“Qandal aldım sənin üçün…” - Mariya Rilkedən Şeirlər

“Qandal aldım sənin üçün…” - <span style="color:red;">Mariya Rilkedən Şeirlər
26 mart 2019
# 13:20

Kulis.az Əli Novruzovun tərcüməsində Rayner Mariya Rilke və Jak Preverdən şeirlər təqdim edir.

Rayner Mariya Rilke

Bəbir

Parisdə Botanika bağında

Dəmir çubuqların əbədi rəqsi

Yorub gözlərini, kor edib tamam.

Görür baxışları ancaq qəfəsi,

Yox olub qəfəsdən kənarda cahan.

Çevik yerişləri sərt pəncələrin

Dönür, dövrə vurur kiçik çevrədə,

Sanki çevrə cızan aciz güclərin

Məhvərində durub iflic iradə.

Yalnız arada bir bəbəklərində

Əks edir bir şəkil, tez də əriyir

Əzaların sakit gərginliyində

Və qəlbində itir.

6.11.1902, Paris

Payız günü

Ya Rəbb: yay bitsin, yetişib vədə.

Günəş saatların ört kölgələrlə,

Burax küləkləri, əssin zəmidə.

Əmr et, qoy yetişsin sonuncu meyvələr;

Parlat iki gün də cənub günəşini

Və tapşır; torpağın son şirəsini

çəksin öz canına salxımlı meynə.

Evsiz daha qurmaz özünə dörd divar.

Yalqız daha tapmaz sevmək üçün məhbub,

Uçarkən xəzəllər küləklə sovrulub

Xiyabanlar boyu sərsəri dolaşar,

Yuxusuz gecələr yazar uzun məktub.

Jak Prever

Sənin üçün, sevgilim

Sənin üçün, sevgilim

Getdim quş bazarına,

sənə quş aldım,

sevgilim.

Getdim gül bazarına,

sənə gül aldım,

sevgilim.

Getdim dəmir bazarına,

qandal aldım,

ağır qandal,

sənin üçün,

sevgilim.

Getdim qul bazarına,

səni axtardım,

tapmadım,

mənim sevgilim.

Səhər yeməyi

Qəhvə süzdü

fincana

Südü tökdü

qəhvəyə

Şəkər qatdı

südlü qəhvəyə

Qarışdırdı

kiçik qaşıqla

İçdi südlü qəhvəni

Qoydu yerə fincanı

Mənimlə danışmadan

Yandırdı

bir siqaret

Üfürdü

tüstüsünü

Külü çırpdı

küldana

Mənimlə danışmadan.

Mənə baxmadan.

Ayağa qalxdı

Qoydu

papağını başına

Geydi

plaşını əyninə

Çünki yağış yağırdı

Və getdi

Yağışda

Bir söz demədən

Mənə baxmadan

Və mən başımı

aldım ovcuma

Və tökdüm

göz yaşımı.

# 5877 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər