Səməd Vurğunun poemasına çəkilən filmin uğursuz aqibəti

Səməd Vurğunun poemasına çəkilən filmin uğursuz aqibəti
27 iyun 2020
# 08:58

Kulis.az “Aygün” bədii televiziya filminin təhlilini təqdim edir.


Əhvalat ailə dramı haqdadır. Əsas qəhrəmanlardan biri Aygün (Nəcibə Məlikova) bəstəkardır. O, aqronom Əmirxanla (Həsənağa Salayev) ailə qurur. Aygün Konservatoriyada təhsilini davam etdirmək istəsə də, ali təhsilli, qısqanc əri Əmirxanın təkidi ilə peşəsini atır. Aygünün ərinin seçimi ilə razılaşmasına səbəb ona sevgisi, ailəsini dağıtmaq istəməməsidir. Tezliklə ailənin qızı Ülkər (Rəna Topçubaşova) doğulur. Bu arada Aygünlə Əmirxanın münasibəti dözlüməz həddə çatır. Əmirxan içkiyə qurşanır, işinə məsuliyyətsiz yanaşır, ailəsinə diqqət göstərmir, arvadı ilə kobud davranır. Nəticədə Aygün qızını da götürərək evi tərk edir. O, özünü musiqiyə həsr edərək uğurlu karyera qurur. Finalda peşman olmuş Əmirxan ailəsinə qayıdır. Və film xoşbəxt sonluqla bitir.
“Aygün” Səməd Vurğunun eyni adlı poeması əsasında 1960-cı ildə ekranlaşdırılıb. Kamil Rüstəmbəyovun lentə aldığı filmdə dialoqlar bədii mətndə olduğu kimi nəzmlə ifadə olunub.

Gallery


“Aygün” plakat üslubundadır, sosrealizm estetikasında işlənib. Maraqlıdır ki, əhvalat 1950-ci illərdə baş verir və bu, həmin illərdir ki, artıq cəmiyyətdə qadının statusu, mövqeyi nisbətən möhkəmlənmşdi. Lakin filmin mövzusu- qadının peşəsi ilə ailə seçimi qarşısında qalması, Əmirxanın patriarxal münasibəti, qadını evdar statusunda görməsi inqilaba qədərki və inqilabın ilk illərində qadına gerilikçi münasibətdən fərqlənmir. Əslində kişimərkəzçi mövqe müasir dövrümüzün də aktual problemlərindən biridir. Qadın emansipasiyasını məhdudlaşdırılmasını, qadının daha çox məişətdəki yerini qabardılmasını nəzərdə tuturam. Bu dəyişməz münasibət onu göstərir ki, siyasi sistemlər dəyişsə də, ümumilikdə, qadın haqlarına yanaşmada kəskin dəyişikliklər baş vermir. Və görünür, bu, daha çox mental mədəniyyətimizlə bağlıdır.


Rejissor filmdə qadına patriarxal yanaşmanı ideoloji səviyyəyə qaldırmır, onu sadəcə ailə münasibətləri çərçivəsində geniş yayılmış tendensiya kimi yox, epizodik hal kimi dəyərləndirir. Müəllif qadının üzərinə kişidən fərqli olaraq daha çox yük qoyur. O, göstərir ki, qadının sevgisi, dözümü, fədakarlığı ərini sonda düz yola qaytarır, tərbiyələndirir, Əmirxan tərk olunması, tək qalmasıyla cəzalanaraq katarsis olunur və sovet insanına çevrilir.

Gallery


K. Rüstəmbəyov bədii əsəri olduğu kimi köçürür, o, ideallaşdırılmış, ziddiyyəti və yanlışlıqları olmayan, sxematik qadın obrazı yaradır. Və qadın o qədər idealdır ki, ayrılandan sonra da onu alçaldan ərinə sadiqlik nümayiş etdirir, onu sevən dürüst Elyarın (Gündüz Abbasov) sevgisini rədd edir və ərini bağışlayır. Onun ərinə sadiqliyi, namusu, ailəyə bağlılığı hekayənin əsas meyarı kimi götürlür. Başqa cür desək, rejissor qadının psixoloji-emosional dünyasını başqa qatlarda araşdırmır, ona alternativ həyat, düşüncə seçimi tanımır.


Yeri gəlmişkən, o vaxt Azərbaycan radiosunin rəhbərliyi rejissora “Aygün”ü radio-tamaşa kimi hazırlamağı tapşırmışdı. Ancaq Kamil Rüstəmbəyov "Aygün"ün bədii televiziya filmi çəkməyi qərara alır. Ssenari rəhbərlik tərəfindən bəyənilir. Bununla belə, filmi işləyərkən yaradıcı heyət müxtəlif maneələrə və texniki təchizatın məhdudluğu ilə qarşılaşır. Çünki o vaxtlar televiziyada bədii filmlərin istehsalı üçün vəsait ayrılmadığından, televiziyada uyğun texnika yoxluğundan “Aygün” çətin şərtlərdə çəkilirdi.


Filmin çəkilişləri əsasən Bakıda, interyer epizodları pavilyonda, Muğan səhnələri Qubada çəkilib.

Gallery


Ülkər rolunu 132 saylı məktəbin şagirdi Rəna Topçubaçova oynayıb. O, qırxdan çox uşağın içindən seçilərək bu rola təsdiq olunb. R.Topçubaşova “Kino yenilikləri” qəzetinə verdiyi müsahibəsində deyir: “O vaxt ikinci sinifdə oxuyurdum. Nəcibə Məlikova bizə tez-tez gəlirdi. Günlərin birində bizə gəldi və tələsik “qızım Rəna, tez ol, hazırlaş, səni kinoya çəkilməyə aparıram” dedi. Anam “bacarmaz” deyə nə qədər təkid etsə də, əl çəkmədi. Həmin gün məni Ülkər roluna təsdiqləyəndə “ağlaya bilərsənmi” deyə soruşdular. Mən də “bilərəm” dedim. Evdən çıxıb gedən atamın dalınca qaçıb ağladığım epziodun çəkilşi gedirdi. Həmin epziod Azərittifaqın binasında çəkilirdi. Hiss edirdim ki, Kamil Rüstəmbəyov bərk həyəcan keçirir. Filmdə çəkilməyimi tamamilə unutmuşdum, elə bil mənim hərəkətlərim kinolentə köçürlümür, hər şey həyatda baş verirdi. Bunu səbəbini yalnız Səməd Vurğunun ehtirasla qələmə aldığı əhvalatda görürəm. O vaxltar çoxları mənim aktrisa olacağıma əmin idi. Ancaq yaşa dolduqca tarix elminə maraq aktrisalıq həvəsinə qalib gəldi”.

Gallery


Film ekranlara çıxandan sonra qəzetlərdə müsbət rəylərlə yanaşı tənqidi məqamlar da yer almışdı. Məqalə müəllifləri bəzi səhnələrdə ibtidailiyin olmasına baxmayaraq (xüsusən Aygünün bir-iki səhnədə dirijor kimi göstərilməsi) bir sıra hallarda meladoramtik ünsürlərə aludəçəliyin hiss olunmamasını yazırdılar: “Kadrlar ayrı-ayrılıqda nə qədər canlı olsa da dramatik gərginlik cəhətdən zəifdir. Ekranda hərəkətdən çox mühakimələr yer tutur. Bu isə dramtik gərginliyi azaldır. Poemada müəllif qəhrəmanın psixoloji inkişafını açmaq üçün sakit və təmkinli keçidlərə, lirik ricət və mühakimələrə yer verə bilər. Amma kino dramaturgiyada məsələ başqa cürdür. Rejissor bu cəhətləri nəzərə almalı və hadisələrin sürətli inkişafına çalışmalı idi”. Bundan başqa Elyar-Aygün xəttinin zəif işləməsi, epizodik rolların sxematik alınması, musiqinin yekrəngliyi qüsur kimi qeyd olunur.


Filmin operatoru Əlihüseyn Hüseynov, bəstəkarı Zakir Bağırov, ssenari müəllifi Kamil Rüstəmbəyovdur.

# 16240 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #