news-inner
clock13:14 calendar-gray 20 Dekabr 2017 view-gray197 dəfə oxunub
view-gray197 dəfə oxunub

Aqşin Yenisey: “Heç kim eyni arvadla bir damın altında yaşamayacaq” - SÖHBƏT

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz" haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı" layihəsinin növbəti qonağı şair Aqşin Yeniseydir.

- Son vaxtlar daha çox tərcümə işi ilə məşğul olursunuz. Bu işi görmək hansı zərurətdən irəli gəldi?

- Adamlar arasında olmasa da, dillər arasında söz aparıb, söz gətirmək mənə çox maraqlı gəlir. Eyni ifadənin həm rus, həm türk, həm Azərbaycan, bəzən ingilis, alman, qədim latın dillərində qarşılığını axtarmaqdan bir səyahət zövqü alıram. Yazıçılıq, şairlik mənə görə ədəbi yaradıcılığın ibtidai mərhələsidir, sirlər dövrüdür. Bu işin, mürəkkəb, psxioanalitik dövrü mətnşünaslıqla başlayır, yəni mətnin bir canlı kimi tədqiq olunduğu dövr. Mən tərcümələrdə daha çox ədəbi tədqiqatla məşğul oluram və məsələn, gəldiyim nəticə budur ki, bizim həyatımızı idarə edən qədim mətnlərin alt şüurumuza ötürdüyü və artıq bizdə mənəvi instinkt halı almış təsbitlərdir. Şəxsi təcrübələrimizdən ibarət olan şüurumuz həyatımızda əhəmiyyətsiz səviyyədə az rol oynayır. Həyatımızı və ölümümüzü təyin edən bütün vacib qərarlar qədim mətnlərdə yazılmış və artıq bizdə bioloji refleks halı almış hazır formullardır. Sevgi, sadiqlik, qəhrəmanlıq, oğraşlıq və s. kimi hisslərin heç biri bizə aid deyil, biz öz hisslərimizə xəyanət edib, qədim mətnlərdə bizim üçün yazılmış klassik rolu oynayırıq. Bir növ, özü içki içən, amma səhnədə axund obrazını canlandıran aktyoruq. Arvadımıza dediyimiz hər xoş söz vaxtilə Yahovanın arvadı Aşeraya dediyi kəlmələrdir. Yaxud şairlərin öz adlarına çıxdığı tənhalıq anlayışı bütpərəstlərin mühasirəsində yaşayan və özünü bütün dünyada ögey, yad hiss edən yəhudi xalqının qədim mətnlərə ötürdüyü və bizim sonradan din kimi qəbul etdiyimiz bir xalqın təklənmiş obrazıdır. Bu mənada mən tərcümə ilə yox, ölü mətnlərin yarılması ilə məşğulam, başımıza gələnlərin səbəbini öyrənirəm. Bu, işin mənə aid olan hissəsidir. Oxucuya aid hissəsi isə budur ki, oxuduğum, bəyəndiyim əsərləri onların da oxumasını istəyirəm.

- Tərcüməçi üçün hansı keyfiyyətlər önəmlidir?

- Sözsüz, hər iki dildə düşünməyi bacarmalıdır, bu, bir standartdır, şablondur, amma təcrübəmdən deyə bilərəm ki, çevirdiyi dili, yəni ana dilini daha dərindən bilməlidir. Azərbaycandakı tərcümələrin rus, ingilis, alman dili problemi yoxdur, Azərbaycan türkcəsi problemi var. Əksər tərcümələrdə tərcüməçilərin öz dilimizi bilməməsi işləri korlayır. Bütün hallarda tərcüməçi, terminləri çıxmaqla, cümlədəki təəssüratı tərcümə edir, çünki sətri tərcümə həm mümkün deyil, həm də çox quru alınır. Ona görə tərcüməçi müəllifin üslubunu qorumaqla çevirdiyi əsərin Azərbaycan türkcəsində yaradacağı təəssüratın məsuliyyətini daşıyır. Ruslar bu işi çox ustalıqla edirlər. İngilis dilində yazılmış əsərin təəssüratı rus dilinə tərcümədə orijinaldan daha maraqlı alınır. Türklər demək olar ki, texniki tərcümə ilə məşğuldurlar. Yəni türkcəyə orijinal fransızcadan və Azərbaycancaya ikinci dil ruscadan çevrilmiş "Səfilləri" oxuyun. Əsərin təəssüratının Azərbaycancada daha qalıcı olduğunu görəcəksiniz. Əgər siz peşəkar müqayisə aparsanız, bunun dilin doğmalığından irəli gəlmədiyini görəcəksiniz. Çünki türklər əsəri çeviriblər, ruslar əsərin təəssüratını. Rus ədəbiyyatının dünyanın digər ədəbiyyatlarından üstünlüyü də odur ki, bu dildə yaradılan ədəbi təəssürat başqa heç bir dildə mümkün deyil. Belə deyək, ilahi, dini təəssürat ibranicədə necə qalıcıdırsa, ədəbi təəssürat da rus dilində o cür mifik dozada ecazkardır. Mən bir neçə əsəri hər iki dildə maraq xatirinə tutuşdurmuşam deyə belə arxayın danışıram.

- Müasir dövrdə ədəbiyyatla bağlı hansı yenilikləri müşahidə edirsiniz, bu yeniliklər sizə necə təsir edir?

- Ədəbiyyatımızda ən təqdirəlayiq yenilik naşirlərin kitab çapına diqqət ayırmasıdır. Artıq naşirlər özləri maraqlıdırlar ki, dünyada çap olunan kitablar tezliklə Azərbaycan kitab bazarında da görünsün. Belə şey bizdə son yüz ildə olmayıb, naşirlər oturub hökumət proqramlarının yolunu gözləyirdilər. Amma bu işin bir bazar tərəfi də var ki, o da naşirlərin maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutmasıdır. Bu da təbiidir və dünyəvidir. Əsas odur ki, Azərbaycan oxucusu kitab seçimində "yesən də budur, yeməsən də" qıtlığından qurtulsun. Sonra proses özü-özünü tənzimləyəcək. İkinci bir yeniliyin adını çəkməkdə çətinlik çəkmirəm, çünki belə bir şey hələ ki, yoxdur.

- Didronun fikrincə elmi düşüncələr insan beyninə mismar kimi vurulmalıdır ki, onu ordan heç kim çıxara bilməsin. Necə düşünürsünüz elm hansı yöndə cəmiyyət üçün faydalı olmalıdır?

- Son illər elm haqqında intellektual mühitlərdə pessimist fikirlər səslənməyə başlayıb. Kütləvi qırğın silahları, GMO qidaları, elmin xaotik inkişafının insanların psixoloji suallarına cavab verə bilmək əvəzinə, onları daha da anlaşılmaz bir gələcək bozluğu ilə həyəcanlandırması kütləvi nəşrlərdə ruhani firavanlıq axtarışlarını şiddətləndirib. Artıq elm də oturuşmuş dəyərlər sistemi içində mənəvi dəyərləri bazara çıxarıb alverçilik edən din kimi, maddi dəyərlərə sarılıb. Bu gün dünyanın ən savadlı insanları illik gəlir 100-150 min dollar olan "Slikon Vadisi"nə qaçır. "Slikon Vadisi" də artıq elmin Qüdsünə çevrilib. Firmalar 3 günə böyüyən toyuqlar yetişdirmək üçün laboratoriyalarda alim kölələr saxlayırlar. İnkivizasiyadan sonra adını çəkdiyiniz Didrolar Avropa insanının min illik allahçı düşüncəsinin yerinə insançı düşüncəni qoydular və buna görə xristianlığı qədim yunan mədəniyyəti ilə əvəzlədirlər. Və bu mütərəqqi düşüncə cəmi 3 əsrdən sonra Avropada dalbadal iki Dünya müharibəsi törətdi. XX əsr Avropa ədəbiyyatı təklənmiş, yadlaşmış, düşüncəsi qarışmış obrazlarla doldu. Absurd teatr elmi inkişafın yalqızlaşdırdığı, məqsədsizləşdirdiyi, taleyi nə allahın, nə öz əlində olmayan insan haqqında yarandı. Biz elmi proseslərdə iştirak etməyən cəmiyyət olduğumuz üçün bizdə elmə bir görməmiş yanaşma var. Dünyada artıq elmlə yox, elmin fəlsəfəsi ilə məşğuldurlar. Elm insanı absurda dirədi. Amma nəhəng məbədlər, kilsələr, məscidlər tikən, dünyanın möcüzələri deyilən abidələr ucaldan "Qaranlıq dövr"ün uğurları kimi, elmin də öz böyük uğurları vardı. Məsələn, o gün bir yəhudi aliminin dünyada məşhurlaşmış kitabı haqqında oxudum, əsaslandırır ki, gen mühəndisliyinin inkişafı sayəsində 200 ildən sonra insanlar 150-200 il yaşayacaqlar və bizim indi yazdığımız hisslərin, duyğuların onlar üçün heç bir mənası qalmayacaq. 200 yaşlı insanların cəmiyyətində, müəllif yazır, ilk dağılan ictimai dəyər ailə institutu olacaq. Çünki heç kim 200 il eyni arvadla bir damın altında yaşaya bilməyəcək. Təsəvvür et, 200 il eyni arvad, 200 il "çevir tatı, vur tatı". Lap Saramaqonun "Təxirə salınmış ölüm" romanındakı kimi olacaq. İnsanlar ölə də bilməyəcəklər, tibbin inkişafı və kapitalizmin maraqları onları ölməyə qoymayacaq. İkinci əl, üçüncü əl insanlar yaranacaq. Müasir elmin yeganə problemi insan psixologiyasında allahı yıxdığı yerə insanı yerləşdirə, bərkidə bilməməsidir. İnsanın özünə inamı, insanın allaha inamı qədər güclü olmadı. Bu gün dünya nüvə səksəkəsi içində yaşayır. Bu əndişəni insana elm bəxş edib. Elm dünyaya, həyata olan etibarı sarsıdıb, əvəzində bizə cib telefonu satıb. Bu dediklərim dünyada elmə mövcud tənqidi baxışı ifadə edir. Və belə şeylər bizim kimi ölkələrdə, ümumiyyətlə, müzakirə mövzusu deyil. Biz hələ ki, elmin Miçurin mərhələsindəyik. Ona görə düşünürəm ki, biz hələ elmi düşüncəni təhsilin səviyyəsinin qaldırılması işlərinə həsr etməliyik. Elmin fəlsəfi, psixoloji problemləri ilə məşğul olmaq, Üzeyir Hacıbəyov demiş, milçəkdən əvvəl fil yaratmaq olar.

- Dünya ədəbiyyatından hal-hazırda kimləri oxuyursunuz?

- Bu yay demək olar ki, Salman Rüşdinin "Gecəyarısı uşaqları" romanını türkcə və ruscadan dilimizə uyğunlaşdırmağa və Riçard Doukinzin "Tanrı illüziyası", Marsel Prustun "Yaxalanan zaman" kitablarını oxumağa həsr etmişəm. Hərdən işin gözünə Adonisin, Fərid Hüseyinin, Bahar Zamanovanın, Mahir Mehdinin şeirlərini, Qismətin esselərini, Yalçın İslamzadənin, Müşfiq Şükürovun statuslarını qataraq, türk poeziyası ilə tanış olmağa cəhdlər göstərmişəm. Hazırda Karen Armstronqun "Tanrının tarixi" kitabını tərcümə edirəm. Bir də yatandan-yatana Peter Qeyin "Modernizm - Azğınlığın cazibəsi" kitabını oxuyuram. Azərbaycanda çıxan son kitablara əlim çatmadığı üçün öz ədəbiyyatımızı yalnız internet vasitəsilə izləyirəm.

- Müasir dövr Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?

- Gözümə görünən hər kəsi oxuyuram, qəbul etdiyim və etmədiyim yönlərin olmasına baxmayaraq. Qəbul etmədiyim məqam odur ki, ədəbiyyatımız köhnə, urranmış hiss və düşüncələri yazır. Müəlliflər də könhədir, obrazlar da. Yenini yaratmaq üçün yeni insan olmaq lazımdır, köhnə hiss və düşüncələr yeni heç nə demir. Yeni insan olmağın da yolu inqilabi qərarlardan keçir. Biz yuxarıda dediyim, qədim mətnlərdən gələn, heç biri bizim olmayan və artıq şüuraltımıza hopub bizi idarə edən, "mənəvi instinktlərdən" yalnız mənəvi, psixoloji inqilablar yolu ilə xilas ola, özümüz ola bələrik. Söhbət təkcə ictimai mühitdən getmir, şəxsi məişət həyatında da inqilabi qərarlar vermək olar. Təəssüf ki, bu gün ədəbiyyata gələnlərin əksəriyyəti məişət kölələridir. Qoca məişət kölələri yeniləri ilə əvəz olunur. Bu, adamın ürəyini ağrıdır. Bir gənc nə qədər öz anasını sevdiyini yazar? Ən qədim yəhudi dini mətnlərində belə allah peyğəmbərinə əmr edir ki, get, öz xalqının ən sürtük fahişəsi ilə evlən. Allah belə öz peyğəmbərini məişət inqilabçısı kimi görür. Bizim gənc nümunələri dağıtmaq əvəzinə özü nümunə olmağa can atır. Bax, bu nümunəvi sosial tərbiyə bizə yeni heç nə vəd etmir.

- Azərbaycan ədəbiyyatından dünya ədəbiyyatına çıxa biləcək əsərlər varmı?

- Əlbəttə, var. Amma biz dünyadan əvvəl qonşu ölkələrə çıxmalıyıq. Türkiyə, Rusiya kimi nəhəng ədəbiyyat bazarlarından səsimiz gəlməlidir. Amma biz bu işi tarixən dostluq, qohumluq səviyyəsində gördüyümüz üçün ədəbiyyatı, kitabı öz oxucumuzun da gözündən salmışıq. Gəlib burda türklərə hədiyyə paylayır bizim bəzi yazıçı və şairlər, hədiyyə ilə bazara gedən adam təsəvvür edin. Dünyaya çıxmaq dərin, fəlsəfi bir anlayış zad deyil. Dünyaya çıxmaq bazara çıxmaqdır. Bazara çıxmısansa dünyanın ağzı nədir səni qəbul etməsin? Oxumayanlar belə tərifləyəcək, necə ki, biz dünya bazarına çıxmış imzaları oxumadan tərifləyirik. Yaxud Qurana oxumadan allahın kitabı deyib inanırıq. Zalım oğlu, oxu gör hələ allah necə yazıb da o kitabı.

- Gənclərin şair olmaq iddiasına, daha çox tanınmaq sevdasına necə baxırsınız? Niyə gənclər daha çox ədəbiyyata meyllidir?

- Tamamilə təbii iddiadır. Təbii olmayan yalnız odur ki, tanınmaq istəyənlərin çoxu tanınmamağı məqsədəuyğun olanlardır. Təəssüf ki, cəmiyyətdə ədəbiyyatın ucuz populyarlıq məkanı kimi bir obrazı yaradılıb. Burada bu gün, sadəcə, sərgərdanlıqla da tanınmaq, beş-üç adamın baxışlarına tuş gəlmək olar. Əslində, buna göz yummaq olar, amma işin ciddi tərəfi odur ki, bu tüfeyli populyarlıq mühiti ciddi müəllifləri, ciddi sözü gözdən salmaq üçün yaradılıb. Gənclərin hər bir hərəkətini bağışlamaq olar və bu belə olmalıdır, amma öz həyatında qərarlar verməkdən qorxan gənc mənim düşmənimdir. Əmək və iradə başqa-başqa şeylərdir, əgər sizdən əməyinizlə yanaşı iradənizi də tələb edirlərsə, ən yaxşı halda qaçın ordan, ailəniz belə olsa.

- Ədəbi mükafatlara münasibətiniz...

- Əsərin mükafatı oxucudur, o yoxdursa, qalan mükafatların mənası yoxdur. İndiyə qədər heç bir mükafat almamışam və bununla bir yazı adamı olaraq qürur duyuram.

- Günümüzü sosial şəbələrsiz təsəvvür etmək çətindir. Sosial şəbəkələr münasibətiniz necədir?

- Bu, yeni bir Renessansdır. Dünya heç vaxt belə şəffaf olmayıb. Və bu Renessansın da o biri Renessans kimi öz Rafaelloları da var, Rafailləri də.

- Həyatda olmayan, amma sağlığında görmək istədiyiniz insan..

- Belə bir arzum olmayıb. İnsan dünyaya təsadüfən gəlir və özünə məqsədlər yaradır. Mən də öz məqsədlərimin fəhləsiyəm və hamı kimi bir gün yük altında ölüb gedəcəyəm. Mənim üçün həyatın heç bir ali, mənəvi dəyəri yoxdur.

- Mütaliə vərdişi necə formalaşmalıdır?

- Mütaliə üçün adamın mütləq yaxşı bir atası olmalıdır. Bizim insanlar mütaliə sarıdan atadan yetimdir. Nə oxuyacaqlarını, necə oxuyacaqlarını özləri həyat təcrübəsi olaraq qazanırlar. Ona görə də mütaliə yaşları çox qocadır. Bəzi dostlarım var, həyatda ilk dəfə 35-40 yaşında vurulub bu insanlar, amma oxuya bilmirlər. Arvad-uşaq dərdi, avtomobil dərdi, toyxərci, yasyeri dərdi kəsdirib başlarının üstünü. Oxumadıqları və heç vaxt oxumağa imkanları olmayacaq kitabları alıb yığırlar evə ki, heç olmasa, balalarımız bizim kimi sözün, biliyin verdiyi zövqdən məhrum olmasınlar. İnsanı heyvandan fərqləndirən yeganə ehtiyac özündə estetik həzz ehtiyacı hiss etməsidir. Qalan bütün ehtiyaclar biolojidir. Belə bir ehtiyacı olmayan adamları verəsən Hitlerə üstlərinə nöyüt töküb yandıra.

- Son olaraq söz haqqında sözünüz...

- Belə mətləblər üçün rəhmətlik Füzuli rindu şeydadur!/adalet.az/

Söhbətləşdi: Tural Cəfərli

news-inner-user

17158 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb
18:55 01 Dekabr 2020
"DokuBaku" festivalında nümayiş olunacaq filmlərin sayı açıqlandı
18:12 01 Dekabr 2020
44 günlük Vətən müharibəsindən sənədli film çəkildi
17:30 01 Dekabr 2020
Sami Yusif Laçınla bağlı paylaşım etdi - Foto
17:07 01 Dekabr 2020
Demə ki, qaçqınsan, yoxdu məkanın... – Şərif Ağayarın Laçın şeirləri
16:50 01 Dekabr 2020
Sevgi məktublarını xanımından gizləyən Məmməd Araz - Maraqlı faktlar
16:00 01 Dekabr 2020
"Babamın məzarına çiçək gətirəcəm ordan" - Laçınlı məşhurlar danışır...
15:09 01 Dekabr 2020
Sovet dövründə poeziya evinə çevrilmiş məscidimiz - Mamayı
14:28 01 Dekabr 2020
Laçında bərpa ediləcək abidələrin sayı açıqlandı
13:49 01 Dekabr 2020
ƏSA Teatrı qələbə münasibətilə sosial çarx hazırladı - Video
13:12 01 Dekabr 2020
Laçınlı şairin atasının sevincdən ürəyi dayandı
12:34 01 Dekabr 2020
Qarabağa böyük köç başlanmışdı – Azər Qaraçənlidən möhtəşəm qayıdış hekayəsi
12:11 01 Dekabr 2020
"Naoborot qızışıyoruz” - Müharibə vaxtı yaranan məşhur ifadələr
11:27 01 Dekabr 2020
Xalq artisti vəfat etdi
10:48 01 Dekabr 2020
Gənc şair Azərbaycanı Makedoniyada təmsil edəcək
10:17 01 Dekabr 2020
Arif Babayev koronavirusa yoluxdu
09:46 01 Dekabr 2020
Daşaltıdan ölüm xəbəri gələn Vüqar – Yeni hekayə
08:57 01 Dekabr 2020
Kukla Teatrı dekabr repertuarını açıqladı
18:56 30 Noyabr 2020
Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
18:24 30 Noyabr 2020
Qonkur mükafatının qalibi açıqlanıb
17:42 30 Noyabr 2020