Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə

Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
25 noyabr 2020
# 17:29

Kulis.az İsaxan İsaxanlının "Hədiyyə" hekayəsini təqdim edir.

Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan qızlarının xatirəsinə...

Gülnaz atasının qucağına atıldı:

– Ata, mənim adımı sən qoymusan, yoxsa anam?

– Əlbəttə ki, mən. Bax sənin doğum haqqında şəhadətnamən də məndədir, görürsən? Sənin adını anan qoymuş olsaydı, doğum haqqında şəhadətnamən də onda olardı – deyə dodaqaltı qımışdı və Gülnazın oxuduğu məktəbə vermək üçün səhər evdən gö­tür­dü­yü sənədi qızına uzatdı.

Gülnaz sanki, doğrudan da, onun adının atası tə­rə­findən qoyulduğunu sübut edən bir sənəd kimi, do­ğum şəhadətnaməsini möhkəm-möhkəm öpdü və ata, olar, bu məndə qalsın? – deyib heç cavab göz­lə­mədən ətəyinin cibinə qoydu.

***

Artıq hava qaralırdı. Göyün üzünə qara buludlar yığışmış, uzaqda görünən başıqarlı Qızqala dağı tərəfdən soyuq ruzigar qalxmaqda idi. Rasim yorğun olsa da, sürətlə addımlamağa çalışır, Gülnaz isə heç nəyə məhəl qoymayaraq, doyunca yatıb yenicə qalxmış uşaq kimi atılıb-düşür, atasının ətrafında dövrə vururdu. Rasim Gülnaza baxaraq, qızına bu sevincli anları yaşatdığına görə özündən razı halda gülümsəyirdi. Havanın soyuduğunu görən Rasim - qızım, hava yaman soyudu, deyəsən, yağış da yağacaq, bir az cəld ol, özümüzü kəndə yetirək, – deyə Gülnazın əlin­dən tutdu. Onlar sürətlə kəndə doğru irəliləməyə baş­la­dılar.

Kəndin girəcəyindəki ağaclığa çathaçatda xey­li sayda adamın böyük təlaş içində ora-bura qaç­dığını gördülər. Onlardan biri “ermənilər kəndə giriblər, qabaqlarına çıxanı güllələyirlər, getməyin, – deyə qışqıraraq gözdən itdi. Bircə anda dünya Rasi­min başına fırlandı. Kənd camaatı arasında er­mə­ni­lər­lə bağlı söz-söhbətlər xeyli vaxtdır gəzsə də, bunun, doğ­rudan da, nə vaxtsa baş verə biləcəyi heç kimin ağlına belə gəlmirdi. Vəziyyəti belə görən Rasim bir kəndə tərəf baxdı, bir də dönüb səkkizyaşlı qızı Gül­naza:

– Mənim gözəl qızım, bax burdaca bu ağacın al­tın­da otur, heç bir yerə tərpənmə, mən bu saat qayıdıram, dedi və özündən asılı olmayaraq, qızından ömürlük ayrılırmış kimi, onu möhkəm-möhkəm bağrına basdı.

Təxminən bir saat idi ki, Rasim getmişdi. Ata­sı­nın yolunu gözləyən qızcığaz soyuqdanmı, yoxsa qor­xusundanmı oturduğu ağacın altındaca yuxuya get­mişdi. Birdən hündürdən danışıq səsləri gəldi. Gül­naz yuxudan ayıldı. Gözlərini açanda əllərində av­tomat olan üç nəfər əsgərin düz ona tərəf gəldiyini gör­dü. O bilmədi ki, neyləsin – əsgərlərə yaxınlaşıb ata­sını soruşsun, yoxsa gizlənsin. Bu zaman əsgər­lər­dən biri, Gülnazın başa düşmədiyi dildə, yoldaşına nəsə dedi və onlar bir-biri ilə şit-şit zarafatlaşaraq gül­məyə başladılar. Gülnaz bu adamların azərbaycanlı ol­madığını başa düşdü və qorxusundan yanındakı ağa­cın arxasında gizləndi ki, əsgərlər onu gör­mə­sin­lər. Bu vaxt ağacın arxasından gələn xışıltı səsi av­to­matlılardan birinin diqqətini çəkdi. Ağaca yaxın­la­şan avtomatlı Gülnazı görüb sevincək halda “bunu bizə Allah yetirdi ki, – deyərək yoldaşlarına tərəf dön­dü və heç reaksiya gözləmədən kəmərini açmağa baş­ladı. Onun fikrini anlayan o biri avtomatlı hirsli-hir­sli dilləndi:

- Xorenin əmrini nə tez unutdun? Bil­mir­sən ki, əlimizə keçən türk qızlarını o şəxsən cə­za­lan­dırmaq istəyir?. Bunu deyib avtomatlılar Gülna­zın qolundan sürüyə-sürüyə ordan uzaqlaşdılar. Gül­naz isə göz yaşları içində “ata, ata” deyə fəryad edirdi...

Kənddəki dostlarından vəziyyət haqqında ətraflı məlumat alan Rasim ağaclığa tərəf üz tutdu və birbaşa qızını qoyduğu ağacın yanına cumdu. Gülnazın bu­rada olmadığını görən Rasimin sanki ürəyi dayandı. O, o yan - bu yana qaçaraq “Gülnaz, Gülnaz” deyə qışqırır, amma yalnız öz səsinin əks-sədasını eşidirdi.

***

Bu gün Gülnazın ad günü idi – 26 yaşı tamam olurdu. Rasim, ömür yoldaşı Ülkər və oğlu Rəşad süfrə başına toplaşmışdılar. Heç kim dillənib bir söz deyə bilmirdi. Bu ayrılıqdan ən çox əziyyət çəkən Rasim idi. O, Gülnazın əsir düşməsindən yalnız özünü günahkar sayırdı. Axı o gün, ermənilərin kəndə girdiyi xəbərini alanda Gülnazı ağaclıqda təkbaşına buraxmasaydı, bütün ailəsi 18 illik ayrılıq dərdinə düçar olmazdı. Ömür yoldaşı və uşaqları daima Rasimi sakitləşdirməyə çalışırdılar: Sənin heç bir günahın yoxdur, görünür, bu, Allahın işidir, yazı-qədərdir, – deyə ona ürək-dirək versələr də, bunların heç biri Rasimi sakitləşdirmək gücündə deyildi. Hər yanvar ayının 22-si Rasim üçün onun həyatının ən ağır günü idi.

Rasim sakitcə otağın küncündəki pianoya ya­xın­laşdı, Gülnazın pianonun üstündən, sanki “ata, gəl məni xilas et” deyən yalvarış dolu baxışlarla boy­la­nan şəklini əlinə aldı, ehmalca dodaqlarına yaxın­laşdırdı. Titrək səslə “Mənim əziz balam, har­dasan?” – deyərək, illərdir olduğu kimi, yenə də göz yaşlarını saxlaya bilmədi.

***

Gülnaz işığı söndürdü: Bu gün çox yorulmuşam, – deyərək üzünü yana çevirdi. Lakin Arsen bu gecədən beləcə asanlıqla vaz keçmək niyyətində deyildi:

– Əzizim, sənə bir hədiyyəm var, üzünü mənə çevir. Gülnaz istəksiz halda, bir az da deyinə-deyinə ərinə tərəf döndü. Ərinin əlindəki kağız parçalarını görüb geri çevrilmək istəsə də, Arsenin kobud əlləri ona mane oldu:

– Əzizim, bu, bizim evlənməyimizin 10 il­liyi münasibətilə hazırladığım hədiyyəmdir, sən bu hə­diyyəni çox sevəcəksən. Bunu deyib Arsen əlin­dəki Yerevan – Moskva təyyarə biletini və tünd-mavi pasportu Gülnaza uzatdı. Gülnaz bu pasportu həya­tın­da ikinci dəfə idi ki, görürdü – ilk dəfə imza atıb rayon pasport şöbəsindən götürəndə və bir də indi. Odur ki, saxta bir maraqla pasportu nəzərdən keçirdikdən son­ra Arsenin ona verdiyi bileti böyük sevgi ilə əvvəlcə si­nəsinə basdı, sonra da dodaqlarına yaxınlaşdırıb öpdü. Onun bu hərəkəti Arsenə sanki dünyaları bağış­ladı və bu illər ərzində nadir hallarda arvadının gülər üzünü görən Arsen özündən razı halda Gülnazı möh­kəm-möhkəm qucaqlayıb özünə sarı dartdı. Gülnaz nə qədər çalışsa da, ərinin kobud əllərindən qurtula bilmədi, illərlə olduğu kimi, yenə də ona tabe olmaq məcburiyyətində qaldı.

Gecəboyu Arsenin ona söylədiyi sözlərdən Gülnaz yalnız birini eşitdi – MOSKVA!

Gülnaz səhər lap tez oyandı. Əslində, o, sevincin­dən gecəni, demək olar ki, yatmamışdı, əri ilə gecə boyu uzun-uzadı söhbət etməyə xüsusi marağı olmadığından özünü yatmışlığa vurmuşdu. Arsen yuxudan duranda artıq mətbəxdə səliqə ilə açılmış süfrə – onun çox sevdiyi “Mikoyan” sosisi, soyutma yu­murta, qızdırılmış qara çörək və qarışdırılmış şor-xama onu gözləyirdi. Arsen süfrəyə diqqətlə nəzər saldıqdan sonra arvadına tərəf döndü, heç bir şey deməsə də, onun ürəyindən keçənləri təbəssümündən oxumaq olurdu. Arsen ürəyində Gülnazın illərdir arzusunda olduğu və ondan dəfələrlə xahiş etdiyi Moskvaya getmək arzusunu bu qədər gec yerinə ye­tir­diyi üçün özünü qınayırdı. O, böyük iştahla ye­mə­yini bitirdi və Gülnazı qucaqlayıb: Sabah səhər saat 9-da hava limanında olmalıyıq, hazırlaş, mən də iş­lə­rimi bitirib qayıdacam, – deyərək evdən çıxdı. Arsen gedəndən sonra Gülnaz mətbəxi yığışdırdı, yataq otağına keçib bir az dincəlmək istədi. Güzgünün qabağından keçərkən başını çevirib güzgüyə baxdı və ayaq saxladı. Gənc olmasına baxmayaraq, gözlərinin ətrafında yaranmış qırışlar diqqətini cəlb etdi. Gülnaz sanki bu qırışları ilk dəfə idi görürdü. İndiyə qədər özünə heç vaxt ayırmayan, xarici görü­nüşündən heç vaxt ciddi narahat olmayan Gülnaz bir saata qədər güzgünün qabağından ayrılmadı və hələ uşaqlığından çox sevdiyi “Qaragilə” mahnısını (Gül­naz bu mahnını atasından eşitmişdi) alçaqdan züm­zümə edə-edə özünə xeyli bəzək-düzək verdi.

Axşam Arsen evə dönəndə yenə də onun sevdiyi yeməklərlə dolu süfrə diqqətini cəlb etdi. Gülnaz da həmişə olduğundan fərqli görünürdü. Onun üzündə xüsusi bir təbəssüm vardı. Gördüklərindən böyük həzz alan Arsen Gülnaza yaxınlaşaraq bu dəfə ürəyin­də yox, hündürdən, özü də xüsusi şövqlə dedi:

– Mən sənin bu qədər gözəl olduğunu heç görmə­miş­dim. Günah, yəqin ki, mənim bu kor olan gözlə­rim­dədir. Ancaq sənin də günahın az deyil, bu gözəlliyi mən­dən gizlətmisən. Sənə söz verirəm ki, bundan son­ra səni tez-tez gəzməyə aparacam. Bu sözlərdən bir az xoşhallanan, bir az da utanan kimi olan Gülnaz “yaxşı, yaxşı, nə olub ki, mən elə həmişəki adamam”, – deyərək yataq otağına keçdi.

Gülnaz getdikdən sonra Arsen bir müddət mət­bəx­də oturub fikrə getdi. O, Gülnazın belə gülər üzü­nü çox az-az görürdü. Əvvəllər bunun səbəbini Gül­na­zın həyata etinasızlığı ilə bağlayır və onu dəyiş­dirmək üçün, nədənsə, heç bir xüsusi cəhd də etmirdi. İndi, bir gecənin içində arvadının belə dəyişdiyini gördükdən sonra bütün günahların özündə olduğunu qəbul etdi, indiyə qədər arvadını çox qapalı saxla­masının, sərbəstlik verməməsinin, tanışlardan, qohum-əqrəbadan təcrid etməsinin yanlış fikir olduğunu düşünməyə başladı və arva­dına qarşı münasibətini dəyişdirmək üçün hər şey edəcəyinə ürəyində söz verdi.

Gülnaz sabahkı səfər üçün hazırlıq görməyə başladı. Özünün və Arsenin lazım olan pal-paltarını səliqəli şəkildə çantaya qoy­du, pasportunu əlinə aldı, açıb içindəki şək­linə baxdı. Pasportu özünün də başa düşmədiyi qa­rı­şıq hislərlə nəzərdən keçirib onu da çantasına qoydu. Gülnaz özünün şəxsi əşyalarını da götürdükdən sonra paltar şkafına yaxınlaşdı, şkafın aşağı sağ kün­cündəki siyirməsini açdı, oradakı bəzi qarma-qarışıq əş­yaların arasından nə isə götürdü. Özündən başqa otaq­da kimsənin olmamasına baxmayaraq, Gülnaz qor­xa-qorxa, çox ehtiyatla, elə bil kimsədən gizlə­yir­miş kimi, götürdüyü o şeyi köksünə sıxaraq öpdü və şəx­si əşyaları olan kiçik əl çantasına qoydu. Gülnaz bütün ha­zırlıq işlərini bitirib uşaq otağına keçdi və qızının çarpayısına yaxınlaşdı, oyanmasın deyə ehmalca beş yaşlı Nərgizə tərəf əyildi (əslində, qı­zı­nın adı Narine idi, Gülnaz isə həmişə ürəyində ona Nərgiz deyirdi). Nərgiz şirin-şirin yat­mış­dı. Yenicə yemək yediyi hiss edilirdi, dodaqlarının kənarından axan südün izi hələ silin­məmişdi. Nərgizin mələk üzündə xüsusi bir təbəssüm vardı, o sanki yuxusunda kimə isə qımışırdı. Gülnaz çox qarışıq fikirlər içində idi. Qəlbinin dedikləri və real analıq duyğuları arasında çaşbaş qalmışdı. Elə bu an qapı açıldı, Arsen içəri girdi. Gülnaz Arsen görməsin deyə göz yaşlarını silib geriyə dönsə də, Arsen onun ağladığını hiss etdi: Niyə ağlayırsan, niyə belə kədər­li­sən? Biz ki cəmi bir neçə günlüyə gedirik. Bir də ki anam qızımıza bizdən də yaxşı baxacaq, sən bu qədər narahat olma, hər şey yaxşı olacaq, – deyə Gülnazı sa­kitləşdirməyə çalışdı. Gülnaz “eh, Arsen bircə bilsəydin, bir ana üçün bir gün belə öz körpəsindən ayrı qalmaq nə de­məkdir, – deyib yenə də göz yaşlarına hakim ola bil­mə­di. O bir də yatağa tərəf əyildi, Nərgizin, bir də gör­məyəcək kimi, dönə-dönə yanaq­la­rın­dan öp­dü və ürəyində “mənim əziz balam, bilmirəm, mə­ni bağışlaya biləcəksənmi? – deyərək dərindən ah çəkdi.

***

Hava limanında diktorun səsi eşidildi: Yere­van­dan Moskvaya uçan KL-3193 saylı reysə 4-cü qapı­dan minik başlayır. Gülnazın sevincdən, az qala, ürəyi dayanacaqdı. İlahi, bu yuxudurmu, yoxsa həqiqət­dir­mi, o doğrudanmı Moskvaya gedir?! Nə qədər ki təyyarə havaya qalxmamışdı, Gülnaz buna inana bil­mirdi. Birdən həyəcandan gözləri qaraldı, başı fırlandı. O, nə qədər özünü ələ almaq istəsə də, ba­car­madı, ayaqları büdrədi, az qaldı ki, yıxılsın. Gülnaz birtəhər özünü saxlasa da, Arsen hər şeyi hiss etdi. O, təlaş içində “nə olub, sənə nə oldu? – deyə so­ruş­du və cavab gözləmədən hava lima­nı­nın tibbi yardım məntəqəsinə sarı qaçdı. Çox keçmədi ki, həkim gəldi, Gülnazın təzyiqini yoxladıqdan sonra üzünü Arsenə tərəf çevirdi: Təzyiqi çox yüksəkdir, bu vəziyyətdə uçmaq məsləhət deyil. Bu sözlər Gülnazı ildırım kimi vurdu. Qara gözlərini ərinə zilləyib durdu, gözlərindən iki damla yaş süzüldü. İla­hi, doğrudanmı onun illərlə ürəyində bəslədiyi arzusu heçə dönəcəkdi?! Arsenin “əzizim, hər şey keçib gedər, başqa bir vaxt səni mütləq Moskvaya apara­cam, mənə inan, indi isə həkimin sözlərinə əməl edək, evimizə dönək, – sözləri onun üçün bir ölüm fərmanı idi. Elə bil dünya Gülnazın başına fırlandı, özünü ələ almağa çalışdı:

- Yox, yox, sən nə danışırsan, mən lap yaxşıyam, – deyə cəld, heç nə olmamış kimi, ayağa qalx­dı:

- Arsen, onillik həyatımızda səndən heç vaxt bir şey istəməmişəm. İndi yalvarıram sənə, bu səfə­ri­mizi təxirə salma, gedək Moskvaya. Məndən narahat olma, mən özümü yaxşı hiss edirəm, bir az həyəcan­lan­dım, artıq hər şey keçdi. Moskvada, narın-narın ya­ğan quşbaşı qar altında səninlə əl-ələ gəzmək, sənin sevgi dolu sözlərini eşitmək, Qızıl meydanda şəkil çək­dirmək mənim ən böyük arzumdur.

Arvadının yal­varış dolu baxışlarına dözməyib, nəvazişli sözlərindən bir qədər qürurlanan Arsen başı ilə razı­lı­ğını bildirdi. Gülnaz “sənin bu yaxşılığını heç vaxt unutmayacam, – deyərək yanaqları qızarmış halda başını Arsenin sinəsinə əydi.

Təyyarəyə minik başladı. Gülnaz ərinin qoluna gi­rib gözlərini biletləri yoxlayan qıza zilləmişdi, nə qə­dər ki təyyarəyə minməmişdi, heç cür rahatlaşa bil­mir­di. Qız biletləri cıraraq minik hissəsini tez-tez sər­ni­şinlərə qaytarır, bu yolla sanki bir qədər ge­cik­miş reysə miniyi sürətləndirmək istəyirdi. Nəhayət, növ­bə Gülnaza çatdı, bilet yoxlayan qız, nədənsə, bile­tə diq­qət­lə nəzər saldıqdan sonra Gülnazın üzünə baxdı. Bu ba­xışlar o qədər diqqətli idi ki, Gülnaz san­ki sə­nəd­lə­rində bir problemin olduğunun bilirmiş ki­mi, doğru­dan da narahat olmağa başladı. Elə bu za­man qızın “buyurun, keçin” sözləri Gülnazı elə bil ki yu­xudan oyatdı. Onlar cəld addımlarla təyyarəyə tərəf getdilər.

***

Gülnazgil Moskvada Arsenin əmisi oğlu Arturun evində qalırdılar. Artur onları ən əziz qonaqları kimi qarşılamışdı. Arturun arvadı Anuş, adının mənasına uyğun olaraq, çox şirindil və açıqqəlbli bir qadın idi. O, Gülnazı ilk dəfə Yerevanda, onların toylarında görmüş və bir neçə gün sonra ailəsi ilə Moskvaya köçdüklərindən bir daha görüşməmişdilər. Gülnazın həyat hekayətini isə sonradan əri Arturdan eşitmişdi və onu öz doğması kimi sevmişdi. Yaşca Gülnazdan xeyli böyük olsa da, rəftarında bunu qətiyyən sezdir­mir, Gülnazın onu özünün yaxın rəfiqəsi kimi qəbul etməsi üçün hər şeyi etməyə çalışırdı. Gülnaz da bunu hiss edir və onun son günlərdəki xoş əhval-ruhiyyəsi burada – Moskvada da davam edirdi. Onlar artıq üç gün idi ki, Moskvadaydılar. Planlarına görə, daha iki həftə burada qalacaqdılar. Ona görə də, ilk günlərdə heç bir yerə getmir, vaxtlarını evdə birlikdə keçirirdilər.

Bu gün ilk dəfə idi ki, Gülnaz Anuşla birlikdə şə­hərə gəzməyə çıxmışdı. Yanvarın son günləri ol­ma­sına baxmayaraq, Moskvada hava heç vaxt olma­dı­ğı qədər xoş idi. Narın-narın yağan qar sakit, küləksiz havaya ayrı bir gözəllik verirdi. Lakin Gülnaz bir qədər həyəcanlı görünürdü. Bu, Anuşun da gözündən yayınmamışdı:

- Bu gün bir az həyəcanlı görünürsən, deyəsən, Moskvanın gözəlliklərini görmək üçün sə­bir­sizlənirsən, hə? Anuşun sorduğu suala elə özü­nün də cavab verməsi Gülnazın işini bir qədər yün­gül­ləşdirdi və o, şux səslə dedi:

- Bəs necə, zarafatdır, ağ­zında Moskva deyirsən. Sən burada yaşadığın üçün bu sənə bir az qəribə görünə bilər, amma mən bu günü düz on ildir gözləyirdim.

Onlar şəhərdə doyunca dolaşdıqdan sonra, Anu­şun təklifi ilə, Moskva çayı sahilində yerləşən məşhur alış-veriş mərkəzinə getdilər. Əvvəlcə nəfəslərini də­rib bir qədər dincəlmək üçün kiçik və çox rahat gö­rü­nən bir kafeyə girdilər. Şirin söhbətə başları qarışdı­ğın­dan Anuş vaxtın necə keçdiyini hiss etmir, Gülnaz isə, Anuşa sezdirmədən, hərdənbir saatına nəzər salırdı. Gülnaz “indi də bir az alış-veriş etsək, pis ol­maz, – deyə üzünü Anuşa tutdu. Anuş elə Gül­naz­dan bu təklifi gözləyirmiş kimi cəld ayağa qalxdı, qarsonu çağırıb hesabı ödədi və onlar alış-veriş mər­kəzinin ikinci mərtəbəsinə qalxdılar. Bir az alış-veriş etdikdən sonra Gülnaz Anuşdan nəsə soruşdu və Anuş sağ əli ilə mərtəbənin o başındakı tualet tərəfi göstərərək: Mən də səninlə gəlimmi?, – deyə soruşdu. Gülnaz “Yox, yox, narahat olma, sən alış-verişini et, mən bu saat qayıdıram, – deyə inamla dilləndi. Anuş mağazaya girdi, Gülnaz isə iti addımlarla mərtəbənin o başına doğru addımladı. O, yolda saymazyana dö­nüb geriyə baxdı və Anuşun mağazaya girdiyindən tam əmin olduqdan sonra addımlarını bir qədər də sü­rət­ləndirdi. Pilləkənlərdən ildırım sürətiylə enən Gül­naz cəld bayıra çıxdı, sağa-sola baxdı. Bir qədər ara­lıda taksi dayanmışdı. Gülnaz əli ilə taksiyə işarə elə­di. Taksi dərhal yerindən tərpənsə də, Gülnazın ürəyi dözmədi, taksiyə tərəf qaçmağa başladı. Cəld maşına oturub əlindəki kağız parçasını sürücüyə uzadaraq: Məni təcili bu ünvana çatdırın, – dedi. Sürücü bir qədər maraq və təəccüblə təlaş içində olan müştərisini süzdü:

- Narahat olmayın, vaxtında çatarsınız.

Maşın ye­nicə yerindən tərpənmişdi ki, işıqforda durdu. Gül­nazın sanki ürəyi yerindən çıxacaqdı. O, tələsik çan­ta­sından 50 dollar pul çıxarıb sürücüyə uzatdı:

- Xahiş edirəm, sürətlə sürün, mən təcili orada olmalıyam. Pulu görən taksi sürücüsü hər şeyi anladı. Yaşıl işıq yanmadan tərpəndi.

Taksi üçmərtəbəli binanın qarşısında dayandı. Buyurun, bu da sizin ünvanınız, – deyə sürücü əli ilə sağdakı binanı göstərdi. Taksi sürücüsü maşını ki­fayət qədər sürətlə sürsə də, Gülnaz üçün elə bil uzun bir müddət keçmişdi. Tələsik halda qarşıdakı binaya tərəf qaçdı, icazə almadan içə­ri girmək istəsə də, qapıda dayanan polis qarşısını kəsdi: Vətəndaş, görmürsünüz, nahar vaxtıdır, bir saat sonra gəlin. Gülnaz üçün indi hər saniyənin mə­na­sı vardı, nəinki bir saatın. Yer-göy Gülnazın başına fırlandı, həyəcanından tarazılığını itirib yerə yıxıldı. Çaşbaş qalan polis işçiləri nə edəcəklərini bilmə­di­lər, nəzarət məntəqəsinin müdirinə məlumat verdilər. Nəzarət məntəqəsinin müdiri Gülnazı içəri aldı, hə­kim çağırtdı. Polis işçilərindən biri tibb bacısının kö­mə­yi ilə Gülnazı çarpayıya uzatdı. Həkim Gülnazın təz­yiqini yoxladı:

- Təzyiqi çox yüksəkdir, belə yüksək təzyiqə necə dözür? – deyərək ona bir dərman verdi. Sonra o ətrafdakılara:

- Bir az dincəlməyə ehtiyacı var, qoy burada uzanıb dincəlsin, biz isə rəhbərliyə xəbər verək, – deyib otaqdan çıxdı.

Tibb bacısı da onunla birlikdə çıxmaq istədi, lakin həkim “sən hər ehtimala qarşı onun yanında qal, on dəqiqədən sonra bir dəfə də təzyiqini yoxla və hərarətini ölç, – deyə xəstəni gös­tərdi. Tibb bacısı geri qayıtdı. Gülnaz yuxuya get­mişdi. Bu zaman polis işçilərindən biri əlində bir əl çan­tası içəri girdi.

- Bu, qadının çantasıdır, yıxılanda düşmüşdü, – deyib çantanı tibb bacısına uzatdı. Tibb bacısının gözləri açıq çantanın içindəki tünd-mavi rəngli pasporta sataşdı. Pasportu əlinə aldı. Ermənistan pasportunu görən tibb bacısı özünü itirdi, nə deyəcəyini bimədi, çaşbaş halda ətrafdakıların üzünə baxdı:

- Bu erməninin burada nə işi var? – deyə bir nəfər üz-gözünü turşutdu. Pasport dərhal əldən-ələ keçməyə başladı. Bu zaman həkimin göstərişilə Gül­nazın hərarətini ölçmək üçün onun sinəsini bir qədər açmağa çalışan tibb bacısının əlinə nə isə toxundu. Tibb bacısı təəccübdən yerində donub qaldı. Onun əlinə toxunan Gülnazın sinəsində gizlətdiyi Azər­bay­can dilində yazılmış doğum haqqında şəhadətnamə idi. O, şəhadətnaməni götürüb hündürdən oxudu: Mu­sayeva Gülnaz Rasim qızı. Doğulduğu yer: Xocalı. Do­ğulduğu tarix: 22 yanvar 1984-cü il. Hamı bir-biri­nin üzünə baxdı, nə baş verdiyini anlamağa ça­lışırdılar.

Çox keçmədi, qalstuklu, səliqə ilə geyinmiş bir nəfər yaxınlaşaraq nə baş verdiyini soruşdu:

- Cənab səfir, bu qadın özbaşına səfirliyə daxil olmağa çalışır­dı, birdən huşunu itirib yıxıldı. Biz də onu içəri almağa məcbur olduq. Pasportu erməni paspor­tudur, amma üzərində bir azərbaycanlı uşağın doğum şəhadətnaməsi var”, – deyən nəzarət məntəqəsinin mü­diri sənədləri səfirə uzatdı. Səfir onun üçün heç bir ma­raq kəsb etməyən pasporta ötəri nəzər saldıqdan sonra doğum haqqında şəhadətnaməni alıb baxdı, diqqətlə oxudu, yuxuya getmiş Gülnaza tərəf əyilərək bir ata nəvazişi ilə başını sığalladı. Çarpayının kəna­rın­da oturaraq Gülnazın əllərini əlinə aldı. Gizlət­mə­yə çalışsa da, gözlərindən axan iki damla yaş yanağı aşa­ğı süzüldü.

Gülnaz yuxusunda Xocalını görürdü...

# 29942 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #