news-inner
clock18:22 calendar-gray 18 Yanvar 2013 view-gray2358 dəfə oxunub
view-gray2358 dəfə oxunub

Birandın öz dilindən həyatı

Anamın dediyinə görə 1941-ci ilin 9 dekabr gecəsi, Alman xəstəxanasında anadan olmuşam.


Özümü Ərənköydə dörd sotluq bağçanın həyətində yerləşən, uçub dağılmaqda olan üç mərtəbəli evdə tanımağa başladım. Ətrafda ancaq anam Mürvət və qardaşım Ural, bir də evin tavanında qaçan siçanlar vardı.

Atam İzzət Birand, Maliyyə Nazirliyində Qaçaqmalçılıq şöbəsinin rəhbəri olub. Yaşadığımız köhnə köşk (villa) atamın vaxtında Ərənköyün ən əyləncəli yeri kimi tanınıb.

Dövrün tanınmış müğənniləri Nəcmi Rza Zobu və yaxud Naşit, Vəsfi Rza kimi teatr adamları hər həftə bizim evdə yığışıb yemək yeyər, rakı içər, mahnılar oxuyar, oyunlar oynayarmışlar. Həyatımda iz buraxan evin hay-hayı gedib, vay-vayı qalmışdı.

İki yaşımda atam infarktdan vəfat edib. Anam 42 yaşında iki uşaqla dul və pulsuz qalıb. Atamın üç aylıq maaşıyla bizi və özünü dolandırmağın çətinliyi anamı çarəsiz hala salmışdı.

Qış aylarında kömür sobası ətrafında oturub isinməyə çalışar, həftədə bir dəfə yanan hamamda çimərdik. Gün ərzində 7-8 dəfə işləyən xüsusi avtobusla, qar yağanda yollar bağlanmasa, bir saatlıq Kadıköyə, oradan da gəmi ilə şəhərə gedib-gələrdik.


Anam qarlı gecələrin birində məni çimizdirmək üçün sobanın üstündə su qızdıran zaman su qabını ayağımın üzərinə aşırmışam. Bu hadisə baş verən zaman üç yaşım vardı.

Sol ayağımı yandıran qaynar su həyatıma təsir etdi. Beş dəfə əməliyyat olundum. Düz bir ilimi xəstəxanalarda keçirdim.


Təbii ki, həyat həmişə pis təsadüflərlə zəngin olmur. Ərənköy Zinhipaşada orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Qalatasaray Liseyinə daxil oldum. Bu, həyatımın ilk şansı idi, həyat üzümə gülmüşdü. “Güldü” desəm də, ancaq o vaxt bunun fərqinə varmamışdım. Sonradan, bu hadisənin həyatımı dəyişdirdiyini başa düşdüm. Bu, fürsəti Xarici İşlər Nazirliyində diplomat işləyən dayım Mahmud Dikərdəm yaratmışdı.

Yaxşı maaş almayan dayım bacısının kiçik oğlunun təhsil xərclərini öz üzərinə götürdü. Anamın məni Qalatasaray Liseyində oxutmağa imkanı yox idi.

1962-ci ildə liseyi bitirəndən sonra, İstanbul Universiteti filologiya fakültəsində fransız dili ixtisası üzrə təhsilimi davam etdirmək istəsəm də, istəyim baş tutmadı. Anamın daha taqəti qalmamışdı. Necə olursa-olsun bir iş tapıb, işləməli idim. Həyatdakı ikinci şansım “Koç” qrupun rəhbərlərindən biri Kənan İnalı tanımağım oldu. Onunla ailəvi dost idik. Vehbi Koçun mənimlə tanış olmağıma şərait yaratdı. Ayağımdan beşinci və sonuncu dəfə əməliyyat olunmaq üçün 1963-cü ildə İngiltərəyə yollandım.


İngiltərədən qayıdan zaman “Koç” holdinqdə çalışmalıydım. Londona gedən zaman Qalatasaray Liseyində tanış olduğum Abdi İpekçi, məni “Milliyət” qəzetinin London müxbiri təyin edib, “Maraqlı məlumatlar əldə etsən, məktubla bizə yazarsan” dedi. Əməliyyat olunmaqla bərabər həm ingilis dilini öyrənirdim, həm də məktubla “Milliyət”ə xəbərlər göndərirdim. Bir ildən sonra, 1964-cü ilin iyulunda Türkiyəyə qayıdanda “Koç” holdinqin əvəzinə “Milliyət”də çalışmağa başladım.


Üçüncü şansı, qəzetçi olmağımda böyük pay sahibi olan Abdi İpəkçi tanıdı mənə. Vehbi Koç ilə danışıb, “İcazə verin bir müddət bizimlə əməkdaşlıq etsin. İki xarici dil bilir, üstəlik qəzetçiliyi sevir və bacarıqlı gəncə bənzəyir. Yoxlayaq, əgər bacara bilməsə sizinlə çalışar”. Vehbi bəy bu təkliflə razılaşdı.

Dördüncü şansım isə “Milliyət” qəzetində çalışdığım zaman qarşılaşdığım Cəmrə oldu. Cəmrəylə 1971-ci ildə evləndim və ağır həyat yolunu birlikdə addımladıq. Evlilikdən sonra cibimizdə “Milliyət”dən aldığım 500 dollar maaşla Brüssel macəram başladı. Bu səfər dünyagörüşümün formalaşmasına, bir sözlə həyatdan çox şeylər öyrənməyimə kömək etdi. Cəmrə ilə 20 ilə yaxın Brüsseldə yaşamasaydım, bu gün gəldiyim yerdə olmazdım.

Brüsseldəki qəzetçiliyimin dönüş nöqtəsi 1974-cü il Kipr hərəkatı oldu. Özünə qapalı, xarici əlaqələri problemli olan Türkiyə, birdən-birə dünyanın gündəmini zəbt etmişdi. Bütün gözlər Ankarada idi.

Bu konflikt hər yerdə maraqla qarşılanırdı. Amerika Birləşmiş Ştatlarının silah embarqosu, Kipr mövzusunu bir qədər də ön plana çıxartmışdı. Beynəlxalq münasibətlər təsəvvür edilməyəcək dərəcədə gərginləşmişdi.

O zaman mənim kimi ölkə xaricindən kənarda çalışan qəzetçilərə ehtiyac vardı. Mən ancaq Brüssellə, oradakı təşkilatlarla (NATO və Avropa Birliyi-AB) əməkdaşlıq etməklə kifayətlənmədim. Xaricdə yaşamağın üstünlüyündən istifadə edib, vəzifə sərhədlərimi genişləndirdim.

Artıq ulduzum parlamağa başlamışdı. 1974-cü ildən sonra Vaşinqtona, Afinaya, Strasburqa (Avropa Şurası üçün) gedirdim. Brüssel, mənə sadəcə xəbərçilik baxımından yox, şəxsi baxımdan da çox xeyirli oldu. Məhsuldarlığım artmışdı. Vaxtdan səmərəli istifadə etdiyim üçün kitablar yazmağa başladım.

Brüsseldə yaşadığım 20 il məhsuldarlığımın yüksək səviyyədə olduğu dövr idi. Yazdığım və hər biri böyük maraq doğuran kitablarımın siyahısı bunun təsdiqidir:

Kipr hərəkatının gizlinlərini, Türkiyənin hərəkatdan sonra xarici əlaqələrindən bəhs edən “30 isti gün” (1976) və “Dieta” (1979) kitabları ard-arda çap olundu.

“Bir bazar hekayəsi” (Türkiyə-Avropa əlaqələri) kitabının ilk nəşri 1978-ci ildə təsadüf etdi. Kitab 2005-ci ilə qədər 10 dəfə təkrar çap olundu. Təkrar nəşrlərdə ən son dəyişikliklər kitaba əlavə olundu və sonda “Türkiyənin Avropa macərası” adı ilə, Türkiyənin Avropa Birliyi tarixini bütöv halda əks etdirən kitab ərsəyə gəldi.

“Əmr et, komandirim” (1986) (Türkiyə Silahlı Qüvvələrində (TSK) zabitlərin necə yetişdirildiyi, TSK-nın iş mexanizmdən bəhs edən, TSK ilə bağlı mülki şəxs tərəfindən yazılmış tək kitabdır. “Milliyət” nəşrləri)

“12 sentyabr 04.00” (1983), “APO və PKK” (1988) kitablarını da yazdım.

1985-ci ildə bir addım da atdım və TRT telekanalında “32-ci gün” adlı, aylıq xəbər proqramını aparmağa başladım. Artıq qəzetçilik məni qane etmirdi.

Televiziya vasitəsilə daha geniş kütlələrə səsimi eşitdirmək istəyirdim. Beynəlxalq münasibətlərdən bəhs edən, əcnəbi dövlət adamlarının qonaq olduğu proqram hazırladım. Veriliş TRT-dəki digər verilişlərin sakit dilindən fərqləndiyi üçün çox bəyənildi. Proqramı, Avropa televiziyalarında gördüklərimdən təsirlənərək hazırlamışdım. “32- ci gün” proqramı gözlədiyimdən də artıq bəyənildi və məni şöhrətin zirvəsinə qaldırdı.

Proqramın uğurlu alınmasında Can Dündar, Mithat Bərəkət, Çiğdəm Anat, Əli Kırca, Dəniz Arman, Cüneyt Özdəmir, Rıdvan Axar, Musa Çözən, Talip Qorxmaz, Sacit Baydar başda olmaqla müxbir, operator və texniki işçi heyətinin böyük əməyi vardı.

“32-ci gün” üçün müsahibə aldığım məşhurların siyahısı bir xeyli artdı - eks Fransa prezidentləri Fransua Mitteran və Jak Şirak, Avropa Komissiyasının keçmiş rəhbəri Romano Prodi, İordaniya kralı Hüseyn və oğlu Abdullah, Suriya prezidenti Bəşər Əsəd, İraq diktatoru Səddam Hüseyn, SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin, Fələstin lideri Yasər Ərafat, Almaniya kanslerləri Helmut Kol, Gerhard Şröder və İngiltərənin keçmiş baş naziri Marqaret Tetçer, Karamanlis, Mitsotakis, İsaq Rabin, Şimon Peres və s.

1986-cı ildə növbəti bir addım da atdım və Sovetlər Birliyi rəhbərlərini, həm də “Milliyət”in rəhbərliyini inandırıb, Moskvada büro açdım.

Hər ay Moskvaya gedib, prosesləri izləyirdim. O ərəfələrdə Qorbaçovun yenidənqurma siyasəti başlamışdı.

Moskva-Brüssel arasındakı səfərlərim analizlərimə rəng qatdı, təcrübəm daha da artdı.

Ancaq “32- gün” verilişini aparmaq da məni qane etmirdi. Televiziya proqramı hazırlamaqla yanaşı sənədli filmlər hazırlamaq üçün fəaliyyətə başladım.

1989-cu ildəki “Kipr” sənədli filminin arxasınca “Demirkırat” (27 may çevrilişindən bəhs edən sənədli film) “12 mart-12 sentyabr” və “Özallı illər” gəldi. Bütün bunları Can Dündar və Bülənt Çaplı kimi iki nəhəng şəxsin köməkliyi ilə reallaşdırdım.

Qəzetçilik və şəxsi həyatıma uzun müddətli təsir edən hadisə 1988-ci ildə Livanın Beka vadisində PKK düşərgəsində Abdullah Öcalandan hazırladığım reportaj oldu.

O vaxta kimi Öcalan heç kimə müsahibə verməmişdi və ilk dəfə “Milliyət”ə müsahibə verməsi skandal yaratdı. Reportajın yayımı dayandırıldı. Reportaj orduyla münasibətlərimin pozulmasına səbəb oldu. Avropada qəzetçilik işim 1991-ci ilinə qədər davam etdi. Cəmrə ilə vətənə qayıtmağa qərar verdik. Oğlumuz Umur da orta məktəbi bitirmişdi. Həyatımızı ya tamam Brüsseldə yaşamalı, ya da Türkiyəyə qayıtmalı idik. Avropadakı həyatımız ailəliklə hamımıza çox şey verdi, ancaq yorulmuşduq.

1991-ci ilin iyununda İstanbula qayıtdıq və həyatımız tamam dəyişdi. Həqiqəti deməliyəm ki, həyatımız qaralsa da, digər tərəfdən sevdiyimiz insanlara yaxın olmağın ləzzətini çıxarırdıq.

Uzun illər çalışdığım “Milliyət”dən ayrılıb “Sabah” qəzetinə keçməyim və “32-ci gün” proqramını Show TV-də aparmağım İstanbuldakı həyatımı çox dəyişdi. Həm də o vaxtlar PKK terrorunun artmasıyla əsən fırtınaların arasında qaldım. Dövlətin siyasətinə müxalif münasibətim də mənə baha başa gəldi. İllər sonra fərqinə vardım ki, TRT tərəfindən məhkəməyə verilməyimdə də ordunun əli var imiş. İllər boyu məhkəmələrlə mübarizə apardım. 1997-ci ildə məşhur 28 fevral çevrilişinə müxalifliyim və kürd problemində rəsmi ideologiyaya qarşı çıxdığım üçün ordu tərəfindən xain elan olundum.

Silahlı Qüvvələrin Baş Qərargahında hazırlanmış ssenari nəticəsində, “Sabah”-dan qovuldum və “Show” TV-dəki proqramım bağlanıldı.

Ordu, kürd problemiylə bağlı mövqeyimə görə məni cəzalandırmışdı. Həyatımda heç vaxt bu qədər əzab çəkməmişdim. 1997-ci ilin iyulunda ordudan qorxmayan yeganə rəhbər Aydın Doğan, “CNN TÜRK” telekanalında mənə vəzifə verdi və “POSTA” qəzetində yazılar yazmağa başladım. “Doğan” qrupla yenidən işləmək çox xoş idi. “CNN TÜRK”-də keçən illərim çox gözəl idi. “Manşet” adlı gündəlik siyasi tok-şou da hazırladım.

Proqram çox uğurlu alındı. 2005-ci ildə “Kanal D” “Ana Xəbər Proqramı”nın əsas yayın rejissoru oldum. Bilmədiyim sahə olsa da, zənnimcə işin içindən üzağ çıxdım.

2009-cu ilin yanvar ayında “CNN TÜRK” yenidən həyatıma daxil oldu. Türkiyədə ilk dəfə tətbiq olunan proyekt üçün qollarımı çırmalamışdım. Həm “CNN Türk”-ün, həm də “Kanal D”-nin əsas yayın rejissorluğunu üzərimə götürdüm. Birlikdə ortaq xəbər mərkəzi yaratdıq.

Bu sətirləri yazana qədər də işimin başında olduğuma görə, demək ki, hələ də işimdə uğur qazana bilmişəm.

Bütün həyatım boyu yüzlərlə konfransda iştirak edib çıxışlar etdim və mükafatlar aldım. Ancaq heç biri Avropa Şurasının “İlin qəzetçisi” (1987), TÜYAP kitab sərgisinin “İlin yazarı” (1976), Lion klublarının Melvin Jones Fellow və fransalıların “Cəngavər” ordeni (1993) kimi məni sevindirmədi.

Tərcümə etdi: Fərid MİRZƏYEV

Oxşar xəbərlər

Xəbər lenti

Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020