Ömər Eldarov: “O heykəllərin sənətə dəxli yoxdur” - Müsahibə

<span style="color:red;">Ömər Eldarov:  “O heykəllərin sənətə dəxli yoxdur” - <span style="color:red;">Müsahibə
28 mart 2019
# 21:00

Çox müzakirə olunan adlardandır. Görəsən milliyyəti nədir, niyə Azərbaycan dilində danışa bilmir və sair. Əslində, bütün bunların fövqündə, sənətkardır. Monumental abidələrin müəllifi, Xalq rəssamı, Şərəf ordenli, İstiqlal və Heydər Əliyev ordenli heykəltəraş Ömər Eldarov.

- Dağıstandan başlayaq - ailənizdən, böyüdüyünüz mühitdən...

- Dağıstanda doğulmuşam, amma orda çox az yaşamışam. Atam Saratovda yaşayıb əvvəl, anamla da orda tanış olub, evləniblər. Anam Belarusdan qaçqın düşən yəhudidir, sonra köçüblər Stalinqrada (indiki Volqoqrad – R.Q.), ordan da Dərbəndə. Dərbənddə o vaxtlar daha çox azərbaycanlı yaşayırdı, indi ləzgilər çoxdur.

- Atanız ləzgidir, yoxsa azərbaycanlı?

- Atam azərbaycanlıdır, inqilabçı olub, 11-ci Qızıl Ordunun, partiyanın xətti ilə gəzib. Dağıstanda qardaşım, 7 il sonra mən dünyaya gəlmişəm. Sonra atam partiyanın tapşırığı ilə Bakıya köçüb.

- Bəs, niyə ata dilinizdə heç danışmırsınız?

- 91 ildir rus dilində danışmışam, bu yaşdan sonra dil öyrənmək çətindir (gülümsəyir).

- Düzdü, yəqin bu yaşa qədər də imkan olmayıb. Ailədə iki qardaş olmusunuz, qardaşınız hansı sənətin sahibidir bəs?

- İxtisasca kinoaktyordur. “Uzaq sahillərdə” filmində amerikalı zabit rolunda oynayıb, epizodik roldur. Sonra atdı peşəsini, pul gətirmir dedi. Mən də o vaxt artıq öz işimdə çalışırdım, yaxşı da qazancım vardı, ona bir fotoaparat aldım, başladı onunla qazanmağa.

- Siz o vaxt artıq Sankt-Peterburqda Repin adına Rəssamlıq İnstitutunu bitirib qayıtmışdınız Bakıya.

- Bəli, artıq müəyyən işlərim də vardı. Repində aspiranturada saxlamaq istədilər, qalmadım, gəldim Bakıya. 1952-ci ildən Bakıdayam. O vaxt artıq Natəvanın heykəlini hazırlamışdım.

- İlk işiniz oldu?

- Yox, ilk işim Üzeyir bəyin məzarüstü abidəsi idi.

- İlk iş üçün çox böyük məsuliyyət deyildimi Üzeyir bəyin abidəsi?

- O vaxt heykəltəraş az idi. Barmaqla saymaq olardı. İki nəfər bizə qədər vardı, sonra biz iki nəfər gəldik. Üzeyir bəyin heykəli ilk monumental işim idi, ona qədər kiçik işlərim çox olmuşdu. Mirzə İbrahimov o vaxt Ali Sovetin sədri idi, onun qərarı ilə mən işlədim Üzeyir bəyin heykəlini.

- Sonra Natəvan, Füzuli, Hüseyn Cavid, Ziya Bünyadov, Səttar Bəhlulzadə, Heydər Əliyev, Zərifə xanım... Sonuncu hələ ki, Lütfi Zadənin abidəsidir?

- 1-ci Fəxri Xiyabanın əksəriyyəti mənim işlərimdir, dövlət sifarişi olmayanlar. Məsələn, Fikrət Əmirovun oğlu xahiş edib, onu hazırlamışam, Şıxəli Qurbanovun məzarüstü abidəsi də mənim işimdir. Çoxdur. Orda sonuncu Lütfi Zadədir. Əlimdəki işi də başa çatdırmışam, Hüseyn Ərəblinskinin abidəsini. Onu öz istəyimlə hazırlamışam, çünki Ərəblinskinin həyatı dramatik olduğundan abidəsinin də dramaturgiyası maraqlıdır. Azər Paşa müəllimə dedim ki, prezidentə Ərəblinskinin abidəsinin qoyulması ilə bağlı xahiş edək, həm də bu il yubileyidir. Onun abidəsinin layihəsini 30 il bundan əvvəl işləmişəm. Məzarının üstündə balaca daş var, onu abidə ilə əvəz etsək, yaxşı olar.

- İşlərinizdən ən çox xoşuma gələn Ziya Bünyadovun abidəsidir. Bəlkə, sizin dediyiniz kimi, onun da dramatik taleyindən gələn dramaturgiya rol oynayıb?

- Onunla Milli Məclisdə yoldaş olmuşuq. Həmin gün bir yerdə çıxmışdıq Milli Məclisdən, getdim evə eşitdim ki, onu vurublar. Bir saat əvvəl ayrılmışdıq, gedib evə, xanımı eyvandan görüb ki, Ziya maşından düşdü, girdi mağazaya çörək almağa. Hətta xanımı qapını da açıb, eşidib ki, xırıltılı səs gəlir. Baxıb görüb ki, onu vurublar. Yaşadığımız tarixdir.

- 1969-73-cü illərdə Bakı Sovetinin deputatı olmusunuz, 1995-ci ildə Milli Məclisin. O illərdə hansı fərqlər vardı, hansından hansı təəssürat qalıb sizdə?

- Bakı Sovetinin deputatı olmaq qalsın bir yana, çünki dövr məlum idi, sabit, monoton illər. Milli Məclisin deputatı olduğum illərdən isə yaxşı təəssüratım qalmayıb, çünki mənim yerim deyildi. Sən demə, Milli Məclisdəkilər hər şeydən xəbərdardırlar, bilirlər ki, onlara müraciət edən seçici kimdir, planı nədir, fırıldaqçıdır, yoxsa düzgün adamdır. Mənim heç nədən xəbərim yoxdur, çıxıram Məclisdən kəsir qarşımı, qan yaş tökür, biri xəstəliklə bağlı, biri kimisə həbsdən qurtarmaq istəyir, biri yaşayış şəraitinin bərbadlığını deyir. Mən də ürək yanğısı ilə düşüb qabaqlarına gedirəm, sən demə, mənə göstərdiyi ev başqadır, yaşadığı evi, şəraiti tamam başqadır. Əksəriyyəti rol oynayırmış. Həyatı özümə əzaba çevirmişdim seçicilərin problemləri ilə, deyirdim hamısını həll edim, bitmək də bilmirdi. Sonra mənə dedilər ki, belə olmaz, səni aldadırlar. Bir-iki nəfər səmimi insana, ziyalı adama köməklik elədim, ondan peşman deyiləm, amma ilk illərdə çox aldanmışdım.

- Niyazinin və Dədə Qorqudun heykəlləri özünüzün ürəyinizə yatır?

- Onu mən deməyəcəm, görənlər desin, balalarıma ayrı-seçkilik qoymaq kimi olar. Ürəyimdə bir arzum var, Dədə Qorqud boylarının 12-sinə də heykəl qoymaq istəyirəm. Layihələri də hazırdır, oğlumla işləmişik vaxtilə.

- Oğlunuz da heykəltəraş olub deyəsən?

- Repin adına Sankt-Peterburq Rəssamlıq İnstitutunu bitirib, aspiranturanı da orda oxumuşdu. Onkoloji xəstəlikdən dünyasını çox tez dəyidi. Emalatxanasında bəzi işləri var, sərgisini keçirmək fikrindəyəm.

- Ondan başqa iki qızınız var?

- Bəli, hər ikisi sənətimin davamçısıdır, Lalə və Kamila.

- Eşitdim ananızın qəbirüstü abidəsi tuncdan olduğu üçün oğurlanıb?

- Hə, oğurladılar, təzədən mərmərdən düzəltdim. Tuncu oğurlayıb əridib satırlar, elə bir qiyməti də yoxdur, 50 manatdan ötrü. Hələ məzarı ətrafındakı dekorlar da oğurlanıb. İndi xanımımın qəbirüstü abidəsini də düzəltməliyəm, onu da gərək mərmərdən düzəldəm.

- İşlədiyiniz ən bahalı abidə hansı olub?

- Heydər Əliyevin heykəli

- Həmkarlarınızdan hansının işi xoşunuza gəlir?

- Var, məsələn, Fuad Əbdürrəhmanovun Bakıda qoyduğu Nizami heykəli, Gəncədəki yox. Mirəli Mirqasımovun qoyduğu Cəfər Cabbarlının heykəli.

- Bəs, xoşunuza gəlməyən hansı işlər var?

- Çoxdu. Fikrət Əmirov, Qara Qarayev, Koroğlu... heç biri yaxşı deyil. Son illər qoyulan heykəllərdən heç birinin heykəltəraşlıq sənətinə dəxli yoxdur.

- Amma indiki nəsil sizin rəhbərlik etdiyiniz bu Rəssamlıq Akademiyasında yetişir.

- İstedadlı gənclər çoxdur, rəssamlıq və musiqi bizim genetikamızdadır. Gənclər var, amma onların işinə tələbat da olsa, lap yaxşı olar.

- İndi hansı heykəl var əlinizdə?

- Koroğlunu hazırlamaq istəyirik, münasib yer axtarışındayıq. Bakıdan kənarda və yüksəklikdə olmalıdır, elə bir yerdə ki, hər tərəfdən görünsün, məsələn, Beşbarmaq dağı kimi uzaqdan görünsün.

# 3630 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
#
#
# # #