“Bir şeir” yarışmasında növbəti şeirlər

“Bir şeir” yarışmasında növbəti şeirlər
23 sentyabr 2019
# 12:15

Kulis.az "Bir şeir" müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.

Qalib Bəhrəmov

Yoxluğun iyirmi beş illiyi

Cəbhə xəttindən o tərəfdə
mənim doğulduğum kənd var.
Yanından çay keçir,

uzaqda dağlar görünür.
O dağlarda güllələyib
sovet höküməti
neçə-neçə qaçağı...

Hər yer çəmənlikdir.

Anam o çayda paltar yuyub,
atam o çəmənlərdə qoyun otarıb.
Bir dəfə də qoyununu qurd aparıb -
özü danışıb...

Çay kənd boyunca uzanıb gedir
Sahilində bir ev var.
O evi atam tikib,
anam bəzəyib.

Mən o evdə doğulmuşam, iməkləmişəm,
Məndən əvvəl üç qardaşım ölüb o evdə,
ancaq mən ölməmişəm.
Məndən sonra bacım da ölməyib...

Anam o evdə atamdan ötrü darıxıb,
Məni bağrına sıxıb
Hər gün həyətə çıxıb
bərabər -
toyuqların arxasınca qaçmışıq,
ağacları suvarmışıq.

Süd vermişik buzovlara.
Bir azın da mən içmişəm.
Hər şeydən bezəndə anam
nəğmə oxuyub:
"Mən həyata gecikmişəm".

Sonra o evə "qrad"lar atılıb,
mərmilər düşüb.
Atam müharibəyə yollanıb o evdən,
Biz başqa evlərə köçmüşük.

İyirmi beş ildir ki,
axşamlar atam yorğun qayıtmır,
anam nədənsə gileylənmir o evdə.
İyirmi beş ildir ki,

mən yellənmirəm tut ağacından asılmış yelləncəkdə,
bacım ağlamır
yaz gecələri quruldayan qurbağalardan qorxub.
İyirmi beş ildir ki, o evdə işıq yanmır.
İyirmi beş ildir ki, o ev yoxdu.

***

Müşfiq Cəbi

Ölüb, diriləsən yatdığın yerdə,
Üstündə bir yuxu yozanın ola.
Deyirəm, yuxuda gördüklərini,
Götürüb, alnına yazanın ola.

Daha gözlərimin gecə vaxtıdır,
Daha gəncliyim də düşübdür taxtdan.
Dağılıb bu ömrün qara saçları,
Açılıb taleyin yaxası çoxdan.

Elə kar olmuşam mən bu həyata,
Çatmır qulağıma avazın, Allah.
Mən ayaq üstündə çoxdan ölmüşəm,
Nəsə düz çıxmadı bu yazın, Allah.

***

Vasif Əlihüseyn

Mürgüləyən uşağın yuxusu

səninçün nigaran olmaq
torpaq altda qalan
anam üçün darıxmaq kimidi

başını çiynimə qoyub
çiçək qoxlamağına bənzəyir
indi çiynimdə barmağını somurub
mürgüləyən uşağın yuxusu

axı əllərimin qaşınmasına görə
daha çox darıxıram
öpüb alnıma qoyanda
elə bilirlər ki, pul qazanacam
mənsə elə bilirəm ki,
sən gələcəksən...

şəkilinə baxmaq
köhnə qəbiri ziyarət etmək kimidi
şəkilinin üzü soyuqdu
torpağın üzü kimi...

***

Cahid Əliyev

Tanrının tənhalığı


Bəxtimiz gətirib ki,
Tanrı deyil insanıq.
Tanrılar təki yalqız
Təkbaşına qalmırıq.

Hərdən çox düşünürəm
Yazığım gəlir sənə.
Sıxılmırsan, ilahi?
Bir işarə ver mənə.

De kiminlə gəzirsən
Kiminlə oynayırsan
Dərdini kimlə bölüb
Kiminlə ağlayırsan?

Ağlayanda kim olur
Şərik gözün yaşına
İncinəndə bir kimsə
Sığal çəkir başına?

Həyəcanlanırsanmı
Sevdiyini görəndə
Səni soyuq tər basır
Sənə tərəf gələndə?

Yoxsa hissinmi yoxdu
Yox bu qorxunc olardı
Sən özün elə hissən
Bütünün duyğulardı

Hərdən yaman qorxuram
Fikirdən başım şişir
Hər şeyi xəlq eliyən
Təklikdən əldən düşür?
Bir küncdəcə büzüşür?

Yaxşı, əgər istəsən
Dost olaram səninlə.
Sıxılmasan həmişə
Bir qalaram səninlə.

Harda istəsən oynar
Qumdan evlər tikərik
Hərdən cığallıq edib
Dalaşarıq küsərik.

Saf təmiz uşaqlar tək
Üz-üzə ağlaşarıq
Sonra yaşlı gözlərlə
Gülərik barışarıq.

İstərdinmi biz kimi
Mələk anan olaydı
Sevib, nazını çəkib
Hey qeydinə qalaydı.

Harda gəldi yatardın
Mürgüləyərdin rahat
Narazı halda anan
Yavaş səslə deyərdi:
Burda soyuq olacaq
Oyan, get, yerində yat.

Göy üzü qıpqırmızı,
Qar gəzişir səmada.
Təklik çoxmu ağırdı
Bu şaxtalı havada?
Sənə soyuq deyilki
Üşümürsən, ilahi...

***

Erşad Məhərrəmli

Mən

Nə gözəl ölür adamlar,
Nə gözəl başdaşları var!
Bu dünyanın zülmündən,
Gözəl qurtuluşları var.

Bu ölümün şəklin çəkin,
Asın, boynunuzdan asın!
Bir uşaq da bu ölümü,
Möhkəm-möhkəm qucaqlasın!

Ah dəniz qoxuyan ölüm,
Ah ölüm toxuyan ölüm,
Ah şeir oxuyan ölüm..

***

Aydın Cavad

MD (Maladaptive Daydreaming)

Kirpiklərin ağırlığı
Süzülür yuxunun cizgilərindən
İstəklər
Qanayır yarasız yerindən

İstiqamətsiz

Tapılmağa yönəlib
Gələcəyə geri dönənlər

Açılmamış kitabların içində
qatlanmış vərəqlər

("The secret life of . . .")

Xatırladaq ki, müsabiqənin şərtlərinə görə, 35 yaşa qədər olan hər müəllif bir şeir, özü haqqında qısa məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir fotoşəkillə müsabiqədə iştirak hüququ qazanır.

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

# 4841 dəfə oxunub

Oxşar xəbərlər

“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
#
#
# # #