Müasir dövrün İsa Məsihi, yəhudi ilə ərəbin dostluğu – Əsl Kino

Müasir dövrün İsa Məsihi, yəhudi ilə ərəbin dostluğu – <span style="color:red;">Əsl Kino
11 may 2019
# 09:00

“Əsl kino” layihəsində Malgojata Şumovskanın “Üz” və Eran Kolirinin “Orkestrin səfəri” filmlərini təqdim edir.

Polyak rejissoru Malgojata Şumovskanın 2018-ci ildə ekranlara çıxan “Üz” dramı 68-ci Berlin kinofestivalında “Gümüş Ayı” mükafatına layiq görülüb.

Süjet: Əhvalat Polşanın bir kəndində vaqe olur. Kənddə İsa Məsihin heykəli qoyulur. Əsas məqsəd dünyada İsa Məsihin ən nəhəng heykəlini düzəltməkdir. Baş qəhrəman Yatsek (Mateuş Kostsyukeviç) heykəlin qoyulması prosesində iştirak edir. Yatsek şən, hamının sevimlisidir, o, rok həvəskarıdır və arzusu Londona köçməkdir.

İş zamanı Yatsek yıxılır, onun üzü demək olar ki, tamamən parçalanır. Və Avropada ilk dəfə olaraq, ona yeni üz transplantasiya edirlər. Lakin üzünün tam bərpası üçün gənc oğlan daha bir neçə əməliyyat keçirməlidir. Evə qayıdandan sonra ətrafın ona münasibəti dəyişir. Yatsekin üz ifadələrindəki təhrif, emosiyalarını ifadə edə bilməməsi (onun ciddiliyini və ya gülməyini ayırd edə bilmirlər), aydın danışmaması münasibətlərdə çətinlik yaradır. Nəticədə sevdiyi qız Daqmara (Malqojata Qorol) onu tərk edir. Anası (Anna Tomaşevska) onu qəbul etmək istəmir. Dövlət isə onun müalicəsi üçün pul ayırmağa vəsaitin olmadığını deyir. Tibbi komissiya Yatsekin iş qabiliyyətinin olduğunu əsas gətirərək pensiya təyin eləmir. Jurnalistlər isə onun faciəsindən şou düzəldirlər. Yatsek həyatını dəyişmək üçün qərar qəbul etməli olduğunu anlayır...

Çağdaş polyak kinosunun parlaq nümayəndələrindən biri Şumovska filmini hazırda Polşada baş verənlərə metafor adlandırır - yəni polyaklar yad adam qarşısında qorxu hissi duyurlar.

Məsələ ondadır ki, polyak intellektuallarını ölkədə hakimiyyətə gəlmiş konservatorlar, sağ ideyaların təbliği narahat edir. Özəlliklə də ölkədə katolik kilsə hakimiyyət, toplum üzərində əhəmiyyətli təsirə malikdir. Rejissora görə mövcud durum ölkəni qapalı edir, hermetik mühit yaradır və o filmini ölkədəki ictimai-siyasi mühitə reaksiya kimi çəkdiyini deyir. Təsadüfi deyil ki, əhvalatın ana xətlərindən biri katolik kilsənin sərt tənqidi, müəllifin ona satirik yanaşmasıdır. Kilsə, dini ayinlər və s. kənd əhalisinin həyatının əsas mənasıdır. Rejissor müxtəlif situasiyalar vasitəsilə dinin riyakarlığını göstərir. Misalçün, İsa Məsihıin heykəlinə baş çəkən katolik dini rəhbər heykəlin başının düz qoyulmadığını, onun düzəldilməsini tələb edir. Bunu əvəzində isə o, tikinti işinə müsəlmanların qeyri leqal-işləməsinə göz yumacağını deyir.

Keşiş Yatsekin anasına, dində valideynin övladının yanında xəstəlik zamanı olmasının vacib sayıldığını bildirir. Amma Yatsekin anası dindar olmasına rəğmən oğlunu qəbul etmək istəmir. Ona elə gəlir ki, oğlunun bədəninə şeytan girdiyi üçün o, başqa cür baxır. Onun bədənindən şeytanı çıxarmaq üçün kilsə ayin keçirir. Yaxud tövbə səhnəsində keşiş Daqmaranın intim həyatının təfərrüatlarını öyrənməyə cəhd edir və bu, onu ehtiraslandırır.

İlk epizodlar Yatsekin yaşadığı kəndin məişət təsvirləri, gündəlik həyat ritmi ilə açılır, biz sıradan bir məişət filmi izləyirik. Yatsekin qəzaya uğraması ilə onun həyatında sınma nöqtəsi baş verir, məişət əhvalatı insan dramına keçir. Filmin tempi də yavaşıyır, rejissor bizi tələsmədən qəzaya uğramış qəhrəmanla görüşə hazırlayır və bu müddətdə təsvirlərə daha çox onun gözü ilə baxırıq. Yatsekin ailəsi ilə birlikdə evdə ilk şam yeməyi gərginliklə müşayiət olunur. Onun yeni üzü, yemək yeyərkən üst-başını bulaması yaxınlarında psixoloji diskomfort yaradır.

“Üz” daha çox sevgi haqdadır. Yatsek qəzaya uğrayandan sonra ona həqiqi münasibət üzə çıxır. Əslində əsl sevginin mövcud olub olmadığı məhz çətin vəziyyətlərdə aydınlaşır. Normal şərtlərdə isə sevgi daha çox imitasiyadır. Və Yatsek də çətin günlərində doğma adamlarından sevgisizlik görür.

Filmin maraqlı epizodlarından biri, ekspozisiyada təsvir olunan endirim kampaniyasıdır. Uzun növbədə dayanan alıcılar mağaza açılan kimi ora cumur, soyunaraq malları alırlar. Onlar daha çox mal əldə etmək üçün bir-birini itələyir, tapdalayır, ayaqlayır. Üzü normal adamlar nə qədər eybəcər göründüklərinin fərqində deyillər. Onların fonunda üzü eybəcərləşmiş Yatsekin ruhu isə təmiz və gözəldir. Və o, cəmiyyət tərəfindən qəbul olunmayan, lağa qoyulan, dövrünün müasir İsa Məsihidir.

***

İsrail rejissoru Eran Kolirinin “Orkestrin səfəri” 2007-ci ildə çəkilib, İsrail, Amerika və Fransanın birgə istehsalıdır.

Süjet: Misirin polis orkestri İsrailə Ərəb Mədəniyyət Mərkəzinin açılışına qatılmaq üçün səfər edir. Adının mənası “ümid dəliyi” olan şəhərə getmək əvəzinə orkestr üzvləri səhvən, başqa, adı “ümidə zəmanət” verən şəhərciyə gəlir. Həmin gün avtobus olmadığından bu sakit şəhərcikdə gecələməli olurlar. Əvvəlcə ərəblər və yəhudilər bir-biri ilə ehtiyatla, korrekt, güvənsiz davranır. Amma şəhərciyin sakinlərinin istiqanlılığı, qonaqpərvərliyi bu sadə insanları yaxınlaşdırır...

“Orkestrin səfəri” mövzusuna görə cəsarətli, sırf barış və insani filmdir.

Əhvalatı həssaslıqla danışan rejissor göstərir ki, onları çox şey birləşdirir, həyatdan gözləntiləri də, istəkləri də minimumdur: kiçik bir sevinc, ani xoşbəxtlik. Hətta bir epizodda yəhudi qadınla gənc ərəbin sevişmə səhnəsini də təsvir edir. Film boyu münaqişədən, siyasi mövzulardan söhbət açılmır. Müəllif bu coğrafiyada müxtəlif xalqların birgə, normal, təhlükəsiz yaşamağının mümkünlüyünü anladır və bu mesajı ötürür ki, insan zədəli tarix keçmişi ilə yaşamamalı, sülh naminə keçmişinə qalib gəlməlidir. Və eyni zamanda rejissor kiçik insanların böyük siyasi maraqların girovu olması fikrinə də eyham edir.

Kolirinin təhkiyəsi təmkinli olsa da, əhvalat daxili emosionallıqla yüklənib.

Kann festivalında premyerası baş tutan film çoxsaylı mükafatlara layiq görülüb.

# 2850 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #