O kənd bizim kəndimizdir - Qalib Şəfahət yazır...

O kənd bizim kəndimizdir - Qalib Şəfahət yazır...
11 yanvar 2021
# 15:50

Kulis.az Qalib Şəfahətin “O kənd bizim kəndimizdir” adlı hekayəsini təqdim edir.

Onda əsgər idim. Cəbhə bölgəsində xidmət edirdim. Düşmənlə üz-üzə dayanmışdıq. Həmin günü müşahidə postunda keşik çəkirdik.

Bir yaşlı qadının orta yaşlı kişinin yanında asta-asta səngərə yaxınlaşdığını gördük. Əvvəlcə gözlərimə inanmadım. Neçə vaxt idi mülki geyimdə adam görmürdüm. Mənə xəyal kimi gəlirdi. Bir də diqqətlə baxdım. Yox, bu həqiqət idi.

Şübhələnməyə başladım: "Yaşlı qadın səngərə niyə yaxınlaşsın? Nə işi ola bilər burada?! Özləri bilir ki, buradan o yana düşmənin zəbt etdiyi ərazilərdir. Ya düşmən tərəfin növbəti hiyləsidir, ya da kimsə onlar tərəfdən canından bezib bizim tərəfə keçib,” – fikirləşdim.

- Dayan! - komandası verdim.

Kişi ayağını saxladı, qadın başından yaylığını açıb yelləyə-yelləyə bizə yaxınlaşırdı. Yerimdə donub qalmışdım. Əsgər yoldaşımla bir-birimizin üzünə baxırdıq. Nə edəcəyimizi bilmirdik. Postda mülki şəxslərlə təmas yolverilməz idi.

Yaxınlaşdıqca qadının səsi aydınca eşidilirdi:

- Oğlum, narahat olmayın, mən sizdən o yanda yerləşən kənddənəm. Kəndimiz yadıma düşüb. Dedim, yaxından görə bilməsəm də, heç olmasa uzaqdan baxım. Yaşlı adamam, bu gündən sabaha etibar yoxdur.

"Kəndimiz” deyəndə kövrəldim. Bir anlıq öz kəndimiz yadıma düşdü. Biz də öz kəndimizi Göyçə mahalında qoyub gəlmişdik. Əsgər olmaq, bir ananı qıracaq qədər qəddar olmaq deyil ki…

Ziddiyətli düşüncələr içində idim. Qadın isə davam edirdi:

- İndi bu kənddə yaşayırıq. - Əli ilə gəldiyi tərəfi göstərdi. - Neçə gün idi əzizlərimi yuxuda görürdüm. Gileylənir, məni etibarsızlıqda günahlandırırdılar. Deyirdilər, bu illər ərzində bizi niyə arayıb axtarmırsan? Cavab verə bilmirdim. Deyə bilmirdim, yollar əvvəlki yollar deyil. Bu kənddən o kəndə 20-30 dəqiqəlik piyada yolu çox uzanıb. 20 ildir o kəndə yol gedirəm, hələ də gedib çata bilmirəm.

Öz hıçqırtıma oyandım. Yuxumu oğluma danışdım. Uzaqdan olsa da öz kəndimizə baxmaq istədiyimi söylədim.
Qadın həsrətlə qarşıda görünən viran qoyulmuş kəndə baxırdı.

Dərindən köksünü ötürüb dedi:

-Ay bala, necə yerlə yeksan ediblər. O gözəl kəndimizdən əsər-əlamət qalmayıb, xarabalığa bənzəyır.

Günəş şəfəqləri düşən kəndin ortasındakı tikilinin dam örtüyü parıldayırdı:

-Hə, bax orda xalçaçılıq muzeyi var idi. Qız-gəlin orda xalça toxuyurdu. Özü də əsl Qarabağ xalcası. Yəqin indi dağıdıblar. Bizim ev oraya çox yaxın idi. Eh, gözəl günlər var idi.

