news-inner
clock16:40 calendar-gray 03 Dekabr 2020 view-gray2179 dəfə oxunub
view-gray2179 dəfə oxunub

Qarabağa ilk dəfə topu o gətirdi, dostu kürəyindən vurdu, Atatürk ona malikanə bağışladı - Adranikə qan udduran Sultan bəydən maraqlı faktlar

Kulis.az Laçın elindən olan, uzun illər ermənilərə qarşı döyüşən xalq qəhrəmanı Sultan bəy Sultanov haqqında maraqlı faktları təqdim edir.


Sultan bəy Əlipaşa bəy oğlu Muradov Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (Hazırkı Laçın rayonunun Kürdhacı kəndində) doğulub. Paşa bəyin oğlu olub. Sultan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanovun qardaşı olub.

***

Sultan bəy ilk təhsilini evdə xüsusi müəllimlərdən aldıqdan sonra Paşa bəy onu Gəncəyə gimnaziyaya qoyur. Gimnaziyada təhsilini başa vuran Sultan bəy daha mükəmməl hərbi təhsilə yiyələnmək arzusu ilə Sankt-Peterburqa üz tutur. Burada bir neçə ay yaşadıqdan sonra Sankt-Peterburq Hərbi Akademiyasına daxil olur. Sultan bəy haqqında olan mənbələrdən belə bəlli olur ki, o, hərbi təhsilini başa vura bilmir. Bu haqda müxtəlif fikirlər söylənilir. Bəzi mənbələrdə göstərilir ki, guya təhsilini atasının xahişi ilə yarımçıq qoyub vətənə qayıdır. Bəzilərində isə qeyd edilir ki, o zaman rusların qafqazlılara, müsəlmanlara qarşı apardıqları şovinist münasibətə dözə bilmədiyi üçün müəllimləri ilə arasında münaqişə yananır və nəticədə Sultan bəy Akademiyadan xaric edilir.

***

O, Laçına qayıdandan sonra bir müddət maldarlıqla məşğul olur. Fransadan avadanlıqlar gətizdirən Sultan bəy ilk olaraq Laçında yağ-pendir zavodu açır, taxta istehsal edən sex yaradır. Teymur bəy Həsənbəyovun qızı Dilruba xanımla ailə həyatı qurur. Bu nikahdan onun Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı oğulları və Bəyim xanım adlı qızı dünyaya gəlir.

***

Əslən Laçınlı olan Cəfərqulu Həsənovun xatirələrində Sultan bəy haqqında yazır:

“Laçın rayonu Qarakeçdi kəndində Sultan bəyin qardaşı İsgəndər bəylə yerli orqanlar arasında anlaşılmazlıq yaranır. Pristav İsgəndər bəyi nəzarətə saldırır. Sultan bəy tək-tənha, heç kimə xəbər vermədən atı minib Qarakeçdi kəndinə gəlir. Pristav onu görəndə həyəcanlanır və səhv etdiyini düşünür. Hər kəs Sultan bəyin qardaşını azad edəcəyini gözləyərkən, Sultan bəy tamamilə başqa addım atır. O, pristava deyir: “Qanun hamı üçün qanundur. Əgər qardaşım səhv edibsə, cəzasını çəkməlidir. Mən bura ona görə gəlmişəm ki, el-obam deməsin, Sultan bəy qardaşının yanına gəlmədi”. Bu sözləri eşidən pristav Sultan bəyin qardaşını azad edir”.

***

1905-ci ildə Qarabağda erməni-müsəlman münaqişəsi dözülməz həddə çatır. Bu zaman Paşa bəy könüllü dəstələr yaradaraq ermənilərlə vuruşmağa başlayır. Belə dəstələrin birinə oğlu Sultan bəy rəhbərlik edir. Günü-gündən bu könüllü dəstələrin sayı artır. Onlar Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarında düşmənə layiq olduğu cəzanı verirlər.

Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Laçın bölgəsinin bir çox kəndlərində aparılan görüşlər sayəsində top və dövrün yaxşı silahlarını almaq üçün insanlar Sultan bəyin dəstəsinə kömək etməyə başlayırlar. Qaratel xanım Paşa bəy qızı danışırmış ki, Sultan bəyə bir ətək qızıl-gümüş verdik ki, top ala bilsin. Bu yardım sayəsində Sultan bəy bir ədəd top alıb Qaragöl tərəfdə qoymaqla Andranikin qoşunlarını Laçın (Abdallar kəndi) şəhərinin ətəyindəki Zabux çayında məhv edənə qədər Gorus şəhərini nəzarətdə saxlamaq mümkün olmuşdu. Elə bu top da Andraniki məcbur etmişdi ki, Sultan bəylə danışığa getsin.

***

Tədqiqatlara görə, 1918-ci ildə erməni quldur dəstəsinin rəhbəri Andranik Dağlıq Qarabağa keçmək üçün Qarabağ general-qubernatoru Xosrov bəy Sultanova icazə məktubu göndərir. Xosrov bəy qardaşı Sultan bəylə məsləhətləşir. Sultan bəy qardaşından icazə verməsini xahiş edir. İcazə alan Andranik tez bir zamanda 30 minlik ordu ilə müsəlmanlara qarşı hücuma kecir. Hərbi təhsilə yiyələnmiş Sultan bəyin uzaqgörənliyi nəticəsində Andranikin ordusu Zabux dərəsində mühasirəyə düşür və düşmən darmadağın edilir. Deyilənlərə görə, cəmi üç nəfər erməni qacıb canını qurtara bilir.

***

Sultan bəy igidliyinə və qoçaqlığına görə dastanlaşan qəhrəmanlarımızdandır. O, ədəbiyyatımıza mərd, qoçaq bir obraz kimi daxil olub. Yazıçı Süleyman Rəhimov özünün nəhəng epopeyası “Şamo”da Sultan bəy haqqında bəhs edib.

***

Azərbaycanda Şura hökuməti qurulduğu ilk gündən əsas diqqəti Sultanovlara yönəldir, onlarla haqq-hesab çürütmək əsas məqsədə çevrilir. 1921-ci il iyulun 23-də sovet qoşun hissələrinin dəstəsi Sultan bəyin üzərinə göndərilir, onun tərəfdarları tərksilah edilir, özü isə naməlum istiqamətdə yoxa çıxır.

***

Sultan bəy özünün qaldığı dağ evinin ətrafındakı təpələrə 12 pulemyot düzdürür. Sovet hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində "Gorgahat"ın meşəsində, dağda, yarğanda gizlənir.

***

Ermənilərin hiylələri ilə ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırlar. Hər tərəfdən təqib olunduğunu bilən Sultan bəy, əvvəllər onun yanında xidmət göstərmiş Bülövlük bəylərindən olan Museyib bəyi çağırır, bir-birlərinə sədaqətli olacaqlarına and içirlər. Sultan bəy öz andına sadiq qalır. Museyib bəy isə sovet hökumətinin verdiyi vədlərə uyur, bolşeviklərə qoşulur. Sultan bəyi aradan götürəcəyinə söz verir. Bu məqsədlə silahlanıb Sultan bəyin olduğu "dağ evi"nin yaxınlığında ona atəş açır. Güllə Sultan bəyin çiynini yaralayır. Hava işıqlanan kimi ruslar həmin yeri mühasirəyə almağı planlayırlar. Elə həmin gecə Sultan bəyi götürüb Qırxqız dağının dibində, qayaların içərisindəki bir kahaya gətirirlər. Vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy getməzdən əvvəl Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə İrana keçmək qərarına gəlir.

***

Sultan bəy dostlarının bələdçiliyi və köməyi ilə Qarqar çayını keçərək dağ cığırları vasitəsilə Qarabulaq-Malaqan istiqamətilə irəliləyir. Sultan bəyi sağ-salamat Araz çayından İrana keçirirlər. Orada onun qardaşı İsgəndər bəy öldürülür. Sultan bəy gizləndiyi yer isə mühasirəyə alınır. Həmin günü Sultan bəyin ailə üzvlərini, həyat yoldaşı Dilruba xanımı və övladlarını həbs edərək Laçından çıxarırlar.

***

İran şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Müraciətə görə, türk dövləti 1923-cü ildə Sultan bəyi və Xosrov bəyi rəsmi keçidlə qarşılayır. Mustafa Kamal Atatürkün Sultan bəyə böyük hörməti olub. Bir bəy kimi yaşamasını təmin edib, ona Qars vilayətinin Köçqoy kəndində mülk və malikanə verərək təhlükəsiz həyat şəraiti yaradır.

***

Sultan bəyin mühacir həyatı barədə məlumat olduqca azdır. Bircə o məlumdur ki, 1955-ci ildə Qars ətrafında, Köçqoy kəndində vəfat edib. Bu barədə Türkiyə radiosu belə bir xəbər verib: "Tacirlər-taciri Sultan bəy 1955-ci ildə 79 yaşında vəfat etdi. Tanrı ona rəhmət etsin".

Sultan bəyin qızı Bəyim xanım anasına istinadən deyirmiş ki, atam bir dəfə Atatürkün görüşünə getmişdi. Bu o vaxt idi ki, Andranikin qoşununu məğlub etmiş, xeyli döyüş sursatı ələ keçirmişdi. Görüş vaxtı Atatürk deyib ki, "Yaşa, Sultan bəy, sən qurd dərisindən papaq qoyan əsgərlərinlə Andranikin anasını ağlatmısan. Ona görə də Türkiyənin qapıları sənin üzünə həmişə açıqdır".

***

Sultan bəy mühacirətdə olarkən onun ailəsi olmazın müsibətlər çəkir. 1923-cü ildə onlar bəyin Ağdamda olan mülklərinin birində qohumlarının himayəsində yaşayırlar. 1930-cu ildə bəyin qardaşı Rüstəm bəy ailəni Bakıya gətirir. Sultan bəyin xanımı ziyalı və qoçaq qadın olduğundan xeyli vaxt məsul vəzifələrdə işləyib. Bir müddət Bakı Şəhər Sovetinin deputatı da olub. 1937-ci ilə qədər kirayədə qalıblar. Otuzuncu illərin həyəcanlı gecələrinin birində qapı döyülür və Bəyim xanıma bildirirlər ki, həbs olunursunuz.

***

1937-ci il noyabrın 2-dən 3-nə keçən gecə Sultan bəyin ailə üzvləri, Leninqraddan yenicə qonaq gəlmiş qızı Bəyim xanım və hələ bir yaşı tamam olmamış uşağı həbs edirlər. Onları aparanlar yalnız evdən paltar və yatacaq götürməyə icazə verirlər. Bir də Sultan bəydən yadigar qalan Quranı və balaca xurcunu götürə bilirlər. Əvvəlcə Bayıl türməsinə, oradan Gəncə türməsinə və bir ay sonra isə Gəncədən əsgərlərin müşayiəti altında yük qatarı ilə bir ay səkkiz gün yol gedib Qazaxıstanın Çimkənd vilayətində, Suzak rayonunda Çulakkurqan kəndində yerləşirlər. Bəyim xanımın dediyinə görə, M.Ə.Rəsulzadənin ailəsi də onlarla həmin kənddə bir müddət qonşu olub. Sultan bəyin arvadı, üç oğlu və bir qızı 1955-cı ilə qədər Qazaxıstanda sürgün həyatı keçirdikdən sonra 1956-cı ildə Azərbaycana qayıda bilirlər.

news-inner-user

17704 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021
Gecə qəfil evimə gələn qaradərili oğlan – Azər Əhmədovun qısa hekayələri
17:11 25 Yanvar 2021
Afaq Məsud Meksika səfiri ilə görüşdü
16:47 25 Yanvar 2021
Azərbaycanlı bəstəkar haqqında kitab çap edildi
16:33 25 Yanvar 2021
Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə qonorardan istifadə qaydası
15:55 25 Yanvar 2021
Atamın Qarabağda qalan əlləri – Hekayə
15:17 25 Yanvar 2021
Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
14:37 25 Yanvar 2021
Beynəlxalq ədəbiyyat mükafatının qalibi bəlli oldu
13:58 25 Yanvar 2021
Türk aktyor evində ölü tapıldı
13:15 25 Yanvar 2021
2020-ci ildə Azərbaycanda ən çox satılan 10 kitab - Siyahı
12:34 25 Yanvar 2021
“Netflix”də çəkilən ilk aktrisamız: “Çox yaxşı qonorar verdilər” – Müsahibə
12:05 25 Yanvar 2021
Peyvənd qorxusu, toy dərdi və öldürülən yeganə azərbaycanlı
11:14 25 Yanvar 2021