Yapon yaylığına görə həyatı məhv olan jurnalist – Samirə yazır...

Yapon yaylığına görə həyatı məhv olan jurnalist – Samirə yazır...
22 iyul 2020
# 15:22

Kulis.az yazıçı Samirə Əşrəfin “Yapon yaylığı” hekayəsini təqdim edir.

Sabir Əhmədliyə ithaf edirəm

Bir vaxtlar göy üzünə səpələnən ulduzlara baxanda fərəhdən içi yırğalanar, əlini göyə açıb səmadakı ulduzların şəklini sığallayırdı. Ürəyini ovcunun içində hiss edərdi. Ulduzların parıltısı ruhunu işıqlandırar, onu dünyanın, kainatın, həyatın gözəl olduğuna inandırardı. Harda qaldı o zamanlar? Harda qaldı dan ulduzunu öz ulduzu hesab etdiyi günlər?

Yaqub titrəyən əlini səmada bərq vuran ulduzlara sarı uzatdı. Niyəsə şəhadət barmağı soldakı ən zəif, işığı öləziyən ulduza tuşlandı. Hə, lap yəqin, onun tale ulduzu budur. Yaqubun ömrü kimi parıltısı getdikcə azalan, közərib-sönən, sönüb-közərən ulduz...

- Yaqub, hardasan, ay Yaqub? Hardasan? Eşidirsən məni? Yenə siqaret çəkirsən?

Eyvanda oturan xəstə, çəlimsiz kişi əlindəki siqaret kötüyünü tezcənə eyvanın nəmdən qaralmış divarına basıb söndürdü. Hələ bir neçə qullablıq canı qalan siqareti atmağa heyfi gəldi. Hamı yatandan sonra xəlvətə salıb yenə çəkə bilərdi. Yarımçıq siqareti əynindən tökülən şalvarının cibində gizlətdi. Son günlər o qədər arıqlamışdı ki, bir il əvvəl geyindiyi şalvarlar əynindən sürüşüb çıxır, köynəkləri bədəni boyunca yellənirdi. Elə bil əyninə geyindiyi paltarların içərisindəki bədəni yox, taxta parçası idi. Lap ikilik taxtaya dönmüşdü. Saçları, üzünün tükü xeyli seyrəlmişdi. Onları asanlıqla saymaq olardı, gündə neçə dəfə istəsən.

Yaqubun siqareti şalvarının cibində gizlətməyi ilə arvadı Alagözün qaranlıq kölgəsinin qorxulu yuxu kimi eyvana yayılması bir oldu.

- Yaqub, niyə oyanmısan? Bu nədir? Yenə siqaret? Həkim demişdi axı olmaz. Bu dəfə də insult olsan yerində qalacaqsan. Tay sənə baxmağa qollarımda güc qalmayıb.

Yaqub ayağa qalxıb ayağının birini çəkə-çəkə arvadına tərəf getdi:

- Nə siqaret? Elə belə yuxum qaçdı. Dedim bir az çıxıb oturum.

Bir az sükut edəndən sonra Alagözü inandırmaq üçün daha bir cümlə əlavə etdi:

- Yaxşı sərin hava var.

- Mənə kələk gəlmə, Yaqub. Adam soyuqdan donur. Keç, içəri! Altmışı haqladın, yenə də yalanlarından əl çəkmirsən.

Yaqub səssizcə yerinə uzandı. O, dilləşməyin mənasız olduğunu bilirdi. Onu da bilirdi ki, Alagözlə dilləşmək, onu aldatmaq havayı söhbətdir. İndi arvadı camaatı aldadır, onlara kələk gəlir. İrandan gətirib satdığı malların üstündə beş manat artıq qazanmaqdan ötrü bütün nəslini, nəvələrini dəfələrlə öldürüb dirildir. Alagöz daha otuz il bundan əvvəlki o məsum Alagöz deyil. İllər ötdü, zaman hamıya öz təpiyini vurdu. Çox az adam həmin illərdən təmiz çıxa bildi. Alagöz də özünü qoruya bilmədi. Təslim oldu zamanın toqqaşlarına. İdbarlaşdı. İçindəki o saflıq, təmizlik yox olub getdi.

Alagöz indi bir kürəkən, bir gəlin qaynanası idi. Üç nəvəli əkəc-bükəc arvad olmuşdu. Qırı-qızılı, malı-pulu, pisdən-yaxşıdan adı, sanı vardı. Onu zəiflədən bircə ərinin yorğan-döşəyə düşməsiydi. Alagöz ömrümün sonuna yaxın Yaquba yavuq düşən bu xəstəliyi də ona çox görürdü. Halbuki Yaqub indi bu xəstəliyin hesabına çoxdan unutduğu keçmişinə qayıdır. Dünyadan köçmüş doğmalarını, yaxınlarını xatırlayırdı. Bütün bu xatırlamalarda Yaqub həm də özünü, öz xəstə canını, turşməzə taleyinin sonuna gəlib çatdığını düşünürdü. Vaxta az qalmışdı.

Alagöz Yaqubun fağır, yazıqlaşmış, adyalın altından güclə bilinən bədəninə tamaşa edə-edə öz bəxtinə vaysınır, aqibətinin xəstə ərə baxıcılıq etmək olması ilə barışmırdı. Alagöz kimi qadının əri bivec bir xəstəliyə məğlub olmamalı, toyda, yasda onun boynunu büküb tək qoymamalı idi. Haqqı vardı ərinin maşınında qabaqda əyləşib elədən-eləyə, belədən-beləyə şütüsün. Baldızlarına, ər qohumlarına, lap elə öz qardaşı arvadlarına yandıq versin. Bu qədər ömrü nə üçün yaşamışdı axı. Yaqubun altını, üstünü təmizləməyə?!

Bütün bunları düşünə-düşünə Alagöz dodağının altından asta-asta deyinirdi:

- Səni bu günə salan yatmaq sevdası oldu. Getdin, gəldin, büründün adyala. Hara getdinsə, evə gələn kimi qaçıb yorğan-döşəyə girdin. Yataq da səni özünə sarı çəkdi. İndi yat, nə qədər istəyirsən.

Otağın qapısı yavaşca açıldı. Orta məktəbin sonuncu sinfində oxuyan Nərgiz qapıdan boylandı:

- Ana, yaylığı tapdın?
- Hansı yaylıq?
- Necə hansı yaylıq? Sənə demişdim axı, məktəbdə səksəninci illərin əşyalarını toplayırıq. Sərgi açacıyıq. Demişdin o vaxt papanın sənə aldığı yaylıq sandıqdadı.

Alagöz əlini üzünə aparıb yavaşca bir çimdik də götürdü:
- Bıyyy, anan ölsün. Hə, anan qurban yadıma düşdü. Səhər duranda tapıb verərəm.
- Səhər gecdi. Mən evdən tez çıxacam. İndi tap, hazır qoy.

Alagöz yerindən qalxıb otağın yuxarı başındakı cehizlik sandığa tərəf getdi. Üstünə yığdığı yuyulmuş adyalları, yastıqçaları ehmalca yerə düzdü. Bir az sandığın içərisini eşələdikdən sonra üstü qızılı saplarla işlənmiş qırmızı yaylıq çıxardı.

Bayaqdan qızı ilə arvadının söhbətlərinə ötəri qulaq asan Yaqub Alagözün əlində bərq vuran qızartıya nəzər saldı. Alagöz yaylığı onun gözlərinin qarşısında yelləyib dedi:

- Yadına gəlir, Yaqub? Bu o davalı yaylıqdı e. Ananla, bacının üstündə mərəkə qopardıqları Yapon yaylığı.
- O vaxtdan durur?
- Həə, saxlamışam.
- Səni həbsə salan, məni də bir il gözü yaşlı qoyan yaylıqdı.

Alagöz yaylığı qoxlayıb üz-gözünü büzüşdürdü:
- Naftalin iyi adamın başını çatladır.
Səhərə qədər külək vursun, qoxusu çəkilsin deyə o, yaylığı açıb eyvanın içərisindəki ipə sancaqladı.

Yaqub yaylığı da, həmin davanı da, bu yaylıq üstə həbsə düşməsini də yaxşı xatırlayırdı. İnsultdan sonra yaddaşı o qədər dirçəlmişdi ki, düşüncələri keçmişə aid bütün dəlmə-deşiklərə asanlıqla girib çıxır, yaddaşının ən keçilməz labirintlərindən qəhrəmanlıqla xilas olurdu.

Yaqub Alagözü üç ay idi ki, qaçırmışdı. Anasıgillə birgə yaşayırdı. Evdə qarımış iki bacısı, yaşlı anası, bir də arvadı təzəcə ölmüş uç uşaqla dul qalmış qardaşı ilə birlikdə yaşasalar da, ilk gündən sonra anası Yaqubun süfrəsini qoltuğuna verib demişdi:

“Gənc ailəsiniz, dolanışığınız çox pul tələb edəcək, ya ərli-arvadlı pulunuzu ortalığa qoyun, ya da ayrılın”.

Yaqub məcbur olub ayrıldı. Bir evdə iki qazan asıldı. Amma bunun adı ayrılıq idi. Yaqub bazardan alıb gətirdiklərinin ən yaxşılarından anası üçün ayırmağı Alagözə tapşırırdı. Dul qardaşı vəzifə adamı idi, evdə də, çöldə də ağırtaxtalı hərlənərdi. Ona görə hamı onu əziz tuturdu, həm də yenicə itirdiyi arvadından yana könlü sınıq idi.

Yaqubun ürəyi çəkilirdi siqaret üçün. Heç cür tərgidə bilmirdi bu azarı. Bilə-bilə ki, hər qullab ona ölüm gətirir, ömrünə od vurub külə döndərir yenə də oğrun-oğrun çəkirdi. Amma Alagöz bu gecə bir də onu siqaret üstə tutsa, aləm bir-birinə qarışacaqdı. Fitil alışacaq, partlayışa görə ortalıqda dolaşmaq mümkünsüz olacaqdı.

Alagözə nə fərli qır-qızıl, nə də pal-paltar ala bilmişdi. Toyda boyun-boğazına asılanların da hamısı qonum-qonşunun, qohum-əqrəbanın idi. Gücələyib bircə nişan üzüyü ala bilmiş, üzərinə də hər ikisinin adlarını yazdırmışdı. Vəssalam!

Alagöz də insafən heç vaxt bu yarımçıqlıqdan, pal-paltar yoxluğundan şikayət etməzdi. Elə arada evlərindən göndərilən qızlıq paltarlarını geyinir, onu buna, bunu da ona calayırdı.

Yaqub həmin vaxtı rayondakı radioda işləyir, qəzetdə müxbirlik edir, həm də Gəncədə filologiya fakültəsində qiyabi oxuyurdu. Səsi yaxşı olduğundan onu radioda diktor kimi işə götürmüşdülər.

Bir gün gecələri gödək qış günlərinin birində işdən çıxıb evə tələsdi. Sulu qar adamın üz-gözünə vurur, soyuq küləklə əlbir olub iliyinə işləyirdi. Ələkbərin kooperativ mağazasının qarşısında xeyli adam toplaşmışdı. Yaqub adamlara yaxınlaşanda ora topalaşan qadınların şad-xürrəm söhbətlərindən anladı ki, mal nəsə qadınlara aiddir. Ona görə də mağazadan uzaqlaşmaq istədi. Amma qadınların əlində bərq vuran rəngbərəng yaylıqlar onun gözünü qamaşdırdı. Moruğu, narıncı, mavi, bənövşəyi yaylıqların üzərindəki qızılı saplı işləmələr onlara ayrıca gözəllik verirdi. Yaqubun yadına Alagöz, onun evdə geyindiyi körköhnə paltarlar, soyuq havalarda paltar sərmək üçün eşiyə çıxarkən başına bağladığı süzülmüş neylon yaylıq düşdü. Sinəsindən arı sancması kimi ağrı keçdi. Qadınlar azalıb iki bir, üç bir qalana qədər ordan uzaqlaşmadı. Ələkbərin şirindilli satıcısı Kifayət onu görüb mənalı-mənalı gülümsədi:

- Ay Yaqub qardaş, bayaqdan niyə yaxınlaşmırsınız? Sizin xanım üçün saxlamışam, götürün.

Yaqub sevincək nazik paketə qoyulmuş, dörd qatlanmış al qırmızı yaylığı aldı. Pulunu verib ordan uzaqlaşdı.

Sevincək olmuşdu. Bu neçə vaxtda ilk dəfə idi ki, Alagözə nəsə ala bilmişdi. Əlindəki paketin sürüşkənliyi Yaquba ləzzət elədi, arı sancması da keçmişdi artıq. Yaylıq kimi xaricdən gələn bu paket də, onun sürüşkənliyi də Yaqub üçün yeni idi. Mağazanın qarşısına yığışan arvadlar hamısı bir ucdan deyirdilər ki, bu yaylıqlar Yaponiya istehsalıdır. Ta uzaq Yaponiyada hörülüb, tikilib bizim ölkəyə göndərilib. İnsafən Yaqub da belə yaylıqları ancaq sovet filmlərində aktrisaların başında, boynunda çarqatlanan görmüşdü.

Əlinin altındakı sürüşkənliyin gətirdiyi ləzzətdə həmin modern aktrisaların da payı vardı. İndən belə Alagöz də həmin məşhur qadınlar kimi onların örtdüyü yaylıqdan örtəcəkdi.

Ancaq Yaqub yapon yaylığından sonra evlərində qopan mərəkəni əvvəlcədən bilsəyidi, nəinki həmin yaylığı alıb evə gətirərdi, əksinə Ələkbərin mağazasının yanında qıyhaqıy salan arvadların yanından yolunu dəyişib düz keçərdi.

Həngamə Yaqub evə gələndən on beş, iyirmi dəqiqə sonra başladı. Anası Yaqubun əlindəki bağlamanı görmüşdü. Yaqub gələndən beş-on dəqiqə sonra onların otağına gəldi. Özü də qəfildən iş üstündə oğru tutan kimi şappadan qapını açıb otağa təpildi. Yapon yaylığı Alagözün boynuna təzəcə sığal çəkmişdi ki, qaynananın tənəli baxışları təzə gəlini qorxutdu. O, yaylığı dinməzcə boğazından sürüşdürüb əri ilə güc-bəla sığışıb yatdıqları bir adamlıq çarpayının dəmir tutacağından asdı.

Qayınana heç nə demədi, bir az ordan-burdan gileylənib otaqdan çıxdı. Axşamtərəfi gəlin bayıra çıxanda qayınanansının gileyini eşitdi:

- Bir dəfə deməz ki, evdə iki qız bajım var. Bəlkə onların da əyinləri təzə kripişin don, ayaqları yun corab, boğazları zərli yaylıq istəyir.

Böyük baldız gəlinin bayıra çıxmasını görüb anasına yüngülcə dürtmə vurdu.

Alagöz otağa dolu kimi qayıtdı:

- Yaqub, yaylığı apar ver anana, ya da qaytar dükana
- Niyə?
- İstəmirəm, tənə edirlər.
- Nə deyirlər axı?
- Bilmirəm.

Alagöz dinməzcə soyunub yatağa uzandı.
Ertəsi gün qayınanası ilə ərinin səsinə oyandı.
- Ay ana, axı bir yaylıq nə olan şeydi? Sizin almalı olduğunuzu mən almışam.
- Əcəb eləmisən, kim nə deyir ki. Amma yad qızına aldığın kimi yetim bacılarına da bircəciyini alardın, pulunu özləri verərdilər. Maşallah ikisi də əlli-ayaqlı adamdır.

Yaqub heç nə demədi. Bir yandan da anası haqlı idi. Düz etməmişdi. Gərək bacılarına da alaydı. Nə də olsa, onlar da cavan qız idilər. Amma hər dəfə Alagözə nəsə alanda ondan ikisini də bacılarına almağa nə pulu çatardı, nə də anasının dediyi kimi bacılarından pul götürməyə üzü gələrdi. Daha keçib, gərək indi Ələkbərin mağazasının yanından ötəndə iki yaylıq da bacıları üçün alsın.

Yaqubun istədiyi kimi olmadı. Ələkbərin satıcısı Kifayətdən fərqli olaraq Ələkbərin özünün Yaqubla qəti arası yox idi. Bilirdi ki, Yaqub bir az ağayana, hazırcavab, ötkəm onun aləmində hətta tikanlı adamdı. Həm də daha yapon yaylığından çox az qalmışdı. Bunları da ancaq vəzifəli adamların xanımları və məşuqələri üçün şirinlik saxlamışdı.

Yaqub dükana çatanda qulağına qəfildən arı vızıltısı doldu, daladı üz-gözünü, amma buna məhəl qoymayıb içəri girdi. Yaqub yaylıq adı çəkən kimi Ələkbər üz-gözünü turşutdu:

- Yoxdu. Elə sənin arxanca arvadlar nə var, nə yox silib süpürüblər. Bircəciyi də qalmayıb.

- A kişi, biz səni tanımırıq? Sən o yaylıqdan yüzünü geriyə atmasan gecə yuxun qarışar. Çox uzatma, ikisini ver, pulunu da artıqlaması ilə götür.

Amma Yaqubun təhər-töhməti, hərbə-zorbası Ələkbərə kar etmədi. Çıxanda gözucu baxdı, pəncərə şüşəsinə arı yapışıb qalmışdı, deyəsən ölmüşdü.

Elə həmin həftə rayonda çap olunan “Rəndə” qəzetinin ilk səhifəsində “Gülü solan yaylıqlar” başlıqlı yazı çıxdı. Yazının müəllifi Yaqub idi. O, Ələkbərin müdir kimi etdiyi qanunsuzluqlardan yazmış, mağazaya yoxlama tələb etmişdi.

Doğurdan da bir neçə gündən sonra Ələkbərin mağazası içəridən bağlandı. O qapı bir də on gündən sonra açıldı. Mağazanın qapıları açılsa da Ələkbərin qaralan rəngi bir neçə həftə açılmadı.

Yaqub növbəti dəfə imtahanlar üçün Gəncəyə gedəndə onu şərləyib tutdurdular. İcra başçısı Ələkbərin doğma xalası oğlu idi. Yaqub bunu uzun illər sonra biləcəkdi. Ələkbərin mağazasındakı təftişdən sonra xalaoğlu Ələkbərə zəng vurub başına gələnləri xəbər alanda Ələkbər Yaqubu nişan vermişdi:

- Səbəbi və səbəbkarı heç yerdə axtarma, iki aydan sonra sənin yanına gələcək.

Beləliklə, Yaqub növbəti dəfə imtahanlara gedəndə həbs olundu. Alagöz onda boylu idi. Hər gün ağlayır, gözünün yaşını yeməyinə qatırdı. Yaqubun yanına isə insafən böyük baldızı ayda iki dəfə biş-düş aparıb, xəbər gətirərdi.

O, hadisədən sonra Yaqub çox düşdü. Rayona qayıdanda radiodakı, qəzetdəki işindən çıxarıldı. Heç bir məktəbdə ona müəllim kimi iş vermədilər. Rayonun ən ucqar kəndlərindən birinə güc-bəla işə düzəldi. Bakıya köçmək, ordakı televiziyaların birində işə düzəlmək, məşhurlaşmaq kimi arzuları məhv oldu. Yavaş-yavaş içkiyə, siqaretə qurşandı.

Sonralar ona tələ quran adamları həyat özü cəzalandırdı, amma ona olan olmuşdu artıq. Həyata, insanlara və haqqa olan inamı ömürlük zədələnib sarsılmışdı.

Sonra anasıgillə də yollaşmadı. Ata evindən bir pencəklə baş götürüb çıxdı, özünə təzə yurdda yeni ev qaraladı, birtəhər rahatlanırdı ki, onda da erməni ev-eşiyindən didərgin saldı.

İndi isə ömrünün son günlərini bu damın altında taleyi ilə yaxa-boğaz olmaqla başa çatmaqdadır.

Yaqub bütün varlığı ilə hiss edirdi ki, ömrünə az, lap az qalıb. Həyat ona qarşı qəddar davranmışdı.

Yaqub xatirələrinin ən qaranlıq girdabına girib çıxarkən evdəkilər yatmış, Alagözün otağının işığı çoxdan sönmüşdü.

Eyvana çıxdı. Ulduzlar bu dəfə daha da aydın və parlaq görsənirdi. Amma onun bayaq əlini tuşladığı ulduz daha da zəifləmişdi. Elə bil indicə qopub yerə düşəcəkdi. Ürəyi onun içindəydi.

Yenə qulağına arı vızıltısı gəlirdi. Yaqub eyvanın küncündəki siqaret qutusunu çıxarıb bir gilə siqaret götürdü, kibriti yandırıb çəkməyə başladı. İçərisindəki alov isə sönmək bilmirdi. Üçüncü siqaretdən sonra Yaqubun başı fırlandı. Damağındakı siqaretin közünün sönməsi ilə səmadakı sönük ulduzun işığının itməsi bir oldu.

Günəş şərqdən çırtlayıb göyün üzünə qalxanda, Yaqubgilin eyvanından asılan yapon yaylığı ipdən sürüşüb döşəmədə uzanıqlı qalan Yaqubun üzünü örtdü.

# 6701 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
# # #