Oğlu gülümsünərək dedi:

-Ay ana, bəs deyirdin gözüm yaxşı görmür. Göz dəyməsin, gələndə məndən yeyin gəlirdin?!

-Hə, a bala, yurd həsrəti ağır dərddi. O tərəfin adı çəkiləndə ayağım da açılır, gözümə də işıq gəlir.

Dünyanın gözəl vaxtlarında bir yana ayağım düşəndə ev-eşiyi kişiyə tapşırardım. Bu dəfə o da yoxdu, rəhmətə getmişdi. Qapıları bağlayıb açarlarını özümlə götürmüşdüm. Hələ də saxlayıram. Elə bilirəm qismət olacaq, nə vaxtsa o tərəflərə bir gedə biləcəyəm.
Arvad düz gözümün içinə baxırdı. Sanki demək istəyirdi, izn versəydin kəndimizə gedib dəyərdim. Baxışlarından oxuyurdum. Özümü günahkar kimi hiss edirdim. Onun arzusunu yerinə yetirməkdə çox aciz idim.

O, dillənəndə xəyaldan ayrıldım.

- Kaş heç olmasa o qəbirsanlığa (qəbirsanlıq sərhədə yaxın yerləşirdi) gedib onları ziyarət edə biləydim. Bilirəm, mümkün deyil.
Sağollaşıb gedəndə, mənə, ”bala, imkan tapsan, bizə gələrsən, bax, evimiz o görünən təpənin üstdəki evdi, mütləq gəl ha!”- dedi.

- Gələcəyəm, - deyib söz verdim.

Hərbi xidmətib başa vurub, təxris olunmuşdum. Bənövşə nənəyə verdiyim söz yadımdan çıxmamışdı.

Məni oğlu qarşıladı. Evə dəvət edib, çay süfrəsi açdı. Amma Bənövşə nənə gözə dəymirdi. Evdə olsaydı, gəlib mənimlə görüşərdi.

Oğlu mənim döyukdüyümü görüb sözə başladı:

- Yəqin Bənövşə nənəni axtarırsan. Yazıq arvad elə bil o ziyarətə bənd imiş. Gəldik, sağ-salamat yerinə girib yatdı. Səhər isə yuxudan oyanmadı. Söz-sovsuz dünyadan köçdü.

Allah rəhmət eləsin, deyib ayrıldım. Tezliklə yolumu gözləyən yaxınlarıma qovuşacaqdım. İçimdə bir təlatüm vardı. Bilmirəm yaxınlarıma qovuşmaq arzusu idi, yoxsa o kənd haqqında təəssüratlar mənı çox darıxdırırdı.

Avtobus uzaqlaşdıqca kənd mənə daha da yaxınlaşırdı. Mən onu tərk etmişdim. Məni tərk etmirdi o kənd. Evimizə kimi mənimlə gəldi. Kəndimizə gətirmişdim o kəndi. İndi kəndimizdən baxıram o kəndə…

O kənd bizim kəndimizdir!..

# 3317 dəfə oxunub

Oxşar xəbərlər

Holokost, köləlik travması, şəhvət... - Ədəbiyyat üzrə Nobel mükafatı alan qadın laureatlar kimlərdir?

Holokost, köləlik travması, şəhvət... - Ədəbiyyat üzrə Nobel mükafatı alan qadın laureatlar kimlərdir?

15:00 11 yanvar 2026
Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

12:00 11 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
"Məni ona bənzədəndə xoşum gəlir" - Sevdiyim qızın xatirə dəftərində nə yazılmışdı?

"Məni ona bənzədəndə xoşum gəlir" - Sevdiyim qızın xatirə dəftərində nə yazılmışdı?

10:00 10 yanvar 2026
Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə

Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə

12:00 9 yanvar 2026
"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski  nə söyləmişdi?

"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski nə söyləmişdi?

15:00 8 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər