Çılpaqlar düşərgəsinə gedən, iki rəfiqə ilə məktublaşan yazıçı - O, Fələstində kiminlə restoran açmaq istəyirdi?

Çılpaqlar düşərgəsinə gedən, iki rəfiqə ilə məktublaşan yazıçı  - O, Fələstində kiminlə restoran açmaq istəyirdi?
3 iyul 2025
# 09:19

İyulun 3-ü XX əsrin ən böyük yazıçılarından olan Frans Kafkanın doğum günüdür.


Bu münasibətlə Kulis.az məşhur ədibin həyatı və yaradıcılığı ilə bağlı az bilinən məlumatları təqdim edir.


Kafkanın əsərləri çox zaman qaranlıq, sıxıcı və ümidsiz bir atmosferlə assosiasiya edilir. Ancaq yaxın dostlarının dediklərinə görə, Kafka özü heç də bədbin, qaramat adam olmayıb. Məsələn, dostları Maks Brod və Qustav Yanok qeyd edirlər ki, Kafka əslində, şən və zarafatcıl biri olub. Hətta məşhur “Məhkəmə” romanının ilkin versiyalarını dostlarına ucadan, bəzən gülərək oxuyarmış.


***


Kafkanın anası həssas bir qadın, atası Hermann Kafka isə güclü, sərt və avtoritar bir şəxs idi. Bu xüsusiyyətləri ilə atasını həyat boyu "ölçü vahidi" kimi görən Kafka daim onun kölgəsində yaşadığını hiss edirdi. Onun bir çox əsərindəki avtoritar fiqurların kökündə də məhz bu ata kompleksi dayanır. Kafka bir dəfə atasına uzun bir məktub yazmış, amma onu heç vaxt göndərə bilməmişdi.


***


Kafka fiziki görünüş baxımından zəif və çəlimsiz biri idi. Bu, xüsusilə atasının fiziki görkəmi ilə müqayisədə onda dərin komplekslərə səbəb olmuşdu. Bir dəfə atası ilə çimərliyə gedən Kafka soyunma otağında atasının nəhəng bədənini görüb elə utanır ki, çölə bir addım belə ata bilmir. Bu hadisə onun bədəninə qarşı hiss etdiyi utancaqlığın simvoluna çevrilib.


***


Kafka hələ uşaqkən iki qardaşını itirmişdi. Daha sonra isə üç bacısı, o cümlədən sevimli Ottla faşist düşərgələrində qətlə yetirilmişdi. Onun sevgilisi Milena da nasistlər tərəfindən öldürülüb. Kafka əgər vərəmdən ölməsəydi, bəlkə də, o da bu düşərgələrin birində can verəcəkdi...


***


Başqa bir iddia isə Kafkanın nudist terapiya mərkəzində (çılpaqlar düşərgəsi) iştirakı ilə bağlıdır. Deyilənə görə, belə tədbirlərdə hamı tam çılpaq olduğu halda, Kafka öz komplekslərinə görə çimərlik geyimindən imtina edə bilmirmiş və buna görə də ona “geyimli adam” ləqəbi verilibmiş. Lakin bu hadisənin gerçəkliyi mübahisəlidir və bəzi ədəbiyyatçılar bunu uydurma hesab edir.

***


Kafka da Dostoyevski və Viktor Hüqo kimi fahişəxanalara maraq göstərib. Hüqo haqqında bu fakt təsdiq olunub – hətta onun dəfn mərasimində məşuqələrinin simvolik etirazları da baş vermişdi. Kafka haqqında isə bu iddialar dəqiq sübut olunmayıb. Lakin onun seksə qarşı həm maraqlı, həm də kompleksli münasibəti olduğu məlumdur.


***


Heç bir siyasi partiyaya üzv olmasa da, Kafkanın sosialist, hətta anarxist düşüncələrə yaxınlığı qeyd olunur. Uşaqlıq dostu Hüqo Berqmanın dediyinə görə, Kafka bir vaxtlar pencəyinin yaxasına solçuluğun simvolu olan qırmızı qərənfil taxırmış...

***


Kafkanın üç qadınla ciddi sevgi münasibəti olub: Felise Bauer, Milena Yesenka və Dora Diamant. Felise ilə iki dəfə nişanlansa da, evlənə bilməyib. Milena ilə münasibəti isə əsasən məktublar üzərindən baş tutub. Son sevgilisi Dora ilə birlikdə Fələstinə köçüb restoran açmaq kimi planları olsa da, Kafkanın vaxtsız ölümü bu arzuları reallaşdırmağa imkan verməyib.

Kafka öldükdən sonra Felisenin yaxın rəfiqəsi Qreta Blok iddia edib ki, onun Kafkadan bir uşağı olub. Hərçənd bu uşaq 1921-ci ildə vəfat edib və Kafkanın bundan xəbəri olmayıb. Buna görə də bu iddia sübut olunmayıb. Amma onların arasında məktublardan daha artıq nələrinsə olduğu ehtimal edilir...

***

Kafkanın ən dərin və sarsıdıcı münasibəti Milena Yesenka ilə olub. Milena yalnız Kafkanın tərcüməçisi deyil, həm də yazıçı, jurnalist, fəlsəfi düşüncələrə malik, cəsarətli siyasi aktivist idi. Onlar daim məktublaşır, nadir hallarda görüşürdülər. İddialara görə, Milena Kafka öldükdən sonra onun məzarı başında günlərlə qalıb. İkinci Dünya müharibəsində isə bu qəhrəman qadın nasistlər tərəfindən islah düşərgəsində öldürülüb. Tarix onu Kafkanın “yasaq sevgisi” kimi xatırlasa da, Milena əslində, bir çox insanı ölümün pəncəsindən qurtarmış əsl qəhrəmandır.

***


Kafkanın “Qəsr” romanı bir çoxları tərəfindən Tanrıya və ya bürokratiyaya simvolik işarə kimi yozulur. Ancaq bəzi araşdırmaçılar bu əsəri ilə əslində, Kafkanın Milena ilə münasibətini simvollaşdırdığı fikrindədir. Romanda olduğu kimi Kafka da Milenaya heç vaxt tam şəkildə çata bilməmişdi...


# 485 dəfə oxunub

Oxşar xəbərlər

“Milli Qəhrəmanlarımız”  layihəsi davam edir

“Milli Qəhrəmanlarımız” layihəsi davam edir

16:52 3 iyul 2025
Kamal Abdullanın yeni kitabı çap olundu

Kamal Abdullanın yeni kitabı çap olundu

16:23 3 iyul 2025
Tolstoyun qızının rəsmləri  "Yasnaya Polyana"dakı sərgidə

Tolstoyun qızının rəsmləri "Yasnaya Polyana"dakı sərgidə

16:00 3 iyul 2025
Ürək tutmasından ölən aktyorumuz

Ürək tutmasından ölən aktyorumuz

15:20 3 iyul 2025
Dünyanın ən məşhur 10 milli geyimi

Dünyanın ən məşhur 10 milli geyimi

15:00 3 iyul 2025
Fantastika sevərlərə şad xəbər: “Highlander” filminə daha bir ulduz qoşuldu

Fantastika sevərlərə şad xəbər: “Highlander” filminə daha bir ulduz qoşuldu

14:45 3 iyul 2025
#
#
# # #