news-inner
clock08:00 calendar-gray 14 Dekabr 2012 view-gray5139 dəfə oxunub
view-gray5139 dəfə oxunub

“Xanımlar söyüşlə oxumağımı istəyirdi...”

Növbəti şairimiz, bir vaxtlar vulqar şeirlər söylədiyi video-görüntüsü mobil telefonlarda yayımlanarkən dərhal məşhurlaşan Baxçalıdı.

Biləndə ki, sabah Tovuz rayonunun mərkəzindəki çayxanaların birində Baxçalı ilə görüşəcəm, kənddəki dostum Zahid dedi, şairi görmək üçün mən də mütləq səninlə gedəcəm.

Sabah günorta vaxtlarında şairlə zəngləşdik, bir də baxdım, Baxçalı axsaya-axsaya bizə yaxınlaşır.

Burda bir haşiyəyə çıxmaq istəyirəm. Neçə vaxt idi, millət vəkili Qənirə xanım Paşayeva Tovuz rayonunda yaşayıb-yaradan el şairlərinin kitablarını çap elətdirir, işıq üzü görən hər kitaba Bakının nüfuzlu məkanlarında təqdimetmə mərasimləri düzənləyir, TV proqramlarda bu məclislərin görüntülərini yayımlatdırırdı. Bu sıraya Tovuzun Qədirli kəndində yaşayıb-yaradan, əkinçiliklə ömrünü çürüdən Cavanşir Baxçalının da adı düşdü. Qənirə xanımın dəstəyi ilə onun ciddi qoşma, gəraylı, təcnislərindən ibarət şeirlər kitabı çap olundu və Muğam Mərkəzində təqdimetmə mərasimi keçirildi. Ayağındakı ağrıların ucbatından, Baxçalı bu məclisə az qala sürünə-sürünə gəlmişdi. Sən demə, şairin omba oynağında aşınma gedirmiş. Kitab mərasiminin səhəri, Qənirə xanımın təşəbbüsü ilə onu dərhal müalicəyə yolladırlar. Ağır əməliyyatdan sonra şair normal yeriməyə başlamışdı.

Bizə çatanda soruşdum, şair, bəs indi niyə axsayırsan? Dedi: “İndi də o biri ombam başlayıb. Qənirə xanım sağ olsun, keçən il professor İlham Rəhimlinin qızının maddi dəstəyi ilə məni müalicə elətdirdi”.

Baxçalı təzədən öz faciəsini zarafata çevirdi: “O vaxt eşitdim ki, əməliyyata beş min manat ayrılıb, istədim həkimə deyəm, o pulun min manatını götür özünə, dörd minini də ver mənə, əməliyyat-zad lazım döyül, cəhənnəmə ki, ölürəm, heç olmasa borclarımı ödəyim”.

Biz gülüşə-gülüşə çayxanaya giririk. Şair görünən kimi içəridəkilərin üzünə təbəssüm gəlir, hərə bir yandan onu salamlayır. Mən, Zahid və Baxçalı, küncdə bir stol ətrafında əyləşirik. Baxçalı ironik bir tonda söhbətə başlayır: “Bax, onsuz da dekabrın 21-də dünya dağılacaq, deyirəm, bu varlılar pulları meşok-meşok yollara tökələr, bizim kimi kasıblar da heç olmasa bircə ay pul görə, yeyib-içib kef eləyə, həm də bəlkə kasıbın alxışına görə dünya dağılmaya” .

Biz mənzərəni gözümüz önünə gətirib ləzzətlə gülüşürük. Sonra Baxçalı məndən hal-əhval soruşur. Deyirəm, qardaş, dünən qazaxlı şair Həvəskarla görüşdüm, yazıq ixtiyar vaxtında balaca bir budkada yaşayır. Baxçalı yüngülcə kədərlənib, dərhal lağlağıya başladı: “Ayə, şairi vecinə alan kimdi? İndi yaxşı yaşayan pozğun müğənnilərdi. Sənin canın üçün, mən müğənni qadın olsaydım, üzüyumşaq şeyəm, hamıya paylayardım. Özü də axsayıram, ələ tez keçərdim”.

Gülüşürük. Soruşuram, neçə yaşın var?

Deyir, 1949-cu ildə Tovuzun Qədirli kəndində beyqafıl anadan olmuşam. Yenə gülüşürük. Deyirəm, qardaş, elə hey əkin-biçindən yazıb, söyürsən, yenə əkib-becərirsənmi?

Dərdi təzələnir: “Bu topal ayaqnan nə əkib becərim? Keçən il üçümüz: arvad, mən, bir də eşşək, bütün yazı-yayı o sahələrdə kartof becərdik, axırda canımızı düz 250 manat ziyanla birtəhər qurtardıq. Toxumpulu, texnikapulu, supulu, dərmanpulu...

Bir vaxtlar mənə düşən nüfuz torpağımı vermirdilər, mən də axmaq-axmaq kənd soveti ilə dava döyürdüm. Elə bilirdim, əkib-becərib qazanacam. Sonra gördüm, bizə yalnız torpaqda qul kimi eşələnmək qalır. Bakının bazarlarını İrandan-Turandan texnika ilə becərilmiş ucuz kartofla doldururlar, bizim kartof-soğan da üstümüzə çox baha oturur. Belə axmaq işlə məşğul olan şairin nə hörməti olar? Kəndimizdə bir dəli Bilal var, heç o da məni saymır. Deyirəm:

Eşşəyimi minib çıxıram yola,

O yollar aparır əkinə məni.

Zəmanə dəyişib, dövran dəyişib

Bilal da almayır ... – inə məni...”

Yenə gülüşürük.

Şair davam eləyir: “Yerli məmurlarımız nüfuz torpağımı mənə verməyəndə yazmışdım ki:

Nəyə lazım dava salım

Verin mənim torpağımı!

Özüm əkim, özüm çalım

Verin mənim torpağımı!

Mən kartof-soğan əkəjəm

Yanında çadır tikəjəm

Lap ortasını ... - əjəm

Verin mənim torpağımı!”

Biz yenə gülüşürük.

Bu dəfə soruşuram, şair, bəs necə dolanırsan?

Deyir: “Qardaş, ta, əkinə-biçinə tüpürmüşəm. Əvvəllər tamadalıq eləyirdim, əməliyyat olunandan heç onu da eləmirəm, fikirləşirəm, toyda alkaşın biri dava salıb məni itələyər, beş minlik ayağım puç olar”.

Üçümüz də gülüşürük. Baxçalı davam eləyir: “Eşşəyi satmışam. Bir pişiyim qalmışdı, o da aclığa dözməyib, evdən qaçdı.”

Onun komik tərzinə, danışığına gülməmək mümkün deyil. Davam eləyir: “Hə, qardaş, 126 manat əlillik pensiyası alıram.

Yaxşı dolanmıram, pis keçir halım,

Şair olan kəslə dolanma zalım,

Belə yaşayışa traynoy ... ım

Pulum keşniş-şüyüd, ota da çatmır...”

Şair gördü ki, dediklərini yazıram, qarşımdakı dəftəri özünə tərəf çevirib: “Ayə, qadan alım, bunları yazma! Mənə möhkəm tapşırıblar ki, zarafat şeirlərini yaymayım” – dedi.

Dedim, şair, narahat olma, bunları özüm üçün yazıram.

Rahatlaşıb, sözünə davam elədi: “Neyniyək ee, insan gərək həmişə deyib-gülə. Ağlamaqdan nə çıxar? Ona görə harda oluram adamlar başıma yığılır. Həə, bir gün pensiyamı alıb evə gəldim, arvad dedi, bəs, deməzsənmi, filankəs qızını ərə verir, qohumdu, bizim toyda 50 manat yazdırıb, arvadı da xonça gətirmişdi. Dedim, neynək, biz də elə eləyərik. Pulun 50 manatını arvad alıb, xonça düzəltdi, getdik toya. Toyda məni çıxış eləməyə çağırdılar, xanəndənin qabağına 10 manat atdım. Sonra arvad dedi, ailəvi oynamalıyıq, onlar da bizdə oynamışdılar. 10 manat da verib, bir oyun havası çaldırdım. Bizimlə oynamağa çıxan qohumun qızının əlinə 5 manat verdim. Axşam da 50 manat nəmər yazdırdım. Gecə ... - ini yalamış tula kimi, cibimdə bir manat evə qayıtdım.”

Gülməkdən gözlərimdən yaş gəlirdi, özüm də bilmirdim, gülürəm, yoxsa ağlayıram. Əhvalatı danışıb arxasınca bir şeir söyləyir:

Bu dünyada zülmləri

Çəkə-çəkə yaşayıram

Kartof, soğan, qarğıdalı

Əkə-əkə yaşayıram

Ağartmışam tamam başı

Gözlərimin axır yaşı

Ev-eşiyi, damı-daşı

Tikə-tikə yaşayıram

Getdi gənclik, gəlməz hanı?

Qaraldırlar hər gün qanı

Baxçalıyam, kasıb canı

... - ... yaşayıram...

Sonra da belə deyir: “Qadan alem, burasını yazma, haa!”

Mən uğunub gedirəm, həm də ona ürək-dirək verirəm: “Ayə, nədən qorxursan, olanı yazıbsan, dana!”

Baxçalı gülüb, yenə başlayır: “Bax, hara gedirəm, tanıyırlar məni. O da niyə belə oldu? Bir dəfə kəndimizdəki toya Naxçıvandan yaxşı oğlanlar gəlmişdi. Toy başlayana qədər məni bağın bir tərəfinə çəkib şeir dedirtdilər. Mənim də başım çıxmer, sən demə, telefonda video çəkermiş. Çəkib bütün hər yerdə yaydılar. Ancaq sağ olsunlar, o videodan sonra məşhurlaşdım. Canım üçün, dəfələrlə olub, imkanlı adamlar məni xanımlar olan məclislərə qonaq çağırıb. Orda şeir deyəndə xanımlara görə söyüşlü yerləri başqa sözlərlə əvəz eləmək istəmişəm. Xanımlar dərhal üsyan eləyiblər, deyiblər, xahiş eləyirik, şeiri yazdığın kimi de.”

Biz yenə gülüşürük.

Sonra şair dalbadal bir neçə şeir deyir, ancaq dediklərini qələmə almağa qoymur. Deyirəm, şair, kasıb haqda yazdığın şeiri de, heç olmasa bunu videoya alaq. Dərhal etiraz eləyir: “Deməyinə deyərəm, ancaq, qadan alem, video lazım deyil, mənə möhkəm tapşırıblar ki, zarafat şeirlərimi yaymayım”.

Ardınca da şeiri deyir:

“Kasıb, sənin dolanmana zollayım,

Toxadı, yabadı yarağın sənin.

Lapatka belini iki qatlayıb

Bağlanıb kitabın-varağın sənin.

Ümid ilə kartof-soğan əkirsən,

Gecə-gündüz zülmünü çəkirsən,

Bilə-bilə öz ömrünü .... – sən,

Yoxdu yaşamağa marağın sənin.

Bədbəxt oğlu, özün dərdə salmısan,

Söylə, bu toxumu hardan almısan?

Lütlənmisən, ... - im kimi qalmısan,

Keçəlində qalıb darağın sənin.

Alnın da qırışdan olacaq dərə,

O arıq bədənin çıxacaq tərə,

Arvad da ... – ib gedəcək ərə,

Qəbirdən gələcək sorağın sənin...”

Biz gülməkdən “cırılırdıq”.

Baxçalı yenə başlayır: “Kənddə bir qohumum var, oğlumun toyunda 100 manat nəmər yazdırıb. İndi hər dəfə onun oğlunu görəndə soruşuram, əə, dədən səni havax evləndirəcək? Uşaq da elə bilir onun ailə qurması ilə maraqlanıram, ta bilmir ki, 100 manatın dərdini çəkirəm. Neynim, toy eləsə, gərək 100 manat tapıb yazdıram. Onu görən kimi dilə tuturam, əə, evlənib eləmə, subaylıq yaxşı şeydi. Neynim, qorxumdan goplayıram. O da kişi kimi hələlik evlənmək istəmir, allaha pənah...”

Nə isə, Baxçalı ilə olduğumuz üç saat ərzində gülməkdən dişlərimiz örtülmədi. Bizdən ayrılıb sağollaşanda dedi, qardaş, toyuqlarımı gecə hindən oğurlayıblar, ona bir şeir yazmışam, BMT mütləq işə qarışmalıdı.

Beləcə, bizi gülə-gülə də yola saldı...

Oxşar xəbərlər

Xəbər lenti

Məcnunun “aşiqi-sadiqliyi” şübhə altındadır? - Elçin yazır
16:30 26 Sentyabr 2020
Karantin – kütlənin tənhalığı – Aqşin Yeniseydən yeni şeirlər
15:18 26 Sentyabr 2020
Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj
14:57 26 Sentyabr 2020
Məşhur rejissor festivaldan qovuldu
13:21 26 Sentyabr 2020
Ağlını itirib, dəlidi payız - Qazaxda bir ömür...
11:14 26 Sentyabr 2020
Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi
10:02 26 Sentyabr 2020
Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? – Məşhur filmin gizlinləri
09:00 26 Sentyabr 2020
Aygün Fətullayeva: "İstənilən rola çəkilərəm" - Video
21:02 25 Sentyabr 2020
Bakı caz festivalı yubileyini qeyd edəcək
18:50 25 Sentyabr 2020
Natali Portman kitab yazdı
18:15 25 Sentyabr 2020
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
17:30 25 Sentyabr 2020
Məşhur rəssamın tablosu 80 milyon dollara satılır
17:02 25 Sentyabr 2020
Nobel mükafatının məbləği artırılacaq
16:25 25 Sentyabr 2020
Arvadını döyən tənha ata, öz qaynını sevən Həqiqət – Səriyyə xalaya çətin suallar gəldi
15:47 25 Sentyabr 2020
Qardaşlarından küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü…– Maraqlı faktlar
15:08 25 Sentyabr 2020
"Salnaməfilm" Milli Qəhrəmanlar haqqında film çəkir
14:30 25 Sentyabr 2020
"YARAT”da sərgi
13:53 25 Sentyabr 2020
Paşinyanın arvadını neyləyəcəyik? – Sərdarın yazısı
13:10 25 Sentyabr 2020
Senatdan uyğurlarla bağlı şok təklif
12:31 25 Sentyabr 2020
Çingiz Abdullayevin gözə kül üfürməyi – Mirmehdi Ağaoğlu yazır...
11:51 25 Sentyabr 2020