Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi            

Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi            
21 iyun 2021
# 17:11

Kulis.az 13 yaşlı yazar, “Gənc İstedadlar” Liseyinin 7-ci sinif şagirdi Selcan Kərimlinin “Bir topa kül” hekayəsini təqdim edir.

Bir dəfə dərsdən qayıdarkən kədərli bir mənzərənin şahidi oldum. Qonşumuz Səidə xala evlərindəki bütün kitabları həyətə töküb yandırırdı.

Səidə xala əlli-əlli beş yaşlarında, kök, alçaqboy, nurani bir qadın idi. Onun iki uşağı vardı: Aysu və Məhəmməd

Məhəmməddən üç yaş böyük olan Aysu həkim olmaq üçün Türkiyədə təhsil almağa getmişdi. Evin kiçik uşağı Məhəmməd isə internatda on birinci sinifdə oxuyur və bu il universitetə hazırlaşırdı.

Uşaqlarının heç biri evdə olmadığından Səidə xala çox darıxırdı. Uşaqlarına olan həsrətini az da olsa unutmaq üçün hər zaman bizə mehribanlıqla yanaşırdı. Bizi görən kimi hal-əhvalımızı soruşub deyərdi:

- Səidə xalanız sizə qurban. Necəsiniz? Gəlin qonaq olun, çay-çörək yeyin.

Onun təklifini qəbul etmədikdə isə bizə şokolad verərdi.

Səidə xalanın heyvanlara – pişiklərə, itlərə, quşlara da böyük sevgisi vardı. Onlara yem verir, yuvaları olmayanlara yuva düzəldirdi. Bir neçə dəfə mən də ona yuva düzəltməkdə kömək etmişdim. Həmin vaxt Səidə xalanın heyvanlara nə qədər məhəbbəti olduğunu anlamışdım. Sanki, heyvanlar da onun sevgisini bilirdi. Çox vaxt onun qapısının qabağında, bəzən isə keçib evinin içində yatırdılar.

Lakin uşaqlara, it və pişiklərə göstərdiyi münasibəti kitablara göstərmirdi. Hələ Aysu və Məhəmməd orta məktəbdə oxuyanda onun kitablardan zəhləsi gedirdi. Bir dəfə onlarda idim. Yenə məni yolda görüb evə dəvət etmişdi. Həmin vaxtlar uşaqları hələ onun yanında idilər. Səidə xala mənə gileylənməyə başladı:

- Qızım, vallah evdə kitab əlindən tərpənmək olmur. Uşaqlarıma dəfələrlə deyirəm ki, dərsdə lazım olan kitabları saxlayın, lazımsızları atın getsin. Guya oxuyub alim olacaqlar.

Soruşdum:

- Lazımsız dedikdə hansı kitabları nəzərdə tutursan, Səidə xala?

Cavab verdi:

- Nə bilim e... Bədii kitab deyirlər deyəsən. Hə, bədii kitabları, qızım. Hələ keçən illərdən qalma dərs kitablarını demirəm. Nəyə lazımdır onlar? Düz demirəm? Səhv deyirəmsə, de ki, səhv deyirsən.

Səidə xalanı çox sevirdim. Ona böyük hörmətim vardı. Aramızın pozulmasını heç istəmirdim. Ona görə də belə dedim:

- Doğru deyirsən, xala.

Bir az sonra evə dönəndə yalnız bayaq Səidə xala ilə danışdıqlarımızı düşünürdüm, onun dediyi sözlər yadımdan çıxmırdı. Görəsən, belə istedadlı uşaqları olan bir ana kitablara necə nifrət edə bilərdi?

...Çantamı yerə atıb kitaba onu yandıra biləcək qədər nifrət edən xalanın yanına qaçdım. Onu dayandırmaq, bunun doğru hərəkət olmadığını başa salmaq istədim. Amma heç bir xeyri olmadı. O, məni dinləmədi, qulaqardına vurdu. Bunu gördükdə böyüklərə xəbər verməyə getdim. Onlar gəldilər. Xala isə artıq kitabları oda vermişdi. Bütün kitablar yanmamış bir neçəsini qurtardıq. Digərləri isə yandı.

Bir az sonra yanan kitabların yerində bir topa kül görünürdü.

Düşündüm ki, görəsən, Səidə xalanın uşaqları illərlə onlara oxumaqda hər zaman yardım etmiş, vəfalı dostlarının – kitablarının yandığını bilsələr nə edəcəklər? Səidə xalaya baxdım. O, evində boş yer çoxaldığı üçün sevinirdi. O bir topa kül isə onun uşaqlarına bilik vermişdi.

# 2771 dəfə oxunub

Oxşar xəbərlər

"Mən insanları aldadan  saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

"Mən insanları aldadan saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

15:00 27 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər