Əsirlikdən qayıdan Vəliəhədin Lənkərandakı qəbrində uyuyan şəhid

Əsirlikdən qayıdan Vəliəhədin Lənkərandakı qəbrində uyuyan şəhid
18 dekabr 2020
# 12:16

Müharibədə belə hadisələr tez-tez olur; səhv qəbirdə basdırılan şəhidlər, boş şəhid tabutları, sağkən qəbri qazılan qazilər...

Müharibə elə hadisədir ki, dramaturgiyası, atmosferi, yaratdığı situasiya və detalları ilə filmi ötür.

Film həyatın sıxlaşdırılmış və sürətləndirilmiş halıdır, deyirlər.

Müharibə də həyat deyil, həyatın gilizə pərçimlənmiş, preslənmiş barıt halıdır; qorxulu, həyəcanlı, iti...

Əminəm ki, heç bir müharibə filmi müharibənin özündən daha dramatik, həyəcanlı olmur. Həyatda neçə belə hadisə saya bilərik?

İki ay əvvəl Lənkəranda “dəfn olunan” Vəliəhəd Vəliyev erməni əsirliyindən azad olunaraq vətənə gətirildi.

Varmı belə kino?

Yaxud belə bir film çəkilsə, inanarsınızmı?

Hər kəs “Hind filmi”dir deyib keçər.

Amma müharibə bəzə Hindistan rejissorlarından da fantastik səhnə yarada bilir.

Görən Vəliəhəd doğma rayonuna qayıdanda öz “məzarını” ziyarət edəcəkmi?

Bu necə hissdir, ilahi?

Görən, onun anası, atası, əzizləri bu xəbəri eşidəndə nə edib?

Vəliəhəd vətənə dönən kimi hər kəsin beynində bu sual yarandı: bəs onun qəbrində dəfn olunan kimdir?

Müharibənin yaratdığı amansız, ürəkparçalayan bu olay bizə həm də bir neçə mesaj verir: bütün şəhidlər və onların qəbirləri eynidir.

Yeganə statusdur ki, əlavə fərqlənmə nişanı yoxdur, generalından əsgərinə qədər Allah qatında hamısı eyni mərtəbədə qərar tutur. Ona görə, onun yerində basdırılan əsgərin kimliyi bizi nə qədər narahat edirsə, verdiyi mesaj da bir o qədər düşündürür.

Demək, ümid elə bir şey imiş ki, basdırılanda da ölmür, toxum kimi cücərir. Əlinlə qəbrə qoyduğun övladın bir gün hava limanında səmadan enir.

Vəliəhədin qəbri bütün şəhid məzarlarının, bütün şəhidlərin eyni olduğunu o qədər diri şəkildə bizə andırdı ki, indən belə həm də şəhid olan oğulların daha çox “çayxana uşaqları”, “dindarlar”, “filan rayonun uşaqları” olduğunu deyənlərin arqumentləri bitdi.

Həqiqətən də müharibə insanların elə hallarını üzə çıxarır ki, o simalar 100 il sülh dövründə təcəlla etməzdi; illərlə qaradinməz, adamayovuşmaz biri sinəsini sənin qarşına sipər edib gözlərini yumur...

Hər an pislik gözlədiyin biri səni belinə götürüb saatlarla harasa aparır, tükənən qanını kəsir, hər kəs özündən deyəndə susan sısqa biri göz qırpımında qalaya dırmaşıb köksündə gəzdirdiyi bayrağı ora sancır...

İlahi, nəymiş bu müharibə?!

Şəhidlər hamısı eyni cür can verir, son nəfəsindən barıt, torpaq, qan qoxusu gəlir. Vəliəhədin qəbri həm də bir yaddaş quyusu kimi bizi bu həqiqəti anlamaq üçün başına toplayır.

Vəliəhədin qəbri müharibənin amansız silahları qabağında bədəni param-parça olmuş bütün şəhidlərimizin məzarıdır.

Bəlkə də “Naməlum əsgər” abidəsi kimi başqa məzarlarda uyuyan əsgərlərə də bir abidə ucaldılmalıdır.

Bəlkə də elə Vəliəhədin məzarı həmin abidədir.

# 26695 dəfə oxunub

Oxşar xəbərlər

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
#
#
# # #