“Məni qadın hamamına gətirmisiz ki!”

“Məni qadın hamamına gətirmisiz ki!”
4 dekabr 2012
# 08:15

Xəstəlik tarixçəsi

Boynuma alım ki, mən xəstəliyi evdə keçirməyin tərəfdarıyam.

Təbii ki, söz yox, xəstəxana, bəlkə də, daha işıqlı və mədəni yerdir. Yeməklərin kalorili olması isə orada, ola bilsin, daha çox nəzərə alınır. Amma, necə deyərlər, adamın öz evinin quru çörəyi də ayrı cür dadar.

Mən xəstəxanaya qarın yatalağı diaqnozu ilə düşmüşdüm. Ailə üzvlərim elə düşünürdülər ki, bununla mənim dözülməz əzablarımı azalda bilərlər.

Lakin belə etməklə onlar öz məqsədlərinə çata bilmədilər, çünki bəxtimə elə xəstəxana düşdü ki, oraya düşdüyüm andan heç nə xoşuma gəlmədi.

Hər halda içəriyə xəstə gətiriblər, adını qeydiyyat kitabına salırlar, xəstə isə divara yapışdırılmış plakatı oxuyur: “Meyitlərin verilməsi saat 3-dən 4-ə qədər”.

Başqa xəstələrə bu necə təsir edir bilmirəm, amma bu elanı oxuduqdan sonra məni əsməcə tutdu. Yüksək qızdırma içindəyəm, bəlkə də, içimdəki həyat güclə közərir, hətta ola bilsin, həyatımın son anlarını yaşayıram və belə bir anda bu cür sözləri oxumalı oluram.

Üzümü məni qeydiyyata alan kişiyə tutub:

-Yoldaş feldşer, bu nədir? Niyə belə yazılar vurursunuz divara? – soruşdum. – Hər halda, belə yazıları oxumaq xəstələrə maraqlı deyil.

Feldşer idi, yoxsa assistent, bilmirəm, amma o, mənim sözlərimə təəccüblənib dedi:

-Buna bir baxın. Xəstədir, güclə gəzir, qızdırmadan, az qala, ağzından tüstü çıxsın, amma tənqidindən qalmır. Bax əgər sağalsanız, bu isə çətin ki, baş verə, o zaman da tənqid edərsiniz. Yoxsa biz sizi elanda qeyd olunmuş şəkildə saat 3 ilə 4 arası təhvil verərik, onda bilərsiniz.

Bir istədim ki, bu assistentlə mübahisə edim, ancaq qızdırmam 39,8 olduğu üçün ona sakitcə dedim:

-Sən indi görərsən, tibbi borucuq, mən sağalan kimi sən ədəbsizliyinə görə cavab verəcəksən. Heç xəstəyə də belə sözlər deyərlər? Bu, xəstənin gücünü mənəvi cəhətdən sarsıda bilər.

Feldşer ağır xəstənin belə rahat şəkildə fikir söyləməsinə heyrət etdi və söhbəti uzatmadı. Elə bu an haradansa tibb bacısı çıxdı.

-Gəlin, yoldaş xəstə, – dedi. – Yuyundurma məntəqəsinə gedirik.

Bu sözlərdən lap birtəhər oldum.

-Olmazdımı ki, bu məntəqənin adını “yuyundurma” əvəzinə, “hamam” qoyaydınız? Bu, daha yaxşı səslənər, üstəlik, xəstəyə olan hörməti göstərərdi. Mən at deyiləm ki, məni yuyundurasınız!

-Xəstə olmağı yerinə yetmir, – tibb bacısı deyindi, – hələ bir hər incəliyə də fikir verir. Siz ki hər şeyə bu qədər burun soxursunuz, heç inanmıram ki, sağalasınız.

Hamama çatan kimi o, mənə soyunmağı tapşırdı.

Elə soyunmağa başlamışdım ki, bir də gördüm vannanın içində kiminsə başı görünür. Birdən anladım ki, bu, yəqin ki, xəstələrdən olan qoca bir qadındır.

Tibb bacısına dönüb:

-Ay sizi itlər, məni qadın hamamına gətirmisiniz ki! – dedim. – Burada çimən var artıq.

-Hə, vannada qoca bir qadın var, – tibb bacısı laqeydliklə dedi. – Siz ona fikir verməyin. O, qızdırmadan yanır, özü də heç nəyə reaksiya vermir. Odur ki siz heç utanmadan soyunun. Biz isə həmin vaxt qarını vannadan çıxararıq, sizin üçün də vannaya təmiz su doldurarıq.

-Qarı, bəlkə də, reaksiya vermir, amma mən hələ reaksiya verə bilirəm. Vannada kiminsə üzdüyünü görmək isə mənim üçün qətiyyən xoş deyil.

Elə bu an bayaqkı assistent içəri girdi.

-Ömrümdə birinci dəfədir ki, hər şeydən bu qədər narazı qalan xəstə görürəm. Gah bu utanmazın bir şey xoşuna gəlmir, gah başqa bir şey. Ölüm ayağında olan qarı yuyunur, o isə buna da etiraz edir. Heç xəbəriniz var ki, o, qızdırmadan yanır və bəlkə də, ağlı artıq yerində deyil, hər şeyi də dumanlı görür? Hər halda, inanmıram ki, sizin əzalarınızın görüntüsü onu bu dünyada beş dəqiqə artıq saxlaya bilsin. Yox, əşşi, mənimki odur ki, xəstə buraya huşsuz vəziyyətdə gətirilsin. Bax onda hər şey onların zövqüncə olur və onlar bizimlə elmi mübahisələrə girişmirlər.

Vannadakı qarı onun sözünü yarımçıq kəsdi:

-Tez olun məni sudan çıxarın, yoxsa özüm burdan çıxıb hamınızın başına oyun açaram.

Hamının başı qarıya qarışdı. Mənə isə soyunmaq tapşırıldı. Mən soyunan vaxt onlar bir andaca vannanı isti su ilə doldurdular və mənə suya girməyi əmr etdilər.

Artıq xasiyyətimə bələd olduqları üçün daha mənimlə mübahisə etmir və hər sözümlə razılaşmağa çalışırdılar. Ancaq yuyunduqdan sonra onlar mənə ölçülərimdən qat-qat böyük bir geyim verdilər. Əvvəl elə bildim onlar mənə acıqlı olduqları üçün belə böyük ölçü veriblər, amma sonradan gördüm ki, bu, onlarda normal haldır. Onların balacaboy xəstələri, bir qayda olaraq, böyük, hündürboylar isə əyinlərinə dar gələn geyimlərdə idilər.

Hətta mənə verilən komplekt başqalarınınkından yaxşı çıxdı. Mənim paltarımdakı xəstəxana möhürü köynəyimin qolunda idi və bu, mənim ümumi görünüşümə xələl gətirmirdi. Digər xəstələrdə isə möhür birinin kürəyində, birinin sinəsində idi. Bu isə insanın ləyaqətini alçaldırdı. Lakin qızdırmam durmadan qalxdığı üçün mən bunlar haqqında mübahisə etməməyə qərar verdim.

Məni içində artıq otuza yaxın, fərqli xəstəliklərdən əziyyət çəkən xəstələrlə dolu elə də böyük olmayan palataya yerləşdirdilər. Deyəsən, bəzilərinin vəziyyəti çox ağır idi. Bəziləri isə sağalmaq üzrə idilər. Aralarında oyun oynayanlar da vardı. Hələ palataları bir-bir gəzib, işsizlikdən hərənin çarpayısının üstündəki yazıları oxuyanları demirəm.

Dözə bilməyib tibb bacısına dedim:

-Bəlkə, mən ruhi xəstəxanaya düşmüşəm? Əgər belədirsə, onda siz bunu mənə açıq şəkildə deyin. Mən hər il cürbəcür xəstəxanalarda yatıram, ancaq belə vəziyyəti hələ heç yerdə görməmişəm. Hər yerdə sakitlik və qayda-qanun var, sizdə isə elə bil bazardır.

