news-inner
clock16:29 calendar-gray 06 Fevral 2017 view-gray89 dəfə oxunub
view-gray89 dəfə oxunub

İnsan komediyası – İran yazıçısının hekayəsi

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi son illərdə bir sıra maraqlı layihələr həyata keçirib. Beynəlxalq tədbirlər təşkil edilib, diqqətçəkən nəşrlər hazırlanıb. Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin müxtəlif ölkələrin ədəbiyyatını əhatə edən xüsusi sayları işıq üzü görüb. Dərginin bir müddət əvvəl çapdan çıxan “İran ədəbiyyatı” sayı da ədəbi mühitin, peşəkarların diqqətini çəkib.

Kulis.az həmin nəşrdən seçmə materialları (yazılı razılaşdırma əsasında) oxucularının ixtiyarına verir.

Xosrov Şahani

İnsan komediyası

Tərcümə etdi: Sayman Aruz

Eynəyimin qolu boşalmışdı, “İslambul” küçəsindəki iyirmi mərtəbəli “Plasko” ticarət mərkəzinə getmişdim ki, usta onu bərkitsin. Usta dedi, on beş dəqiqə çəkər. Gördüm orada dayanmağa hövsələm yoxdur, düşündüm ki, eynəyim düzələnə qədər içəridə gəzişər, mağazaların vitrinlərindəki əşyalara baxıb vaxt öldürərəm.

Birinci mərtəbədəki kiçik hovuzların ətrafında bir az gəzişdim, fəvvarələrə tamaşa elədim. Hər vitrinin önündə bir neçə dəqiqə dayandım və beləcə, vitrinlər məni ticarət mərkəzi boyu gəzdirdi. Geyim mağazasına baxırdım ki, bir kişinin dayanmadan uca səslə bu cümləni dediyini eşitdim: “İlan-qızın sərgisi!.. Əqrəb-qadın!.. Görməli tamaşadır!.. Hər oturumda on iki şiş kabab, iyirmi beş “Səngək” çörəyi və 15 yumurta yeyən nəhəng!.. Baxmalı tamaşadır!.. İlan-qız!.. Əqrəb-qadın!.. Xorasanlı nəhəng!.. Bazarın qurtaracağına gəlin!”

Səsin haradan gəldiyini ayırd edəndən sora irəli getdim. Divara insan başlı ilan və əqrəb şəkilləri çəkmişdilər, bir cüt yeni ayaqqabını da ön tərəfdəki stolun qarşısına qoymuşdular: adi kişi ayaqqabısından üç-dörd dəfə böyük idi. Bir kişi stolun arxasında dayanıb bilet satırdı. Soruşdum:

– Burada nə var belə?

Bilet almaq üçün növbədə olanlardan bir-ikisi dilləndi:

– Maraqlı, qeyri-adi canlıların sərgisidir. Biletin qiyməti də bir tüməndir.

Dedim:

– Sərgidə nə görə bilərəm?

Bilet satan kişi cavab verdi:

– Hər növ əcaib heyvan...

– Məsələn?

– Məsələn, əqrəb şəkli almış bir qadın: bədəninin yarısı əqrəb, digər yarısı isə adamdır. Xorasandan gəlmiş nəhəng varlıq: üç yüz əlli kilo çəkisi, üç metr yarım boyu var, hər oturumda on iki şiş kabab yeyir...

Baxdım ki, bekarçılıqdır, eynəyim də hələ hazır olmaz, dedim, görüm bu sərgidə nə var-nə yox, biletsatanın dediyi Xorasan nəhəngi və əqrəb-qadın necə olur axı...

Bir tümən verib bilet aldım. Sərgi salonundan elə pis iy gəlirdi ki, başım gicəllənməyə başladı. Balaca bir qəfəs içində çirkli bir kirpi yatmışdı. Başqa bir şüşəli qəfəsdə bir neçə sürüşkən və islaq qurbağa bir-birinin çiynindən tullanırdı. Bir az da o tərəfdə qara və nazik bir ilan yuxuya getmiş qız kimi qıvrılıb qalmışdı. Arıq bir maralı da bir dəmir qəfəsə atmışdılar, acından az qala qəfəsin məftillərini gəmirmək istəyirdi. Bir hacıleylək və bir-iki toyuq-xoruz da o nifrətəlayiq məkanda eyni qəfəsi çarəsiz paylaşmışdılar. Onların yanındakı qəfəsdə bir meymun olduqca kədərli halda oturub dizlərini qucaqlamışdı, hərdənbir ayağı altındaki zir-zibili tüklü əllərilə yığıb ağzına qoyurdu. Bir akvarium kimi qabda da bir neçə zəli yuxarı-aşağı sürünürdü. Mənzərə, bax, bundan ibarət idi.

...O ürəkbulandıran, murdar məkandakı çirkin və bədbəxt heyvanları görəndə sonsuz bir qorxu canıma hakim kəsildi. Bir ara qorxudan az qala ürəyim dayanırdı. Əl-ayağımı hiss etmirdim. Səsləndim:

- Ay kişi! Bəs o dediyin üç yüz əlli kiloluq nəhəng məxluq, o ilan-qız, əqrəb-qadın hanı?

Azyaşlı bir oğlan içəri keçib zəngi çaldı. Sonra da, teatrda olduğu kimi, yaşıl bir pərdəni əli ilə kənara çəkdi. Arxada kiçik və qaranlıq bir otaq göründü, orada iki nəfər alti-yeddi yaşlı qız uşağını dəridən hazırlanmış, ilana və əqrəbə oxşar qılafların içinə salmışdılar. Allahsızlar, yumurtadan yun qırxanlar uşaqları o dərinin içinə elə dürtmüşdülər ki, təkcə başları görünürdü.

Qızlar məni görəndə, adətləri üzrə, yəni o vicdansızlardan aldıqları əmrə əsasən, xırıltılı səslə salam verdilər. Salamlarından ürəyim sıxıldı. Özümə acığım tutdu, utandım. İxtiyarsız halda onların salamını aldım və geri döndüm. O an bir qəfəsin küncündəki bayquşu gördüm, iri, yumru gözlərini mənə dikmişdi. Oğlana dedim:

– Gördüm daha, tez bu pərdəni bağla!

Oğlan pərdəni çəkdi, “ilan-əqrəb” qızlar yenə də o qaranlıq otaqda sanki diri-diri basdırıldılar.

Qəhər boğazımı tutmuşdu. Astmalılar kimi çətinliklə nəfəs alırdım. Salondan bayıra atıldım və bazarın boğanaq havasını ciyərlərimə çəkdim. Bir az fikrimi topladım, yadıma düşdü ki, axı mən Xorasan nəhəngini də görmək istəyirdim... Biletsatan kişidən soruşdum:

– Bəs o dediyin nəhəng haradadır?

Dedi:

– Gərək əlavə bir tümən də verib qarşıdakı salona keçəsən.

Hirsimdən bir tümən də verdim ki, öz həmcinslərimin yaratdığı “insan komediyası”nın başqa bir guşəsini də görmüş olum.

Dediyi salona keçdim. Elə əvvəlki salon boyda olardı. İçi samanla doldurulmuş bir ayı dərisini bir daşın üstündə oturtmuşdular. Bir dənə də pələng dərisini, guya salonu gözəlləşdirmək üçün bir qəfəsin içində ayaq altına atmışdılar, iki meymun onun üstündə yatmışdı. Yaşıl tüklü üç tutuquşu həmin qəfəsdəki tellərin üstündə ora-bura gedirdi.

Üfunətdən oranın havası çox ağır, dözülməz idi. Ürəyim sıxılırdı. Ucaboy və cüssəli bir kişi ağacdan hazırlanmış oturacağın üstündə oturmuşdu. Çox nəhəng görünürdü və əlləri olduqca yekə idi. Hərarəti qırx dərəcəyə çatanda adamın gözünə görünən qarabasmalar qədər qorxulu siması, bədheybət görkəmi var idi. Mən ona baxdım, o da iri gözlərini mənə zillədi.

Bəlkə də, ürəyində mənim axmaqlığıma gülürdü ki, onu görmək üçün bir tümənimdən keçmişəm. Doğrusu, bir az qorxdum. Həm də utanırdım. Onun qarşısında özümü çox zəif, aciz və axmaq hiss edirdim. Başımı aşağı saldım və üzümü salonun başqa tərəfinə çevirdim. Guya ki, onu heç görmürdüm.

Bir neçə dəqiqədən sonra yenə başımı çevirdim. Nəhəng hələ də mənə baxırdı. Dodaqlarında xəfif bir təbəssüm ifadəsi var idi. Bu dəfə bir az da yekə görünürdü. Özümü itirdiyimdən salam verdim. Kəndçi ləhcəsi ilə dillənib salamımı aldı. Gördüm ki, o da mənim kimi bir adamdır, elə mənim kimi də danışır. Özümdə cəsarət tapıb ona tərəf getdim.

– Bəs deyirdilər ki, siz div kimi bir məxluqsuz, özü də Xorasandan gəlibsiz? Bileti də mənə bu adla satdılar.

O dedi:

– Mən də sənin kimi bu torpaqların adamıyam. İmam Rzanın məqbərəsini ziyarət etmək üçün getmişdim. Amma iri gövdəmə görə diqqət çəkdim, məni günü on tümənə zooparkda tamaşaya cəlb etdilər. Yeyib-içməyim də zooparkın hesabına idi. Gördüm ki, o qədər də pis alınmır, müqavilə müddətini artırdım. Ancaq orada vaxtım bitəndən sonra Tehrana gəldim və oranın zooparkında, demək olar ki, əsir düşdüm. Onlar məni öz şöbələrindən birinə, yəni buraya göndərdilər. İndi bir müddətdir ki, hər səhər buraya gəlir, axşamüstü də pulumu alıb gedirəm. Sənin kimi bekar adamlar da məni görməyə gəlirlər.

Salonun içindəki hava getdikcə ağırlaşırdı. Artıq nəfəs ala bilmirdim:

– Düz deyirlər ki, siz hər dəfədə on iki şiş kabab yeyirsiz?

Mənalı bir gülüşlə cavab verdi:

– Tapsam, təbii ki, yeyərəm. Ancaq bunların dediyi düzdürsə, qoy əvvəlcə bu yazıq heyvanların qarnını doyursunlar.

– Bu heyvanların çoxu qurudulmuş heyvanlardı, yemək yemirlər ki.

– Qabaq yeyirdilər, o qədər ac qaldılar ki, zəifləyib öldülər. Diri vaxtları bəs deyilmiş kimi, indi də cəsədləri burada istismar olunur.

Soruşdum:

– Səni də qurudacaqlar?

Cavab verdi:

– Hə, az qalıb...

Sərgidən çıxdım. Biletin üstünü oxumağa başladım ki görüm, hansı şirkət, yaxud fond təşkil edib bu sərgini. Biletdə yazılmışdı:

“Nömrə-73801. Seriya-P. 1341-ci il. Tehran Bələdiyyəsi. Qiymət 10 riyal. Tamaşa. Mövzu: “İnsan komediyası”. Diqqət: bu bilet möhürsüz satılarsa, etibardan düşmüş hesab olunur və istifadəçi cərimə edilə bilər. Tarix: gün... ay... il... salon...”

Ustanın dükanına qayıtdım, eynəyimi götürüb çıxdım. Küçə boyu getməyə başladım. Bir qadın küçədə toyuqsatan kişi ilə nəyəsə görə mübahisə edirdi. Kişi bir neçə diri toyuğun ayaqlarından yapışıb onları başıaşağı saxlamışdı, hərdən də qaldırıb havada hərləyirdi. Dayanıb dinlədim. Toyuqsatan deyirdi:

– Xanım, toyuqlara belə ürəyin yanırsa, al, onları azad elə...

Qadının cavabı:

– Qanunla bu, cinayətdir. Mən səndən şikayət edəcəm.

– Axı, sənə nə dəxli var, ay xanım?! Toyuq özümündü, necə istəyirəm, elə də davranıram.

– Dəxli var mənə, başa düş!

Toyuqsatan kişi sərt hərəkətlə toyuqları bir əlindən o birinə ötürdü:

– Nə dəxli var e? Polissən? Müstəntiqsən? Dövlət məmurusan? Ya bəlkə, toyuqların qohumusuan? Sən kimsən axı?

Qadın əsəbiləşdi:

– Mən insanam, başa düşürsən? Şüurlu, ağrının nə olduğunu anlayan bir insanam. Mən Heyvanları Müdafiə Mərkəzinin üzvüyəm. Başa düşdün?..

Kişi dişlərini ağardaraq acı-acı güldü. Sonra geriyə dönüb, qadının acığına, toyuqları yenə havada hərləyə-hərləyə addımlamağa başladı. Gedərkən də uca səslə çığırırdı:

– Çolpa, toyuq, xoruz...

Qadın arxadan kişini nifrət dolu baxışlarla süzürdü. Dilinin altında onu söydü də: “Qanmaz, vicdansız gədə!”

Qadına yaxınlaşmaq, biletimi ona vermək istədim ki, həmin sərgi salonuna getsin. Acığını soyutmaq üçün “İlan-qız”a, “Əqrəb-qadın”a, “Xorasanlı nəhəng”ə tamaşa eləsin... Bu an qadın quşsatılan mağazanın qarşısında dayanıb satıcıdan soruşdu:

– Təzə kəklik var?

– Yox, xanım, satılıb.

– Bəs nə qalıb?

– Təzə ovlanmış dovşan var, ceyran əti var... Amma iki gündür gətirilib.

– Kəklik nə vaxt gətirərsiz?

– Ovçular axşam qayıdacaqlar. Səhər gələrsiniz...

news-inner-user

12818 məqalə

Paylaş

Oxşar xəbərlər