Fərqliliyin poeziyası - İbrahim İbrahimli yazır...              

Fərqliliyin poeziyası - İbrahim İbrahimli yazır...              
12 iyul 2021
# 17:47

Səhər Əhəmədin “İksi tapmaq” şeirlər kitabı haqqında

Esse

Mən inanıram ki, insan varlığından bu dünyada çox şey qalmasa da hansısa reallıqları, hansısa gerçəklikləri qalır, onun ölümündən sonra sonsuzluqda mövcud olmaqdan ötrü həmişəyaşarlığa keçir, məncə fikrin böyük mənasında mükəmməl Poeziya və mükəmməl Şeir anlayışı da həmişəyaşarlığa keçən, həmişəyaşarlıqda reallıq tapan anlayışlardan biridir, bəlkə də birincisidir. Fikirmcə, bunun məhz belə olmasını təmin edən reallıqdan ən əsası Poeziya anlayışının, hər şeydən çox fərqliliyi sevməsidir.

Gəlin etiraf edək ki, əgər şeir anlayışında hanasısa fərqlilik, forma və məzmun baxımından, həmçinin dil üslubu baxımından, fikir baxımından yenilik olmasa, o poeziya anlayışı qətiyyən kiminsə zövqünü, istəyini təmin edə bilmir. Mən inamlıyam ki, hər bir şeirin, hər bir nəsr nümunəsinin dilində müxtəliflik olur, yəni bir müəllif müxtəlif yazıları yazanda heç də bir dil, forma amilinə əsaslanmır, o yazdığı hər bir mətnin dili ayrı cürdür.

Dil və forma və sair ədəbiyyatda böyük hadisə kimi qəbul edilməlidir. Bunlar geniş və çoxşaxəli poetikadır. Poeziya anlayışı elə bir anlayışdır ki, o, hər yazılan istedadlı mətnlə reallığı reallıqsız və realsızlığı da reallıq edə bilər.

Məncə, bu dünyada Allah yalnız deyilən şeylərin yaradılmasında bütün imkanları poeziyaya bəxş edib. Əsl poeziya yaradan şair heç fərqinə varmadan və ya fərqinə vararaq çox reallıqlar yarada bilir. Fikirimcə belə şairlərdən biri də Səhər Əhməddir. Mən belə düşünürəm ki, o, bir şairə kimi çox reallıqları şeirlərində məxsusiləşdirib. Bu cür gerçəklik onun yaxınlarda çap olunan “İksi tapmaq” şeirlər kitabında tamamilə varlığını hər bir anlama təsdiqlədir.

O, həmin kitabda toplanmış əksər şeirlərində yeni inanılan reallıqları reallıqsız edir, reallığı olmayan anlamları reallıq edir.

Şairə Səhər Əhməd şeirlərində reallıq ayrı cürdür, çox adamın qəbul etdiyi kimi deyil. O, yazdığı mətnlərdə heç bir reallığa meyl etmir, heç bir reallığa əsaslanmır, şeirləri vasitəsi ilə indiyə kimi kimsənin görmədiyi, sezmədiyi, hiss etmədiyi reallıqlar yaradır. Fikirimcə, hər bir halda heç vaxt bu dünyanın gerçəkliklərinə meyl etmir, yazısında sərbəstliyə və müxtəlif ədəbi manevrlərini, yazı texnikasını çərçivəyə meylləndirmir, bədii mətn yazarkən, heç nəyi də yaşamlaşdırmır, o şeydən aralı olur.

O həmin anlayışlara yeni bir yaşam növü bəxş edir və bunu böyük anlamdakı Poeziyanın gücü ilə gerçəkləşdirir.

O bütün yaradıcılığında fərqliliyə meyl edir və bunu da primitiv formada etmir, hətta fərdi yaradıcılığında yaratdıqlarında da fərqlənir, yəni yazısı bir-birini təkrarlamır, hər yazı ayrı-ayrı reallıqlara, yaşam üsullarına əsaslanır. Bu poeziyanın dərinliyində olanları və fəlsəfi reallıqları duymaqdan irəli gələn bir şeydir.

Poeziya bu dünyada təkrar olunmayanların təkrarsızlığıdı və bu dünyada heç bir şeyi dəqiqliyinə qədər təkrar etmək mümkün deyil. Səhər Əhəməd bunu çox yaxşı duyur və həmin fərqli reallıqları poeziyaya gətirməyi bacarır. O heç bir vaxt mövcud olanları yazmağa meyl etmir, hər bir halda bu dünyada mövcud olmayanlarla dünyanı duyur və həmin məkana münasibətini formalaşdırır.

Qapımı kim sındıracaq,
İşığı kim yandıracaq,
Məni kim oyandıracaq,
Həyata satacaq, görən.

Bu, hər bir halda dünyanı, həyatda yaşadıqlarını bir məcraya sığışdırmaq kimi bir şeydi. O, şeirində hansısa fiziki anlama sığınmır, fiziki reallığı yaşamağa meyllənmir, bütün hallarda bilir ki, Allahla insan münasibətində fiziki anlam bir reallıq deyil, bir heçlikdi, Allaha sığınmağın imkanları yalnız mistik anlayışların reallığındadır. Yəni bu dünyadakı reallığı bir heç hesab edir və bizə bildirir ki, kim nə bilir Allah hansı anlamı reallıq hesab edir, hansı yaşamı reallıq kimi qəbul edir. O hər bir halda şeirlərində Allah yaxın olan reallığı axtarır ki, ona sığınmaq, onu yaşamaq daha mükəmməl bir formada olsun.

Kitab İksi tapmaq | Səhər Əhməd | | Alinino.az

Şəxsən məndən ötrü kainatda bir reallıq var o da Allahın reallığıdı, digər reallıqlar mənasız bir yuxudu. Mən Səhərin şeirlərində bu barədə min dəfə haqlı olduğumun təsdiqini tapdım. O şeirlərində heç bir mövcudluğun prinsiplərinə meyl etmir, ondan ötrü belə həyati prinsiplər mövcud deyil. Mən həmin kitabdakı şeirləri oxuduqda belə bir qənaət hasil etdim ki, hər bir yaşam halı yalnız mövcudluğa əsaslanmır, mövcudsuzuqda da hansısa yaşamı görmək və yaşamaq mümkündür. Həmin halda sənin hər bir yaşamın vaxt, zaman anlayışından kənar çıxmağı bacarmalıdır və ən əsası da əsaslandırmalıdır.

Yəni sən bütün yaşam prinsiplərini elə bir tərzdə əsaslandırmalısan ki, bu dünyanın yaşam reallığın yaşanmağı mümkün olmayan yaşamları yaşamağı bacara, o şeyləri yaşamının adi bir tərzi kimi mənimsəyə bilə.

Fikirimcə, yaşanası mümkün olmayan yaşamları yaşamaq o vaxt mümkün olur ki, sən hər bir halda kosmosdakı müxtəlif enerjiləri və dəqiqsizliyi duya və yaşaya biləsən. Bu, ilk anda adama xaotik bir şey kimi görünə bilər. Bu xaotikliyin içində elə dəqiqlik var ki, nə olduğunu yalnız bir Allah bilir, bir də əsl duyumu olan şair bilir.

Səhər bu qeyri-adi hissi, yaşamı yaşamağa can atır, bu can atımı ilə xaotik dəqiqliyi yaşamı yaşamaq istəyir. Onun yaşamaq istədiyi heç bir şey dəqiqliyi ilə diqqəti cəlb etmir. O, hər bir halda dəqiq xaotikliyi sevir və bu üsul vasitəsi ilə də Allahla yaradıcı münasibətini tənzimləyir. Və ən əsası da yazılarında iks kimi qəbul edilən anlamın heç olmasa bir tərəfinin nəyinisə öyrənə bilir, bu mübhəm sirri bizlərə çatdırır.

Səhər xanım heç bir halda dünyanın içində qalan bir şair deyil, o, həm bu dünyanın içində olanları və bu dünyada olmayanları çox asan bir formada görür və dərk etməyə cəhd edir. Gördüyü və şeirə gətirdiyi o hisslərdə bu dünyanın yaşamında adi, ötəri bir şeylər deyil. Ciddi əsası olan müxtəlifliklərdi.

O, Allahı bu dünyada olanlarla dərk etməyə çalışmır, bunu daha münasib üsulla etməyə çalışır, o, Allahı bu dünyada olanlar vasitəsi ilə deyil, olmayanlar vasitəsi ilə dərk etmək istəyir. Və əlbəttə ki, onun şeirlərindəki bu məziyyətdə məxsusidi, çox yaxşı bir fərqlilikdi

Bir axşamüstü
Bir şərq şəhərində
Yoruldum qadın olmaqdan.

Bu şeir təşbeh olsa da, həmin anlamın içində ayrı bir mahiyyət, çox adamın fərq etmədiyi bir sirri adama təsir edir. Mənə elə gəlir ki, bu şeirində qadın olmaqdan yorulmayıb, bu dünyada yaşayanların yalnız fiziki reallıq adlandırdığı reallıqda yaşamalarından bezib. Məncə, adam istəsə, bu dünyanın içində olan müxtəlif reallıqlarla da ünsiyyət yarada bilər, onlara varlığında, yaşamında məkan ayıra bilər. Belə fikirdəyəm ki, bizlərin istədiyimiz mükəmməl yaşamı yaşaması, bu dünyadakı yaşamı yaşamasında deyil, bizim bilmədiyimiz, görmədiyimiz, duya bilmədiyimiz hansısa reallığı yaşmasındadır.

Bəlkə elə bu cür reallıqlara bələd olsaq həmin halda xoşbəxt olmağın formulasını da tapa bilərik, fikrimcə, bu, mütləq mənada belədir.

Deməli, hər bir şeydən öncə şəxsi varlığımızdakı müxtəlifliyimizdə, rəngarəngliyimizdə olanların nə demək olduğunu anlamlıyıq, həmin şeyləri tapmalıyıq. Ən əsası da dəqiq xaotikliyin mahiyyətinə, yaşam mənasına varmalıyıq, axı dünyadakı dəqiq xaotiklik, insanların varlığında olanlara bənzərdir, insanlarda da hisslərin dəqiq xaotikliyi var, əgər insanda o cür dəqiq xaotiklik olmasa, onun yaşadığı hər bir yaşam darıxdırıcı olar. Varlığında, təfəkküründə və təkamülündə heç bir inkişaf mərhələsi olmaz. Çox güman ki, Səhər xanım şüuraltı eqosu ilə bunu duyduğundan o şeyləri, o fəlsəfi təşbehləri yazdıqlarında əks etdirir.

Düzü, bu kitabdakı şeirlərin əksəriyyətində hansısa yaradıcı nizam hiss edilmir. Hər bir obraz, misra və bənd, bütövlükdə şeir, elə bil, bu dünyada məkansız bir mahiyyətin reallıqlarıdır. Sanki onlar bu dünyanın hər bir şeyinə yetərincə bələd olduqlarına görə hər bir mövcudluq üsullarında nə qeyri-adilik varsa onu yaşayırlar. Bu yaşam üsulu da ona müəyyən qədər mənalı gəldiyinə görə onları bizlərə göstərir, bizlərə yaşadır. Deyir ki, bu dünyanın çox şeyi insan təkamülünə əsaslandığından, Allaha məxsus təkamülü görmür, o məqama meyillənmir. Səhər xanım məhz o Allah təkamülü vasitəsi ilə şeirlərini yazdığından o poeziyadakı yaradıcı mərhələləri, yaradıcı inkişafı tez bir zaman çərçivəsində adlaya bilir, hər bir yaradıcı mərhələdə varlığını qeyri-adiliklə ifadə edir.

O, hər bir halda çoxlarının öyrəşdiyi məntiqlə yazmağa meylli deyildir, şeirlərində səmavi anlayışların yaşadıqlarını yaşamağa çalışır, ruhunun dərinliyində, varlığının ən gizli guşəsində olan hisslərə müraciət edir. Şəxsi varlığı vasitəsi ilə bilmədən səmavi gerçəkləri duyur, hiss edir. Bəlkə də, buna görə onun şeirlərinin adi yazılar kimi qəbul edilməsi mümkün deyil. O, hər bir şeirində varlığının kontekstində şeiri yaşadır. Onun belə dərin duyumda olması, bu dünyadakı hissləri də varlığına cəlb edir.

Səhərin şeirlərindən görünür ki, yazdığı hissləri tapmır, həmin hisslər onun varlığını tapır. Həmin hisslər və həmin hisslərdən yaranan şeirlər çox böyük məmnunluqla onun vasitəsi ilə ifadə olunmalarını bir fərəh hissi kimi qəbul edirlər. Ən əsası, həmin hisslər, həmin şeirlər bu dünyadakı mövcudluqlarında dünyanı və mən hətta deyərdim ki, digər dünayların yaşam hisslərini duyğularla təmin edirlər.

Yəni Səhər xanım hər bir şeirində oxucuya, çoxşaxəli hisslər vasitəsi ilə dünyadakı hər bir yaxşı anlayışda mükəmməlliyin bütövlüyünü yaşadır. Poeziya elə bir anlayışdır ki, onun vasitəsi ilə dünyanın dərinliyini, kainatların o tərəfində duymaq olar.

Əgər sən bu dünyadakı varlığınla varlığından sonranı duymasan, təxəyyülün vasitəsi ilə sonranı görməyəcəksənsə, sənin yazdıqların yalnız yer anlayışının reallığını əhatə edəcək. Sən heç bir vaxt səmavi şeirlərin reallıqlarını, yaşamlarını yaşaya bilməyəcəksən. Səmavi anlayışlardakı ucalıqları əhatə etməyi bacarmayacaqsan. Unutmayaq ki, bəşər övladını Allah yaradıb.

Əgər Allah bizləri yaradıbsa, deməli, şəxsi varlığından bizlərə nəsə bəxş edib. Bax şair ilk növbədə həmin bəxş edilənləri varlığında axtarıb tapmalıdır ki, nəyə qadir olduğunu kəşf edə bilsin.

Əgər sən həmin o bəxş edilənləri yaza-yaza tapıb ortaya çıxara bilsən, o imkanları varlığında hiss edə bilsən, poeziyada istədiyini edə biləcəksən, hər bir şeirində bu dünyada olanları və olmayanların reallıqlarını yaşaya biləcəksən.

Poeziya elə bir anlamdır ki, o, imkanla, hətta Allahın necəliyini də bilmək və duymaq mümkündür. Bu mənada, əslində, Poeziya Allahı öyrənməkdən ötrü ən dəqiq vasitədi, elə bir vasitədi ki, o anlam kimi mükəmməl digər bir vasitə nəinki bu düyada, mən deyərdim, kainatlarda da mövcud deyil.

Səhər xanım şeirlərində Allahın ona bəxş etdiyi imkanları yaşaya-yaşaya yuxarıda deyilən məqamları varlığında görə bilir. Şeirlərində adam tanış olmayan hisslərimi, duyğularımı, təxəyyülümü bizlərə göstərməyi bacarır, yaradıcılığında, poeziyasında qətiyyən nisbiliyə meyl etmir, nisbiliyi, nisbiliyin müstəvisində yalnız şeir tapıntılarını yaşayır, onun şeirlərindəki hər bir reallıq nisbilikdən çıxarılır, nisbiliyin bir-bir gerçəklik kimi həyatın varlığında yaşamasını təmin edir, o müstəvidə yaşadığımız dünyanın irreallığını sonsuz anlayışlar vasitəsi ilə ifadə edir.

Onun şeirləri bir formada yazılan şeir deyil, sən həmin şeiri bir formada deyil, müxtəlif harmoniyada dinləyə bilərsən və dərk edərsən. Ən əsası, onun şeirləri bu dünyada poeziyanın yaşamasından ötrü adi bir reallıq deyil, səbəblər səbəbidir.

Göy üzü Allah bənizidi - İbrahimdən yeni şeirlər

# 1695 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
#
#
# # #