-Nə deyirsiniz, bəlkə sizi ayrıca palataya yerləşdirək, yanınıza da bir mühafizə dəstəsi qoyaq ki, milçəkləri başınızın üstündən qovsun?

Səsimi yenə başıma atıb tələb etməyə başladım ki, baş həkimi çağırsınlar. Lakin bu dəfə də həmin feldşer gəlib çıxdı. Mən isə o qədər zəif idim ki, onu görər-görməz huşumu itirdim.

Məncə, təxminən üç gün sonra özümə gəldim.

Tibb bacısı mənə:

-Sizin necə də möhkəm canınız varmış! – dedi. – Siz bütün sınaqlardan keçə bildiniz. Biz hətta bir dəfə sizi tamamilə təsadüfən açıq pəncərənin önünə qoymuşduq. Siz isə heç gözləmədiyimiz halda sağalmağa başladınız. İndi də yataq qonşularınızdan yoluxmasanız, o zaman sizi ürəkdən təbrik etmək olar.

Orqanizmim bütün infeksiyalara tab gətirib daha ciddi bir xəstəliyə qapılmadı. Təkcə xəstəxanadan çıxmağa az qalmış uşaq xəstəliyi – göyöskürəyə tutuldum.

Tibb bacısı izahat verdi:

-Yəqin, qonşu korpusdan yoluxmusunuz. Orada uşaq bölməsi yerləşir. Ola bilsin, ehtiyatsızlığa yol verib göyöskürəkdən əziyyət çəkən uşağın qab-qacağından yemək yemisiniz. Elə bu yolla da xəstələnmisiniz.

Bir sözlə, yavaş-yavaş sağalmağa başladım. İş gəlib xəstəxanadan çıxmağa çatdıqda orqanizmim yenidən dözməyib bu dəfə də əsəb pozğunluğu keçirdi. Bu əsnada dərimdə xırda səpgilər yarandı. Həkim isə: “Əsəbiləşməyin ki, səpgiləriniz keçib getsin,” – dedi.

Mənim əsəbiliyimin səbəbi isə xəstəxanadan çıxarılmamağım idi. Gah onlar nəyisə unudur, gah hansısa sənəd çatışmır, gah da kiminləsə vacib görüşləri olurdu. Nəhayət, xəstəxanada yatanların arvadları hərəkata başladı. Bundan sonra bütün heyət bir-birinə dəydi.

Feldşer bəhanələrinə başladı:

-Xəstəxana elə dolub ki, xəstələri vaxtı-vaxtında buraxmağı çatdırmırıq. Üstəlik, siz cəmi səkkizcə gün artıq qalmısınız, amma səs-küyünüz aləmi götürüb. Halbuki bizdə elə xəstələr var ki, düz üç həftədir sağalıblar, ancaq biz onları buraxmağa imkan tapa bilmirik. Heç görün səsləri çıxır?

Nəhayət, xəstəxanadan çıxa bildim.

Arvadım məni görcək:

-Bilirsənmi, Petya, bir həftə bundan əvvəl biz elə bilirdik ki, sən artıq o dünyadasan, – dedi. – Çünki xəstəxanadan gələn kağızın üzərində: “Bunu aldıqda vaxt itirmədən ərinizin nəşini aparmağa gəlin” yazılmışdı.

Sən demə, arvadım bu kağızı alan kimi qaçıb xəstəxanaya, orada ondan maliyyə şöbəsində baş vermiş yanlışlığa görə üzr istəyiblər. Bildiriblər ki, ölən başqası imiş, amma nədənsə elə zənn ediblər ki, mənəm.

Halbuki həmin vaxt mən artıq sağlam idim, bircə səpgilərimi nəzərə almasaq. Bir sözlə, bu hadisədən elə birtəhər oldum ki, az qaldım, xəstəxanaya qaçıb orada kiminləsə mübahisə edəm. Lakin birdən xatırlayanda ki, xəstəxanada başıma hansı oyunlar gəlib, fikrimdən daşındım və bilirsinizmi, heç oraya getmədim.

İndi də evdə xəstə yatıram.

# 3061 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #