news-inner
clock21:01 calendar-gray 23 Yanvar 2020 view-gray1529 dəfə oxunub
view-gray1529 dəfə oxunub

Şahmat... Ya da üç gedişə heç-heçə - Əyyub Qiyasdan hekayə

Kulis.az Əyyub Qiyasın “Şahmat… Ya da üç gedişə heç-heçə” hekayəsini təqdim edir.

birinci gediş, həm də debüt

Ağac olanda istəyirdim məndən gözəl bir qadın üçün yataq düzəltsinlər. Mən hələ balaca olanda gözəl bir qadın çantasındakı qayçının iti ucu ilə gövdəmdə qəribə bir söz yazmışdı – “EŞQ”. O vaxtlar həmin sözün mənasını bilməsəm də, qadın barmaqlarının təması mənə çox xoş gəlmişdi və onun qayçısının ucu gövdəmi incitsə də, o barmaqların istisi məni ehtirasa gətirmişdi. Sözün düzü, heç ehtirasın nə olduğunu bilmirdim, amma hiss edirdim ki, gövdəmə sığınan budaqlar məni qucaqlamaq istəyirlər.

Qadın üç hərfli sözü yazıb getdi və mən onu bir daha görmədim, amma sinəm üstə açdığı cığırlar mənimlə birlikdə yaşayıb qocaldı. O gedəndən sonra mən ancaq onunçün yataq olmaq arzusuna düşdüm. Mən nəinki onun barmaqlarının hərarətini, hətta onun bədəninin ətrini də, dərisinin yumuşaqlığını, sinəmə çökəcək ipək paltarının xışıltısını da duymaq istəyirdim. Hər səhər onu görəcəyimi düşünür, gecənin qaranlığında belə onu görmək arzusu ilə ulduzlara sarı boylanırdım. O gedəndən sonra gün ərzində bir-neçə dəfə qızlar, oğlanlar kürəklərini mənə dayayıb qəribə səslər çıxarır, budaqlarım mənə sarılan kimi bir-birlərinə sarılırdılar. Bu mənzərələr mənə çox xoş gəlirdi, amma elə bilirdim ona xəyanət edirəm.

Arzularım ürəyimdə qaldı. İstəyimi, düşüncələrimi məndən xəbər alan belə olmadı. Bir gün tez-tez parka gələn və duruşu, qaməti düz ağaclara qan tutmuş gözlərini dikən xarrat üzümə baxa-baxa mənim də dibimə bir vedrə su tökdü. Susuzluqdan yandığım üçün hər damlanı acgözlər kimi sovurub içdim, amma içdiyim su yanğımı söndürmədi, əksinə, içimdə təzə bir yanğı baş qaldırdı. İki gün sonra budaqlarımın yavaşca əyilib yanıma düşdüyünü gördüm, sonra yarpaqlarımın rəngi dəyişdi, büzüşdülər, yığıldılar və asta-asta məni tərk etməyə başladılar. Hər səhər süpürgəçi qadın dibimi süpürəndə quruyub yerə tökülən yarpaqlarımı təmizləyir, sonra onları bir yerə yığıb gözümün qabağında yandırırdı. Yarpaqlarım kişi kimi, sakitcə alışıb yanır və bir an sonra boz rəngli külə çevrilirdi, ancaq mən onların sükutundan, onların səssizliyindən qorxurdum. Mənə elə gəlirdi ki, onları yandıran alovun dilləri bir gün özümə də çatacaq.

... və çatdı.

Bir gün süpürgəçi qadın yarpaqlara elə mənim dibimdəcə od vurdu. Alovun tikanlı dilləri gövdəmi yaladı, atəş asta-asta canımdakı hərarəti üstələyib məni buza döndərdi. Alov gövdəmi yandırdıqca bir vaxtlar, illər əvvəl çantasındakı balaca qayçının iti ucu ilə sinəmdə üç hərfdən ibarət «EŞQ» sözünü yazan həmin qadını xatırladım. Onunla bağlı necə gözəl arzularım vardı. Alov həmin hərfləri də yandırdı və daha mənim gövdəmdəki o sehrli sözləri heç kəs oxuya bilməzdi. Amma mən, bircə mən bilirdim səninəm üstə nə vaxtsa əvvəlində mənə əzab verən, lakin sonralar bütün ruhumu sakitləşdirən, məni yaşadan qəribə, doğma bir söz yazılıb.

Tüstüm təpəmdən çıxırdı. Daha arabir kürəklərini gövdəmə dayayıb qəribə səslər çıxaran aşiqlər də mənə yaxınlaşmırdı. Heç kəs məni bürüyən atəşi görmür, onu söndürmək haqqında fikirləşmirdi.

Sonra gecə düşdü, ay-ulduzlu gecə. Başım üstəalışan ulduzlara baxdıqca ulduz olmaq istəyirdim. Uzaq, əlçatmaz, “eşq” sözünün özü kimi sirli-sehri ulduz.

Qəfildən qara buludlar gəlib həsrətlə baxdığım ulduzların qarşısını aldı və güclü yağış başladı. Yağışa nə qədər sevinsəm də, ulduzlardan ayrı düşməyim məni bir o qədər incitdi. Yağış damlaları hələ də tüstülənən sinəmə toxunduqca cızdağım çıxırdı. İçimdəki yanğı sönsə də ruhumdakı alov daha da bərk alışırdı.

Bir gün illər əvvəl dibimə vedrə ilə atəşli su tökən, məni eşqimdən, arzularımdan ayıran xarrat əlindəki balta ilə yaxınlaşdı. Mən bütün varlığını itirmiş, keçmişindən qopmuş, gələcəyi olmayan müdhiş bir heç idim. Xarrat baltasını mənə toxundurduğu anlarda yenə əvvəlcə sinəmi incidərək üstündə “EŞQ” sözü yazan qadının balaca qayçısının iti uclarını xatırladım. Görünür bir ömürdə o ağrıdan gözəl başqa bir ağrım olmayacaqdı. Çox istərdim ki, balta bu anlarda xarratın deyil, həmin o gözəl və ətirli qadının əlində olsun.

Xarrat üzümə baxmadan məni yerə sərdi, sonra qurumuş budaqlarımı ayırdı. Sonra arabasının tərkinə sarıyıb sürüyə-sürüyə apardı.

Xoca xarrat hisslərimi vecinə almadan məni balaca həyətindəki dəzgahın yanına çəkdi. Sonra baltanın iti dişi ilə əvvəlcə yanıb qaxaca dönmüş qabığımı təmizlədi. Alovun gövdəmi də qaraltdığını görüb, əsəbiləşdi. Sonra hirsindən baltanı köksümə sancıb harasa getdi. Bir qədər sonra balaca bir qızcığaz gəlib sinəmə sancılan baltanı çıxartdı, çevrilib getmək istəyəndə içimdən onu səsləmək, onunla danışmaq keçdi və onu çağırdım. Bir-iki addım atıb dayandı, yaxınlaşdı, bayaq baltanı çıxartdığı yeri balaca əlləri ilə tumarladı, sığalladı... O əllərin hərarəti, təması necə də doğma idi. Bu əllər sinəmdə üç hərfli söz yazan qadının doğma əllərinə oxşayırdı. Sonra qızcığaz əlindəki baltanı yerə atıb qaçdı. Onun tumarladığı yer illər əvvəl gözəl xanımın sinəmdə üç hərfli söz yazdığı yer idi.

Qışa qədər yerdə qaldım, sonra qoca xarrat məni odun kimi doğradı, amma nə üçünsə iri bir kötük saxlayıb, qalan nəyim vardısa peçə atıb yandırdı. Amma bir dəfə eşitdim, qoca şikayətlənir, canını isitmədiyimi deyirdi. Başqa necə ola bilərdi, mən hərarətimi o gözəl qadının sinəmi yaralayıb getdiyi andan itirmişdim.

Yaz gələndə qoca xəstələndi. Bir-iki ay evdən bayıra çıxmadı. Havalar isinəndən sonra onun çarpayısını körpə tutun altından qoydular. Qoca hər dəfə başını qaldırıb yaşıl tuta baxanda gözləri ilə baltanı axtarır, öz-özünə deyinib deyirdi ki, tutun dik duruşuna qıcıqlanır. İndi başa düşdüm: elə mən də parkdakı dik duruşumun badına getmişdim. Sən demə qocanın dik qamətli, şax duruşlu ağaclara qarşı allergiyası varmış.

Xəstəhal xarrat arabir qalxıb taxta parçalarından nəsə düzəldirdi. Bir gün əlində bir ovuc balaca taxta oyuncaqlarla gəlib məndən qalan yeganə kötük üstə oturdu. Nə üçünsə ora-bura vurnuxdu, sonra qalxıb mənə diqqətlə baxdı, əlindəki oyuncaqları bir kənara qoyub məni sürüyərək dəzgaha sarı apardı və sonra mənim məşəqqətli anlarım başladı.

Qoca məndən qutu düzəltdi, lap balaca çamadana oxşayırdım, iki hissədən ibarət idim, açılı vəziyyətdə lövhə olur, bağlananda yenə qutuya çevrilirdim ...

Sonra qoca üstümdə qəribə cızıqlar çəkdi, cızıqları kvadratlara ayırıb sıra ilə birini qaraltdı, digərinə isə toxunmadan öz rəngində saxladı. Lap axırda üstümü rəngsiz, şəffaf boya ilə rənglədi. Rəngim quruyandan sonra qoca mənim düzəltdiyi balaca, taxta oyuncaqların hamısını içimə yığdı. Sonralar bildim: qoca məndən kimlərinsə oynayacağı oyuna meydan düzəltmişdi. İçimə doldurduğu o qəribə oyuncaqlar isə həmin oyunun fiqurlarıymış.

Qoca fiqurları yerləşdirdikdən sonra birdən-birə içimdəki sakitlik məni qorxuya saldı. Fiqurlar içimdə özlərini qəbirdəki kimi sakit və hərəkətsiz aparırdılar. Onlar da üstümdəki xanalar kimi iki rəngə boyanmışdı: yarısı qara, yarısı da elə öz taxta rənglərdə qalmışdı. Amma nə olsun, qara rəngə boyanmış fiqurlar da nə vaxtsa adi taxta rəngində olublar və üzərlərinə vurulan bəzək onlarla bağlı qeyri-adi heç nə demir, onları məndən fərqləndirən heç nə yoxdur. Amma keçmişləri haqqında hələ heç nə bilmirdim.

Sakitlik məni sıxdı. Astaca lap dibdə olan, sıxılan, büzüşən balaca bir fiquru tərpətdim.

- Siz kimsiz? – Xəbər aldım.

Balaca, çəlimsiz fiqurun rəngi qara idi, çoxbilmiş olduğunu uzaqdan hiss edirdim.

- Şahmat fiqurlarıyıq, – pıçıltı ilə cavab verdi. Sonra da uzun-uzadı danışdı. Sözündən belə məlum oldu ki, onlar ağlı-qaralı birlikdə otuz iki fiqurdu. Aralarında şah da var, vəzir də. Hətta xorultu ilə yatan filləri də, dördnala çapan atları, ağzından od püskürən topları da var. Amma ən talesizləri özləridir – səkkiz nəfərlik piyadalar. Onları ona görə iki yerə ayırıblar, ona görə yarısını qara rənglə boyayıblar ki, satqınlıq edib döyüş meydanında düşmən tərəfə keçməsinlər. O, döyüş meydanı deyəndə heç nə başa düşmədim, maraq mənə güc gəldiyindən sözlərini yarımçıq kəsdim.

- Nə döyüş meydanı, nə sayıqlayırsan, kim kimlə döyüşür? – deyərək, suallarımı yağdırdım. O, məni axıradək dinləyib, yenə pıçıltı ilə cavab verdi:

- Sənin dünyadan xəbərin yoxdur? Sabah bizi qoca xarratdan alacaqlar, əgər kimsə pul verib özünə şahmat alırsa, deməli onunla oynayacaq… Vay o günə ki, naşı oyunçu əlinə düşəsən. Naşı oyunçu əlində fiqur olmaqdan pis heç nə yoxdur. Naşı oyunçu bəzən piyadanı at kimi çapır, topu fillə dəyişik salıb adamın sinəsinə dağ çəkir, hələ vəzirin halı lap pis olur. Naşı oyunçu əlində o yekəlikdə vəzir az qala piyada kimi qapazaltı olur. Şah da, başını itirdiyindən bilmir kimin arxasında gizlənsin. Ən pisi də odur ki, bəzən bizimlə şahmat oynamaq əvəzinə dama oynayırlar. Onda lap baş götürüb qaçmaq istəyirsən.

Onun sayıqlamalarından bir şey başa düşmədim, amma maraq məni boğduğundan beynimə dolaşan sualı verməkdən özümü saxlaya bilmədim.

- Belə yekə-yekə danışırsan ey, yaxşı, bəs bütün bunları sən haradan bilirsən?

O, gülümsəyərək parıldayan gözlərini süzdürüb, qaranlığın içindən bir-iki fiqur çağırdı:

- Gəlin bura, səhərə hələ çox qalır, danışmağa söhbət var, gəlin.

Bu çağırışdan sonra ağlı-qaralı bir neçə fiqur onun başına toplaşdı. O, təzə gələnləri mənə təqdim edib şəstlə dedi:

- Tanış ola bilərsən, bu, Ağ Fildir, aramızda ən təcrübəli və üzü üzlər görmüş fiqur budur. Belə yaxşı görünməyinə baxma, qoca bunu əməlli-başlı təzələyib. Özü isə düz üçüncü qutudur, dəyişir.

- Neyləyim ey, – Ağ Fil səsini qaldırdı, – birinci qutunu alan oyunçu bizi balaca oğluna hədiyyə eləmişdi. Uşaq da bizimlə şahmatdan başqa nə desən oynayırdı. Bir dəfə evlərinə qonaq gəldi, uşaqlar bizi bir-birinə atmağa başladı.

Sözün düzü adamın üstündə Allah var da, heç yerimdən tərpənməmişdim ha, hər şeyi Qara Top korladı. Ev sahibinin oğlu onu nə təhər qonaq gəlmiş uşağın başına vurdusa, yazığın gözlərindən alov çıxdı. Ev sahibəsi hirslənib bizi qutuqarışıq həyətə tolazladı. Sonra həyətdəki uşaqlardan biri məni tapıb quşatanla qoca xarratın həyətinə atdı. Az qala bir sərçəni yaralayacaqdım, amma yaxşı ki, qatil olmadım. İndi də belə...

Ağ Fil sözünü bitirən kimi bayaqkı Qara Piyada üzünü bizə yuxarıdan aşağı baxan Qara Vəzirə tutdu.

- Sən niyə özünü belə çəkirsən?! Görmürsən, hamı mehribandır, şirin-şirin söhbət edir. O ki, qaldı sənə, özün şahidisən də, dəfələrlə sənin yerində vəzir olmuşam, amma heç vaxt o yerdə gözüm olmayıb. Çünki mən əsgərəm, vəzifəm səni qorumaqdır və heç vaxt taleyimdən küsmürəm.

Qara Piyadanın sözləri, Qara Vəzirin susması məni heyrətləndirdi. Yaxşı ki, köhnə dostum narahatlığıma son qoydu.

- Bizə fikir vermə, həmişə bir yerdə olmuşuq, gözümüzün qabağında elə şeylər baş verib ki… O qədər qonaqlığın, kef məclisinin şahidi olmuşuq ki, biz.

- Heç vaxtı unutmaram, – deyən, Qara Vəzir söhbətə qoşuldu, – bir dəfə oyun çox uzandı, oyunçular oyunu davam edə-edə süfrəyə pendirlə qarpız gətirib, nahar etdilər. Qarpız qoxusu gələn kimi az qaldı dostumuz Qarabala (Qara Piyadaya öz aralarında belə deyirdilər) özündən getsin. Qarpızın ətri onu birtəhər eləmişdi. Sonra onu vurub meydandan çıxartdılar, o da fürsətdən istifadə edib qarpız boşqabının içinə düşdü, bəxti gətirdi, səhərə qədər qarpız suyunun içində çimdi. Səhər özünü dünyanın xoşbəxti hesab edirdi. Dostlarımızın hərəsinin bir xüsusiyyəti var: məsələn, Ağ Fil çətinə düşən kimi təpəsinə güllə çaxmaq istəyir, Qara Top yaxşı tütün tüstüsündən keflənir. Hə, o ki, qaldı Ağ Ata, onunku gətirmir, ağzını açıb danışmaq istəyən kimi, şahımız sözünü kəsir. Onun axıra qədər nəsə bir fikir söylədiyini eşitməmişəm.

- Hə, usta, – Qara Piyada yenidən üzünü mənə tutdu, – biz köhnələrdənik. Bunun da (yəni Qara Vəzirin) özünü belə yekə aparmağına fikir vermə, pis oğlan deyil, ancaq bir az təkəbbürlüdür, neyləmək olar, cavandır da... Bu yaşda ondan vəzir düzəldənin ağlı yoxdur. Özü də çox yaxşı bilir, taleyinə vəzirlikdən başqa heç nə yazılmayıb...

Qara Vəzir onun sözünü kəsdi.

- Düz danışmırsan. Köhnə qutudakı Ağ Şahla Ağ Vəzirin əhvalatını nə tez unutmusan. Yadından çıxıb, qutudakı fiqurların başındakı işarələr qırılıb düşəndən sonra sahib onların yerini dəyişik saldı, şahın işarəsini vəzirin başına, vəzirin işarəsini şahın başına yapışdırdı. Yazıq şah ondan sonra özünə gələ bilmirdi, zarafat deyil e, şah kimi dünyaya gələsən, durduğun yerdə işə düşüb vəzir olasan. Ona görə də dünyanın işini bilmək olmaz. Əgər sən piyada ola-ola vəzir olursansa, niyə mən vəzir olub şah taxtının bir addımlığında şah olmayım?

- O da düz söhbətdir, amma o xoşbəxtliyi sənin taleyində gözləmək olmaz, çünki o vaxt şahla vəzirə eyni paltar geyindirirdilər, ancaq tacları fərqli olurdu, indi hər qutuda şahla vəzirin arasında o qədər fərq olur ki...

Söhbət uzandıqca içimdəki başqa fiqurlar da bizə qoşulmuşdu. Təzə fiqurlarla köhnələr arasında yerlə göy qədər fərq vardı, o dəqiqə hiss olunurdu. Heç nədən xəbərsiz təzələr söhbətə diqqətlə qulaq asır, gözlərini döyürdülər, köhnələr isə dil boğaza qoymadan olub-keçənlərdən danışırdılar. Amma xoş olan bir şey vardı, ağlı-qaralı bütün fiqurlar bir-birləri ilə zarafatlaşır, bir-birlərinə ürək-dirək verirdilər. Hətta hər iki rəngli şah da piyadaların yanında dayanıb onların müdrik söhbətlərinə qulaq asmaqdan zövq alırdılar. Çünki şahların ikisi də təzə idi...

ikinci gediş, mittelşpil də ola bilər

Qara Piyada düz deyirdi, səhər açılandan bir az sonra qoca xarratın tanış oğlu (o, nə vaxtsa sinəmə sancılan baltanı çıxartmışdı) məni içimdəkilərlə birlikdə kağıza büküb qoltuğuna vurdu, biz onun isti qoltuğunda yırğalana-yırğalana xeyli yol getdik, sonra o, bir dəmir qapının zəngini basdı, qapı açıldı, eynəkli, damağında qalın siqar olan kişi bizi ondan alıb bükülünü açdı, diqqətlə mənə baxdı, eynək altdan görünən gözləri rəhmsiz və dəhşətli idi. Sonra içimdəki fiqurları bir-bir eynək altındakı gözünə yaxınlaşdırıb, diqqətlə nəzər yetirdi, oğlana pul verib: – “Pis deyil”, – dedi.

Nankor adam, bilmirəm bundan yaxşı necə ola bilər? Yenə köməyimə Qara Piyada çatdı. Sözün düzü, çatdı deyəndə ki, onun arsız-arsız gülməyi məni hövsələdən çıxartdı, üstünə çığırdım:

- Nə dişlərini ağardırsan, düz demirəm?

Gülə-gülə məni başa saldı ki, bizdən qat-qat yaxşı şahmatlar olur və onları bəzən fil sümüyündən, mərmərdən, qızıldan, gümüşdən düzəldirlər. Onlar həm bahalı olur, həm də yaxşı qorunurlar. Heç vaxt uşaqlar onları bir-birinə atmır, quşatana qoyub quş nişan almırlar və ən əsası, onlar qaldıqca qiymətə minir, daha bizim kimi gündən-günə qiymətdən düşüb heç olmur.

Onun sözləri məni sarsıtdı. Yenə keçmiş günlərimi xatırladım. “EŞQ” sinəmə çalın-çarpaz dağ vurduğu günlərdə necə də xoşbəxt idim, hər an yenidən yanıma gələcək, yenidən sinəmə təzə eşq yaraları vuracaq o barmaqların sahibini gözlədiyim xoş anlar.

Sözün düzü bir az kövrəldim.

Günorta təzə sahibimizin evinə özünə oxşar iki nəfər gəldi. Biri gələrkən əlindəki bağlamada araq gətirmişdi, o biri isə bu adama nədəsə yarınmağa, nəsə yaltaqlıq etməyə çalışırdı. Təzə sahibimizin damağındakı siqarın tüstüsü xoş idi. O birilər də hərəyə bir siqaret alışdırıb mənə baxdı. Masa üstə sakit dayanmışdım. Qara Top pıçıltı ilə hamını xəbərdar etdi:

- Birazdan başlayacaq.

Elə bu an gələnlərdən birinin şapalağı təpəmin ortasından dəydi. Mitilimi çay dağılmış masa üstə sürüyərək özünə yaxınlaşdırdı. Sonra kobudluqla qoca xarratın bağlamaq üçün peysərimə vurduğu qarmağı açıb, içimdəki fiqurları masaya boşaltdı. Ağlı-qaralı bütün fiqurlar bir-birinə qarışmışdılar. Qara Piyada Ağ Şahın belinə minmiş, Ağ Atın başı Ağ Filin xortumu altda hərəkətsiz qalmışdı. Oyunçular məni masada rahatlayandan sonra fiqurları bir-bir ağ-qara xanalara düzdülər. Birinci dəfə idi belə şey görürdüm. Sinəmin üstü böyük hərb meydanını xatırladırdı. İki böyük və qüdrətli ordu üz-üzə dayanmışdı. Nə olacağını bilmirdim, dəhşətdən qarmağım ağzıma girirdi. Heç süpürgəçi arvad yarpaqlarıma od vurub məni yandıranda bu qədər dəhşətə gəlməmişdim.

üçüncü gediş, həm də endşpil

Bizi alan eynəkli kişi bir ovcuna ağ, digərinə qara piyada alıb arxasında gizlətldi, sonra qaytarıb bağlı ovuclarını o biri eynəklinin qarşısında tutdu. Nə baş verdiyini bilmirdim, amma gördüm, o biri eynəkli yanında yaltaqlanmaq üçün ürəyi gedən dostunun işarəsi ilə təzə sahibimizin sol yumruğuna bir şillə çəkdi və sahibimiz ovucunu açıb göstərdi. Dostumuz qara fiqur olan əlini açmışdı. Qara Piyada məni başa saldı, bu, oyunu başlamaq üçün seçim idi və nəticəyə görə ilk gedişi təzə sahibimiz edəcəkdi.

Hiss edirdim ki, üstümdəki fiqurlardan dizləri əsənlər var. Ən çox narahatlıq keçirən, deyəsən Ağ At idi. Pıçıltısını eşitdiyim Qara Piyadanın dediyinə görə Ağ Atın buna əsası varmış. Sən demə Ağ At yaxın günlərə qədər elə bu eynəkli sahibimizin evində olub və sahibimiz onu büllur vazanın içində saxlayıb. Bir gün Ağ Atı həmin büllur vazanın içindən tapıb və vaxt itirmədən özünə təzə şahmat sifariş verib. Amma keçmişdəki tarixi hadisələrə görə həmin Ağ At şahmat dəstinin içində illərlə sahibimizin oyunlarında, daha doğrusu müharibələrində iştirak edib və o illərdən qalan acı xatirələrə görə təzə sahibimiz o vaxtlar ağların ikinci gedişində Ağ Atı irəli aparıb, onu iki piyadanın qarşısında, meydanın ortasında quqqulu kimi tək saxlamağı xoşlayırmış.

Döyüş başladı… Özünüz bilirsiniz söhbət nəyin başlamağından gedir. Nə isə…

İlk gedişi etməyə hazırlaşan sahibimiz şəhadət barmağını sağ tərəfdən ikinci sırada dayanmış piyadanın başına qoyanda yazıq piyada qorxudan dik atıldı. Bədbəxt neyləsin?! İlk döyüşdə ilk gedişi etmək sizə asan gəlməsin. Amma deyəsən dostumuzun baxtı gətirdi, sahibimiz nə üçünsə fikrini dəyişib, barmağını onun yanındakı piyadanın başına qoydu və vaxt itirmədən onu iki xana irəli apardı. Bu gedişdən sonra Ağ Filin qarşısı açıldı və qoca fil xortumunu qaldırıb əcaib səs çıxartdı, onun səsini eşidən Qara Fil də nərildədi və döyüş meydanının əks tərəfindən uğultu qopdu.

İkinci gedişi edən qaralar – onlardan xoşum gəlmirdi, aralarında mənə doğma fiqurlar olsa belə, sevmirdim onları – sol tərəfdən ikinci piyadanı irəli apardılar, bu gedişdən sonra dostum Qara Piyadanın sağ tərəfi boşaldı və təcrübəli fiqur vaxtın uzanacağını bəri başdan hiss etdiyindən, əyilib, çəkməsinin bağını bərkitdi.

Hə, qaralardan niyə zəhləm gəlir?! İcazə verin xırdalayım. Birinci səbəb: qaralar sahibimizə rəqib olanların əli ilə oynayırlar. Düzdür, çoxbilmiş Qara Piyada da onların arasındadır, amma bu, heç də o demək deyil ki, onlara hörmət etməliyəm. Ümumiyyətlə, şahmatın bir şeyi də xoşuma gəlmədi: bu işdə adamın öz şahmatı ilə ona qarşı oymaq da var. Bu isə ədalətsizlikdir və dünya birliyi hələ də buna göz yumur. Bu işdə ədalətsiz olan başqa məqam: hər iki oyunçu təxminən eyni gedişləri edir, eyni fiqurların rəng əksi olan fiqurlarla oynayır, sonda biri məğlub olur.

Nəsə, deyəsən uzun danışdım, bu vaxt ərzində oyun, yəni döyüş qızışmışdı. Ətrafıma göz gəzdirəndə gördüm: ağlardan iki piyada, bir at, qanına qəltan olunmuş vəziyyətdə yerə sərilmişdi, bir topun isə lüləsi qırılıb düşmüşdü. Qaraların vəziyyəti bir az babat idi: cəmi bir piyada, bir at böyrü üstə düşüb qalmışdı.

Siqaret tüstüsü ürəyimi bulandırırdı, bu tüstü mənə bir vaxtlar yanımda yandırılan yarpaqlarımın tüstüsünü xatırlatdı. Təsəvvür edirsiz də, qoynunda yetişən, tumurcuqlayan, cana gələn və bir gün göz görə-görə, xain və qatil xarratın bir vedrə dərmanlı suyunun qurbanı olan yarpaqların qarşında yanır. Elə bil övladın yanır. Onlar sənə əzab verməmək üçün bütün ağrılarını cana çəkib susur, kişi kimi, mərdliklə ölümü qarşılayırlar. Onlar susur, amma mən susa bilmirəm, onlar bir dəfə ölür, mənsə hər yarpaqla ayrı-ayrılıqda yanıram və külüm göyə sovrulur.

Sahibimin rəqibi damağındakı siqareti çəkə-çəkə, bekar barmaqları ilə masada dumbul çalırdı, onun duyumsuz ritmi başıma düşürdü və o özündən çox razı idi, mənsə buna tab gətirə bilmirdim.

Nəhayət, sahibimiz bir gediş də etdi, gözlərini döyə-döyə qalan qonaq siqareti külqabıya basıb, əlləri ilə başını tutdu, sonra da uzun-uzadı fikirləşdi. Onun fikirləşdiyini görən Qara Piyada gərnəşərək, yumruqlarını sinəsinə çırpdı, sonra da mənə baxıb göz vurdu.

- İndi görərsən, nə qiyamət qopacaq.

- Nə oldu?

- Tələsmə, indi hər şeyi özün görəcəksən.

Elə bu vaxt qonaq yumruğunu masaya çırpdı:

- Mən necə də axmağam! – səsini qaldırdı. Onun özü haqqında dediyi sözlər ürəyimə yağ kimi yayıldı. Nəhayət, ondan da ağıllı bir söz eşitdim. Sonra o, öz vəzirini döyüş meydanın ortasına atdı və bununla döyüş əməlli-başlı qızışdı. Ortaya atılan Ağ Vəzir Qara Vəzirin qarşısını kəsmişdi, Qara Vəzir him-cim edir, qarşısından çəkilməyini gözləyirdi, sahibimiz öz vəzirini onun qarşısına gərəksiz yerə töküləcək qanın qarşısını almaq üçün atmışdı. Sözün düzü, əgər Qara Vəzir ağların vəzirini gəbərtsəydi, onda özü pis vəziyyətə düşəcəkdi və yəqin, ikinci qapaz onun başına dəyəcəkdi. Vəzirlər meydanın ortasında üz-üzə durub bir xeyli sakit dayandılar. Bu ərəfədə ağların daha iki piyadasını ayaqları altına alan Qara Fil son gedişdən sonra Ağ Topun qəfil mərmisinə tuş gəlib, nərilti ilə yerə dəydi. Onu döyüş meydanından götürüb kənara atdılar. Qonaq dostumu – Qara Piyadanı irəli verəndə Qara Şahın qarşısı açıldı və şahın içindən qopan sevinc nidasını hamı eşitdi.

Otaqdakı siqaret dumanı daha da kəskinləşmişdi, artıq dostumu da vurub aşırmışdılar və sürüşüb onun yanına düşən və bir qədər əvvəl onun özünü vuran ağ piyadalardan biri ilə nə barədəsə mübahisə edirdi. Diqqətlə qulaq asanda eşitdim: dostum döyüşün onların qələbəsi ilə bitəcəyini deyirdi. Ağların yaralı piyadası isə onu başa salmağa çalışırdı ki, bu gedişlə tərəflər sonda sülh bağlayacaqlar.

Meydan yavaş-yavaş boşalır, qüvvələr tükənirdi. Son gedişdən sonra meydanın küncündə sısqa bir piyadanın arxasında gizlənməyə çalışan Ağ Şah meydanın o biri tərəfindəki Qara Vəzirin arxasına keçib ora-bura boylanan Qara Şaha tərəf baxdı və bu anlarda onun hisslərini oxumağa çalışdı. Sözün düzü, Qara Şahın içindən qara qanlar axırdı, vəzirindən onsuz da gözü su içməyən şah əsə-əsə düşünürdü ki, ağların yüngül bir həmləsindən sonra Qara Vəzir onu pis vəziyyətdə saxlaya bilər və üstünlüyə baxmayaraq, gərəksiz sülh bağlanar. Qara Vəzirin bu sülhə can atmağa məqsədi vardı: sonra ağlarla əlbir olub şahın yerinə çıxmaq üçün özünə müttəfiq axtarırdı. Nəticədə, ağların dəstəyi ilə Qara Şahı tamam itirə bilərdilər və fiqurlar arasında şaha ən çox oxşayan vəzir şahın xanasını tutar, vəzirin yerinə isə dostum Qara Piyada çıxa bilərdi.

Qara Piyada məni başa saldı, bu çox asan məsələ idi. Quruluşlarına görə piyadalar vəzirin tən yarısı boyda olurlar və iki piyadanı üst-üstə yapışdırdıqda onlar bir vəzirin məqamına çatırlar.

Qara Piyada şəstlə deyirdi ki, belə şeylərdə onun baxtı həmişə gətirib və çox güman ki, onu qoca xarratın düzəltdiyi artıq piyadalardan birinin üstünə yapışdıracaqlar, təbii, əgər proqnozlar özünü doğrultsa.

Qara Şahın kefi yox idi, döyüş çox ləng gedirdi və fikir verib gördüm, Ağ Şah olan-qalan piyadaları ilə zarafatlaşırdı. Qarşısında olan piyadanın bir addım irəli keçib mövqeyini möhkəmlətməsi şahın vəziyyətini daha da yaxşılaşdırmışdı və yəqin, bir qədər sonra tərəflər sülh bağlayacaqdı. Üstəlik, Ağ Şahın kefini qaldıran başqa bir məqam da piyadasına arxayın olmağı idi. Şah dəqiq bilirdi, əgər piyadası axıra qədər onunla döyüş meydanında qalıbsa, özünü qurban vermək bahasına olsa belə şahını qoruyacaq və hələ imkan düşsə vəzirin yerinə keçib onun da, özünün də mövqeyini möhkəmlədəcək. Şah dəqiq bilirdi, piyadalar arasında uzağı vəzir olmağa can atanlar çoxdur, bütün şahların isə ağıllı vəzirə ehtiyacı var. Bu piyada axıra qədər meydanda can saxlaya bilibsə və indi də özünü həlak edərək, şahın gözünə girirsə, demək, ağıllıdır.

Nəhayət, gözlənilən məqam gəlib çatdı. Qara fiqurlarla oynayan qonaq əlinin içi ilə meydanda qalan dörd fiqurun dördünü də aşırıb sahibimizin üzünə baxdı.

- Heç-heçə…

Onun sözünə qüvvət verən, bayaqdan bəri döyüşü yaltaqlığın bütün çeşidləri ilə diqqətlə izləyən digər qonaq qətiyyətlə: – Amma nə oldusa axırda oldu, yoxsa qələbə sənlik idi, – deyib, siqaret alışdırdı.

Rəqiblər yenidən fiqurları meydana toplamağa başladılar. Bir az əvvəl aşıb qalan Qara Şah yumallanıb masanın kənarına düşmüşdü, bu məqamda masa bir balaca silkələnsəydi şah yerə düşüb itə bilərdi. Elə də oldu, sahibimiz siqareti külqabıya möhkəm sıxdı, masa titrədi və Qara Şah aşıb diyirlənə-diyirlənə evdəki köhnə divanın arxasındakı siçan deşiyinin ağzına sıxıldı. Bir az sonra Qara Şahın axtarışı başladı, sahibim bir tərəfdən, qonaqlar o biri tərəfdən onu axtarırdılar. Şahı tapa bilmədiklərindən, təzə döyüşə başlamaq ehtirasından alışıb-yandıqlarından sahibim vaxt itirmədən siyirtmədən yapışqan çıxardı və dostumun – Qara Piyadanın – dediyi kimi iki qara rəngli piyada fiquru götürüb onları bir-birlərinə yapışdırdı, sonra xarratın göndərdiyi dəstin içində ehtiyatda olan iki təzə piaydanı meydana buraxdı. Dostumun qanı qaralmışdı, bəxt bu dəfə onun üzünə gülmədi, fikirləşdiyi kimi qaraların vəzirinin ondan düzəldilər, pərt idi. Bayaqdan bəri canfəşanlıqla öz şahını masanın üstündən aşıran, şahının məğlub olması üçün axmaq gedişlər edən Qara Piyada indi də ilk zərbənin onun başında çatlayacağını gözə alıb, Qara Şahın qarşısında dayandığı keçmiş günlərini xatırladı və o günlərin həsrətini çəkdi. İki qara piyadadan gözəl bir şah düzəltmişdilər və bu, onu yandırıb tökürdü. İndi o bir-birinin boynuna minib şah vəzifələrini icra edən sırtıq piyadaların önündə dayanmışdı. Qara Şah divanın arxasındakı balaca siçan deyşiyinin ağzına tıxanıb qalmışdı və bir gün kim tərəfindənsə tapılacağı anı gözləyirdi. Mənsə ona baxdıqca, ağac olduğum günlərdə gözəl bir qadının balaca qayçısının iti ucu ilə sinəmdə üstündə yazılan sehrli “EŞQ” sözünün ağrısına yaşadığım anları xatırlayırdım. Kim bilir, mən burada kimlərinsə oyunlarına meydan olduğum anlarda neçə-neçə ağacın sinəsinə gözəl-gözəl qadın barmaqları ilə təzə “EŞQ”lər yazılırdı…

news-inner-user

14387 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bizi belə öldürdülər - Şəhriyardan yeni şeir
22:45 25 Fevral 2020
Həyat kredonuza çevriləcək aforizmlər
21:01 25 Fevral 2020
İncəsənət Muzeyində ustad dərsləri keçirilib
19:00 25 Fevral 2020
Küçələrdə hər kəsi əyləndirən rəssam - Fotolar
18:25 25 Fevral 2020
Ceki Çan koronavirusa yoluxdu? - Açıqlama
17:47 25 Fevral 2020
Əzab nədir, sevgilərin sonrası? - Yeni şeirlər
17:09 25 Fevral 2020
Röya pulsuz konsert verəcək
16:30 25 Fevral 2020
Özbəkistanda Haqverdiyevin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək
15:53 25 Fevral 2020
Qızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatı
15:14 25 Fevral 2020
Rəssamımız dünyanın ən böyük surrealizm sərgisində
14:40 25 Fevral 2020
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
14:08 25 Fevral 2020
"Cəhənnəmdə 8 gün"ün premyerası oldu
13:34 25 Fevral 2020
Qadın repçi "Məkkənin qızları" mahnısına görə həbs olundu
12:57 25 Fevral 2020
Qara günü fürsət bilənlər: Maska oğruları
12:15 25 Fevral 2020
Müslüm Moqamayev adına beynəlxalq müsabiqə keçiriləcək
11:43 25 Fevral 2020
Tarix müəlliminin kədəri... - Cavid Zeynallıdan yeni hekayə
11:03 25 Fevral 2020
"Yazıçılar Birliyi Anarın və Fikrət Qocanın müdafiə komitəsinə çevrilib" - Müsahibə
10:19 25 Fevral 2020
Koronavirusu arzulayan azərbaycanlılıar
10:14 25 Fevral 2020
Musiqiçimiz Böyük Britaniyada konsert verəcək
09:42 25 Fevral 2020
Möhlət - İsi Məlikzadənin hekayəsi
09:00 25 Fevral 2020