Sən anamdan da gözəlsən - Fələstinli şairin şeirləri

Sən anamdan da gözəlsən - Fələstinli şairin şeirləri
11 yanvar 2021
# 17:29

Kulis.az "Sözün güneyi" layihəsində təbrizli şair Ümid Nəccarinin tərcüməsində tanınmış Fələstin şairi Mahmud Dərvişin şeirlərini təqdim edir.

Alnın mənim Vətənimdir

Alnın mənim Vətənimdir.
Dinlə məni…
Və bu barmaqlıqların arxasında bir alaq otu kimi,
buraxma məni.
Köçdə olan bir göyərçin təki,
Məni öz halıma buraxma.
Gündüzün qaranlıq ayı kimi,
Budaqların arasından görünən bir ulduz kimi,
Məni öz kədərimlə buraxma.
Dustağımın qapısına Günəşi səpən bir əl ilə məni həbsə al.
Məni yandırmaq həvəsilə bir daha
Geri qayıt!
Mənə müştaqsansa,
Məni daşlarımla,
Məni zeytun ağaclarımla,
Məni pəncərəylə,
Palçıqla…
Alnın mənim Vətənimdir.
Dinlə məni, məni tənha buraxma!

Bəlkə bizi də bir təbəssüm gözləyir hardasa

Əlimi sıxdı…
və pıçıltıma üçcə söz dedi:
Həmin üçcə söz ki, günümün bütün varlığı oldu:
“o zaman sabahadək”
İki dəfə üzümü qırxdım,
Ayaqqablarımı parıldatdım,
Dostumun paltarlarını borc aldım,
İki lirə ilə ona tort alam,
Qəhvəli və xamalı.

İndi tək-tənha skamyada oturmuşam.
Və sevgililərlə doludur çevrəm.
Gülüş dodaqlarında.
İnanıram…
Bəlkə bizi də bir təbəssüm gözləyir hardasa
Yoldadır bəlkə,
Bəlkə bir anca yadından çıxıb.
Bəlkə də… bəlkə də…

Uzaq payızın o tayı

Otuz il keçdi o, uzaq payızdan.
Otuz il keçdi Ritanın şəkillərindən.
Keşikdə olan sünbülün ömründən otuz il keçdi,
O uzaq payızda.

Bir gün sənə ürək bağlayıram.
Səfərə gedirəm.
Və sərçələr qanad açır, mənim adıma.
Ölürlər mənim adıma.

Bir gün sənə ürək bağlayıram
Və gözyaşı tökürəm.
Sən anamdan da gözəlsən.
Məni didərgin salan sözlərdən də gözəlsən.
Bu sənin şəklindir su üzərində.
Və bu qürubun kölgəsidir, kölgəmi sevmir.

Bir gün solacaq bu qızılgül yaddaşımızda.
Bir gün şənlik edəcəklər özgələr yaddaşımızda.
Bu ləhzəni su üzərində üzdürmək istəyirəm,
əsatirdə
göy üzündə.
Unutmuşdum səni bu uzaq göy üzündə.
Burada Zanbaqların göyərməyə bəhanəsi yoxdur.
Bəhanəsi yoxdur silahların.
Burada şeirlərin şairi yoxdur.
Uzaqdakı göy üzü.
Evlərin tavanına göz dikir.
Polislərin papağına…

Və unuduram alnımı,
Yer üzü bizə işgəncə verir.
Bu qərib qürub içində bədənin portağal ətri verir
Uzaqlaşır bədənin məndən.
Suala dönür üfüqlər…

Sənə ürək bağlayıram,
Mavi olur dəniz.
Sənə ürək bağlayıram,
Yaşıl olur otlar.
Sənə ürək bağlayıram,
Zanbaq.
Sənə ürək bağlayıram,
Qılınc.
Sənə ürək bağlayıram.
Bir gün mən də öləcəyəm.
Bir gün…
Bir gün sənə ürək bağlayacağam, intihar etmədən.
Saçlarını darayacağam bu uzaq payızın o tayında.

Bir gün sənə ürək bağlayacağam,
Və sərçələr qanad açacaq mənim adıma,
Sərbəst…

Gün keçir,
Bir gün sənə ürək bağlayacağam,
Bir gün diri qalacağam.
Bu uzaq payızın o tayında!

“Yer üzü” şeirindən epizod

Xanəndə mahnı oxuyur od və qəriblərdən.
Xanəndə oxuyur oddan,
Qəriblərdən.
Eləcə gün batır və xanəndə mahnı oxuyur.
“Niyə mahnı oxuyursan?” – soruşurlar.
Cavabda “səbəbsiz mən mahnı oxuyuram” – deyir

Köksünü axtardılar…
Ürəkdən başqa nəsə tapmadılar.
Ürəyini təftiş etdilər,
Xalqdan başqa nəsə tapmadılar.
Səsini təftiş etdilər,
Kədərdən başqa nəsə tapmadılar.
Kədərini axtardılar,
Dustağından başqa nəsə tapmadılar.
Dustağını təftiş etdilər,
Nəsə tapmadılar
Özlərini bağlayan zəncirlərdən başqa.

Təpənin o tayında
Xanəndə yalqızcasına mahnı oxuyur.
Və mart ayında
Kölgələr onun üzərindən yuxarı qalxır.

# 1039 dəfə oxunub

Oxşar xəbərlər

# # #