Sedat Pekerin ədəbiyyat sevgisi

Sedat Pekerin ədəbiyyat sevgisi
1 iyun 2021
# 10:06

Kulis.az Ayxan Ayvazın "Sedat Pekerin ədəbiyyat sevgisi" adlı yazısını təqdim edir.

Qabaqlar Türkiyə siyasi tarixini bilmək istəyənlər “Kurtlar Vadisi” serialına baxırdılar, zaman keçdi, ortaya bir mafiya babası çıxdı, özünə Yutub səhifəsi açdı və başladı danışmağa, hamı da oturub ona baxdı.

Rəis Sedat Peker. Yutubdakı izlənmə sayısına baxanda şoka düşürsən. Doğrudan da, Türkiyə böyükdən-kiçiyə oturub bu adamın danışmağını gözləyir. Milyonlarla baxışı olan Sedat Peker Türkiyə siyasətinin qaranlıq və gizli məqamlarına işıq tutur. Nə qədər gerçək, nə qədər yarıgerçək, nə qədər yalandır, orasını deyə bilmərəm, amma bu bir həqiqətdir ki, Sedat Peker bu gün ən çox baxılan serialdan belə çox izlənir.

Düzü, mən Sedat Pekerə oturub baxa bilməmişəm. Çünki çox uzun danışır və açığı, səbrim çatmır baxmağa. Ancaq onun videolarının qısa icmalını verən bir-iki videoya baxanda bir şeyə fikir verdim: Sedat Pekerin danışığı, nitqi qüsursuzdur. Biz əvvəl lağ eləyirdik ki, “Kurtlar Vadisi”ndə hamı filosof kimi danışır, indi həqiqətdə bunu görürük.

Səbəb nədir, bilirsiniz? Kitab oxumaq. O günləri dostumuz, Yutuber Sərxan Rüstəmov da bu haqda bir video çəkmişdi. Yeri gəlmişkən, dostumuzun belə bir vəziyyətdə, kitaba marağın solduğu bir dövrdə yorulmadan, usanmadan videolar hazırlaması yalnız və yalnız alqışlanası haldır.

Bəli, yanlış eşitmədiniz: kitab oxumaq. Kənardan mafiya babasının kitabla nə işi olar deyirsiniz, ancaq həqiqət dəyişməz qalır. Mən hətta bizim “vor-zakon” aləminin də kitaba necə həssas yanaşdıqlarını görmüşəm. Səhv eləmirəmsə, bir dəfə yenə bu Yutubdan Lotu Bəxtiyarın hansısa məclisdəki görüntüsünü izləmişdim. Qəribədir, həmin məclisdən heç nə yadımda qalmayıb, amma bircə o yadımdadır ki, Lotu Bəxtiyar Tolstoyun adını çəkirdi.

İndi Türkiyəni alt-üst edən, Türkiyə mediasının gündəmini günlərdir məşğul edən Sedat Peker də mənə məhz kitablarla bağlı danışdığı hissələrlə maraqlı gəldi. Onun ən çox sevdiyi müəllifin Mario Puzo olduğu çəkdiyi videolardan üzə çıxır. Yəqin ki, tanıdınız, “Xaç atası”nın müəllifini deyirəm. Hər videoda masasında, yaxud lövhəsində kitablar olur. Deyilənə görə, o kitablarla da izləyicilərə mesaj göndərir. İndi tutan da olur, tutmayan da. Əsas məsələ bu deyil. Əsas məsələ odur ki, Sedat Peker kitab oxumağın vacibliyi haqqında danışır. Və kitabın əhəmiyyətini də vurğulayır.

Bir dəfə hansısa məclisdə indi adı yadımdan çıxan bir hocamıza soruşdular ki, kitab oxumaq nəyə lazımdı? Hocamız boğazını arıtlayıb bircə kəlmə dedi: “Səni dinləyəcək səviyyədə danışmağın üçün”.

Bir sözlə, maraqlı olmaq üçün kitab oxumaq şərtdir. Yəni Sedat Peker yalnız danışdığı siyasi söhbətlərlə maraq qazanmayıb, həm də onu maraqlı danışdığı üçün diqqət çəkib.

Bəhanələrə gərək yoxdur. Elə bu yazının sonunda, Sedat Pekerin təbirincə, demək istəyirəm: “Oxuyun, arxadaşlar... Bizə oxumaq qalacaq”.

# 2166 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #