Yarışma bitmək üzrədir - Yeni Şeirlər

Yarışma bitmək üzrədir - Yeni Şeirlər
7 oktyabr 2019
# 17:01

Kulis.az “Bir şeir” müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.

Rəvan Cavid

Üç fəsil

Əzizim,
mən qış adamıyam,
soyuğam,
üşüyürəm,
izin ver,
qucağına yüyürəm.
Sən demə, qısa saçlı qadınların səsi kobud olurmuş,
saçlarını kəsəndə qışqırıb-ağlayırlar,
ona görə.
Ona görə ağlama,
saçdı də...
Ona görə ağlama,
adam sevir,
sonra bezib qaçır...
qaçdı də...
Mən ondan çox sevərdim səni,
daha gözəl sevərdim,
məsələn,
dizlərinə uzanıb şeir oxuyuram...
qar yağanda...
Mən heç vaxt razı olmadım,
olmazdım,
mənə görə pis olasan,
dolasan,
ağlayasan,
mən gedəndə şəkilləri,
mesajları özüm silib gedərdim,
amma gedərdim...
Ki, ağlayasan,
dolasan,
pis olasan,
bilirsənmi,
adamlar pis olanda
gözləri ilə deyil,
əlləriylə baxır şəkillərə.
Əzizim,
mən yaz adamıyam,
ayaz adamıyam,
Günəşli günlərim də üşüdür,
küləkli günlərim də...
amma ümid var məndə.
Mən ondan çox sevərdim,
səni də, saçlarını da...
gedəndə saçlarından,
səndən bir şeir qədər
özümlə aparardım.
O aparmadı
-bu gün səni bütöv gördüm.
Nə qədər oxşayırsan
səndən sonrakı qadınlara,
məsələn,
Annaya,
Füsuna,
Lolitaya...
Əzizim,
mən yaya bənzəmirəm,
bağışla!
Əzizim,
mən payız adamıyam,
kağız adamıyam,
Allahın yazıq adamıyam,
üstü-başı şeir,
yazıq-yazıq adamıyam.
Sarı xəzəlim,
mavi Xəzərim,
alatoran Bakım,
bir də sən varsan məndə.
Bir də
gözləməyim var,
heç çəkiləsi deyil.
Çəkmə də heç,
boş ver,
keç.
Sevgilim,
sən hansı fəsildəsən?!

***


İsa İbrahimli

Küçələrin qadını

Bir qadın küçə süpürür
üzündə keçmişin xatirələri
Bir qadın küçə süpürür
Arası kəsilməzlikə üşüyür əlləri.

O, illərini küçələrə verib
Onun üçün çətin deyil bu iş
O, ömrünü gecələrə verib
yaşaya bilərdi amma
o bilir ki, bu daha gözəl bir iş

Sifətində köhnə bir şal
tanımasın dostları
Guya indi dost qalıb?
Ona artıq dost
-süpürdüyü küçələrin səkiləri
qıraq-bucaq yolları…

Bir qadın küçə süpürür
Külək qaldırır xəzanı
səpələyir ətrafa
Elə bil küləkdir, kin küdurətlə
onun ayağının altının qazanı

Bir qadın küçə süpürür
təmizləyir insanların atmadığı
zibilləri, siqaret qalıqlarını.
Fikirlərin çatmadığı yerləri
düşünərək öcünü alır
ədalətsizliyə üsyan edərək
gücünü alır bu qadın

Bu qadın küçələrin qadınıdır.
Amma küçə qadını deyil.
İki fərqli anlayışdır
biri öz təmiz geyimi ilə
küçələri çirkləndirməklə məşğul
biri çirkli geyimi ilə təmizləməklə

O maşına minəndə onun üçün qapılar açılmır
Amma onun üzərinə açıqdır həmişə
yaşadığı isti evin qapıları
Həsrət ilə anasını gözləyir
məktəbdən yeni gəlmiş
balaca uşaqları.

O bir qəhrəmandır
adı küçələrə veriləsi
O əsil qadındır
qarşılıqsız seviləsi
O küçələrin qoruyucu mələyi
bəzən görməzsən amma
var olduğunu bilərsən
bəzən insanlarının
çirkli-qaranlıq baxışlarından kənarda
bir işıq görərsən.

Bir qadın küçə süpürür
üzündə keçmişin xatirələri
Bir qadın küçə süpürür
arası kəsilməzlikə üşüyür əlləri


***

Səbinə Muradova

Bakım

Tozludu Bakım,
Küləklidi,
Qəmli, kədərlidi.
Yorğun düşüb nə vaxtdandır.
Amma hərdən bəzəyirlər Bakımı,
Bər-bəzək vururlar üz-gözünə.
Üst-başını geyindirirlər,
Çıxardırlar insan içinə,
ölkələr arasına,
dünya arenasına.
1-2 çıtma çalırlar,
Qol qaldırıb oynayır Bakım,
çalanın havasına.
Sonra gücü bitir,
Evinə qayıdır,

özünə dönür Bakım.
Yorulmuş, əzilmiş...
Yenə əl çəkmirlər,
İşıqlarını yandırırlar

yorğun Bakımın.
Qaranlıq qəlblər üzərində
Yanır çil-çıraqları.
Gözlərini qıya-qıya
Qamaşdırır Bakım,
gələni, gedəni...
“Baku, Baku” deyəni...
Süst düşüb başını qoyur Bakım
mavi Xəzərin qoynuna.
Gözləri yumulur, yata bilmir,
Səs eşidir, qulaq verir –
Bax, budur, o dar küçədə,
Bir yorğun fəhlə gedir,
ayaqlarını çəkə-çəkə evinə.
Yox, əlləri boş deyil,
Çoxlu qabar var əllərində.
Zəhmətinin çirki var üzərində.
Evinə aparır fəhlə
əməyinin haqqını:
Alnının qırışını, əlinin qabarını.
Bu gecə də gizlicə yatağına girəcək,
Uşaqları görmədən...
qadını deyinmədən...
Yuxuya verir Bakım

öz yorğun fəhləsini-
Özünün qaranlıq, çirkli nəfəsini.
Sabah oyanarsan, fəhləm.
Sabah yeni gün deyil,
Yenə gün başlayacaq...

***

Ülvi Səmazən

Özgə Qadını

Necə keçir həyatın özgə qadını?
Saçlarını hörürmü hər səhər o?!
Axşamları işdən evə dönəndə,
Yanağını öpürmü birtəhər o?

Barmağını gəzdirirmi saçına,
Bəs yatanda qoxlayırmı telini?
Oda sənin üşüyəndə gecələr,
Nəfəsiylə isidirmi əlini?

Necə keçir həyatın özgə qadını,
Hicran səni haldan hala salırmı,
Söylə görüm saçlarının qoxusu
O adamın yatağında qalırmı?

Məktublarım köhnəlirmi evində,
Üzərində bit-birələr gəzirmi?
Ayağına dolanırmı keçmişin,
Dabanını xatirələr əzirmi?.

Yanağında ölürmü səadətin,
Qəm özünü saçlarınnan asırmı,
Gecələri mənim kimi gözlərin,
Göz yaşını yasdığına qusurmu.

Necə keçir həyatın özgə qadını?
De talein gözlərinə gülürmü,
Bəs de görüm sən olmayan ayları,
O adamda mənim qədər ölürmü.

Gecə yarı sən yatanda sakkalı,
Yanağına de dəyirmi onun da?,
Söylə görüm yatırsanmı gecələr,
O adamın yatağının solunda...

Necə keçir həyatın özgə qadını?
Saçlarını hörürmü hər səhər o?!
Axşamları işdən evə dönəndə,
Yanağını öpürmü birtəhər o?

***

Vüsal Qocayurd

Qadınlar haqqında elegiya

Bu yorğunluğun altında kimdi salamat qalan?
Kimdi salamımı alan bundan sonra? kimdi?
Həyat...
Çox qəribə üzü var
Qırışmaz
Yerdə qalan hər nə varsa, canlı-cansız
Qırışır, qocalır, yox olur
Bu prosesin qadınlarda baş verməsi isə dəhşətdir
...dəhşətdir qadınlar...
Yox! Səhv başa düşdünüz!
Burda dəhşət sözü siz bildiyiniz mənanı ifadə etmir
Yəni bu dəhşət o dəhşətdən deyil
Qadınla birləşən hər nə varsa yenidən doğulur
Özündən, öz ilkin mənasından çıxır,
Başqalaşır, qadınlaşır.
Yeri gəlməsə də deyim ki,
yaddaşımdan şikayətim yoxdur
Həyatım boyunca qarşılaşdığım,
daha doğrusu qarşılaşarkən baxışdığım bütün
qadınların gözlərini xatırlayıram
Gözlərimdən də şikayətçi deyiləm
Qara buludların arasından səmanı seçə bilirəm
Diqqətimdən də yayınmır heç nə
Söndüyünü görmədiyim ulduz olmayıb hələ ki
Hələ ki, xatirimdədi o gözlər:
qara, mavi, yaşıl, qonur...
Dayanacaqdakı qara eynəkli
xanımın gözlərindən isə hələ də nigaranam
Necə nigaran olmayasan
Bilə bilə ki
Qadınlar eynəkləri təkcə
gözlərini günəş şüasından
qorumaq üçün taxmırlar
Həm də...
Həm də özümdən asılı deyil ki
Bir də...

Bir də özümüzdən asılı olan nə var ki?!
Saysız hesabsız faciələr
gizlənir bu sualın arxasında
O gözləri seyr edərkən
məni həyatla bağlayan başqa nə ola bilərdi ki?!
İnsanların qanadlılar sinfinə
aid olduğunu darvinist
müəllimimizə rahatca
sübut edə bilərdim o an
Heyf …
Mələyə çevrilmək mümkünmüş demə
İnsan qalmaq əzablıdır

Tez tez xatırlayıram
gənclik illərində
sevdiyim qızların məndən qaçmasını,
qaçdığım qızların məni sevməsini
Niyə belə olurdu?
Düzü hələ də bilmirəm açmasını
Nə isə...
Bu gün uzun uzadı
qadınlardan danışmaq fikrim yoxdu
Heç buna halım da yoxdu
Işdən gəlmişəm
Yorulmuşam, acmışam
Ac kişi mədəsinin qadınla əlaqəsi
haqda düşünmək məni çox utandırır
Özümdən asılı deyil ki
Boş tavanı yarım saat qızdırdıqdan
sonra bişirməyə bir şey tapmayıb
peçin altını söndürmək kimin başına gəlib?
Sonra kənardan o tavaya baxıb kövrəlmək necə
indicə gəldi başıma
Bu yerdə məni dəli
adlandırmayacaq çətin kimsə tapıla
Çətin kimsə bundan sonra salamımı ala
Çətin salamat qalam
Bir etiraf da edim
Son vaxtlar çox narahat yatıram
Vaxtilə qadınların qəlbini
ovlamaq üçün dərdiyim qızılgüllərin
tikanları hər gecə yuxuma girir
Deşib didirlər məni
Yuxularda hər şeyin rəngsiz
göründüyünü deyən kimiydi?
Deyiləsi sözüm çoxdu
kişilər daha çox xəyanət edir
deyən qadınlara da sözüm var
Amma nə isə...
Bu gün qadınlarla dalaşmaq fikrim yoxdu
Buna heç halım da yoxdu
Bir stəkan çay içib gedib yatıram
Yeri gəlmişkən, qara çayın dəlisiyəm
Elə qadınların da...


***


Ayxan Hüseynli

Çox da məni sevmə...

Çox da məni sevmə,
mən ki, faniyəm.
Bu gün var,
sabahdan qeyri haliyəm.
Çox da məni sevmə,
günah kimiyəm.
Peşmanlıq içində,
əzab kimiyəm.

Bəzən daş, qaya tək,
möhkəm oluram.
Bəzən pambıq kimi,
yumşaq oluram.
Çox da məni sevmə,
çox qəribəyəm.
Özümdən xəbərsiz, bir özgəsiyəm.
Bilmirəm, sevirəm ya sevgisizəm,
Mən özüm özümdən,
lap xəbərsizəm.

Çox məni sevmə
insan belədir.
Bu gün sevgisindən,
dəli divanə,
Sabah məhəbbəti, ona tələdir.
Bəlkə yazılmamış qanunu vardır
Dilimdə əzbərkən sevmək, sevilmək
Əməldə bilmirəm,
nədir məhəbbət.

Çox da məni sevmə,
demirəm sənə
məni sevəndə, sevgini ölçmə
Baxma bəhanəyə, ya həqiqətə
Məni sevəndə,
heç nə düşünmə...

***


Seyid Aynur

Ağlamsınıb içimdə arzular

Qağayıların başına and içdiyi dənizin
yosun qoxusunda,
əzizlərinin xəyallarında,
gözlərimin yuxusundaydı.
Bir kişinin qadını olacaqdı,
beşik olacaqdı qolları bir körpəyə
saçlarına ağ bant vurub
məktəbə aparacaqdı qızını
19-cu baharında ayağını aldılar-
xərçəngə tutuldu Neslican.
Daha “kaş ki” deyib
ümidləri yaxasına düymələyəcəkdi,
savaşacaqdı ordu qadın.
Heyf...
Bu axşam yumdu gözlərini,
Qağayılar dənizdə öldü,
Sındı beşik,
Xəyallarındakı ağ bantlı qız
məktəbdən qayıtmadı,
xərçəng həyatını aldı
Əzizləri qara lent bağladı yaxalarına
o gündən tənhalıq
evimdə kirayəşin oldu
daha düymələnəsi nə yaxa,
nə ümid qaldı.

***

Nicat Salman

Mənə neylərsən ilahi?

Mən elə aşiq-i fərhad, mənə neylərsən ilahi?
Edərəm aləmə fəryad, mənə neylərsən ilahi?

Küləyinlə, yağışınla, o səhər gün işığınla,
Salaram hər yana nam, ad, mənə neylərsən ilahi?

Elə əsrəm ola tufan, dağıla sübh bəşər hər yan,
Mənəm o toz qoparan bad, mənə neylərsən ilahi?

O ki yoldaş mənə şeytan, verəcəkdir yenə fərman,
Desə et qəlbə cahan yad, mənə neylərsən ilahi?

İşdi birdən güman olsam, bütün ömrüm yalan olsam,
Diləsəm hər saat imdad, mənə neylərsən ilahi?

***


Nicat Şükürlü

Uşaqlığımıza qayıdaqmı İlahə

Uşaqlığımıza qayıdaqmı İlahə?:
Yenə ərsiz kimsəsiz Lenanın pəncərəsini sındıraq,
Küləklərlə qucaqlaşıb yatsın.
Dolu yağışın altında duraq,
Üz gözümüz damlaların nuruna boyansın...

Uşaqlığımıza qayıdaqmı İlahə?:
Yenə Əhməd dayının həyətindəki alça ağacına çıxaq,
Alabaşı hirslənib üstümüzə hürsün.
Əhməd dayı uçuq komadan boylanaraq,
qırıq nərdivanına baxıb çarəsiz geri dönsün...
Uşaqlığımıza qayıdaqmı İlahə?:
Yenə pambıqçının şən səsini eşidib,
Sevincək həyətə düşək.
Pulumuzu verərək torbadan kağız seçib,
Bəxtimizə yazılan hədiyyəni götürək...

Uşaqlığımıza qayıdaqmı İlahə?:
Yox-yox, itlərə, pişiklərə daş atmayaq,
indi anlamışam ki, böyük günahdı.
Onlar dilsiz, ağızsız yaranıb,
Bizim qayğımıza möhtacdı.

Uşaqlığımıza qayıdaqmı İlahə?:
Yaşımıza başımıza baxmadan
tozlu küçələrdə yenə yeddi şüşə oynayaq,
İlk atışda daşların hamsını dağıdım qaçaq.
Cəld hərəkət edib top zərbəsindən yayınaq,
Daşları dairəyə üst üstə yığıb
pobeda deyə bağıraq...

Uşaqlığımıza qayıdaqmı İlahə?:
Komandanla birgə
“Bönövşə bəndə düşə bizdən sizə kim düşə” deyəsən:
Adı gözəl, özü gözəl İlahə -öz adını eşidib sürətlə üstümə gələsən.
Qolumu qırmağa gücün çatmayıb,
Bir ömür bəndimə düşəsən...

Uşaqlığımıza qayıdaqmı İlahə?:
Nə olsunki artıq böyümüşük,
Qəlbimiz yeni addımlamağı öyrənən uşaqdı.
Necə fikirləşirsən fikirləş
Həyat yaşlandıqca maraqsızdı.

Uşaqlığımıza qayıdaqmı İlahə?:
Yenə Rəngbərəng kəpənəklərin arxasınca düşək,
yorulub halsız olana qədər.
Güllər çiçəklər arasında uzanıb dincələk,
Böyüyüb dərdlərmiz çiynimizdə ağır yük olana qədər...

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

Növbəti mətnlər

# 3908 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #