Qatar, Seymur, Russo...

Qatar, Seymur, Russo...
14 sentyabr 2012
# 07:00

Bir neçə gün əvvəl bir gürcü qızı, bir doktor və Seymur Baycanla Tiflisdən Bakıya qayıdırdıq. Biz–iki yorğun və kədərli yazıçı Gürcüstandan Azərbaycana, yaydan payıza, kilsələrdən məscidlərə, doğmalardan ögeylərə, sevgidən sevgisizliyə keçirdik.

Kupedə Doktor emosional və məntiq təfəkkürlü insanlar barədə elmi məqalə yazır, gürcü qızı millətçiliyinə salıb Gürcüstanın görkəmli şəxsləri barədə kitab oxuyurdu.

Seymurunsa başı Jan Jak Russonun «Etiraf» memuar-kitabına qarışmışdı. Mən də Oldinqtonun «Qəhrəmanın ölümü» romanını bitirməyə çalışırdım. Bu romanı Həmid Herisçi Seymur Baycana, Seymur isə mənə tərifləmişdi.

Bir müdətdən sonra kitabı qatlayıb qırağa qoydum və Seymurdan xahiş elədim ki, Russonun başını buraxsın.

Russo, kitab sonra da olacaqdı. Amma biz bəlkə də heç vaxt birlikdə qatarda yol getməyəcəkdik.

On il əvvəli xatırladıq. O vaxt biz çox idik. Bəzilərimiz tələbə, bəzilərimiz işsiz idi.

Mətbuata çətinliklə çıxırdıq. Çox az qəzetlər çox nadir hallarda bizə bir səhifə, ya da səhifədə yer ayırırdı. Yaşlı yazarlar yazdıqlarımıza gülür, özümüzə qəzəblənirdilər. «Bunlar bir dəstə avara adamdı» deyirdilər.

«Avara»lıqla iş bitmirdi. «Əxlaqsız», «tərbiyəsiz», «lümpen», «erməni», «qoluboy», «lesbiyan», «xalq düşməni» deyirdilər. «Briqada Roza» kimi yaşadığımızı deyirdilər.

İqtidara da, müxalifətə də yaxın olanlar, ən əsası isə xalq bizə nifrət eləyirdi.

Bütün bunlara qarşı təkcə sözlə mübarizə aparırdıq. Yalın əllə. Tapdığımız bir qəzet küncündə yazmaqla. Qarşımıza çıxan hər işıqlı gənclə söhbət eləməklə. Kitab oxumaqla.

Bu bir dəstə avara, əxlaqsız, erməni, xalq düşməni hamının probleminə çevrildi – Anarın, xalqın, ağsaqqal-ağbirçəyin, iki sətir yazmamış «ədəbi ağsaqqallar»ın yedəyində özünə rahat yer eləyən gənclərin, tezbazar pula, rahatlığa satılanların, qaramatın, böyük pulların, böyük məqsədlərin.

Bizim heç nəyimiz yox idi. Bir-birimizdən başqa.

İndi aradan on il keçib. Yenə də bizə nifrət eləyirlər. Biz yenə də «avara», «əxlaqsız», «tərbiyəsiz», «lümpen», «xalq düşməni»yik.

Amma indi ictimai sektor var. İşıqlı, mübariz, müasir, savadlı gənclər var. Sözün əsl mənasında, gənclik necə olmalıdısa, o cür gənclik var.

Bizsə indi o vaxt olduğumuzdan bir az daha məşhuruq.

Amma indi sayımız çox azdı...

# 1905 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #