“Yoldaş Qorki, məndən yazıçı olacaqmı?”

“Yoldaş Qorki, məndən yazıçı olacaqmı?”
28 avqust 2012
# 13:48

“Müsahibənin birinci hissəsi”

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan İsa Hüseynovla müsahibənin baş tutacağından əmin deyildik. Əvvəla müsahibəyə razılığı nasirin özü verməmişdi.

Yaxınları Ağstafaya- İsa Hüseynov hazırda burda istirahət edir-gedəcəyimiz halda müsahibənin baş tuta biləcəyini söyləmişdilər. Bu səbəbdən müsahibənin baş tutmamaq ehtimalı vardı.

Bundan başqa İsa Hüseynovun səhhəti ilə bağlı narahatçılığımız vardı. Müsahibə bu səbəbdən də alınmaya bilərdi.

Amma hər şey yaxşı oldu. Yazıçının həyat yoldaşı Firuzə xanım gülə-gülə “Razılaşmağa imkan vermədiniz. Başımızın üstünü aldınız, ancaq neynəyək, 500 kilometr yol gəlmisiniz” sözləri ilə bizi qarşıladı, müxalifət qəzetlərindən olub-olmadığımızı soruşdu, müsahibə zamanı İsa Hüseynovu əsəbiləşdirəcək suallar verməməyi tövsiyyə etdi. Və yazıçını razı salmağa getdi. Biz bütün suallarımızı verdik. Ustad yazıçı da hamısını cavablandırdı.

Kulis.az saytında işləyənlərdən hər biri görkəmli yazıçıdan müsahibə almaq arzusunda idi, məhz buna görə Ağstafaya 4 nəfər jurnalistin yollanmağı təəccüblü qarşılanmamalıdır.

Müsahibənin baş tutmasında Fərid Mirzəyevin çox böyük əməyi oldu. Fotoları və videonu Elmin Həsənli çəkdi. Sualları vermək və müsahibəni hazırlamaq Qan Turalı ilə mənim öhdəmə düşdü.

Bizimlə salamlaşanda İsa Hüseynovun ilk sözü bunlar oldu: “Gözüm görmür, təzyiq də məni əldən salır”.

- Hesab etmirsiniz ki, romanla müqayisədə ssenari zəifdir?

- Mən zəif hesab etmirəm. Roman doludur, material genişdir, əhatəlidir. Buna görə də ola bilər ki, oxucuya daha çox təsir etsin. Onu da deyim ki, ssenari dəyişikliklərə də məruz qalıb. Ümumiyyətlə, kino romanla düz gəlmir.

- Asif Ata Cəbrayılı şərin təcəssümü adlandırır, ancaq onu da vurğulayırdı ki, İsa Hüseynov Cəbrayılı hansı mühitin yetişdirdiyini yazmayıb.

- Asif Ataya münasibətim mənfidir. Çünki Asif Ata Saf Ağ elmini öz adına çıxır. Halbuki Rəsul Rzanın gətirdiyi materiallarda da Saf Ağ elmi yox idi. Mən bunu Nəsimidə kəşf elədim və Azərbaycanda bu barədə yazan ilk adam mənəm. Asif Ata bunu öz adına yazdı. Şagirdlərini çox pis yolla apardı. Asif Ata ziddiyyətli yazır. O, çox ziddiyyətli tənqidçi idi. “Tütək səsi” əsərində Cəbrayılın mühiti çox geniş verilib. Baş verənlər Cəbrayılı dəyişdirmişdi, o, insana nifrət edirdi.

- Əsərlərinizdən belə anlaşılır ki, Nərimanova xüsusi rəğbətiniz var.

- Nərimanov bizim nəsildən olub. Onun Leninlə əlaqələrini, “Lenin və Yaxın Şərq” əsərini bəyənirəm, onun tutduğu yol çox xoşuma gəlir.

- Hətta Sovet vaxtı demisiniz ki, Nərimanov Lenindən böyük adamdır və buna görə təzyiqlərlə üzləşmisiniz.

- Nərimanov Saf Ağ elmini bildiyinə, Leninə dərs dediyinə görə onu Lenindən üstün saymışam. Bu fikrə görə təzyiq isə gizli oldu, açıq yox. Nərimanov haqqında ssenari yazanda da məni çox çək-çevirə saldılar.


- İstərdik iş rejiminiz haqqında da danışasınız.

Firuzə xanım: İsa gecə saat 12-də, hamı yatandan sonra stolun arxasına keçərdi. Özü də mətbəxdə, çayı da özü dəmləyirdi. Mənə deyirdi ki, narahat olma, get yat. Səhər saat 6-ya qədər işləyirdi. Mən durub çay-çörək verərdim. İki saat yatardı və durub işə gedərdi. İşdən qayıdanda da dincələrdi. Massajoru vardı, 1 saat masaj eləyirdi. İsa da masajın altında yatırdı.

- Müxtəlif vəzifələrdə işləmisiniz.

- Bir dəfə Mehdi Hüseyn məni çağırıb dedi ki, düşmənlərim günü-gündən artır, ola bilər həyatım qurtarsın. Sən bir vəzifəyə get. Həyatda özünə bir yer tut. Onda mən Kinostudiyaya baş redaktor getdim. 1964-ci ildə.

Firuzə xanım: Mehdi Hüseyn dedi ki, İsa, gəl səni vəzifəyə göndərim. Ölüb eləyərəm, Yazıçılar Birliyində səni parçalayarlar. Yoldaşım olduğuna görə demirəm, İsa ən görkəmli yazıçılardandır. Kitablarının birini 100 manata da satırdılar. Kitablar o qədər oxunmuşdu, əldən-ələ gəzmişdi ki, cırıq-cırıq idi. İsanın kitabları 30-60 min tirajla çap olunurdu. Moskvada bütün əsərləri çap olunurdu.

- İsa müəllim, Tibb İnstitutunu niyə atdınız?

- Mənim ora getməyim təsadüfi olub. Niyazi adlı bir dayım vardı, atamın qatili. Meşə mühəndisi idi. Müharibə vaxtı, 1945-ci ildə məni çağırıb dedi ki, sən Tibb İnstitutuna getməlisən. Dedi ki, müharibə qurtarır. Ola bilsin ki, yenə müharibə başlasın, dövlətimizə həkim lazımdır. O, bir çox adamları tibbi komissiyadan keçirib, hərbidən saxlayırdı, özü də yaxşı yaşayırdı. Məni də zorla Tibb İnstitutuna göndərdi. Getdim, qəbul imtahanlarını yaxşı verdim. Komissiya imtahan verənlərdən soruşurdu ki, hansı fakültəyə girmək istəyirsən, sonra təkidlə deyirdilər ki, sən filan yeri seç, o biri bir başqasını. Mən dedim, müalicəyə girmək istəyirəm. Daha demədim ki, dayım məni zorla həkim etmək istəyir. Tibb İnstitutunda bir professor vardı, orduda xidmət etmiş, çadırlarda cərrahiyyə əməliyyatları aparmışdı. Uğursuz həkim idi, qan töksə də, insanları öldürsə də bu mərtəbəyə gəlib çıxmışdı. Bu məni gözündən aldı. Dərslərdən birində, ölüxanada çılpaq rusu uzatmışdılar. Tələbələrə cərrah bıcaqları, sarğılar verdilər ki, filan işi gör. Mənə çatanda çox pis yeri göstərdi ki, oranı kəs, göstər. Getdim gördüm ki, rusun murdar sahəsi məndən qabaq da işlənib. Çox biabırçı və qarışıq bir şey olub. Qəzəbimin üstünə qəzəb gəldi, cərrah bıçağını onun çəkmələrinin üstünə çırpdım. Üzümü tutdum qapıya, o ağzı açıq qaldı, heç nə deyə bilmədi. Ölüxananın pilləkənlərindən düşəndə birdən ürəyimə nəsə gəldi, arxaya çöndüm və dedim, əlvida, ey Tibb İnstitutu... Gəldim evə, gördüm ki, bir qohumuz əsgərlikdə yaralanıb gəlib, bir tibb bacısı var, onun üçün də bilet alıb, ancaq tibb bacısı kəndə getmir. Mən dedim ki, kəndə getmək istəyirəm. Qohumumuz cavab verdi ki, elə tibb bacısının bileti ilə gedərsən. Getdik, camaat əsgəri qarşıladı, qarşılayanlar arasında dayım da vardı. Dedi ki, sessiya vaxtı sən burda nə gəzirsən? Mən dillənə bilmədim, anam dedi ki, institutdan çıxıb. Belə deyəndə dayım mənə bir şapalaq ilişdirdi, tozun içinə yıxıldım. Bununla da dayımla aramızda konflikt yarandı. Sonra bildim ki, atamla da əvvəlcədən konfliktləri varmış. Konflikt dərinləşdi və dayım nazirlərdən birinin sifarişi ilə atamı öldürdü.

- Hadisə haqqında bir az ətraflı danışa bilərsinizmi?

- Mən bədii əsər sayağı bir tərcümeyi-hal yazmışam. Adı “Həyatımdan səhifələr”dir, “Azərbaycan” jurnalında işıq üzü görüb, ancaq hələ kitab şəkilində çap olunmayıb. Orada atamın başına gələnləri açıqlığı ilə yazmışam. Atam meşə idarəsində direktor idi. Dayımın əlindən bu işdən çıxdı, kəndimizdə kolxoz sədri işləyirdi. Günlərin bir günü maşına minib Çeyrançöl deyilən yerə gedirmiş ki, qoyun sürüləri üçün yer müəyyənləşdirsin. Qıraq Kəsəmənə gəlib ki, bu kənddən bir neçə nəfərlə örüşləri müəyyənləşdirə bilsinlər. Qıraq Kəsəmənə çatmamış, yolda Niyazi əl qaldırır, deyir ki, mən də səninlə getmək istəyirəm. Atam deyib ki, otur, o da keçib arxada oturub. Bir azdan cibindən çəkic çıxararaq atamın gicgahına vurub. Atam yıxılıb, bundan sonra maşını aşırıblar, xəbər yayıblar ki, qəza baş verib.

- Mehdi Hüseyn atanızla tanış idi deyəsən...

- Mehdi Hüseyn bizim nəsildən idi, atamla çox yaxşı münasibəti vardı. Atam məni onun yanına aparmışdı ki, mənim yeddi uşağım var, bunu da sənə oğulluğa verirəm.

- Tibb İnstitutundan çıxandan sonra nə etdiniz?

- Atama dedim ki, axı mən sənə yazmışdım ki, instituta girmək istəyirəm. Bəs sən məni niyə aparmadın? Atam dedi ki, arxayın ol. Sən demə, Azərbaycan Dövlət Universitetinin dekanı atamın əsgər yoldaşının qardaşı imiş. Atam orden, medallarını taxdı, yola düşdük. Dekanla öpüşdü, görüşdü, dedi ki, oğlumu gətirmişəm. Dekan da dedi ki, lap yaxşı, bir az oğlunla söhbət edək. Mənə dedi ki, Səməd Vurğundan, Osman Sarıvəllidən şeirlər de. Cavab verdim ki, Tibb İnstitutu məni elə hala salıb ki, şeirlər də yaddımdan çıxıb. Ancaq qəbul etsəniz, əla qiymətlərlə oxuyaram. Dedi ki, çıx, atanı çağır. Atam da kabinetin qarşısında oturmuşdu. Cağırdım atamı, özüm otaqdan çıxdım, ancaq qapı aralı qalmışdı, deyilənləri eşidirdim. Dekan bildirdi ki, uşaq fəhmlidir, onu qəbul edərəm. Qəbul imtahanları sənədlərini çıxardı, üç-dörd fəndən qiymət yazdı. Sonra mənə dedi ki, çıx dördüncü mərtəbəyə, tarix fakültəsinin dekanı Məmməd Şıxlıya-İsmayıl Şıxlının qayınatası- de ki məni Səmədzadə göndərib. Deyir ki, mən qazaxlıyam, mənə bir yaxşı qiymət yazsın. Səmədzadənin dediklərini olduğu kimi çatdırdım, kişi güldü və yaxşı bir qiymət yazdı mənə. Səmədzadə sonra məni qəbulla məşğul olan qızın yanına göndərdi, sənədləri ona verdim ki, işə tiksin. Auditoriyanı göstərdilər, getdim. Müəllim tribunaya çıxdı və dedi ki, mən Mir Cəlalam, sizə ədəbiyyat nəzəriyyəsindən dərs deyəcəyəm. Ona çox maraqla qulaq asırdım, bir də onda ayıldım ki, arxa cərgədən qabaq cərgəyə keçmişəm. Universitet həyatı belə başladı, 4-cü kursa qədər oxudum. Bir gün Mehdi Hüseyn məni Yazıçılar İttifaqına çağırdı, dedi ki, Moskvada Qorki adına Ədəbiyyat İnstitutu var, səni ora göndəririk. Dedi, rus dilini necə bilirsən? Tağıyevin kompanyonu vardı, xozeyn Məmməd adında, bizim qohum idi, bizim kənddə rus dili dərsi deyirdi. 3-4-cü siniflərdə oxuyanda o, mənə dərs dedi. Uşaqları təpiklə döyürdü, qanmırsınız, deyirdi. Müəllim deyildi axı... Pedoqoqluğu yox idi, ancaq mənim başımı sığallayır, rus dilini öyrədirdi. Mehdi Hüseynə dedim ki, rusca az-maz bilirəm. Dedi, oxuya bilərsənmi? Müsbət cavab verdim. Beləliklə də “Qorki” həyatı başladı.

- Orda hansı tanınmış şəxslərlə birgə oxumusunuz?

Firuzə xanım: Nəbi Xəzri, Salam Qədirzadə...

- Yazıçı Konstantin Paustovskini heç vaxt unutmaram. O, bizə dərs deyir, yaradıcılıq emalatxanasına rəhbərlik edirdi. Yazılarımızı oxuyur, fikirlərini bildirirdi. Diplom müdafiəsindən sonra həyətdə gəzişirdim, Qorkinin heykəlinin qarışına gəldim, heykələ baxdım və dedim ki, Aleksey Maksimoviç məndən yazıçı olacaqmı? Arxa tərəfdə hənir olduğunu hiss etdim. Çöndüm, gördüm ki, Paustovskiydir, dedi, gedək nahar edək. Məni “Bakı” restoranına apardı. Dal tərəfdə xüsusi qonaqlar üçün yer vardı, orda oturduq. Dedi kabab yeyək və yüz qram koynak içək. Dedim elə mən də siz deyəni deyirdim. Yedik-içdik, çıxanda dedi ki, bilirsən də, mən türkəm. Mətəəl qaldım, bu adamın sifətinə də yazılıb yəhudidir, ancaq belə qatı yəhudi özünə türk deyirdi. Əlavə etdi ki, bütün yəhudilər türkdürlər. Küçə ilə adamlar gedirdi, hamısı da yəhudilərdi, dedim bunlar hamısı türkdür? Bir az tutuldu. Cavab verdi ki, oxumaq lazımdır. İllər sonra “İdeal”ı yazanda o kişini xatırladım və o motivi inkişaf elətdirdim.

Müsahibənin bu yerində Firuzə xanım İsa Hüseynovun bir balaca dincəlməli olduğunu söyləyir. Diktafonu söndürürük. Söhbətimiz diktafonsuz davam edir. Yenə “Türfə” romanından söz düşür. Firuzə xanım deyir ki, bəlkə də bu romanın çapını görməyə İsa Hüseynovun ömrü çatmayacaq. İsa Hüseynovun reaksiyası sərt və qəti olur: “Mənim sağlığımda çap olunmalıdır”.

Ardı olacaq...

Hazırladı: Ağa Cəfərli

# 3659 dəfə oxunub

Oxşar xəbərlər

Tövbə yolunu göstərən sənətçi - Nəriman Əbdülrəhmanlı

Tövbə yolunu göstərən sənətçi - Nəriman Əbdülrəhmanlı

09:00 20 dekabr 2024
Füzuli sözünün sadə anlamı - Tərlan Quliyev

Füzuli sözünün sadə anlamı - Tərlan Quliyev

16:11 19 dekabr 2024
Yazmaq kimə və nəyə lazımdır?

Yazmaq kimə və nəyə lazımdır?

09:00 18 dekabr 2024
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
# # #