Yetim cücələri xatırladan insanlar – Abid Tahirlidən hekayə

Yetim cücələri xatırladan insanlar – Abid Tahirlidən hekayə
20 aprel 2020
# 16:39

Kulis.az Abid Tahirlinin “Yetim cücələr” hekayəsini təqdim edir.

(“XXI əsrin hekayələri” silsiləsindən)

Sınıq-salxaq nərdivanla qorxa-qorxa mal tövləsinin damına qalxan Tükəzban nənə dərindən nəfəs aldı. Damın qaranlıq küncündə payızda yığılmış otun içərisindəki yuvasında boynu sallanmış, tükləri pırpızlaşmış anaş toyuğun altından çıxıb balaca qanadlarını çırpa-çırpa cippildəşərək ora-bura qaçan cücələrə təlaşla baxdı, ətrafa boylandı “Görəsən, kürtə nə olub? Siçovul, gəlincik sancmayıb ki?”. Tükəzban nənə ehtiyatla kürtə yaxınlaşdı, adi vaxtlarda beş addımlığına yaxınlaşana - fərqi yoxdur adama, itə, pişiyə ağına-bozuna baxmadan dimdiyi, caynaqları ilə hücum çəkən, tüklərini biz-biz edib, qanadlarını yana açaraq fəryad qoparan toyuq indi ölüvaylaşmış, pipiyi solğunlaşmış, gözləri yarıya kimi qapanmışdı. Tükəzban nənə cücələri o yan-bu yana itələyərək, kürtün qanadlarından tutub qaldırdı. Taqətsiz toyuq buza dönmüşdü. Tükəzban nənə nərdivana sarı yaxınlaşıb var gücü ilə evə tərəf boylandı, gəlinini səslədi:

- Nərmin, ay Nərmin kürtə nə bəla keçibsə, heç halı yoxdur. Tez bir stəkan marqanslı su, bir şpris araq gətir bura.

Nərmin gələndə gec idi. Toyuq canını tapşırmışdı. Tükəzban nənə ölmüş kürtü nərdivandan üzüaşağı salladı, Nərminə verdi:

- Ay gəlin, apar bunu bağda dərinə basdır. Buna nə oldu, bilə bilmədim. Allah əvəzini versin.

Tükəzban nənə güc-bəla ilə əlindəki köhnə kişi papağının içinə ora-bura səpələnmiş cücələri topladı, “Allaha təvəkkül”- deyib aşağı endi.

Yazın ilıq nəfəsi adamın kürəyini isitsə də, Tükəzban nənə ehtiyatını əldən vermədi. Cücələri bir banan qutusuna yığıb evə - isti kürənin yanına yerləşdirdi. Rəngbərəng sarı dimdikli yetim cücələr qutunun içində ac-susuz, əlacsız, çarəsiz halda o baş-bu başa qaçışır, var gücləri ilə civildəşirdilər.

Tükəzban nənə sanki Nərminin gəlməsini gözləyirdi, o içəri girən kimi dilləndi:

- Ay gəlin, bu yetimlərə bir əlac edək. Mən şit şor gətirim, sən də yuvadan iki-iç yumurta gətir, bişir, sarısını şüyüdə qatıb verək, yesinlər, yetimdirlər, yazıqdırlar, tez elə, Allaha da xoş gedər.

Nərmin Tükəzban nənənin tapşırığı ilə bayıra çıxmağa hazırlaşırdı ki, birdən yadına nə isə düşübmüş kimi:

- Nənə saat ikini keçir. Gəl, “Xəbərlər”ə baxaq, sonra cücələrə qulluq eləyərik.

Nənə razılaşdı. Televizoru açdılar. “Xəbərlər” başlamışdı. Bir icmalçı koranavirus pandemiyası ilə bağlı müxbirin suallarını cavablandırıdı:

- Sözün açığı, koranavirus əleyhinə peyvəndin tapılması, bu virusa qarşı tamaşaçılara nikbin və konkret heç nə deyə bilmirəm. Alimlər, doktorlar, söz sahibləri də bir-birinə zidd, bir-birini təkzib edən fikirlərdən uzağa gedə bilmirlər.

Müxbir növbəti sualını verir:

- Bəs Sizcə, bəşəriyyətin xilas, nicat yolu nədədir?

İcmalçı:

- Cavab verməyə çətinlik çəkirəm. Bilirsiniz, insanlar bu gün mənə yetim cücələri xatırladır. Əlacsız, çarəsiz, ora-bura vurnuxan yetim cücələri...

Arxasını dinləməyə Tükəzban nənənin səbri çatmadı. Banan qutusunun içərisində çarəsiz civildəşən kimsəsiz cücələrə, sonra da icmalçının ümidsiz sözlərindən gözləri dolan, az qala qəhərdən boğulan gəlininə baxdı:

- Nərmin, qalx ayağa, iş başına! Allah böyükdür, rəhmi də böyükdür.

15.04.2020

Koronavirusun məktubu – Mətn

# 2337 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #