bu dəfə daha ürəkdən gülür. – O qız məni əməlli-başlı əsəbiləşdirir. Sonluğunu təsəvvür belə etmək istəmirəm.

– Nastenka?

– Ah... Sən o qıza necə dözmüsən?

– Mən onu düz 8 dəfə oxumuşam.

– ...

– Səncə, sonluq necə ola bilər? Sən Dostoyevski olsaydın...

– Mən Dostoyevski deyiləm! – ax, bu qadın inadkarlığı sindromu, ax!..

Onu daha çox danışdırmaq üçün sual fikirləşirəm ki, bu dəfə o sual verir.

– Nexlyudov o qızla evləndi?

– Səncə? – dərhal “hə, ya yox”la cavab verib söhbəti mənasızlaşdırmıram. Etiraf edim ki, bunu sırf yazı üçün etdim. Yoxsa, ona adını çəkdiyi bütün əsərlərin bircə-bircə sonluğunu deyərdim.

– Bilmirəm. Ya da demə, istəmirəm...

– Niyə istəmirsən?

Sualıma cavab ala bilmirəm, telefona gələn mesaj dialoqumuzu yarım buraxır. “Fürsətdir” deyib hiss elətdirmədən müşahidə bacarığımı işə salıram. Və nəticə: bu vərdiş onun həyat tərzinə çevrilib. Məsələn, o, mesaj yaza-yaza gülümsünür və gülümsəməsi o qədər qəfləti kəsilir ki... və eynilə, üzündəki ciddiyət də ani dəyişimə məruz qalır. Hətta mən bu reaksiyalar arasında özümü əməlli başlı ititirəm.

– Sənin adın nədir? – Necə də yersiz bir sualdır. Amma onu danışdırmalıyam. Mütləq!

Hələ ki, başı qarışıqdır, naməlum kəslə gülüş və təəccüb dolu dialoqunun arasına girə biləcək bir sual düşünməliyəm. Və düşünürəm də!

– Yəqin ki, adının bir hissəsini deyib, qalanını sirr saxlamayacaqsan, hə? – Bu dahiyanə gediş onu telefondan ayıra bilir ki, özümü bu andaca “şah” elan etməkdən zor saxlayıram. Gülümsünür.

– Ay... Qalanını özün tap, amma cəmi bir cəhddə.

– Bu haqsızlıqdır, heç olmasa... – nacizanə “xod”lar...

– Cəmi bir cəhd!..

– Ay... Dan?!

– Sən sual verirsən, ya cavab?

– Aydan!

– Perfect! (bəlkə, “mat”?)

Sınaqdan uğurlu çıxmağımın sevincilə özümün də yazıçı olduğumu gözə soxmaq üçün ən əlverişli bəhanəni gəzirəm. Sağ olsun, verdiyi sual mənə açılmağım üçün kifayət edir.

– Bəs sənin adın nədir?

– Nihat. Nihat Pir təxəllüsü ilə yazıram. – Məncə, bu da kifayət qədər uğurlu soxuşdurma idi.

– Aaa... sən də mi, Brut?! – Lənət şeytana, bu qızı sevməmək üçün heç bir əsas yoxdur! – Bəs sən nə yazırsan? Nağıl?

– Nə? Nağıl? Etmə, eləmə, Aydan... – səmimiyyət işartıları... – Nağıl şifahi xalq ədəbiyyatının...

– Yaxşı, bəs nə yazırsan, ay Pir?

– Hekayə, esse, köşə... – ona yenə mesaj gəlir və fikri yenidən yayınır. Ax bu əğyarın yersiz varlığı, ax... – sən mənim də yazılarımı yarımçıq saxlayacaqsansa, xahiş edirəm, oxuma.

Onu yenə də telefondan ayıra bilirəm. “Özümü sevdirmə yetənəyimə qurban olsun dünyanın bütün “podxod”ları...”

– Çox uzun yazırsan?

– Sənin üçün nə fərqi var?

– Harada yarımçıq saxlayacağımı deyə bilərəm, ən azından! (Gülür) – gülüşünü təsvir eləmək istəyirəm və ağlıma gələn ilk cümləni yazıram: “Bu gülüşə and içmək olar”.

– Məsələn, 7 səhifəlik bir hekayəni...

– 3-cü səhifənin bir hissəsini oxuyub saxlayacam.

– Axı orda hələ hekayənin mahiyyəti açılmayacaq.

– Sənin üçün nə fərqi? Elə, ya belə, sənin hekayən yarımçıq qalacaq. Mən yarımçıq olan hər şeyi sevirəm!

– Bəs bizim hekayəmiz? – məncə, yenə də hədəfi düz 12-dən vurmuşam. Dahilik sindromuna tutulmasam, yaxşıdır.

– Mən getməliyəm... – bu gözlənilməzliyin yaratdığı şok effektini çətinliklə də olsa, üzərimdən atıram. Amma bunun öz səhvim olduğunu da elə ordaca qəbul edirəm. Çünki onun hamı kimi olmadığını yarım saat əvvəldən bilməliydim. Hətta lap irəli getsək, onu tanımamışdan qabaq.

– Axı seminarın bitməyinə hələ qa... – məncə, bu iradı ona tutmaq saflıqdan (ya da başqa nəsə) başqa bir şey deyil.

– Getdim! – bir göz qırpımındaca otaqdan çıxır.

Söhbətin sonu: Etiraf

Ola bilsin, oxucunun sualı yarana ki, bəs niyə ardınca getmədin?

Düzünü desəm, bu istək bir neçə saniyəlik yarandı, amma bilmədiyim səbəbdən dolayı özümü masaya məhbus sayaraq bu fikirdən elə yerindəcə vaz keçdim. Bəlkə də, onun vərdişinin təsirində olmuşam.

Əsas, adımı bilir, bəlkə, axtarışa verəndə elə ilk qarşısına çıxan yazı məhz bu yazı olacaq. Və özünü görüb yazının ta bu hissəsinə kimi gəlib çatacaq. Nə bilim? Aşırı ümidli olmaq da bir şey deyil... Amma redaktorun başlığa aşağıdakı cümləni çıxara biləcəyinə inanıram...

Aydan, mən sənə demək istəyirəm ki...

news-inner-user

20009 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə
21:00 23 Sentyabr 2021
Bakıda simfonik musiqi axşamı keçirilib
19:01 23 Sentyabr 2021
Rejissorumuzun filmi Batumidə nümayiş olunub
18:21 23 Sentyabr 2021
Kəramət Böyükçöl: "İstedadımla taksavatlıq edirəm" - Video
17:36 23 Sentyabr 2021
Falçı yetişdirən məktəblərimiz – Aqşin Yenisey yazır...
16:50 23 Sentyabr 2021
Saitlər əsasdır, yoxsa samitlər?
16:14 23 Sentyabr 2021
Yazıçı Səfər Alışarlı: “Azərbaycan sərvət aşiqlərinin ölkəsidir” - Müsahibə
15:33 23 Sentyabr 2021
Məşhur yazıçının əsərindən film çəkildi
14:46 23 Sentyabr 2021
Səyyad Əlizadə sağalır
14:03 23 Sentyabr 2021
Şeyx və şirin quyruğu
13:20 23 Sentyabr 2021
İbrahim Tatlısəsə həbs cəzası verildi
12:41 23 Sentyabr 2021
Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası
12:01 23 Sentyabr 2021
Məni oğurluqda ittiham edən əmim qızları – Sevinc yazır...
11:30 23 Sentyabr 2021
Şuşada görüşdük! - Zülfiyyə Xanbabayeva yazır - Fotolar
10:50 23 Sentyabr 2021
"O ses Türkiye" başladı - Yeni münsiflər
10:23 23 Sentyabr 2021
Bu millətə zaval yoxdur – Zamin Hacı yazır...
09:01 23 Sentyabr 2021
"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021