news-inner
clock15:10 calendar-gray 29 Yanvar 2021 view-gray1025 dəfə oxunub
view-gray1025 dəfə oxunub

Dumanın içindəki qeyri-adi varlıqlar – Mahirdən sehrli hekayə

Kulis.az yazıçı Mahirin “Duman” hekayəsini təqdim edir.

Ətraf bir anda göz-gözü görməyəcək qədər qatı dumana bürünür. Bu yerlərin havası qadın ovqatı kimidi, hər an sürprizə hazır olmalısan. Duman yorğunluğumu bir az da artırır, geridə qalan ayağımı sürüməyə taqətim qalmayıb. Əlimdəki uzun ağaca söykənib məcburi dayanıram. Dincəlmək lazımdır, onsuz da tələsmirəm, dağın başına çatmağıma az qalıb, yoxuş bitir. Çiyərlərimə çəkdiyim nəmli hava sakitləşdirir məni. Tezliklə soyuq şimal küləyi əsməyə başlayacaq, duman da bir küləyə bənddir. Qarşımda yenə həmin gözəl mənzərə açılacaq, uzaqlarda sıralanmış ən hündür dağların zirvəsi görünəcək. Mən daha uca olan o dağların heç birinin zirvəsinə çıxmamışam, qəribədir, bunu heç arzulamamışam da. Dağlar uzaqdan daha maraqlı görünür. Həm də mənim öz dağım var. Çox sevirəm onu.

Azca dincəldikdən sonra yoxuşun qalanını birnəfəsə çıxaraq futbol meydançası boyda böyük düzənliyə çatıram. Duman daha da qatılaşıb, heç yer görünməsə də meydançaya “künc zərbəsi” nöqtəsindən girdiyimi bilirəm. Burda ayağının altına baxmadan da qorxusuz irəliləmək olar, çünki bir neçə xırda qarışqa yuvasını nəzərə almasaq çala-çuxursuz, daş-kəsəksiz rahat düzənlikdir. “Cərimə meydançası”ndan çıxıb “mərkəz xəttə” doğru irəliləməyə çalışıram. Ancaq addım-addım istiqaməti itirdiyimi hiss edirəm.

Azmaq? Mümkün deyil. Mən bu dağı gözübağlı gəzərəm, ağlım kəsəndən, ayağım yer tutandan günüm buralarda keçib. Qarış-qarış tanıyıram hər yeri. O qədər yağışa, dumana düşmüşəm ki burda. Hətta bir dəfə dumanın üstünə də çıxmışam. Gerçəkdən. Ağappaq, yumşaq duman idi, yuxarıya qalxdım, qalxdım, bir də gördüm duman ayağımın altında qalıb, hər tərəfə göz işlədikcə yol uzanır. Üstüylə xeyli yeridim, hətta dünyanın sonuna kimi gedə bilərdim istəsəydim. Sonralar heç kimi dumanın üstündə gəzdiyimə inandıra bilmədim. Bir dəfə də yumurta boyda dolu yağması yadımdadı. Bəlkə də o boyda deyildi, amma çox iriydi. Göy gurultusuz, şimşəksiz, xəbərdarlıq eləmədən qara bir bulud topasından yerə səpələnməyə başlamışdı. Qaçaraq özümü meşəyə çatdırana kimi başıma, qoluma, kürəyimə neçə yerdən döşədi. Ən pisi, qara bulud məni doluya tutmaq üçün başımın üstüylə qaçırdı. Palıd ağacının altına vermişdim özümü, ancaq dolu dənələri elə iri idi ki, ağacın qalın budaqlarını, sıx yarpaqlarını qırıb-tökür, məni gizləndiyim yerdən çıxarmağa çalışırdı. Uşaq olsam da ağlamırdım, ağlamaq istəmirdim. Eləcə, ağacın gövdəsinə daha çox sığınıb yerlə-göyün birləşməsinə baxaraq tezliklə öləcəyimi düşünürdüm. Dolu başladığı kimi qəfil kəsənəcən elə qalmışdım. Sonralar ölümdən qurtardığıma, dolunun məni öldürmək istədiyinə də inanmayaraq gülmüşdülər. Və mən o vaxt hamıdan incimişdim...

Duman elə qatılaşır ki, dayanmalı oluram. Gün hələ indi günorta olar, ancaq hər tərəf boz-bulanıq rəngə bürünüb. Ürəyimdən kimisə çağırmaq, qışqırmaq, ya da uca səslə oxumaq keçir. Səsim çıxmır. Bəlkə heç olmasa, fışqırıq çalım? Öz fikirlərimə gülsəm hər şey düzələr yəqin, di gəl gülə də bilmirəm.

...Hənirti eşidirəm. Ətrafımda bir hərəkət var sanki. Gözlərimə iti baxışlarla dumanı yarıb görə bilməsini əmr edirəm. Alınır, nəhəng, boz rəngdə siluetlər görürəm –qəribə varlıqlar! Hardansa gəliblər yəqin, bu yerlərdə belə varlıqlar yaşamır. Ağır-ağır yaxınlaşırlar və məni hər tərəfdən mühasirəyə alırlar. İndi onları nisbətən daha yaxşı görə bilirəm. Ayaqları yoxdur, iri bədənləri yerlə sürünür, hərəsinin ağac budağına oxşayan üç qolu var – ikisi yanlarda, daha uzun olan üçüncü başlarının arxasından yuxarı qalxıb havada yellənir. Bədənlərindən böyük olan başları tez-tez quruluşunu dəyişir, nəyə oxşadığını bilmək olmur. Başlarında yalnız göz dəlikləri və yekə ağız var, burunları yoxdur. Ətrafımda dairəvi dayanırlar. Yəqin mən də artıq “mərkəz nöqtəsi”ndəyəm.

Qorxmuram! Siz kimsiniz, məni öz dağımda mühasirəyə alasınız? Yaxın gəlsəniz, əlimdəki ağacla məhv edərəm hamınızı! Qəzəbimi səsli ifadə eləməyə ehtiyac qalmır, yəqin, fikirlərimi oxuyurlar və hamısı eyni vaxtda gülməyə başlayır. Səsləri çıxmır, zəif xışıltı eşidirəm sadəcə, ancaq ağızlarının hərəkətindən hiss edirəm güldüklərini. Digərlərindən xeyli kiçik olan biri halqadan içəri soxularaq mənə yaxınlaşmaq istəyir. Döyüşə hazırlaşıram! Daha artıq yaxınlaşmalarına icazə vermək olmaz! Ancaq buna ehtiyac qalmır, uzun qollardan biri kiçiyi geri itələyir. Qol balacanın başıyla bədənini ortadan yarıb keçir və o, dağılaraq yoxa çıxır. Dairə yenidən bərpa olunur.

Əsas sakit olmağı bacarmaqdır, indi buna çox ehtiyacım var. Nə baş verdiyini anlamağa çalışıram. Fikirlərimi oxuyacaqlar yenə, cəhənnəmə ki! Yadıma salıram – günəşli havaydı, dağın başına çatmağıma az qalmış qatı duman gəldi, sonra? Burdan sonrasını düşünə bilmirəm, fikirlərimi də qatı duman bürüyüb. Deyəsən, buna oxşar nəsə yaşamışam axı. Tam əmin deyiləm, ancaq əgər olubsa da çoxdan olub. O vaxt sağ qalmışam, ölməmişəm, deməli qorxulu bir şey yoxdur. Ümid edirəm, ölmək üçün daha yaxşı variantlar çıxar qarşıma. Mənə qalsa, ən yaxşısı yuxuda ölməkdir, görək də, qismət...

Ətrafımdakı dairədə hərəkət yaranır. Yerimdə fırlanaraq hamısına baxmaq istəyirəm. Yəqin, yenə nə düşündüyümü başa düşürlər – uzun müddət məşq ediblərmiş kimi dairə boyu sürünməyə başlayırlar. Rəqs edirlər deyəsən. Aha, xışıltı da artdı. Hamısı eyni qaydada ağızlarını açıb-yumur. Səslərini eşitməsəm də, həzin mahnı oxuduqlarını hiss edirəm. Deyəsən, artıq mən də onları anlamağa başlamışam. İlahi, necə də gözəl oxuyurlar! Hardansa heç vaxt eşitmədiyim alətdə musiqi də səslənir! Qəzəbim duman kimi dağılıb yoxa çıxır. Get-gedə özümü rahat, hətta xoşbəxt hiss edirəm! Bu musiqinin uzandıqca uzanmasını istəyirəm. Qoy ətrafımda sürünərək rəqs etsinlər, oxusunlar, mən də ömrümün sonuna kimi dinləyim, bir anda hər şey mənə elə gözəl gəlir ki!

Duman bir az da qatılaşır və yəqin bu son həddir, bundan qatı duman ola bilməz. Qəfil gurultu həzin musiqinin səsini batırır. Bu, artıq gerçək gurultudur – hər tərəfi bürüyür və getdikcə güclənməyə başlayır. Ayağımın altında yerin titrədiyini hiss edirəm. Gurultunun içində insanın əsəblərini qıcıqlandıran qəribə bir cırıltı var – elə bil dəmir parçalarını bir-birinə sürtürsən, səs uzaqdakı dağlara qədər gedir, qayalara dəyib qayıdır və ətrafa vahimə yaymağa davam edir. Get-gedə yaxınlaşır, yaxınlaşdıqca güclənir. Sanki düz başımın üstünə çatıb. Göyə baxmağın xeyri yoxdur, onsuz da heç nə görünmür. Mənsə, ətrafımda dairə yaratmış varlıqların dərdini çəkirəm, kaş qorxub qaçmasınlar. Yerimdə dönüb hamısına ayrı-ayrı diqqət yetirirəm. Rəqsləri dayanıb, mahnı da oxumurlar. Hiss edirəm ki, çaşqın və narazıdılar. Ayağımın altında yerin titrəməsi pik həddə çatıb hər şeyi məhv etmiş gurultu kimi azalmağa başlayır. Nədirsə ötüb keçir deyəsən. Səs azaldıqca qəzəbim artır. Əlimdəki yeganə “silahımı” – ağacı bu gurultuya doğru qolazlamaq istəyirəm, ancaq onsuz da narazı olan varlıqları incidəcəyimdən qorxuram. Səs başladığı kimi də yavaş-yavaş yerini bayaqkı səssizlik qədər yavaş xışıltıya buraxaraq yoxa çıxır. Görəsən, hər şeyi yenidən başlamaq olarmı? Bilmirəm niyəsə özümü günahkar hiss edirəm. Ancaq mən belə olmasını istərdimmi? Hər şey elə gözəl idi ki! Dumanı da, ətrafımdakı qəribə varlıqları da, onların rəqsini də, mahnısını da çox sevmişdim.

Üzümə ilıq meh dəyir. Təəccüblənirəm, demişdim axı, bu yerlərdə həmişə Şimal küləyi əsir – soyuq küləklər. Yox, yanılmıram, budəfəki isti küləkdir. Get-gedə artır. Artıq heç nəyi dəyişə bilməyəcəyimi anlayıram. Az sonra qatı duman özüylə gətirdiyi qəribə varlıqları da götürüb tələsik qaçmağa başlayır. Hər yan aydınlanır. Qarşımda yenə həmişəki mənzərə açılır, uzaqlarda sıralanmış ən hündür dağların zirvəsi görünür. Nə qədər vaxt keçdiyini bilmirəm, lakin harada dayandığımı görürəm – “mərkəz nöqtəsi”ndəyəm...

19.01.2021

news-inner-user

19092 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021
Fulya Öztürkdən film çəkilsinmi?
10:22 21 İyun 2021